Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6400/2025 14.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Qazax rayon Məhkəməsinin 2(023)-465-2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(104)-1045/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq İddiaçı qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 140 manat, cəmi 280 manat aliment alınaraq 17 yanvar 2013-cü ildə anadan olmuş Sinan və 27 avqust 2015-ci ildə anadan olmuş Simran adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadı ilə Qazax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.78 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək azaldılmasına, yəni xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadı ilə Cavabdeh xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.78 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. 0.78 misli həddində aliment isə 312 manat edir. İki uşaq üçün isə 624 manat. O Ucar rayonunda Qaz paylayıcı stansiyada operator vəzifəsində işləyir. Aylıq əmək haqqı 626.58 manat təşkil edir. Bundan başqa 2-ci dəfə ailə həyatı qurub və bu ailədən 1 uşağı var. Qazax Rayon Məhkəməsinin qərardadı ilə təyin olunmuş aliment miqdarını aylıq əmək haqqısı qarşılamır. Bununla bərabər ikinci ailəsinin də tələbatlarını qarşılamalıdır. Əmək haqqından başqa heç bir gəliri yoxdur. Ailəyə tək qazanc gətirən şəxsdir. Bundan başqa dost-tanışların xeyir-şər mərasiminə də gedir. Belə olan halda nə ikinci ailəsinin tələbatlarını ödəyə bilmir,nəinki ödəmək əmək haqqından başqada aliment ödəyərkən borclu qalır. Onun üçün hər ay 624 manat alimenti ödəmək çox çətindir. Odur ki, alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 çıxışında bildirdi ki, ən son məhkəmə qərarı ilə tutulan aliment müəyyən olunmuş minumum əmək haqqının 0.78 misli həddindədir ki, bu da İddiaçı əmək haqqısına bərabər həcmdədir. İddiaçı hazırda evlidir və 1 övladı var. Ona görə də aliment məbləği çox yüksək olduğundan öz ailəsini dolandıra bilmir. Bu səbəblə alimentin məbləğinin azaldılaraq minumum əmək haqqının 0.40 misli həddində müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 çıxışında iddiaya etiraz edərək, bildirdi ki, 2019-cu ildən bəri hər uşağa görə 140 manat aliment ödənir. Ancaq hazırda uşaqlar böyüdüyü üçün həm təhsil, həm də kənar xərcləri çoxdur. Bu səbəblə hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat aliment ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 626.58 manat əmək haqqı alır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1045/2018 nömrəli 13 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(023)-2316/2017 qətnaməsi alimentin məbləğinə aid olan hissədə dəyişdirilmişdir. Cavabdeh İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilən sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat müəyyən edilmiş,qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Qazax rayon Məhkəməsinin 2(023)-465-2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli 2(104)- 1045/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq İddiaçı qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 140 manat, cəmi 280 manat aliment alınaraq 17 yanvar 2013-cü ildə anadan olmuş Sinan və 27 avqust 2015-ci ildə anadan olmuş Simran adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh verilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadından görünür ki, Qazax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)- 465/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.78 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 21 oktyabr 2025-ci il tarixli, 5-58-18-12-21/2-722/2025 nömrəli arayışdan görünür ki, İddiaçı 2 ailə üzvü var: həyat yoldaşı X2 və oğlu X7. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırkı mülki iş üzrə iddiaçı cavabdehlə birgəliyindən doğulmuş Simran və Sinanın saxlanılması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimetin tutulmasını xahiş etmiş, tələbini 2-ci dəfə ailə qurması və bu nikahdan 1 övladı olması, eyni zamanda əmək haqqısının 2-ci ailəsinin tələbatlarını qarşılamağa imkan verməməsi ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə iddiaya etiraz etmişdir. Məhkəmə qeyd edir ki Ailə Məcəllənin 112.1-ci maddəsində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda, habelə aliment ödəməli olan valideyni aliment ödəmək vəzifəsindən o, halda azad edə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun. Bu baxımdan məhkəmə qeyd edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadı ilə təyin edilmiş aliment indeksasiya olunduqdan sonra müəyyən edilmiş aliment hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.78 mislidirki, bu da 2025-ci ilə münasibətdə (400 x 0.78) bir uşaq üçün 312 manat olmaqla iki uşağa görə 624 manat təşkil edir. Hazırda iddiaçı Ucar rayonunda Qaz-İxrac İdarəsində işləyir və rəsmi əmək haqqı cəmi 626.58 manatdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının 2-ci ailəsinin saxlanılması üçün xərclərini də nəzərə aldıqda, hazır ki alimentin qeyd edilən formada tutlmasının davam etməsi iddiaçının maddi vəziyyətinin kəskin pisləşməsinə səbəb olur. Odur ki, Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, iddiaçının başqa nikahdan uşağının olmasını, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Qazax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş alimentin məbləği dəyişdirilməli, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Qazax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)- 89/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-6400/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6400/2025
14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver