Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5626/2023 12.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 avqust 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 27 avqust 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından 27 avqust 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh 21 dekabr 2017-ci ildə nikaha girmiş, onlar aralarında olan nikahı həmin tarixdə qeydə aldırmışlar. Onunla Cavabdeh birgə nikahından 27 avqust 2018-ci ildə X5 adlı bir uşaq anadan olmuşdur. Əvvəllər onunla O.A.Allahverdiyev arasında olan münasibətlər normal olsa da, sonradan həmin münasibətlər pisləşmiş və təxminən 1 il bundan əvvəl başa çatmışdır. Bundan sonra o və cavabdeh müxtəlif ünvanlarda yaşamışlar. Ötən 1 il müddətində isə cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. O, özü «Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec»də müəllim işləyib, əmək haqqından tutmalar aparıldıqdan sonra 650 manat məbləğində əmək haqqı alsa da, aldığı əmək haqqı onun və himayəsində olan uşaqların maddi təminatlarını çətinliklə ödəyir. Belə ki, onun mülkiyyətində mənzil yoxdur və bununla əlaqədar o, kirayə mənzil tutmaq məcburiyyətindədir. Qeyd olunan səbəbdən də mənzillə əlaqədar təxminən 200-250 manat məbləğində kirayə ödənişi apardıqdan sonra, digər xərclərə yalnız 400-450 manat məbləğində pul vəsaiti qalır. Həmin pul vəsaitindən isə kommunal xərclər və kredit ödənişləri çıxıldıqdan sonra ərzaq və gündəlik tələbat mallarına çox az məbləğdə vəsait sərf edə bilir. Belə olan halda isə o, nəinki uşağın geyim əşyalarını ala bilmir, hətta qida rasionunu belə çətinliklə təmin edir. Buna görə uşağın saxlanması üçün cavabdehdən alimentin alınmasında zərurət yaranmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis işləyir və yüksək əmək haqqı alır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZ-İİ seriyalı 243015 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 21 dekabr 2017-ci ildə nikahlarını Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2626 nömrəsi ilə qeydə aldırmışlar. İş materiallarında olan AZİV seriyalı 174694 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 avqust 2018-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan «Elektron məhkəmə» informasoya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı «Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec»də müəllim işləyir və aylıq əmək haqqı 745 manat 50 qəpikdir. İş materiallarında olan «Elektron məhkəmə» informasoya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) mühəndis işləyir və aylıq əmək haqqı 1.355 manat 43 qəpikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin sabit qazanca malik olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın saxlanması üçün hər ay qazancın (başqa gəlilərin) dörddə bir hissəsi miqdarında pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 01 avqust 2022-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 27 avqust 2018-ci ildə anadan olmuş X1 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Alimentin tutulması 01 avqust 2023-cü il tarixdən X5 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5626/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5626/2023
12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver