Məhkəmə qərarları › İş №2(125)-5806/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5806/2023

05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5806/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad olunmacs və yaranmış aliment borcundan azad olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X1 üçün aliment ödəməkdən azad olunması haqqında və həmin uşağın saxlanması üçün məhkəmə qətnaməsi icra edilən günə mövcud olan aliment borcunu ödəməkdən tamamilə azad olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı iki övladları dünyaya gəlmişdir. Lakin cavabdehlə ailə münasibətlərini davam etdirmək mümkün olmamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-2358/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və övladlarının analarının yanında saxlanması və hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin tutulması qət edilmişdir. Daha sonra iddiası əsasında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-13/2021 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü qızı X2 onun yanında saxlanması qət edilmişdir. Lakin, aliment məsələsi həll edilməmişdir. Belə ki, uşaqların biri cavabdehin, digəri isə onun yanında saxlandığına görə əslində aliment məsələsinə yenidən baxılmalı və aliment ləğv edilməli idi. Lakin hazırda digər övladlarının saxlanması üçün də ondan hər ay 150 manat aliment tələb edilir və 300 manat borcu yığılmışdır. Halbuki, həmin aliment qət ediləndən 2 il sonra, yəni 2021-ci ildə onun iddiası əsasında uşağın birinin onun yanında saxlanması qət edilmişdir və üstəlik 2019-cu ilin noyabr ayında yeni ailə qurmuşdur və beləliklə də, onun ailə vəziyyəti ailə fərdlərinin sayı baxımından çoxalmağa doğru dəyişmişdir. Həmçinin işdən azad edilmişdir və maddi vəziyyəti də dəyişmiş, ağırlaşmışdır. Belə ki, işlədiyi zaman 1200 manat əmək haqqı aldığı halda, indi cəmi 80 manat veteranlıq müavinəti alır. Həmçinin sağ qulağının pərdəsi yırtılmışdır və sağ qulağında eşitmə yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, müharibədə yaralanmışdır, hazırda heç bir işi yoxdur. Anası ilə birlikdə yataqxanada yaşayır. Cavabdehlə nikahları pozulduqdan sonra qızı Aytac onun yanında qalmış, oğlu gəlmək istəməmiş, anasının yanında qalmışdır. Oğlu Sabirin heç bir xəstəliyi yoxdur. Əgər cavabdeh uşağa baxa bilmirsə, ona veriləcəyi təqdirdə uşağa baxa bilər. Ancaq aliment ödəməyə maddi imkanı çatmır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6 anadangəlmə əqli gerilik, autizm xəstəsi olmaqla, Gəncə şəhərində yerləşən əqli cəhətdən zəif və anadangəlmə qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş 45 saylı orta məktəbdə təhsil alır. İddiaçı tərəfindən uşağın saxlanılması üçün ödənilməli olan 150 manat aliment isə uşağın nə müalicə xərclərini, nə də təhsil xərclərini qarşılamaq üçün kifayət etmir. Uşaqla birlikdə anasının evində yaşayır. İşsizdir, iddiaçının isə son dövrlərdə aliment borcunu ödəməməsinə görə uşağın saxlanılmasında çətinlik çəkir. İddiaçı 150 manat alimenti ödəmək iqtidarındadır. Onun yenidən ailə qurması, ailə üzvlərinin çoxalması onu xəstə uşağına baxmaq məsuliyyətindən azad etməməlidir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T 142877 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə Aytac adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-2358/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin nikahları pozulmuş, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-13/2021 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 atası İddiaçı yanında saxlanılmışdır. xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-02369 saylı ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediyasiya sessiyasından sonra prosesi davam etdirməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi 45 nömrəli xüsusi məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 057 nömrəli arayışdan görünür ki, X6 həqiqətən Gəncə şəhəri 45 nömrəli xüsusi məktəbin Vİİ sinfində təhsil alır. Gəncə şəhəri Psixo-Nevroloji Dispnser tərəfindən verilmiş məktubdan görünür ki, X6 xx.xx.2018-ci il tarixdə dispanserə müraciət etmiş, “anadangəlmə yüngül dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-2358/2018 nömrəli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(043)-13/2021 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 atası İddiaçı yanında saxlanılmışdır. İddiaçı 2019cu ilin noyabr ayında yeni ailə qurduğunu beləliklə də, onun ailə vəziyyətinin ailə fərdlərinin sayı baxımından çoxalmağa doğru dəyişdiyini, həmçinin işdən azad edildiyinə görə maddi vəziyyətinin də dəyişdiyini və ağırlaşdığını əsas gətirərək uşaqları X4 görə aliment ödəməkdən və aliment borcundan azad olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 anadangəlmə əqli gerilik, autizm xəstəsi olduğunu, işsiz olduğuna görə uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini əsas gətirərək iddiaya etiraz etmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlillərlə razılaşmayaraq hesab edir ki, iddiaçının uşaqlarından birinin onun yanında qalması və digər uşaqlarının anasının yanında qalması iddiaçının aliment öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin yanında yaşayan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qüvvədə olan məhkəmə qətnaməsi mövcud olmaqla iddiaçının uşağın saxlanması üçün aliment ödəmək borcudur. Bununla yanaşı iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehin maddi imkanının olması barədə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının aliment ödəməkdən azad edilməsi uşağın mənafeyinə zidd olan haldır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmış, həmçinin alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsi və ya tərəflərdən birinin aliment ödəməkdən azad edilməsi, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Hazırki işdə isə iddiaçı qətnamə qəbul edildikdən sonra onun maddi gəlirlərində və ya ailə vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən və aliment borcundan azad olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilməmiş 41 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilməmiş 41 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar