Məhkəmə qərarları › İş №2(125)-5805/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5805/2025

01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5805/2025 01.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117(yüz on yeddi) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 150(yüz əlli) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Daha sonra cavabdeh alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-620/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyd edilən aliment indeksasiya olunaraq 22 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 xeyrinə tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək azaldılmasına, yəni 22 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2015-ci ildə faktiki münasibətlərindən 22 yanvar 2016-cı ildə X8 dünyaya gəlmişdir. Lakin sonradan münasibətləri pozulsa da yenə də tərəfindən uşağın bütün ehtiyacları ödənilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(043)-5268/2018 saylı qətnaməsinə əsasən 22 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5268/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 (yüz on yeddi) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Daha sonra cavabdeh alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-620/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 ərizəsinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, xx.xx.2016-cı il tarixdə yenidən ailə həyatı qurmuş, X9 ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları anadan olmuşdur. Bundan başqa qeyd olunur ki, cavabdehin onun ailəsində sözsöhbət salması səbəbindən X9 aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-3363/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqların yetkinlik yaşına çatandək saxlanılmaları üçün ondan S.Cavadovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1(bir) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məlumat üçün bildirir ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində işləyir və rəsmi əmək haqqı bütün tutulmalardan sonra cəmi 1250 manatdır. Barəsində olan məhkəmə qərarlarından belə aydın olur ki, o, ayda rəsmi nikahından olan uşaqlar üçün 800 manat və cavabdehdən olan uşağı üçün isə 461 manat olmaqla cəmi 1261 aliment ödəməlidir. O zaman belə aydın olar ki, onun bütövlükdə maaşı aliment ödənilməklə yanaşı 11 manat da kimdənsə borc almalıdır. Məhkəmələr qərar qəbul edərkən onun özünün yaşayışını nəzərə almamışdır. O, qızı Zəhranın saxlanılması üçün cavabdehə ayda 200 manat, yəni minimum əmək haqqının 0.5 misli miqdarında aliment ödəməyə razıdır. Odur ki, alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində göstərilənlərə uyğun izahar verərək, əlavə olaraq qeyd etdiki, hazırda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddinə alimentin təyin olunmasına etiraz etmir. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ 387176 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 22 yanvar 2016-cı il təvəllüdlü X3 atası İddiaçı qızıdır. Gəncə Şəhər Məhkəməsinin 8(125)-620/2025 nömrəli 08 avqust 2025-ci il tarixli qərardadın surətindən görünür ki, 22 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3363/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı X7 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırkı mülki iş üzrə iddiaçı cavabdehlə birgəliyindən doğulmuş Zəhranın saxlanılması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimetin tutulmasını xahiş etmiş, tələbini başqa nikahdan doğulmuş uşaqlara görə də alimnet ödəməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə iddiaya etiraz etmişdir. Məhkəmə qeyd edir ki Ailə Məcəllənin 112.1-ci maddəsində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda, habelə aliment ödəməli olan valideyni aliment ödəmək vəzifəsindən o, halda azad edə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun. Bu baxımdan məhkəmə qeyd edir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 saylı qətnaməsi ilə təyin edilmiş aliment indeksasiya olunduqdan sonra müəyyən edilmiş aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.153 mislidiki, bu da 2025-ci ilə münasibətdə (400 x 1.153) 461.2 manat təşkil edir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində işləyir və rəsmi əmək haqqı bütün tutulmalardan sonra cəmi 1250 manatdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının digər uşaqlarının saxlanılması üçün ödədiyi alimenti də nəzərə aldıqda, hazır ki alimentin qeyd edilən formada tutlmasının davam etməsi iddiaçının maddi vəziyyətinin kəskin pisləşməsinə səbəb olur. Odur ki, Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, iddiaçının başqa nikahdan uşaqlarının olmasını, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 835/2019 saylı qətnaməsi ilə təyin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 8(125)-620/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 saylı qətnaməsi ilə təyin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 8(125)-620/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar