Məhkəmə qərarları › İş №2(125)-6389/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6389/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6389/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Nümayəndə saxlanması üçün xx.xx.2022-ci ildən hesablanmaqla hər ay sabit pul məbləği ilə 250 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər nikahlarını xx.xx.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 328 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikahdan bir uşaq - xx.xx.2021-ci il təvəllüdlü Nümayəndə doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2020-ci ilin dekabrında ailə qurmuş, xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Nümayəndə adlı bir övladları olmuşdur. Lakin iki ildir ki, cavabdehlə münasibətləri pozulub, faktiki ayrılmışlar. Belə ki, cavabdeh ailəsinə baxmır, uşağın saxlanmasını təmin etmir. Halbuki, o özü də bilir ki, uşağın səhhətində problemləri var, övladları mütəmadi müalicə olunur. Onun yaxşı qidalanmağa və normal saxlanmağa ehtiyacı var. Cavabdeh uşağın saxlanması üçün aliment ödəməlidir. Ötən ilin noyabrında mediasiya təklifi göndərmiş, lakin cavabdehlə razılığa gələ bilməmişlər. O hazırkı vaxta kimi hələ də uşağın saxlanması üçün aliment ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, 1 il 5 aydır ki, cavabdehlə faktiki olaraq ayrılmışlar, nikahlarının pozulmasını istəmir, uşağın tələbatlarını ödəyə bilmədiyi üçün aliment tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi əvvəlcə uşağın cavabdehin uşağı olmadığını bildirsə də, sonradan iddianı qismən qəbul etdiyini, uşaq üçün hər ay cəmi 100 manat aliment verə biləcəklərini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Rahilənin valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında anasının yanında qalan uşağının saxlanılması üçün cavabdehdən hər ay cəmi 100 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini, cavabdehin tələb olunan alimenti ödəməyə qismən razılığını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etsə də həmin vaxtdan cavabdehlə faktiki olaraq ayrıldığını və uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etdiyini təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, iddiaçı iddia ərizəsində iki ildir cavabdehlə ayrı yaşadırlarını qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatında 1 il 5 aydır ki, cavabdehlə faktiki olaraq ayrıldıqlarını bildirir. Bundan başqa, həm də nəzərə alınmalıdır ki, tərəflər arasında nikah pozulmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməli, 25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü Nümayəndə yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40,4 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar