Məhkəmə qərarları › İş №2(125)-6775/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6775/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6775/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh faktiki nikahlarından doğulan övladları xx.xx.2019-cu il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin gəlir və qazancından mediasiya xidmətinə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən 250 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə və mediasiya xidmətinə ödədiyi 55 manat xidmət haqqının da cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikahlarından xx.xx.2019-cu il təvəllüdlü uşaqları X4 adlı bir övladları olmuşdur. Hal-hazırda uşaq onun himayəsindədir və o, baxır. Lakin, cavabdeh bir manatda olsun köməklik göstərmir və uşağın saxlanılması üçün heç bir qayğı göstərmir. Atalığın müəyyən olunması barədə şəhadətnamə verilmişdir və cavabdeh uşağın atalığını etiraf etmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdeh uşağa baxmadığına görə cavabdeh uşağın saxlanılması üçün aliment ödəməlidir. İşə baxan məhkəmə ədalətli qaydada işi araşdıracaq alimentin müəyyən edilməsi barədə qətnamə çıxaracaqdır. Mediasiya xidmətinə müraciət etmişdir. Lakin, cavabdeh mediasiya xidmətinə gəlməmişdir və mediasiyada bu barədə müvafiq arayışı almış və mediasiyaya ödədiyi xidmət haqqının iddia ərizəsinə əlavə etmişdir. O, cavabdehlə bir neçə ay mehriban şəkildə bir yerdə yaşamış və ər-arvad kimi birgə təsərrüfat aparmışlar. Demək olar ki, aralarında heç bir ziddiyyət və problem olmamışdır. Lakin, cavabdeh son vaxtlar ona və uşağa qarşı həddən artıq laqeyd olmuşdur, uzun müddətdir onlarla birgə yaşamır və bir manatda olsun qazancını görmürlər. Artıq onunla heç bir ailə bağları qalmamışdır, uşağa baxmaq və ya qayğı göstərmək belə istəmir, ona qarşı heç bir ailə münasibəti saxlamır. O, uşağını təkbaşına saxlamalı və ona təkbaşına qayğı göstərməli olmuşdur. Bu səbəbdən də o, cavabdehlə yaşamağın qeyri-mümkün olduğunu görüb ondan ayrılmalı olmuş və hazırda məcburiyyət qarşısında qalmış cavabdehə qarşı aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. Cavabdehin maddi vəziyyəti hazırda çox yaxşıdır və bildiyinə görə ailəli deyildir. Himayəsində olan övladı azyaşlıdır. Uşağı azyaşlı olduğuna görə heç yerdə işləyə bilmir və əmək fəaliyyəti ilə məşğul ola bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini tam etiraf edərək izahatında bildirdi ki, İddiaçı ilə birgə nikahlarından doğulan xx.xx.2019-cu il təvəllüdlü uşaqları X1 üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 166 nömrəli, 27 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayon, bina 23, mənzil 66-da yaşayır. AZ-İV seriyalı, 639593 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 iyun 2019-cu il tarixində doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-02252 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixində 11:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə 11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat xərci tam ödəmişdir. AZ-İ seriyalı, 417259 nömrəli, 23 avqust 2021-ci il tarixli, Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2019-cu ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 23 avqust 2021-ci il tarixdə 464 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qeyrirəsmi münasibətlərindən 25 iyun 2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrılmış və uşaq iddiaçının yanındadır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “alimentin tutulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh faktiki nikahlarından doğulan övladları xx.xx.2019-cu il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin gəlir və qazancından mediasiya xidmətinə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən 250 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə və mediasiya xidmətinə ödədiyi 55 manat xidmət haqqının da cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini etiraf etmiş və xx.xx.2019-cu il təvəllüdlü uşaqları X1 üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin iddia tələbini etiraf etməsi ilə bağlı mülki qanunvericiliyin normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Məhkəmə eyni zamanda işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, cavabdehin iddiaçının tələb etdiyi aliment məbləği ilə razılaşmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Rüqayyə adlı uşağın saxlanılması üçün alimentin tutulması mediasiya sessiyasının keçirildiyi xx.xx.2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 55 (əlli beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 3000 manat təşkil etdiyindən, 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 55 (əlli beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar