Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-666/2025 27.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, X4 Arif oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment və uşaq 3 yaşa çatanadək saxlanması üçün maddi yardım tutulması, cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahından 24 may 2024-cü il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 24 may 2024-cü il tarixdə doğulmuş X1 anası İddiaçı himayəsində saxlanılması barədə barışıq sazişi bağlamışlar. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment və uşaq 3 yaşa çatanadək saxlanması üçün maddi yardım tutulması, cavabdehin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat olmaqla alimentin, uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə sabit pul məbləğində 100 manat maddi yardımın və uşağın müalicəsi üçün əlavə xərc kimi hər ay sabit pul məbləğində 70 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü ildə nikahlarını qeyd etdirməklə evlənmişlər. Onunla olan nikahlarından xx.xx.2024-cü il tarixdə X3 adlı bir uşaq anadan olmuşdur. Cavabdehlə birgə yaşamaqları mümkün olmamışdır. Faktiki olaraq cavabdehlə ayrılmışlar. Hazırda cavabdehlə aralarında olan nikahın pozulması barədə iddia qaldırmışdır. Uşaq onun himayəsindədir. Cavabdehdən aliment almağa ehtiyacı vardır. Odur ki, cavabdehdən məhkəmə qaydasında hər ay sabit pul məbləğində 235 manat aliment tutulub ona ödənilməlidir. Həmçinin bildirmişdir ki, 24 may 2024-cü il tarixdə doğulmuş X2 ciddi ürək qüsuru vardır. O, daim həkim nəzarətində olmaqla müalicə olunur. Ona görə də, cavabdeh uşağın müalicəsinə cəlb edilməli, ondan hər ay uşağın müalicəsi üçün sabit pul məbləğində 70 manat tutulub ona ödənilməlidir. Cavabdeh vergi ödəyicisidir. O, Mərkəzi Univermaqda qızıl alqı-satqısı ilə məşğul olur və kifayət qədər maddi imkanı var. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və izahatında bildirmişdir ki, o, 24 may 2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 220 manat alimentin və uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay onun xeyrinə sabit pul məbləğində 80 manat maddi yardımın verilməsinə etiraz etmir. Həmçinin bildirmişdir ki, cavabdeh qızıl alverçisidir, lakin onun qazancı barədə məlumat təqdim edə bilmir. Uşaq isə xəstədir. Onun müalicəsinə əlavə xərc tələb olunur. Məhkəmədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdeh 24 may 2024-cü il tarixdə doğulmuş X3 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı xeyrinə 30 manat maddi yardım ödəməyə etiraz etmir. İddia tələbini digər hissələrdə qəbul etmir. Belə ki, 24 may 2024-cü il tarixdə doğulmuş X3 xəstə deyil. Cavabdeh isə işsizdir. Onun eyni zamanda həm aliment, həm maddi yardım, həm də əlavə xərc ödəməyə maddi imkanı yoxdur. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını və cavabdehin etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulan, yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində (220 manat) sabit pul məbləğində aliment və bundan əlavə, həmin uşaq üç yaşına çatanadək İddiaçı özü üçün hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmalarını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 220 manat məbləği 400 manat məbləğinin 0,55 mislini təşkil edir. İddiaçının ümumi uşağın doğulduğu gündən üç il ərzində cavabdehdən özünün saxlanması üçün aliment tələb etməsi də qanuni əsaslara söykənir və məhkəmə iddiaçının himayəsində olan Afət adlı uşağın üç yaşına çatanadək iddiaçının özünün saxlanması üçün ona vəsait ödənilməsi barədə tələbini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qeyd edilən maddi hüquq normasının tələblərindən göründüyü kimi qanunvericilik bunun üçün ərin zəruri vəsaitə malik olmasını şərt kimi nəzərdə tutur. Məhkəmə qeyd edir ki, baxılan işdə iddiaçı iddia etdiyi miqdarda cavabdehin aliment ödəmək imkanının olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, bununla belə cavabdehin nümayəndəsi uşağın üç yaşına çatanadək iddiaçının özü üçün hər ay 30 manat aliment ödəməyə razı olduqlarının bildirmişdir. Bundan başqa, iddiaçı 24 may 2024-cü il tarixdə doğulmuş X1 müalicəsi ilə əlaqədar hər ay 70 manat sabit pul məbləğində əlavə xərcin də cavabdehdən alınıb, ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Baxılan işdə iddiaçı 24 may 2024-cü il tarixdə doğulmuş X1 xəstə olduğunu iddia etsə də, həmin uşağın ağır xəstə və yaxud da ki, şikəst olması barədə heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddianın 24 may 2024-cü il tarixdə doğulmuş X1 xəstəliyi ilə əlaqədar hər ay 70 manat cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətlərini, cavabdehin uşağa tələb olunan məbləğdə alimenti, eyni zamanda iddiaçının özünə də tələb olunan məbləğdə aliment ödəməsi üçün zəruri vəsaitə qismən malik olmasının məhkəmə iclasında öz təsdiqini tapmasını, lakin bununla belə iddiaçının heç bir yerdə işləmədiyini, himayəsində azyaşlı uşağının olduğunu və bu səbəbdən işləmək imkanlarının məhdud olmasını nəzərə alır və hesab edir ki, tərəflərin birgə nikahından doğulan, yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində (220 manat) sabit pul məbləğində aliment və bundan əlavə, həmin uşaq üç yaşına çatanadək İddiaçı özü üçün hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə 02 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə göstərir ki, hazırki işdə aliment 02 dekabr 2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 60 manat xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin əvəzini tələb etməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, verilməsinə görə Dövlət rüsumunun məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (220 manat x 12 ay)=2640 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+26.40)=56.40 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 56.40 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 24 may 2024-cü il tarixdə doğulmuş X3 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 dekabr 2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Tərəflərin birgə nikahından 24 may 2024-cü il tarixdə doğulmuş X3 adlı uşaq üç yaşına çatanadək İddiaçı özünün saxlanması üçün 30 (otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı olan hissədə dərhal icra edilsin. İddianın aliment tələbi hissəsi üzrə ödənilməli olan 56(əlli altı) manat 40 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-666/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-666/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver