Məhkəmə qərarları › İş №2(125)-6458/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6458/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6458/2025 24.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, X5 Oktay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə X3 xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Şahməmmədova” soyadı verilmişdir. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 adlarında yetkinlik yaşına çatmayan üç uşaqları vardır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh iddia ərizəmin verdiyi vaxtdan hesablamaqla birgə nikahdan doğulmuş xx.xx.2013-cü il tarixdə anadan olmuş Şahməmmədov Əsgərxan oğlu, xx.xx.2015-ci ildə anadan olmuş tarixdə anadan olmuş X10 və xx.xx.2021-ci il tarixdə X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 246 manat cəmi 738 (yeddi yüz otuz səkkiz ) manat, məbləğində aliment pulunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə nikahımızı xx.xx.2012-ci il tarixdə 535 nömrə ilə rəsmiləşdirmişdirlər. Onların birgə nikahdan xx.xx.2013-cü il tarixdə anadan olmuş Şahməmmədov Əsgərxan oğlu, xx.xx.2015-ci ildə anadan olmuş tarixdə anadan olmuş X10 və xx.xx.2021-ci il tarixdə X4 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-420/2025 saylı hökmü ilə 12 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh həbs olunandan birgə nikahlarından olan uşaqlarının tələbatını cavabdehin aldığı pensiya pulu ilə ödəyirdi. Lakin cavabdehin barəsində hökm çıxdıqdan sonra pensiya kartının qarşısını bağlatmışdır. Ona görə də onun pensiya pulunu alıb uşaqlarına baxa bilmir. Cavabdehin bu hərəkətindən də açıq-aydın görünür ki, uşaqlarının maddi tələbatını ödəmək və uşaqlarına baxmaq istəmir. Buna görə də himayəsində qalan üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aliment tələbinə dair məhkəməyə müraciət etməli olub. Uşaqlar hal-hazırda onun himayəsindədir. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Cavabdeh uşaqlarına baxmağa borcudur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı çıxışında iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, sonda cavabdehdən hər uşağa görə 160-180 manat civarında aliment təyin edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat Cavabdeh çatdırılması üçün həmin cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cavabdeh ona qarşı irəli sürülən tələbə heç bir münasibət bildirməmişdir.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlamışlar və tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2013-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 adlarlnda üç uşaqları vardır. Birgə ailə münasibətlərindən doğulmuş övladları iddiaçının yanında yaşayırlar. Cavabdeh cinayət törətdiyinə görə hazırda azadlıqdan məhrumetmə cəzası çəkir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Cavabdeh 2-ci qrup əlildir və ümumilikdə 975 manat məbləğində pensiya alır. Buna baxmayaraq, uşaqlarının saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Baxılan işdə iddiaçı alimenti aylıq sabit pul məbləğində tələb etmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdehin aylıq 975 manat məbləğində pensiya almasını nəzərdə saxlayan məhkəmə hesab edir ki, onun hər bir uşağına 2025-ci il üçün hər ay 168 manat sabit pul məbləğində aliment ödəmək üçün maddi imkanı vardır. Onun hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi uşağı üçün alimen ödəmək öhdəliyindən azad etmir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçının yanında yaşayan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırda hər ay hər bir uşaq üçün ödənilməli olan aylıq alimentin miqdarının 168 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğun hesab edilməlidr. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 168 manat məbləği 400 manat məbləğinin 0,42 mislini təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçının yanında yaşayan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,42 mislinə uyğun sabit pul məbləğində aliment cavabdehdən tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci ödəmişdir və cavabdeh mediasiyada iştirak etməmişdir. İddiaçı cavabdehdən mediasiya xərclərini tələb etmədiyindən məhkəmə bu məsələ üzrə qərar qəbul etməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X1, xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay, hər bir uşaq üçün, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,42 mislinə uyğun sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Aliment tələbinin qalan hissəsində iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar