Məhkəmə qərarları › İş №2(125)-5974/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5974/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5974/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2022ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin və cavabdehdən ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onun Cavabdeh ilə rəsmi nikahı olmamış, 2021-ci il tarixdə el adəti ilə ailə quraraq ər-arvad kimi faktiki birlikdə yaşamışlar. Cavabdeh ilə onun faktiki nikahından xx.xx.2022-ci tarixdə X3 adlı 1 uşaq anadan olmuşdur. Cavabdehlə bir müddət normal ailə münasibətlərində yaşasalar da sonradan aralarındakı münasibətlər tamamilə pozulmuşdur. O, ailə münasibətlərinin bəpa olunmasına çalışsa da buna nail ola bilməmişdir. Cavabdeh ilə onun birgə ailə münasibətlərindən doğulmuş X3 onunla birlikdə yaşayır. Cavabdeh ötən müddət ərzində azyaşlı uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərməmişdir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən alimentin alınmasına zərurət yaranmışdır. Digər tərəfdən uşağın saxlanması onun vəzifəsi olduğu kimi Cavabdeh da vəzifəsidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, maddi imkanı ilə əlaqədar olaraq 350 manat məbləğində aliment ödəməyə gücü çatmır. Belə ki, günəmuzd olaraq restoranlarda, yas mərasimlərində günü 12 manata ofisiant kimi işləyir. Buna görə də o, İddiaçı ilə birgə ailə münasibətlərindən anadan olmuş xx.xx.2022ci il təvəllüdlü X1 üçün hər ay 100 manat məbləğində aliment ödməyə razıdır. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV seriyalı 723978 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini, cavabdehin hər ay 100 manat məbləğində aliment ödəməyə razılığı nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh mediasiya prosesinin tətbiqi barədə xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 oğlunun saxlanması üçün aliment ödənilməsinə dair müraciət etsə də, cavabdeh həmin uşağın saxlanması üçün aliment ödəməkdən boyun qaçırmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə görə alimentin tutulması xx.xx.2024-cü il tarixdən müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 18 aprel 2022-ci tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 03 sentyabr 2024-cü il tarixdən X3 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar