Məhkəmə qərarları › İş №2(125)-5813/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5813/2025

19.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5813/2025 19.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəbə qarşı «işə bərpa» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi və iddia tələbinin əsaslandırılması: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəbə məktəbə qarşı «işə bərpa» tələbinə dair iddia qaldıraraq 27 iyun 2024-cü il tarixli əmrin qanunsuz sayılması və öz vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 40 ilə yaxın müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş, ömrümün ən gözəl illərini təhsilə, gənclərin maariflənməsinə həsr etmişdir. 1992-ci ildən etibarən Daşkəsən rayonunun Tapan kənd məktəbində direktor, direktor müavini və təşkilati işlər üzrə müavin vəzifələrində çalışmış, yüzlərlə şagird yetişdirmişdir. Bu gün onlar ali təhsilli, yüksək vəzifələrdə çalışan, xalqa vicdanla xidmət edən nümunəvi vətəndaşlardır. Bütün bu illər ərzində bir dəfə də olsun intizam tənbehi, töhmət və ya xəbərdarlıq almamışdır. Daim vicdanlı, məsuliyyətli işçi olmuş, bütün tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmişdir. Təhsil sahəsində çalışmaq onun üçün sadəcə bir iş deyil, həyat amalım olmuşdur. Lakin 2024-cü ildə sağlamlıq durumumun yaratdığı çətinliklər səbəbindən attestasiya zamanı səs tellərilə bağlı problemi kəskinləşmiş, linfa vəzləri qanama vermiş, həkim ona səsini tam itirə biləcəyi barədə xəbərdarlıq etmişdir. İmtahan günü özünü çox pis hiss etsə də, buna baxmayaraq imtahanda iştirak etmişdir. İmtahan zamanı kompyuter sönmüş, onu nəzarətçiyə ekran sönmüş və müdaxilə etməsini xahiş etmişdir. Lakin nəzarətçi on kömək etməmiş, nəticədə o, 29 bal yığmışdır. Həm səhhətində problemlər olduğundan həm də kompyuterin nasazlığı ona imtahanda yüksək bal toplamağına mane olmuşdur. Cavabdeh attestasiya nəticəsi işinə xitam verilmişdir. Hesab edir ki, ona ikinci imtahanda iştirak etmək üçün şans verilməli idi. O, məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə rəsmi ərizə ilə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixli, 3/29/2-H-1716-4/2025 nömrəli cavab məktubunda müraciəti obyektiv araşdırılmadan rədd edilmişdir. Bu qərar onun üçün təkcə vəzifə itkisi deyil, illərlə qurduğu nüfuzunun, fədakar əməklə qazandığı hörmətin bir anda puç edilməsi, həyatın mənasız hala gətirilməsi deməkdir. Qeyd etmək istəyir ki, o, məhkəməyə müraciət etməkdə gecikmişdir. Bu gecikmənin iki əsas səbəbi otmuşdur: Birincisi, işdən haqsız olaraq azad edilməyilə bağlı əvvəlcə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, məsələnin nazirlik səviyyəsində həll olunacağına ümid etmiş, nazirliyə təqdim etdiyi ərizə və xx.xx.2025-ci il tarixli, 3/29/2-H- 1716-4/2025 nömrəli cavab məktubu bu barədə sübutdur. İkincisi, həmin dövrdə sağlamlıq vəziyyətim xeyli ağırlaşmış, limfa vəzlərində qanaxma, səs tellərimdə ciddi problemlər müşahidə olunmuş, həkimlər ona səsini itirə biləcəyi barədə xəbərdarlıq etmişlər. Bu səbəblər onun vaxtında məhkəməyə müraciət etməyinə imkan verməmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2023-cü ildə keçirilmiş birinci sertifikasiya imtahanında iddiaçı iştirak etməmiş, 2024-cü ildə keçirilmiş təkrar sertifikasiya imtahanında isə nəticə olaraq 29 bal toplamışdır. Bu əsasa görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İmtahanın gedişi isə bütünlüklə kameralar vasitəsi ilə qeyd olunur, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı 2025-ci ildə keçirilən X4 imtahanlarında 0 bal toplamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəbin direktor vəzifəsini icra edən, həmin məktəbin təlim-tərbiyə üzrə direktor müavini X2 iddianı qəbul etməyərək bildirdi ki, məktəbin Azırbaycan dili Ədəbiyyat müəllimi İddiaçı 2023-cü ildə keçirilən sertifikasiya imtahanında iştirak etməmiş, 2024-cü ildə isə təkrar sertifikasiya imtahanında keçid balı toplaya bilmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçının sertifikasiya imtahanından keçməməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən əmr qanunidir, iddiaçı həmin əmrlə tanış olmuş, lakin öz istəyi ilə imza etməmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 24 iyul 2025-ci il tarixli 3-29/2-H-1716-4/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli və 155 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi isə sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 26 iyul 2025-ci il tarixli 3-29-69/2-H-3886-4/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, texniki məsələ ilə bağlı müraciətin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntülərinə baxılmış, proqram tarixçəsi və nəzarətçi qeydləri təhlil edilmişdir. Nəticədə imtahan zamanı texniki nasazlığın baş verməsi halı olmamışdır. İşdə olan DNK Tibb Mərkəzi 16 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı qoyulan diaqnoz: endoskopik rəy: farinqolaringit Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəbin əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 036 nömrəli əmrindən görünür ki, Azərbaycan dili və Ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırılmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Əsas: 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmri. İddiaçı cari iş məlumatlarından görünür ki, o, xx.xx.1992-ci il tarixdə Azərbaycan dili və Ədəbiyyat fənni üzrə müddətsiz olaraq müəllim kimi işə başlamış, 2016-cı ildə keçirilmiş Diqanostik Qiymətləndirmədə 36 bal , 2024-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahananından 29 bal, 2025-ci ildə keçirilən X4 imtahanlarında 0 bal toplamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Konstitusiyasinın: 35-ci maddəsinə əsasən : Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 42-cı maddəsinə əsasən: Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun : 1.0.6-1-cı maddəsinə əsasən Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Həmin qanunun 33.3.9-cu maddəsinə əsasən Təhsilverənlərin qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək vəzifələri vardır. Həminin qanunun 36-2-ci maddəsinə əsasən 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «c» bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “Dövlət ümumitəhsilmüəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasi bətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il qərarının 5.4-cü bəndinə əsasən: Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəməninq ətnaməsi qanuni və əsaslın olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilkin sertifikasiya imtahanında səhhəti ilə bağlı iştirak edə bilməsədə təkrar sertifikasiya imtahanında müəyyən olunmuş keçid balı toplaya bilməmişdir. İddiaçı bunu texniki səbəblərdən baş verdiyini bildirsədə bu halı təsdiq edəcək heç sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 26 iyul 2025-ci il tarixli 3-29-69/2- H-3886-4/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, texniki məsələ ilə bağlı müraciətin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntülərinə baxılmış, proqram tarixçəsi və nəzarətçi qeydləri təhlil edilmişdir. Nəticədə imtahan zamanı texniki nasazlığın baş verməsi halı olmaması qeyd edilmişdir. Göründüyü kimi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə, iddiaçının tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir və işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının iddiasının əsası kimi qeyd etdiyi hal yəni çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməməsi, çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz qazanması, daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etməsi, işəgötürənin 27 iyun 2024-cü il tarixli əmrinin qanuni və əsaslı olmamasına dəlalət etmir. Nəzərə alınmalıdır ki, hazırki mübahisənin predmeti iddiaçının bilavasitə iş yerində əmək funksiyasının keyfiyyəti ilə bağlı deyil, məhz keçirilmiş sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı verilmiş qərar əsasında qəbul edilmiş əmrin ləğvi ilə bağlıdır. İkincisi, iddiaçının şəxsi müşahidələri, eləcə də sübut olunmayan formal mülahizələri mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi məlumatlar subyektiv müşahidələrə və şəxsi qənaətlərə əsaslanır. Hüquqi baxımdan, sübutlar yalnız obyektiv əsaslarla təsdiqlənmiş, qanunla müəyyən edilmiş formada əldə olunmuş və məhkəmə tərəfindən mötəbər hesab edilən faktlara əsaslanmalıdır. Buna görədə, iddiaçının irəli sürdüyü subyektiv fikirlər və hüquqi cəhətdən sübuta yetirilməmiş formal mülahizələr iş üzrə etibarlı sübut hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrətəhsil verənlərə münasibətdə digər dövləttəhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub ki, “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla,təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”. İddiaçı 2023-cü ildə keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən -xəstə olması səbəbindən iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, qeyd edir ki, 27 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi və iddiaçının vəzifəsinə bərpa olunması üçün əsaslar mövcud deyil və bu səbəbdəndə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Daşkəsən Regional Təhsil İdarəsinə və Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəbə qarşı «işə bərpa» tələbinə dair iddiası edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar