Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7081/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, X2 Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun atasıdır. Cavabdehlə onun arasında X7 arasında olan nikah 10 avqust 2010-cu ildə pozulmuş və o, A.H.Həmzəyevanın yanında qalmışdır. Cavabdeh onun yetkinlik yaşına çatana kimi saxlanması üçün A.H.Həmzəyevanın xeyrinə 15 fevral 2013-cü il tarixdən hər ay 73 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Cavabdeh onun yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəllər hər ay 73 manat, sonradan isə 100 manat sabit pul məbləğində aliment ödəmişdir. 2023-cü ilin avqust ayında isə onun 18 yaşı tamam olmuş və bundan sonra alimentin ödənilməsi dayandırılmışdır. O, hazırda Gəncə Dövlət Universitetinin Kimya-Biologiya fakultəsinin kimya mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla 2-ci kurs tələbəsidir və əyani təhsil aldığı üçün işləyə bilmir. Hazırda o, anası A.H.Həmzəyevanın himayəsində yaşayır. Onun anası A.H.Həmzəyeva isə X14 İnkişaf Mərkəzində modelyer-dizayner müəllimi işləyir və aylıq məvacibi 484 manatdır. Bu isə onların gündəlik tələbatlarını və onun təhsil haqqının ödənilməsinə kifayət etmir. Cavabdeh isə Samux rayonu, Lək kəndində yerləşən təhsil müəssisələrindən birində müəllim işləyir, hər ay 400 manat sabit əmək haqqı alır, həmçinin "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən və Gəncə şəhərində 3 aptek işlədir. Cavabdeh vergi ödəyicisi kimi ********** elektron nömrəsi ilə qeydiyyatdan keçmişdir və gəlirləri normaldır. O, dəfələrlə atası Cavabdeh onun təhsil haqqını ödəməsini xahiş etsə də, Cavabdeh onun təhsil haqqını ödəməkdən imtina etmişdir. Halbuki, o, ali təhsillə əlaqədar iştirak etdiyi imtahanda əldə etdiyi nəticəyə uyğun olaraq, Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində ödənişsiz əsaslarla arzuladığı ixtisas üzrə təhsil ala bildiyi halda, məhz atası Cavabdeh tələbinə və təhsil haqqını ödəmək vədinə görə ixtisas seçimində Gəncə şəhərində yerləşən ali təhsil müəssisəsində arzulamadığı ixtisas üzrə seçim etmişdir. Həmin vaxt onun 17 yaşı olmuş və atası Cavabdeh tələblərindən kənara çıxa bilməmişdir. Cavabdeh öz valideyn vəzifələrinin icrasını təmin etmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İ seriyalı 039350 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X3 adı dəyişdirilərək İddiaçı olmuşdur. İş materiallarında olan AZ-İV seriyalı 935558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuşdur. İddiaçı atası Cavabdeh, anası X5r. İşdə olan Gəncə Dövlət Universiteti tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 06/17 nömrəli arayışdan görünür ki, X1 Dövlət Universitetinin əyani şöbə üzrə Kimya-Biologiya fakültəsi Kimya mühəndisliyi ixtisası üzrə ödənişli İİ kurs tələbəsidir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 14 noyabr 2013-cü il tarixli, 2(044)-2192/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, 03 yanvar 2004-cü il təvəllüdlü X6 X4 yanında qalması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh A.H.Həmzəyevanın xeyrinə hər ay 93 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.1 və 80.2-ci maddələrinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.5-ci maddəsinə görə valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin «və digər hallarda» müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin «göstərilən kənar xidmət» müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir ««Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarının 1.9-cu bəndində göstərilir ki, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Valideynlərin yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi yalnız yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacının olduğu və əmək qabiliyyətinin olmadığı halda yaranır. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Şəxsin əmək qabiliyyətinin olmaması dedikdə isə onun əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi andan şəxs əlil hesab edilir. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı Cavabdeh məhz ali təhsil xərclərinin ödənilməsi ilə əlaqədar aliment təyin olunmasını tələb etdiyi müəyyən edilmişdir. Həmçinin İddiaçı maddi yardıma ehtiyacının olmasına və əlilliyə məruz qalaraq, əmək qabiliyyətini itirməsinə, yaxud əmək qabiliyyətinin olmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, X2 Cavabdeh qarşı «aliment tələbi» barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 Cavabdeh qarşı «aliment tələbi» barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-7081/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7081/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver