Məhkəmə qərarları › İş №2(125)-6939/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6939/2024

26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6939/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə nikahlarını qeydə aldırmışdır. Onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X4 anadan olmuşdur. Cavabdehla aralarında olan ər-arvad münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmiş və daimi mübahisələr yaranmışdır. Hazırda cavabdehlə müxtəlif ünvanlarda yaşayırlar və birgə nikahdan doğulmuş uşaq onun himayəsindədir. Lakin Cavabdeh ata kimi məsuliyyətini dərk etmir və birgə nikahdan anadan olmuş uşağın saxlanmasında ona hər hansı maddi yardım göstərmir. Buna görə də o, Cavabdehla birgə nikahdan doğulmuş uşağın maddi təminatını çətinliklə ödəyir. Qeyd olunan səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, marketdə çalışır və aylıq 400 manat məbləğində əmək haqqı alır, əlavə gəliri yoxdur. Buna görə də o, xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin əmək haqqına mütənasib olaraq təyin olunmasına razıdır. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 620 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2016-cı il tarixində 1951 akt qeyd nömrəsi ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 889672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan «Elektron məhkəmə» informasiya sistemi vasitəsi əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh fərdi sahibkara məxsus mağazada satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) işləyir və hər ay 441 manat 14 qəpik məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, alimentin tutulması barədə iddia qismən təmin olunmalı və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay minimum aylıq əmək haqqı məbləğinin 0,58 misli miqdarında, yəni 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 27 noyabr 2024-cü il tarixindən başlayaraq, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində, yəni 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması X4 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar