Məhkəmə qərarları › İş №2(125)-6095/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6095/2025

21.01.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6095/2025 21.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə, üçüncü şəxs X6 qarşı «miras paylarının bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «miras paylarının bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 vəfatından sonra adına qalmış Gəncə şəhəri, Azərbaycan küçəsi, 5-ci döngə, 14 saylı evdən-miras mülkdən onlara düşən miras payının bacısı X6 bağışlanmasına dair 1 saylı Gəncə “Asan Xidmət” Mərkəzində notariat ofisində tərtib edilmiş və təsdiqlənmiş “Miras payların bağışlanması müqaviləsi”nin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, mərhum anası X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra adına Gəncə şəhəri, Azərbaycan küçəsi, 5-ci döngə, ev 14 miras qalmışdır. Həmin mülkə dair mərhum anasına hələ sağlığında Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən № 22373 saylı xx.xx.2003-cü il tarixlə qeydə alınmış Qeydiyyat Vəsiqəsi verilmişdir. xx.xx.2025-ci il tarixdə 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində bacısı X7 ərizə verərək mərhum anası X2 adına 8V-447 nömrəli vərəsəlik işi açılmışdır. Elə həmin gün onlar öz miras paylarını bacısı X6 bağışlamışlar. Lakin, müqavilə notarial qaydada təsdiq edildikdən sonra onlar fikirlərindən daşındılar. Onlar müqavilənin ləğvi üçün notariusa müraciət etdikdə bunun mümkün olmadığını, müqavilənin ləğvini yalnız məhkəmə qaydasında ləğv etmək mümkün olduğunu bildirmişlər. Odur ki, notarial qaydada təsdiqlənmiş miras payların bağışlanması müqaviləsinin ləğv edilməsi və yenidən hər birinin öz payına sahib olması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs kimi işdə iştiraka cəlb edilmişdir. Məhkəmədə İddiaçı1 iddia ərizəsinə uyğun izahat vermiş, miras payını bacısı X6 bağışlamasının onun həqiqi iradə ifadəsinin olmadığını, bunun nəticəsində digər bacısı İddiaçı2 yaşadığı həmin mənzildən məhrum ola biləcəyinə diqqət çəkmiş və sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı2 iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o həmin müqaviləni bağışlayan zaman bacısı Gülnur ona həqiqəti bildirməmişdir. O, elə düşünürdü ki, həmin ev üzərində o və bacısı eyni paya sahib olacaqlar. Sonradan ona məlum olmuşdur ki, bacısı onu aldatmış və həmin evə tək yiyələnib, satmaq istəyir. O, özü xəstədir, həmin mənzildən başqa heç bir yaşayış sahəsi yoxdur. Mənzilə olan miras payından məhrum olması onun tamamilə ev eşiksiz qalması ilə nəticələnəcəkdir. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs X7 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 22373 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 5-ci döngə, 14 saylı “A”-30.6 kv.m 2(iki) yaşayış otağından ibarət ev DƏDRX-də X2 adına mülk kimi qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X3, anası X4r. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X3, anası X4r. İşdə olan xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdehndə bağlanmış xx.xx.2025-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı1 və İddiaçı2 miras qoyan 14 oktyabr 2024-cü ildə ölmüş anaları-X1 irs qalmış miras əmlakdan özlərinə çatası miras paylarını bacıları X6 bağışlamışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İddiaçı1 və İddiaçı2 tərəfindən 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, onların bacıları X6 öz miras paylarını bağışladıqları xx.xx.2025ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab olunması ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirmiş, hal-hazırda anasının adına miras qalmış əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini dayandırılması xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar mərhum analarından miras qalmış evdən onlara çatası miras paylarını bacıları X6 bağışladıqları barədə xx.xx.2025-ci il tarixli miras payın bağışlanması müqaviləsi imzalamış, xx.xx.2025-ci il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə ərizə ünvanlanlayaraq, bacıları X6 öz miras paylarını bağışladıqları xx.xx.2025-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab olunması ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirmiş, daha sonra iddiaçılar xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız əqd olduğunu iddia etmiş və hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmədə izahat verərkən iddiaçılar Məhkəmə, ilk növbədə iddianın hüquqi əsasları ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; -337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə əsasən,etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. -666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. -668.1.2.-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə verən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Məhkəmə işin məhkəmədə müəyyən edilən faktiki hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, miras payların bağışlandığı İddiaçı2 aldatma yolu ilə müqavilənin bağlanmasına nail olması İddiaçı1 və İddiaçı2 bağışlamadan imtina etmələrinə əsas vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 ilə X7 arasında 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində bağlanmış xx.xx.2025-ci il tarixli miras payların bağışlaması müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 ilə X7 arasında 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində bağlanmış xx.xx.2025-ci il tarixli miras payların bağışlaması müqaviləsi ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar