Məhkəmə qərarları › İş №2(125)-6550/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6550/2023

27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6550/2023 27.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndələri X3 və X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 manat xərcin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2021-ci ilin fevral ayında faktiki olaraq evlənmişdir. xx.xx.2021-ci ildə rəsmi nikahdan keçmişlər. Nikahları Gəncə ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikah mühasibətlərindən 03 dekabr 2021-ci ildə Natiq adlı övladları anadan olmuşdur. Ailə qurduqları zamandan cavabdeh ona və uşağına qarşı biganədir. Ailənin sirrini tam açıqlamaq istəmir. 9 aya yaxındır ki, o, uşağı ilə bərabər anasının yanında qalır. Hesab edir ki, cavabdeh bu müddətdə uşağa heç bir maddi köməklik etmədiyindən ondan məhkəmə qaydasında aliment alsın. Maddi imkanı yaxşı olan cavabdehin anası belə onlarla maraqlanmır. Cavabdehin anası tibb bacısı işləyir, kifayət qədər gəliri olur. Cavabdeh isə Gəncə şəhər filarmoniyasında rəsmi olaraq fəhlə işləyir, əmək haqqı və pensiya alır. Dəfələrlə cavabdehdən tələb etmişdir ki, uşağa pul lazımdır. Hər şey bahadır. Anası onlara baxmağa çətinlik çəkir. Cavabdehdən ona aldıqları qızılları və anasının ona verdiyi qızılları tələb etmişdir ki, versinlər. O, da çətinliyə düşəndə satıb ehtiyaclarını ödəsin. Lakin ona boşananda məhkəmədə qızılları verəcəklərini cavab vermişlər. Onun isə nikahın pozulması və qızıllar barədə iddia qaldırmağa imkanı yoxdur. Ona görə də, hazırda yalnız uşağa baxmağa maddi cəhətdən çətinlik çəkdiyindən onun saxlanılması üçün məhkəmədə aliment tələbinə dair iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 manat xərcin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Uşaqlarının saxlanması üçün aliment ödəməkdən imtina etmir. İddiaçının himayəsində qalan azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat, İddiaçı isə 100 manat ödəyə bilər. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 427477 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 687 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan Gəncə ASAN xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV № 676381 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2021-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və azyaşlı uşaq iddiaçının yanında qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının bir uşağa görə hər ay 220 manat, eyni zamanda iddiaçının özünə də 100 manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, azyaşlı uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının ümumi uşağın doğulduğu gündən üç il ərzində cavabdehdən aliment tələb etməsi də qanuni əsaslara söykənir və məhkəmə iddiaçının X7 adlı uşağın üç yaşına çatanadək saxlanması üçün ona vəsait ödənilməsi barədə tələbini əsaslı hesab edir. Məhkəmə hazırkı məsələyə ilk növbədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməlidirlər müddəasından yanaşır və qeyd edir ki, İddiaçı hazırkı tələbi qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri baxımından ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, zəruri vəsaitə malik olduğu halda ərdən məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdir, lakin qeyd edilən Məcəllənin tələblərindən göründüyü kimi qanunvericilik bunun üçün ərin zəruri vəsaitə malik olmasını nəzərdə tutur. Məhkəmə iclasında cavabdehin tələb olunan məbləğdə aliment ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır, lakin bununla belə məhkəmə hesab edir ki, cavabdehin tələb olunan məbləğdə alimenti ödəməsi üçün zəruri vəsaitə malik olmaması onu maddi yardıma ehtiyacı olan arvadı saxlamaq vəzifəsindən tamamilə azad etmir. Məhkəmə qeyd edir ki, həmin yardımın edilməsi ilk növbədə uşaq barəsində ana tərəfindən hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqəlidir, yəni uşaq azyaşlı olduğundan ana vəzifələrini həyata keçirərkən kifayət qədər zamana malik olmalı və bu zaman ananın özünün qayğıları həmin vəzifənin həyata keçirilməsinə maneçilik törətməməlidir. Maddi yardıma ehtiycı olan ananın isə uşaq azyaşlı olduğundan işləmək imkanları məhdud olduğu halda ehtiyacların təmin edilməsi məqsədi ilə işləməsi və bunun nəticəsində uşağa kifayət qədər qayğı göstərməməsi ilk növbədə uşağın mənafeyinə ziddir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətlərini, cavabdehin uşağa tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını, lakin bununla belə iddiaçının heç bir yerdə işləmədiyini, himayəsində azyaşlı uşağının olduğunu və bu səbəbdən işləmək imkanlarının məhdud olmasını nəzərə alır və hesab edir ki, hal-hazırda Cavabdeh hər ay 140 (bir yüz qırx) manat, X7 adlı uşaq üç yaşına çatanadək iddiaçının özünə 100 (bir yüz) manat miqdarında alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci ildə doğulmuş X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2021-ci ildə doğulmuş X7 adlı uşaq üç yaşına çatanadək 100 manat sabit pul məbləğində vəsait tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat xərcin 25 manatı Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar