Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6488/2024 24.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahları dövründə 06 oktyabr 2022-ci il tarixdə anadan olmuş övladı X1 üçün cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında alimentin və uşağa baxılması üçün əlavə 100 (bir yüz) manat məbləğində pulun ona uşağın yetkinlik yaşına çatana qədər hər ay ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 dekabr 2021-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Bu barədə Gəncə "ASAN xidmət" Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 dekabr 2021-ci il tarixdə 2282 nömrə ilə qeyd edilmişdir. Birgə nikahları dövründə 06 oktyabr 2022-ci il tarixdə övladları X5 anadan olmuşdur. Hal-hazırda övladı İdrisalinin 2 yaşı vardır, cavabdeh övladına qarşı həssas, qayğıkeş və isti münasibətdə olaraq onun saxlanılmasında valideynlik borcunu yerinə yetirirdi. Ancaq övladının bir yaşından sonra uşağın saxlanılması üçün hər hansı maddi yardım göstərməmişdir. İndi isə Gəncə şəhərində xidmət etdiyi hərbi hissədən yerini dəyişərək Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə zabit kimi xidmət etməkdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Dəfələrlə ona ailəsinin təməlini qoruyub saxlamağı, övladını birgə tərbiyə edərək böyütməsini təklif etsə də heç bir faydası olmamışdır. O, yenə ailəsini qoruyub saxlamaq məqsədi ilə nikahın pozulması barədə iddia tələbi irəli sürmür. Ancaq hesab edir ki, cavabdeh valideynlik borcunu yerinə yetirməli, uşağın saxlanılması üçün aliment verməlidir. Ailə Məcəlləsinin vəzifələrindən biri də ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsidir. Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli istiqamətində addım atmışdır. "Mediasiya haqqında" AR Qanununun 26-cı maddəsinə uyğun olaraq cavabdehə mediasiya prosesinin tətbiq barədə göndərdiyi təklifə cavab vermədiyi üçün Gəncə 1 saylı Mediasiya təşkilatına mediasiya üçün müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən tərəflərə ilkin Mediasiya sessiyasında iştirak etmək barədə bildiriş göndərilmişdir. İlkin Mediasiya sessiyası 15 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh ilkin Mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehin maddi vəziyyəti kifayət qədər yaxşıdır və hesab edir ki, cavabdeh ailə qanunvericiliyində nəzərdə tutulan aliment məbləğini, eyni zamanda uşağa görə əlavə xərclər də etməyə məhkəmə tərəfindən cəlb edilməlidir. Belə ki, övladı X5 fiziki qüsurludur. Eşitmənin neyrosensar tipli iki tərəfli itirilməsi diaqnozuna əsasən övladına İİİ dərəcəli əlillik təyin edilmişdir. Xəstəlik əlamətlərinə görə mütəmadi olaraq müayinə və müalicə kursu keçmək üçün Bakı şəhərinə getmək zərurəti yaranmışdır. Bütün bu məsələlərdə cavabdeh iştirak etməkdən imtina etmişdir. Övladı ilə Bakı şəhərinə hər ay gedib-gəlmək, onun dərman preparatlarının təmin edilməsi üçün ən azı 200 manat tələb olunur ki, bu da onun imkanları xaricindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəmənin 02 dekabr 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona qarşı olan iddia tələbini tam qəbul etdiyini, hər ay qazancının 1/4-i həcmində uşağı İdrisali üçün aliment verməyə, eyni zamanda həmin uşaq 3 yaşına çatana kimi anası Fəxriyyəyə 100 manat aliment ödəməyə razı olduğunu, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 476718 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 08 dekabr 2021-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 dekabr 2021-ci il tarixdə 2282 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Heydərov”, arvada “Heydərova” soyadı verilmişdir. AZ-İV seriyalı, 936768 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 06 oktyabr 2022-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1-MT007/2024-01964 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 15 oktyabr 2024-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissə tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 420 nömrəli arayışdan görünür ki, Cavabdeh N nömrəli hərbi hissədə xidmət edir və vergilər xaric aylıq əmək haqqı 993,80 (doqquz yüz doxsan üç) manat 80 qəpik təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahlarından 06 oktyabr 2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında bağlanmış rəsmi nikah pozulmamışdır, lakin hazırda faktiki olaraq ayrılmışlar və uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin 02 dekabr 2024-cü il tarixində keçirilən hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin iddia tələbini etiraf etməsi ilə bağlı zəruri olan prosessual hüquq normalarını aşağıda qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin qanuni əsası ilə bağlı da maddi hüquq normalarını aşağıda qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, həmçinin cavabdehin iddiaçının tələb etdiyi aliment məbləği ilə razılaşmasını nəzərə alaraq hesab edir ki, 06 oktyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və gəlirlərinin ¼ (dörddə bir) hissəsində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Məhkəmə həmçinin, iddia tələbinin birgə nikahdan doğulmuş 06 oktyabr 2022-ci il təvəllüdlü İdrisali adlı uşağın 3 yaşına çatanadək cavabdeh olan ərdən 100 manat sabit pul məbləğində alimentin iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini əsaslı hesab edərək məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbini tamamilə qəbul etdiyindən 06 oktyabr 2022-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək hər ay 100 (bir yüz) manat məbləğində aliment Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadıqlarından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 31 oktyabr 2024-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdeh X2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı iddiası təmin edilsin. 31 oktyabr 2024-cü il tarixdən başlayaraq, 06 oktyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment və 06 oktyabr 2022-ci il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6488/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6488/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver