Məhkəmə qərarları › İş №2(125)-6490/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6490/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6490/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını xx.xx.2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşdurlar. Birgə nikahlarından xx.xx.2012-ci ildə X6 və xx.xx.2015-ci ildə X7 adlı iki uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Həmin vaxt cavabdeh uşaqlarına könüllü olaraq maddi köməklik edəcəyini bildirdiyindən, rəsmi olaraq cavabdehdən aliment tutulmasını tələb etməmişdir. Lakin hazırda cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, uşaqların geyim, təhsil və s. xərclərini qarşılamaqda çətinlik çəkir. Heç olmasa 150 manat məbləğində aliment kəsilməsinə də razıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, uşaqları üçün nə lazımdırsa etmişdir. İddiaçı səhər tezdən işə gedir, uşağa baxmır, uşaqları nənələrinin üstünə atmışdır, o da yaşlı qadındır. «Nəyə görə iddiaçıya aliment ödəməlidir?» Uşaqları özü aparıb məktəbə qoyur, əyin-baş alır. Taksi fəaliyyəti ilə məşğuldur. Hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəməyə razıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 945926 nömrəli və AZ-İİİ 645204 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Yusif və xx.xx.2015-ci ildə Ayan adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4857/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2009-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 864 nömrə ilə qeydə alınmış nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları X3 yanında saxlanılması qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-01929 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İddiaçı X8 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X5» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq habelə uşaqlara qulluq, onların sağlamlıq, inkişaf və məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 56 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X4 verilsin. Cavabdeh dövlət rüsumu hesabına 56 (əlli altı) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar