Məhkəmə qərarları › İş №2(125)-6037/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6037/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6037/2023 14.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı1 (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus olan cehiz əmlaklarının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus olan cehiz əmlaklarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh cehiz əmlaklarının Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, NQÇ-3 Dəmiryolçuların yataqxanasının 2-ci mərtəbəsindəki otaqlardan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar məcburi köçkündürlər və ünvan 1 ünvanında qeydiyyatdadırlar. 1993-cü ildə Şuşa şəhərindən köçkün düşdükdən sonra Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, NOÇ-3 Dəmiryolçuların yataqxanasının 2-ci mərtəbəsində ailə üzvlərinin sayına uyğun 4 otaq onlara məskunlaşmaqları üçün istifadələrinə verilmişdir. Cavabdehin şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yeri Şuşa şəhəri olmasına baxmayaraq¸onun məcburi köçkün statusu yoxdur və icma nümayəndəsi olmayan yerli sakindir. Cavabdeh İddiaçı2 ilə xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Evləndikdən sonra cütlüklər Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, NOÇ-3 Dəmiryolçuların yataqxanasının 2-ci mərtəbəsində məcburi köçkün olan iddiaçılara və digər ailə üzvlərinə sığınacaq kimi verilən otaqların ikisində yaşamışlar. Birgə yaşadıqları müddətdə xx.xx.2015-ci il təvəllüdlü X5 və X3 doğulmuşdur. Cavabdeh, İddiaçı2 ilə ailə qurduqdan bir neçə il sonra aralarında narazılıq olmuş bu narazılıqların sonuncusunda cavabdeh anası evinə getmiş və hal-hazırda da anası evində yaşayır. Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış rəsmi nikah Şuşa Rayon Məhkəməsinin 2(077)- 315/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və uşaqların saxlanılması üçün aliment qət edilmişdir. Baxmayaraq ki, cavabdeh uzun müddətdir ki, onlar - məcburi köçkünlərə sığınacaq kimi istifadələrinə verilmiş otaqlarda yaşamasa da, cavabdehə məxsus cehiz əşyaları istifadəsinə verilmiş 4 otağın 2 otağını tutmuş və cavabdeh həmin otağı kilidlə bağlamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehdən cehiz əşyaların çıxarılması tələbi ilə Mediasiya Təşkilatına müraciət etsələr də, cavabdeh mediasiya da iştirak etməmişdir. Bu da onların və mənzildə yaşayan ailə üzvlərinin yaşayışına mane olur. Cavabdeh özünə məxsus müəyyən cehiz əşyalarını hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən evə aparmışdır. Onlar cavabdehin istifadəsində olan otaqlarda qalan əşyalarını da hazırda onun yaşadığı evə aparmasını tələb etsələr də, nəticə olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, onlar 1993-cü il tarixində Şuşa şəhərindən məcburi köçkün düşdükləri üçün ünvan 4 müvəqqəti məskunlaşmışlar. Digər iddiaçı olan oğlu İddiaçı2 ilə Cavabdeh 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, mübahisəli ünvanda yaşamağa başlamış və birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-315/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar cavabdeh olan anaları Cavabdeh himayəsinə verilmiş və həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün alimentin tutulması qət edilmişdir. Cavabdeh, iddiaçı olan oğlu ilə rəsmi olaraq ayrılmasına baxmayaraq, ona məxsus cehiz əşyaları hazırda məskunlaşdıqları Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, Dəmiryolçular yataqxanasında qalmışdır. Hal-hazırda qızı da boşanmış və cavabdehə məxsus cehiz əşyaları onlara müvəqqəti məskunlaşmaq üçün verilən Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, Dəmiryolçular yataqxanasında qaldığı üçün qızı öz əşyalarını həmin ünvana yığa bilmir. Qızı kirayədə qalır və cavabdeh yataqxanada onlara verilən 4 otağın 2 otağına öz cehiz əşyalarını yığdığı, otaqların qapısını bağladığı üçün onların yaşayışına maneəçilik törədir. Belə ki, istifadələrində olan otaqlarda maneəsiz yaşaya bilmirlər. Ümumiyyətlə məcburi köçkün olduqları üçün ünvan 4 onlara sığınacaq kimi verilmiş otaqların yalnız kommunal xidmətlərlə bağlı, yəni qaz və işıq enerjisi ilə əlaqədar sənəd onlara məxsusdur. ünvan 4ki 4 otaq onların mülkiyyətində deyildir və mülkiyyət hüququ ilə bağlı hər hansı sənədləri də yoxdur. Eyni zamanda mübahisəli ünvanın onların istifadəsinə verilməsinə dair yataqxananın mülkiyyətçisi olan Azərbaycan Dəmiryolları QSC ilə onlar arasında hər hansı sosial kirayə müqaviləsi bağlanmamışdır. Bundan başqa Şuşa şəhəri işğaldan azad olunduğuna görə 2024-cü ilin yanvar ayında onların həmin şəhərə köçü baş tutacaqdır. Həmin vaxta az müddət qalsa da, rahat yaşamaları üçün cavabdehin əşyalarının mübahisəli ünvandan çıxarılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının (eyni zamanda digər iddiaçının nümayəndəsi) izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə sektoru tərəfindən verilmiş 1139 nömrəli, 05 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 həqiqətən Şuşa rayonundan məcburi köçkün düşmüş və hal-hazırda müvəqqəti olaraq Gəncə şəhəri, Abbas Səhhət 28, Dəmiryolçular yataqxanasında məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə sektoru tərəfindən verilmiş 1214 nömrəli, 31 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Nazim qızı həqiqətən Şuşa rayonundan məcburi köçkün düşmüş və hal-hazırda müvəqqəti olaraq Gəncə şəhəri, Abbas Səhhət 28, Dəmiryolçular yataqxanasında məskunlaşmışdır. Ailə tərkibi oğlu X6 (məcburi köçkün deyil) və qızı X4 (məcburi köçkün deyil) ibarətdir. Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə Sektoru tərəfindən verilmiş 1213 nömrəli, 31 iyul 2023-cü il tarixli arayışdan görünür ki, X13 həqiqətən Şuşa rayonundan məcburi köçkün düşmüş və hal-hazırda müvəqqəti olaraq Gəncə şəhəri, Abbas Səhhət 28, Dəmiryolçular yataqxanasında məskunlaşmışdır. Ailə tərkibi anası X10, həyat yoldaşı İddiaçı1 və oğlu İddiaçı2 ibarətdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-315/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında 09 iyul 2012-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 390 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları və 22 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, 386 (üç yüz səksən altı) manat miqdarında aliment İddiaçı2 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞS/1-00117 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı1 və İddiaçı2 müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 25 iyul 2023-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı1 ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 keçmiş gəlini digər İddiaçı2 isə keçmiş arvadıdır. İddiaçılar İddiaçı1 və onun oğlu İddiaçı2 1993-cü il tarixində Şuşa şəhərindən məcburi köçkün düşmüş və ünvan 4 4 otaq müvəqqəti məskunlaşmaları üçün onların faktiki istifadələrinə verilmişdir. İddiaçı2 ilə Cavabdeh 09 iyul 2012-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, Dəmiryolçular yataqxanasında yaşamağa başlamış, birgə nikahlarından 2 övladları dünyaya gəlmiş və Şuşa Rayon Məhkəməsinin 2(077)-315/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı2 ilə Cavabdeh rəsmi olaraq ayrılmalarına baxmayaraq, cavabdehə məxsus cehiz əşyaları iddiaçılara müvəqqəti məskunlaşmaq üçün verilmiş Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28, Dəmiryolçular yataqxanasında qalmışdır. Hal-hazırda iddiaçılar cavabdehə məxsus əşyaların onların müvəqqəti məskunlaşmaq üçün istifadələrinə verilmiş yataqxanada qalması və bu da onların yaşayışlarına maneəçilik törətdiyi üçün cehiz əşyaların çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırmışlar. Lakin, Gəncə şəhəri, Abbas Səhhət küçəsi 28 ünvanında yerləşən Dəmiryolçular yataqxanasının 2-ci mərtəbəsində 4 otağın onların mülkiyyətində olması və yaxud həmin ünvanın onların rəsmi istifadələrinə verilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflər arasında olan mübahisənin həlli ilə bağlı əvvəlcə iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsinin zəruriliyinə vurğulayaraq, bu baxımdan “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyini qeyd etməyi lazım bilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli həmin qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə, ilk növbədə iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki iddia ilə məhkəməyə müraciət edərkən müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüquqlarının pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı1 və İddiaçı2 hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçılar cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb etdikləri mübahisəli ünvan olan ünvan 4ki otaqların onların mülkiyyətində və qanuni sahibliyində olmasını əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Eyni zamanda ünvan 4ki otaqlar iddiaçılara Şuşa şəhərindən məcburi köçkün olduqları üçün müvəqqəti məskunlaşmaq üçün onların faktiki istifadələrinə verilmiş (yaşamalarına etiraz edilməmiş) və onlar, bu müddətdə ünvan 4ki otaqlar üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqlar əldə etməmişlər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli ünvana olan hüququ cavabdehlə bərabərdir. Yəni iddiaçılar və cavabdehin mübahisəli ünvana dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Bu baxımdan onlardan birinin digərinə münasibətdə üstünlüyü də mövcud deyildir. Bu isə öz növbəsində məhkəmə üçün belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçılar cavabdehə qarşı mövcud iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əmlaklarının çıxarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehə məxsus olan cehiz əmlaklarının çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar