Məhkəmə qərarları › İş №2(125)-6853/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6853/2023

04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6853/2023 04.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Cavid Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-714/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin hər ay 220 manat sabit pul məbləgində tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(125)-714/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci ildə doğulmuş X1 atası hesab edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Cavabdehin aylıq maaşından bir neçə dəfə aliment tutulduqdan sonra məlum olmuşdur ki, işdən çıxıb və hazırda işləmir. Uşağın saxlanılmasında çətinlik çəkdiyinə görə alimentin sabit pul məbləğində tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, əvvəllər “Azpetrol”da inspektor vəzifəsində işləmiş, maaşı 650-750 manat olmuşdur. Alimentin tutulması da maaşının ¼ hissəsinə yönəldilmiş və vaxtlı-vaxtında ödəniş etmişdir. Sonra işdən çıxmış, hazırda isə işə yeni qəbul olunmuşdur. 350 manat maaşı vardır. 220 manat məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. İkinci dəfə ailə qurmuşdur. 150 manat məbləğində aliment ödəməyə razıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İV 458403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə münasibtlərindən xx.xx.2020-ci ildə Emil adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-714/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə doğulmuş X3 adlı uşağın atası hesab edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci ildə doğulmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-714/2023 saylı qətnaməsi ilə xx.xx.2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh işdən çıxdığı üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin sabit pul məbləğində müəyyən edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-714/2023 nömrəli qətnaməsi əsasında cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında təyin olunmuş alimentin miqdarı hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməli və xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı cavabdeh işdən çıxdığına görə, uşağın saxlanılmasında maddi baxımdan çətinlik çəkdiyini əsas gətirərək alimentin miqdarının sabit pul məbləğində təyin edilməsini tələb etmişdir. «X2» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağıın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, hər ay 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-714/2023 nömrəli qətnaməsi əsasında Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında təyin olunmuş alimentin miqdarı hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar