Məhkəmə qərarları › İş №2(125)-7234/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7234/2023

06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7234/2023 06.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər ay əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və mediasiya xərci qismində ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, onun cavabdehlə uzun müddət əvvəl faktiki ər-arvad münasibətləri yaranmış və el adəti ilə ailə qurmuşlar. Onlar birlikdə yaşadıqları dövrdə xx.xx.2014-cü il təvəllüdlü Zəhra adlı 1 uşaq anadan olmuşdur. Lakin sonradan onunla Cavabdeh arasında münasibətlərin pisləşməsi səbəbindən onlar müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Cavabdeh uşağının taleyinə biganə yanaşaraq onun tərbiyəsində və saxlanılmasında iştirak etmir. Halbuki, uşağı saxlamaq onunla yanaşı cavabdehin də vəzifəsidir. Cavabdeh X1 üçün ona heç bir maddi yardım göstərmədiyinə görə, o, həmin uşağın saxlanılmasında maddi çətinlik çəkir. Cavabdeh isə sabit əmək haqqına malik işdə işləməklə, yüksək məbləğdə əmək haqqı alır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə Cavabdeh göstərmişdir ki, o, İddiaçı ona qarşı aliment tələbinə dair iddiasını qəbul etmir. Belə ki, İddiaçı iddia etmişdir ki, o, İddiaçı ilə el adəti ilə ailə qurmuşdur. Lakin o, iddiaçı ilə nə rəsmi olaraq, nə də el adəti qaydasında ailə qurmamışdır. Sadəcə olaraq onlar birgə yaşamışlar. O, 2014cü il təvəllüdlü Zəhranın atası olmasını inkar etmir. Lakin o, heç vaxt uşağın doğulmasına razı olmamış, cavabdeh isə uşaq doğulduğu təqdirdə aliment tələb etməyəcəyini bildirmişdir. O, özü isə rəsmi olaraq evlidir və bu evliliyindən iki övladı vardır. Keçən bu müddət ərzində iddiaçı aliment tələb etməmişdir. O, həmçinin uşağa maddi köməklik göstərmişdir. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZ-İ seriyalı, 246526 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 atası Cavabdehdur. İşdə olan AZ-T seriyalı, 254605 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan «Elektron məhkəmə» informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh «X3 Evrascon» ASC-də tikintidə iş icraçısı işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin sabit qazanca malik olmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın saxlanması üçün hər ay qazancın (başqa gəlilərin) dörddə bir hissəsi miqdarında pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 23 aprel 2014-cü il tarixdə anadan olmuş X2 üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 26 oktyabr 2023-cü il tarixdən X8 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar