Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-603/2024 16.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2008-ci tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə nikahlarını qeydə aldırmışlar. Onunla Cavabdeh nikahından xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2010-cu il tarixdə X5 adlı 2 uşaq anadan olmuşdur. Onlar uzun müddət mehriban yaşasalar da sonradan aralarında olan münasibətlər pisləşmişdir. Belə ki, cavabdeh uşaqları ilə maraqlanmır və onların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Halbuki, cavabdeh isə "xxxx" MMCdə işləyir və yüksək əmək haqqı alır. Qeyd olunan səbəbdən də o, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların maddi təminatını çətinliklə ödəyir. O, özü "xxxx" MMC-də işləsə də, əldə etdiyi qazanc yalnız özünün maddi tələbatını ödəməyə kifayət edir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun əmək haqqı rəsmi olaraq 350 manat qeyd olunsa da, hər ay təxminən 750 manat, bəzi aylar isə 800-900 manat və ya daha çox əmək haqqı alır. Lakin onun himayəsində xəstə qardaşı vardır. Hazırda onun hər ay 500 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Lakin o, iddiaçı ilə birgə nikahdan anadan olmuş uşaqların maddi təminatını ödəmək vəzifəsini dərk edir. Buna görə də o, həmin uşaqların saxlanması üçün iddiaçıya hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Sonda Cavabdeh iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-V-4328/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-V-4327/2023 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə və X5 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdeh ilə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2008-ci tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı 28 noyabr 2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 19 may 2008-ci tarixdə anadan olmuş X1 və 05 fevral 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 28 noyabr 2023-cü il tarixdən X4 və X5 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-603/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-603/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver