Məhkəmə qərarları › İş №2(125)-581/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-581/2025

24.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-581/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma üsulunun dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4084/2021 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1787/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində müəyyən edilən alimentin tutulma üsulu dəyişdirilmiş və Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4084/2024 saylı qətnaməsi ilə təyin edilmiş 235 manat sabit pul məbləğində alimentin üsulunu dəyişdirərək, Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi həcmində alimentin tutulması və ödənilmiş 55 manat mediasiya xərcini cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh pensiyasını düzətdirmiş, onun kifayət qədər pensiyası, təqüdü, əmək haqqısı və sair gəlirləri var. Cavabdeh bu gəlirləri olmasına baxmayaraq, həmin gəlirlərini gizlədir və təyin olunmuş aliment məbləğindən artıq uşağın saxlanılması üçün hər hansı ödəniş etmir. Cavabdeh ıı qrup müharibə əlili olmaqla Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialından 1500 manat pensiya, müharibə veteranı olduğu üçün 400 manat Prezident təqaüdü və Səhhət klinikası Azərbaycan-Almaniya klinikasında fedşer vəzifəsində çalışmaqla 660 manat əmək haqqı alır. Bundan əlavə olaraq cavabdehin Xaçmaz rayonunda fındıq və gilas bağları mövcuddur ki, cavabdeh onlardan da gəlir əldə edir. Bildiyinə görə, cavabdeh hətta taksi fəaliyyəti ilə də məşğul olur. Beləliklə, cavabdehin təkcə rəsmi gəliri təxmini 2600 manat təşkil edir. Buna baxmayaraq, cavabdeh təyin olunmuş aliment məbləğindən başqa hər hansı ödəniş etmir. Beləliklə, cavabdehin normal qazancı vardır ki, o, aliment ödəmək iqtitarındadır. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasınında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın hal-hazırda iddiaçının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4048/2024 saylı, 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulma üsulu dəyişdirilsin. xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar