Məhkəmə qərarları › İş №2(125)-5785/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5785/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5785/2025 30.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlə birgə nikahlarından xx.xx.2010cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə nikahlarını 2009-cu il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri əvvəllər yaxşı olsa da daha sonra münasibətləri pozulmuş, aralarında daim mübahisələr yaranmışdır. Buna görə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2182/2023 nömrəli qətnaməsi əsasında onunla Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 onun himayəsində saxlanması qət edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün aliment əvəzi olaraq bir otaqlı mənzil bağışlasa da uşaqlar böyüdükcə onların tələbatı da artır. O isə heç bir yerdə işləmədiyindən uşaqların tələbatlarını ödəyə bilmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment xeyrinə tutulmalıdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tam həcmdə etiraf edərək, bildirdi ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulmasına razıdır. Sonda Cavabdeh iddianı etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 445532 nömrəli və AZ-İİ seriyalı, 881764 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 2182/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009cu il tarixdə Goranboy rayon, Qaradağlı kənd İƏD üzrə nümayəndəliyində 09 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İşdə olan AZ-İ seriyalı 450221 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında olan nikaha Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2182/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, cavabdehin hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyə razılığını, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,25 (sıfır tam yüzdə iyirmi beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar