Məhkəmə qərarları › İş №2(125)-6376/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6376/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6376/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-2440/2016 nömrəli qətnaməsi ilə tutulan alimentin növünün dəyişdirilərək hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin və həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi qizmində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-2440/2016 nömrəli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və ödənilmiş mesiasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh aralarında olan nikahı xx.xx.2014-cü ildə qeydə aldırmış, onların birgə nikahlarından xx.xx.2015-ci ildə Mədinə adlı bir uşaq anadan olmuşdur. Sonradan onunla Cavabdeh arasında olan nikah pozulmuş, Gəncə Apellyasiya Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2(106)-2440/2016 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci ildə anadan olmuş Mədinənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin və həmin uşağın üç yaşı tamam olanadək hər ay 20 manat alimentin Cavabdeh tutulub, ona ödənilməsi qət edilmişdir. Mədinə xx.xx.2018-ci ildə üç yaşına çatmış, məhkəmə qətnaməsi ilə qət edilmiş 20 manat alimentin ödənilməsi dayandırılmışdır və hazırda ona yalnız 110 manat sabit pul məbləğində aliment ödənilir. Həmin məbləğ isə Mədinənin maddi xərclərinin ödənilməsinə kifayət etmir. Belə ki, Mədinə təhsil alır, repititor hazırlıqlarına, dərnəklərə gedir və özünü inkişaf üçün digər proqramlara qoşulur. Həmçinin Mədinənin artıq 8 yaşı tamam olmuş, qida və geyim, eləcə də başqa maddi xərcləri artmışdır. Cavabdeh isə daim yüksək məvacibli işlərdə işləsə də, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentdən əlavə ona heç bir maddi yardım göstərməmişdir. Buna görə də o, Cavabdehla birgə nikahlarından doğulmuş uşağın maddi təminatını yaxın qohumlarının maddi yardımı ilə təmin edir. O, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, cavabdehin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində işlədiyini müəyyən etsə də, mülki işə məhkəmədə baxılarkən, cavabdehin əmək müqaviləsinin müddətinin 18 noyabr 2023cü il tarixdə bitdiyini bilmişdir. Buna görə də o, əvvəlcə sabit pul məbləğində alimentin Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentlə əvəz olunmasını xahiş etmiş, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul edərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 250 manat sabit pul məbləğində alimentin ödənilməsinə Cavabdeh razı olduğunu və iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)- 2440/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-3374/2016 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq azyaşlı Mədinənin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment və xx.xx.2015-ci il təvəllüdlü azyaşlı Mədinənin üç yaşı tamam olanadək hər ay 20 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-1753 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-2440/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2016-cı ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanununa görə 2016-cı ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 117 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, eləcə də cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-2440/2016 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2(104)-2440/2016 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 02 oktyabr 2015-ci tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı Ziyadxan qızına ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar