Məhkəmə qərarları › İş №2(125)-6572/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6572/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6572/2023 25.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-390/2018 nömrəli qətnaməsi əsasında xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hesablanmış 3.944 manat, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2211/2020 nömrəli qətnaməsi əsasında xx.xx.2019-cu təvəllüdlü X2 üçün hesablanmış 3.770 manat, cəmi 7.714 manat aliment borcunun silinməsi və ödənilmiş 98 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh nikahlarını xx.xx.2014-cü il tarixdə Gəncə «ASAN» xidmət mərkəzi Qeydiyyat Şöbəsində 1833 nömrə ilə qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2015-ci ildə X14 anadan olmuşdur. Daha sonra münasibətləri pisləşdiyi üçün cavabdehlə əlaqələri kəsilmişdir. Bundan sonra Cavabdeh ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-390/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin dövr ərzində o, alimenti vaxtında ödəmişdir. Daha sonra 2018-ci ilin mart ayından Cavabdeh ilə barışaraq yenidən ailə kimi yaşamağa davam etmişlər. Onların birgə ailə münasibətlərindən xx.xx.2019-cu ildə X15 adlı uşaqları anadan olmuşdur. 2020-ci ilin iyul ayında cavabdehlə aralarında yenidən mübahisə olmuş və yenidən ayrılmışlar. Bundan sonra cavabdehin ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2211/2020 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. O həmin dövr ərzində də alimenti vaxtında ödəmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehlə yenidən barışaraq, xx.xx.2023-cü ilədək ailə kimi yaşamağa və birgə təsərüffat aparmağa başlamışlar. Qeyd edilən dövrlər ərzində o ailəsi ilə daim maraqlanmış və onlarla birlikdə xoşbəxt günlər keçirmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə ayrıldıqdan sonra S.R.Tağlyeva Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət edərək, yığılmış aliment borcunu tələb etdiyi üçün, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-1927/2023 nömrəli qərarına əsasən 500 manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərarda cavabdeh xx.xx.2021-cü il tarixdən xx.xx.2023-cü il tarixədək barışmaqlarını etiraf etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 29 ay müddətində cavabdehlə birgə yaşayaraq həmin dövr ərzində uşaqlarının maddi ehtiyaclarını ödəmişdir. Buna görə də həmin dövr ərzində hesablanmış 7.714 manat aliment borcu silinməlidir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2014-cü ildə İddiaçılə nikaha girmiş və onlar arasında olan nikah faktiki pozulmuşdur. Lakin o, daim iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqların ata qayğısından məhrum olduqlarını hiss etdirməməyə çalışmış, İddiaçı ona və övladlarına münasibətdə ailə başçısına yaraşan tərzdə rəftar edəcəyini düşünmüş, aralarında ciddi münaqişələrin baş verməsinə baxmayaraq, hətta 2021-ci ilin mart ayında edilmiş barışıq təklifini də qəbul etmişdir. İddiaçı bu barışıqdan sonra da onunla münaqişəli vəziyyətdə olmuş və nəinki arvadı kimi, hətta insan kimi laiq olmadığı münasibəti ona göstərmişdir. Buna görə də İddiaçılə onun arasında heç bir vaxt tam barışıq əldə olunmamış, o, İddiaçılə barışdığı müddət ərzində də yalnız 5-10 gün müddətində İddiaçı valideylərinə məxsus evdə yaşayıb, daha sonra yaranmış münaqişə ilə əlaqədar yaşamaq üçün öz valideynlərinin evinə qayıtmışdır. İddiaçı iddia etdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ötən 29 ay müddətində isə ümumilikdə o, heç 2 ay müddət ərzində İddiaçılə birlikdə yaşamamışdır. İddiaçı birgə nikahdan doğulmuş uşaqların mənafeyini öz maddi mənafeyindən üstün tutaraq, uşaqlarına görə onun sərgilədiyi müsbət davranışdan suiistifadə etməyə və məhkəməni yanıltmağa çalışır. O, məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentdən heç bir vaxt imtina etməmişdir. Hətta İddiaçı valideynləri barışıq əldə etmək üçün onun valideynləri ilə söhbət edərkən, onun valideynləri alimentin ödənilməsini tələb etmişlər. İddiaçılə birgə nikahdan doğulmuş uşaqların mənafeyi onun üçün bütün maddi nemətlərdən və hətta özünün istəklərindən üstündür. Məhz buna görə də o, İddiaçılə münaqişəli vəziyyətdə olmasına və İddiaçı ona qarşı davranışının dəyişməyəcəyini dərk etməsinə baxmayaraq, uşaqlarının mənafeyi və atasız yaşamaqla psixoloji travma almamaları üçün bir neçə günlük olsa da, iddiaçının yaşadığı evdə yaşamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ötən 29 ay müddətində birgə nikahdan doğulmuş uşaqların maddi ehtiyaclarını onun valideyinləri qarşılamış, iddiaçı ona hər hansı maddi yardım etməmişdir. İddiaçı yalnız özünün maddi zənginləşməsini düşündüyünə görə birgə nikahdan doğulmuş uşaqların bütün maddi və mənəvi qayğılarını unutmuşdur. Onun himayəsindəki uşaqlar azyaşlı olduğuna görə o özü heç bir yerdə işləyə və qazanc əldə edə, buna görə də uşaqların maddi təminatlarını, tələbatlarını və sosial ehiyaclarını tam ödəyə bilmir. Sonda Cavabdeh iddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, İddiaçı onun xalası oğlu, Cavabdeh isə xalasıoğlu İddiaçı arvadıdır. 2023-cü ilin avqust ayından təxminən 1-2 ay əvvəl o, İddiaçı ilə Cavabdeh arasında mübahisə olduğunu, lakin birlikdə yaşadıqlarını bilmişdir. O, 2021-ci ilin mart ayında İddiaçı yaşadığı ünvana gedən zaman Cavabdeh həmin ünvanda görmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusu Nüşabənin oğlu, Cavabdeh isə Pərvizin arvadıdır. Belə ki, onların evləri arasında olan məsafə cəmi 100 metr təşkil edir. O, süd və süd məhsullarının satışı ilə məşğul olduğundan məhsullarını satan zaman Nüşabənin evinə getmişdir. Təxminən 5 il olar ki, Nüşabə süd məhsullarını ondan alır. Hətta o, Səbinənin ilk övladı anadan olan zaman onlara ziyarətə də getmişdir. 2021-ci ilin yay ayında o, Səbinəni Nüşabənin yaşadığı evdə görmüş, sonralar Səbinəni orada görməsə də, uşaqları orada görmüşdür. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Cavabdeh onun qardaşı qızı, İddiaçı isə Səbinənin əridir. Səbinə ilə Pərviz arasında evliliyin ilk günlərindən daim maddi vəziyyətlə əlaqədar münaqişələr olmuşdur. Tərəflərin birgə nikahlarından Əsra adlı övladları doğulan zaman uşağın bir yaşı tamam olduqda onlar barışmış və bundan qısa müddət, təxminən bir ay sonra Cavabdeh yenidən valideyinlərinin yaşadığı evə geri qayıtmışdır. Daha sonra 2021-ci ilin mart ayında Cavabdeh ilə İddiaçılə barışmış və Cavabdeh yenidən İddiaçı yaşadığı evə getmişdir. Cavabdeh təxminən 1-2 ay valideyinlərinin evində yaşadıqdan sonra əri ilə barışmış, orada bir neçə gün yaşadıqdan sonra yenidən ata evinə qayıtmışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Cavabdeh onun baldızı, İddiaçı isə Səbinənin əridir. Səbinə ilə Pərviz arasında münasibətlər daim müşaqişəli olmuşdur. 2020-ci ildən 2023-cü ilədək Səbinə demək olar ki, daim valideyinlərinin evində, yəni Gəncə şəhəri, Totanlı küçəsində yerləşən evdə yaşamışdır. Səbinə və Pərviz il ərzində 3-4 dəfə barışmış, hər barışanda isə cəmi 1-2 gün müddət ərzində birgə yaşamışlar. S.R.Tağıyev 2022-2023 illər ərzində ümumiyyətlə İddiaçı evində yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, Cavabdeh onun bacısı, İddiaçı isə Səbinənin əridir. O, mütəmadi olaraq hər həftənin şənbə və bazar günləri valideyinlərinin evinə gedən zaman bacısı Səbinəni və uşaqlarını orada görmüşdür. Hətta o, 2021-2023-cü illər ərzində Səbinənin Pərvizin evində yaşamasını xatırlamır. Bəzi vaxtlar isə Cavabdeh İddiaçılə barışıb, 1-2 gün İddiaçı yaşadığı evdə yaşadığını və sonra yenidən yaşamaq üçün valideynlərinin yaşadığı evə qayıtdığını bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən X18 ifadəsində göstərdi ki, Cavabdeh onun qızı Günətayın baldızıdır. O, Günətayın yaşadığı evlə hasar qonşusudur. Cavabdeh bir neçə dəfə bir neçə aydan bir əri İddiaçı ilə barışmış, onun evinə getmiş, lakin münasibətləri alınmadığı üçün qısa müddətdən sonra valideyinlərinin yaşadığı evə geri qayıtmışdır. Belə ki, Səbinə 2-3 dəfə Pərvizin yaşadığı evə getmiş, lakin qısa müddətdə, yəni 2021-ci ildən 2023-cü ilədək cəmi 1-2 ay ərzində orada yaşamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-16-5/7-70-T-3690/2023 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Mehdiyeva (Tağıyeva) Səbinə Rəşid qızı arasında olan nikah xx.xx.2014-cü il tarixdə 1 saylı Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 1833 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-H-3691/2023 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-H-3692/2023 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-390/2018 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 2211/2020 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 390/2018 nömrəli və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2211/2020 nömrəli icra sənədləri üzrə İddiaçı yığılmış aliment borcunun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh İcra İdarəsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, İddiaçı ilə ailə münasibətləri xx.xx.2020-ci ilədək davam etmiş və uşaq birgə himayələrində yaşadığından alimentin hesablanmasının xx.xx.2020-ci ildən hesablanmasını xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 1927/2023 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında dinlənilmiş audio qeydlərdəki səs yazılarının həqiqiliyi təsdiq edilmiş və müəyyyən olunmuşdur ki, İddiaçı anası tərəflər arasında barışıq əldə olunması üçün Cavabdeh anası ilə görüşmüşdür. Görüş zamanı İddiaçı anası tərəflərin yenidən birlikdə yaşamaqları üçün ciddi təşəbbüs göstərir və Cavabdeh anası İddiaçı öz aliment öhdəliklərini icra etmədiyini xatırladıb, həmin alimenti ödəməyi tələb edir. Bu zaman İddiaçı anası tərəflərin bir yerdə yaşayacaqlarını və aliment ödəməyə zərurət olmadığını bildirmişdir. Həmçinin Cavabdeh anası iddiaçının ailəsinə qarşı daim vədlər verdiyini, lakin həmin vədlərə əməl etmədiyini bildirərək, alimentin ödənilməsinin zəruri olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işin iddiaçının vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X5 və X3 ifadələrində, «whatsapp» sosial şəbəkəsindən çıxarışlarda qeyd olunan xüsusatları digər sübutların məcmusu ilə birlikdə tədqiq edərək, məhkəmə hesab edir ki, həmin şahid ifadələri və yazışmalar işin halların müəyyənləşdirilməsində sübut əhəmiyyətinə malik deyildir. Belə ki, X7 və X4 ifadəsində 2021-ci ilin mart ayında və 2023-cü ilin avqust ayında Cavabdeh İddiaçı yaşadığı ünvanda gördüklərini qeyd etmiş, 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayınadək Cavabdeh İddiaçılə birlikdə yaşaması nəricəsinə isə yalnız mülahizələr əsasında gəlmişlər. 2021-ci ilin mart ayında Cavabdeh və İddiaçı barışıq əldə etdiyindən, onların ər-arvad münasibətləri 2023-cü ilin avqust ayında faktiki olaraq tam kəsildiyindən qeyd olunan tarixlərdə Cavabdeh İddiaçı yaşadığı evdə olması mümkündür. Lakin həmin hal 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayınadək S.R.Tağıyevin İddiaçılə birlikdə yaşaması ilə eyniləşdirilə bilməz. X7 və X4 da öz ifadələrində 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayınadək olan müddət ərzində Cavabdeh həmin ünvanda yaşadığını göstərməmiş, N.H.Süleymanova yalnız bir neçə dəfə tərəflərin birgə nikahlarından doğulmuş uşaqları İddiaçı valideynlərinin yaşadığı evdə gördüyünü bildirmişdir. Digər tərəfdən «whatsapp» sosial şəbəkəsindən çıxarışlardakı yazışmaların birbaşa əlaqədar tərəflər arasında, yəni İddiaçılə deyil, başqa şəxslər arasında aparıldığı müəyyən edilir. Həmçinin yazışmalardakı mətnlərin həqiqiliyini və mənbələrini müəyyən etmək mümkün deyildir. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə isə birbaşa əlaqədar tərəflər arasında deyil, başqa şəxslər arasında olan yazışmalar qanunu pozmaqla əldə edilmiş sübut hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah xx.xx.2014-cü il tarixdə qeydə alınmış, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X14 və xx.xx.2019-cu il tarixdə X15 adlı 2 uşaq anadan olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-390/2018 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər 136 manat və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-2211/2020 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatanadək saxlanması üçün X6 hər ay 130 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sonradan 2021-ci ilin mart ayından 2023-cü ilin yay aylarınadək tərəflər arasında barışıq əldə olunmuş, həmin dövr təxminən 2 il 05 ay müddəti əhatə etsə də, İddiaçı və Cavabdeh yalnız qısa vaxt ərzində birlikdə yaşamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-390/2018 nömrəli qətnaməsi əsasında xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hesablanmış 3.944 manat, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin, xx.xx.2020-ci il tarixli 2(044)-2211/2020 nömrəli qətnaməsi əsasənda xx.xx.2019-cu təvəllüdlü X2 üçün hesablanmış 3.770 manat, cəmi 7.714 manat aliment borcunun silinməsi və ödənilmiş 98 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş, iddiasını Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onunla birlikdə yaşaması və birgə nikahdan doğulmuş uşaqların maddi tələbatlarını ödəməsi ilə əlaqədar həmin dövr üzrə aliment öhdəliklərini icra etməsi zərurətinin aradan qalxması, həmçininxx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə ondan aliment tutulmasına dair məhkəmə qətnamələri üzrə icra sənədlərinin icrası istiqamətində Cavabdeh hər hansı ərizə ilə icra məmuruna müraciət etməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Məhkəmə İddiaçı iddianın əsası kimi istinad etdiyi halları araşdıraraq, hesab edir ki, həmin hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğuna görə iddianın təmin olunması əsası kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı iddianın əsası kimi ilk olaraq, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onunla birlikdə yaşaması və birgə nikahdan doğulmuş uşaqların maddi tələbatlarını ödəməsi ilə əlaqədar həmin dövr üzrə aliment öhdəliklərini icra etməsi zərurətinin aradan qalxmasını göstərmişdir. Lakin cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X8, X13 və X18 ifadələrində Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində öz uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evdə, il ərzində bir neçə dəfə isə qısa, yəni bir neçə gün müddətə İddiaçılə birlikdə yaşadığını göstərmişlər. Bundan başqa, Cavabdeh tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında dinlənilmiş audio qeydlərlə tərəflər arasında barışıq əldə olunarkən Cavabdeh anasının, İddiaçı Cavabdehya daim vədlər verdiyini, lakin həmin vədlərə əməl etmədiyini deyərək, İddiaçı anasına alimentin ödənilməsinin zəruri olduğunu bildirdiyi müəyyən olunur. Həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-1927/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi tərəflər arasında 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayınadək barışıq əldə olunsa da, Cavabdeh və İddiaçı arasındakı münasibətlərlə əlaqədar onların uzun müddət ərzində birlikdə yaşamaları və ailə münasibətlərini bərpa etmələri mümkün olmamış, onlar qısa müddət ərzində birlikdə yaşamış, İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqların maddi tələbatlarını ödəməmişdir. Lakin ailə münasibətlərinin tam kəsilməməsi, eləcə də ailənin tam bərpa olunmasına sonuncu ehtimalların aradan qalxmaması üçün Cavabdeh qeyri-rəsmi olaraq, İddiaçı aliment öhdəliklərinin icrasını tələb etsə də, bununla əlaqədar icra məmuruna müraciət etməmişdir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı öz aliment öhdəliklərindən və Cavabdeh ödənilməmiş alimentin ödənilməsini tələb etməsindən xəbərdar olmuşdur. Lakin İddiaçı icra sənədi üzrə icraata xitam verilməsi, yaxud icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması barədə ərizə verməsini Cavabdeh xahiş etməmişdir. Halbuki, İddiaçı iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi qaydada Cavabdeh ilə aralarında olan münasibətlər yaxşı olduğu və İddiaçı uşaqların maddi tələbatlarını ödədiyi təqdirdə, qeyd olunan məzmunda xahişin icrası Cavabdeh üçün mümkün, hətta aruolunan olardı. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq edilmiş və müəyyən olunmuş həqiqi hallarından görünür ki, İddiaçı və Cavabdeh 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayınadək, qısa müddət ərzində birlikdə yaşamışdır. Tərəflərin 2021-ci ilin mart ayından 2023-cü ilin avqust ayınadək ötən 2 il 05 ay müddətin nəzərə çarpmayacaq hissəsində birlikdə yaşaması isə şəxsin aliment öhdəliklərinin icrasından azad olunması və aliment borcunun silinməsi əsası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə uşaqlarının saxlamağın qayda və formasını valideynlər müstəqil müəyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbi barədə iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar