Məhkəmə qərarları › İş №2(125)-6402/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6402/2023

23.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6402/2023 23.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin və çıxarışın ləğv edilməsi, məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, ********** çıxarışın və bəxşeyiş müqaviləsinin ləğv edilməsinə, ünvan 1 ünvanda yerləşən mülkdə, onun 1-ci növbə vərəsə olduğunu, həmin mirasda məcburi paya daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, köhnə ünvan olan ünvan 2i ev 5 ünvanda yerləşən mülk, 1897-ci il təvəllüdlü X5 məxsus olmuşdur. ünvan 3 xx.xx.1961-ci il tarixdə Bəxşeyiş müqaviləsi əsasında X4 adına keçirilmişdir. xx.xx.1996-cı il tarixdə 2-V-1- 54 saylı vərəsəlik şəhadətnaməsi əsasında 1nömrəli Dövlət Notariat X1 adına keçirilmişdir. xx.xx.2014 -cü il tarixdə Gəncə şəhər 2 saylı Notariusun 4-Ə-205 saylı reyestri əsasında Bəxşeyiş müqaviləsi əsasında Cavabdeh adına keçirilmişdir. xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. O, bir övlad olaraq, həmin evdə böyüyüb boya başa çatmış və 1977-ci ildə el adəti üzrə toyu olmuş və həmin evə gəlin gətirmişdir. 1992-ci il tarixə kimi ailəsi ilə birgə həmin adıgedən evdə yaşamışdır. O, uşaqları və həyat yoldaşı evdə qeydiyyatda olmuşlar. Valideyinləri ilə heç bir narazılıqları olmamışdır. Cavabdehlə dəfələrlə, sakit şəkildə ona evdən düşən pay barəsində söhbətləri olmuş, lakin o, hər dəfə onun müraciətimi uzatmaqla bu günə kimi ona düşən pay verilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun təmsilçisi hər biri ayrı-ayrılıqda iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı ambulator müalicədə olduğu üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-ci maddəsinə əsasən Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-ci maddəsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) onun birinci növbə vərəsələri sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1200-cü maddəsinə əsasən Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1201-ci maddəsinə əsasən Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı bağışlama müqaviləsinin, onun əsasında verildiyini bildirdiyi çıxarışın ləğv olunmasını və mübahisəli miras əmlaka məcburi payının müəyyən olunmasını xahiş etmişdir. Lakin iddiaçı hazırkı iddia üzrə tələblərə dair hüqunun yaranmasını, cavabdehin həmin tələblərə cavab verməli olduğunu, tələblərinin faktiki və hüquqi əsaslarını təsdiqləyən sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı mübahisəli əmlakın cavabdehə bağışlanılmasına əsas olan müqavilənin ləğv olunmasını tələb etmək hüququnu, həmin əmlakın bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçməsini, həmin müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməli olmasını, habelə, bağışlayanın vərəsəsi olduğunu, mübahisəli əmlaka məcburi pay hüququnun olmasını, həmin əmlakı miras qoyan üçüncü şəxsə bağışladığıdan əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi üçün məcburi payın tamamlanmasını və mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçmədiyini təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş qeydiyyatda olduğu ünvana dair arayışın və nikahı haqqında şəhadətnamənin surətləri sübut qismində qəbul edilə və iddianın əsaslı olmasını təsdiqləyə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin və çıxarışın ləğv edilməsi, məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar