Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7038/2023 22.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 anası İddiaçı (bundan sonra – iddiaçı), atası Cavabdehdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-317/2022 saylı qətnaməsinə əsasən, X5 ilə Cavabdeh arasında 05 fevral 2019-cu il tarixdə Gəncə “ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsində 283 sayla qeydə alınmış nikahın pozulması, 10 aprel 2019-cu il tarixdə anadan olmuş X4 X2 himayəsində saxlanılması; Cavabdeh qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında aliment tutularaq, 10 aprel 2019-cu il tarixdə anadan olnnış X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 xeyrinə verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və əlavə olaraq uşağın 3 yaşına çatana kimi hər ay 100 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ailə həyatları davam edir. O, Laçın rayonunda xidmət edir, uşağın saxlanılması üçün pul göndərmir. O, işləmədiyi üçün uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı və onun təmsilçisi hər biri ayrı-ayrılıqda tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs bildirdi ki, Cavabdehla nikahları rəsmi qaydada pozulsa da, faktiki ailə münasibətləri davam etməkdədir, birgə yaşayırlar və hazırda ikinci uşaqlarına hamilədir. Bununla belə, birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) ¼ hissəsində aliment tutularaq ona ödənilir və həmin məbləğ təxminən 270-300 manat təşkil edir. Üçüncü şəxs digər faktiki nikah münasibətindən doğulmuş uşağın saxlanılması vəzifəsinin həmçinin atası Cavabdeh üzərinə düşdüyünü anladığını və hazırkı iş üzrə iddianın məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.8-ci bəndinə əsasən, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Hazırkı iş üzrə iddiaçı faktiki nikah münasibətlərindən doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsində alimentin tutulmasını xahiş etmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə digər nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsində alimentin tutulduğu müəyyən olunmuşdur. Belə olan halda, ayrı-ayrı ailə münasibətlərindən doğulsa da, 2 uşağın saxlanılması üçün aliment ödənilməsi öhdəliyinin cavabdehin üzərinə düşdüyü müəyyən olunmuşdur. Qanunvericiliyə əsasən, 2 uşağa görə aliment ödəməli valideynin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi tutulur. Hazırkı iş üzrə cavabdehin uşaqlarının hər biri öz anasının himayəsində saxlanıldığından aliment qismində tutula bilən üçdə bir hissənin yarısı, yəni cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin altıda bir hissəsində aliment İddiaçı xeyrinə tutula bilər. Məhkəmə həmçinin qeyd edir ki, bu hal iddia tələbindən kənara çıxma hesab edilə bilməz. Belə ki, iddiaçı dörddə bir hissədə alimentin tutulmasını xahiş etsə də, məhkəmənin qənaətinə əsasən, qazancın və (və ya) başqa gəlirlərin tutulmalı olan altıda bir hissəsi dörddə bir hissədən daha az məbləğ təşkil edir. Belə ki, 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın hal-hazırda iddiaçının (analarının) himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeləri nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, iddianın xx.xx.2023-cü il təvəllüdlü X6 üç yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 85.1.1ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, iddiaçı cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-7038/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7038/2023
22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver