Məhkəmə qərarları › İş №2(125)-6461/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6461/2024

20.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6461/2024 20.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 xx.xx.2008-ci ildə anadan olmuş X10 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün müəyyən edilmiş 170 manat alimentin, Cavabdeh2 xx.xx.2024-cü ildə anadan olmuş X2 üçün müəyyən edilmiş 180 manat alimentin azaldılaraq, alimentin hər uşaq üçün 120 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 ilə birgə nikahından xx.xx.2008-ci ildə X11 və xx.xx.2010-cu ildə X12 anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5717/2023 saylı qətnaməsi ilə xx.xx.2008-ci ildə anadan olmuş X11 və xx.xx.2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün ondan 170 manat alimentin alınıb Cavabdeh1 verilməsi qət edilmişdir. Cavabdeh1 ilə ayrıldıqdan sonra Cavabdeh2 ilə faktiki ailə qurmuş və xx.xx.2024-cü il tarixdə Miran adlı bir uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3236/2024 saylı qətnaməsi ilə, xx.xx.2024-cü il tarixdə anadan olmuş X3 üçün hər ay Cavabdeh2 180 manat alimentin alınıb verilməsi qət edilmişdir. Bildirir ki, o, Mənzil-Kommunal Təsərrüfat İdarəsində işləyir. Aylıq 450 manat əmək haqqı alır. Qeyd edilən əmək haqqı ilə cavabdehlərə qeyd edilən məbləğdə aliment verə bilmir. Cavabdehlərdən Cavabdeh1 dırnaq ustasıdır. Digər Cavabdeh2 isə hərbi hissədə işləyir. Qazancı yaxşıdır. Hətta bildirir ki, azyaşlı uşağa dayə tutmuşdur, özü əmək fəaliyyəti ilə məşğuldur. Onunla danışanda dəfələrlə bildirmişdir ki, ona aliment lazım deyildir. Əsas məqsədi onu tutdurmaqdır. Bildirir ki, bu barədə icraçılara da, digər Cavabdeh1 də bildirmişdir. Cavabdeh1 onunla əlbir olaraq onu tutdurmağı təklif etmişdir. Valideynlərin hər ikisinin uşağı saxlamaq vəzifəsi vardır. Bu qədər böyük məbləğdə pulun ondan alınması düzgün deyildir. O, cəmi 120 manat aliment verə bilər. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, iddiaçı olan oğlu İddiaçı Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyində işləməklə, 450 manat əmək haqqı alır. İddiaçının Ayla və Ayxan adlı uşaqların saxlanılmaları üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5717/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3236/2024 saylı qətnaməsi ilə Miran adlı uşağın saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimenti ödəməyə imkanı yoxdur. Lakin, iddiaçı tərəfindən qeyd edilən məhkəmə qətnamələrindən vaxtilə apellyasiya şikayətləri verilməmişdir. İddiaçı hər uşaq üçün 120 manat sabit pul məbləğində ödəyə bilər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, uşağı Miran körpə olmaqla, onun uşaq bezlərinə hər ay 45 manat, yeməyinə 160 manat, baxıcısına isə 200 manat ödəyir. Bundan başqa digər xərclərini də özü çəkir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3236/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş 180 manat sabit pul məbləğində aliment uşağın ehtiyaclarının qarşılanması üçün kifayət etmir. Həmçinin, Miran adlı uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə 180 manat sabit pul məbləğində aliment təyin edilməsinə baxmayaraq, cavabdeh Miran adlı uşaq üçün hər ay 150 manat aliment ödəyir. Qalan məbləğ aliment borcu kimi yığılır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 219742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 oktyabr 2008-ci il tarixdə doğulmuşdur. Atası – İddiaçı, anası – X5r. İ-JC seriyalı, 160491 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 oktyabr 2010-cu il tarixdə doğulmuşdur. Atası – İddiaçı, anası – X5r. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-00584 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “alimentin azaldılması və azyaşlı uşaqlarla ünsiyyətdə olmaq” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh2 və Cavabdeh1 mübahisə üzrə 30 sentyabr 2024-cü il tarixdə saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat İddiaçı tərəfindən ödənilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5717/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3503/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2008-ci ildə anadan olmuş X10 və xx.xx.2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi, həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatının cavabdeh İddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3236/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 iddiası qismən təmin edilmiş, xx xxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş İddiaçı 11 yanvar 2024-cü ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş X9 atası olmasının müəyyən edilməsi, 11 yanvar 2024-cü il tarixdə anadan olmuş X3 üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulması, alimentin tutulması 30 aprel 2024-cü il tarixdən X9 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi və İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat və vəkilə etdiyi köməyə görə ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 160 manat sabit pul məbləğində pul vəsaiti alınaraq, Cavabdeh2 ödənilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5717/2023 saylı qətnaməsi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3503/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2008-ci ildə anadan olmuş X10 və xx.xx.2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Həmçinin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3236/2024 saylı qətnaməsi ilə, xx xxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş İddiaçı 11 yanvar 2024-cü ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş X9 atası olmasının müəyyən edilməsi, 11 yanvar 2024-cü il tarixdə anadan olmuş X3 üçün İddiaçı Cavabdeh2 xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda İddiaçı Cavabdeh1 ilə birgə ailə münasibətlərindən doğulmuş Ayla və Ayxan adlı uşaqların, o cümlədən, digər Cavabdeh2 ilə faktiki ailə münasibətlərindən doğulmuş Miran adlı uşağın saxlanılmaları üçün hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 isə məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5717/2023 saylı qətnaməsi ilə, Ayla və Ayxan adlı uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3236/2024 saylı qətnaməsi ilə, Miran adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment ailə qanunvericiliyinin tələblərinə uyğun olmaqla tərəflərin maddi vəziyyətinə də adekvatdır. Həmçinin iddiaçı məhkəmə qətnamələri ilə müəyyən olunan alimenti ödəmək iqtidarında olmaması barədə məhkəməyə əsaslı bir sübut təqdim etməmişdir. Belə ki, məhkəmə qətnamələri ilə cavabdehlərə ödənilən aliment məbləğləri qanunvericiliyin müəyyən etdiyi həddədir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləğlərinin azaldılması barədə istəyi uşaqların qanuni mənafeyinə zidd olmaqla yanaşı, onların minimum dolanacaq xərclərinin ödənilməsi üçün də yetərli deyildir və mövcud dövr üçün uşaqların saxlanmasında maddi məhrumiyyətlər yaradar. Ona görə də iddiaçının tələbi əsassız olmaqla, təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh1 xx.xx.2008-ci ildə anadan olmuş X10 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün müəyyən edilmiş 170 manat alimentin, Cavabdeh2 xx.xx.2024-cü ildə anadan olmuş X2 üçün müəyyən edilmiş 180 manat alimentin azaldılaraq, alimentin hər uşaq üçün 120 manat müəyyən edilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında 50 (əlli) manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimentin azaldılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar