Məhkəmə qərarları › İş №2(125)-755/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-755/2024

08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-755/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 manat alimentin, həmcinin ödədiyi 55 manat mediyasiya xərcinin Cavabdeh tululması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia tələbinin alimentə dair hissəsində Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 235 manat alimentin tululması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə el adəti üzrə evlənərək ailə həyatı qurmuşlar. Onların faktiki ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 atası olması müəyyən edilmişdir. Cavabdehlə ailə münasibətləri pozulmuş, bir neçə dəfə böyüklər tərəfindən barışdırılsalar da cavabdehin onu döyüb, söyməsi ucbatından ayrılmışlar. O, bu müddətdə uşağına hər hansı maddi və mənəvi köməklik etməmişdir. Uşağının tələbatını ödəməkdə çətinlik çəkir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 manat alimentin tululması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddia tələbində göstərilən alimentin ödənilməsinə imkanının olmadığını bildirmiş, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci ildə doğulmuş X4 adlı uşağın atası hesab edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV № 577806 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə el adəti üzrə evlənərək ailə həyatı qurmuşlar. Onların faktiki ailə münasibətlərindən xx.xx.2020-ci il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər faktiki ayrılmışlar. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. İş materiallarından görünür ki, tərəflər ayrıldıqdan sonra uşaqlar iddiaçının himayəsində qalmışdır. Cavabdehin gəlirləri barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, azyaşlı uşağın saxlanması üçün həm cavabdehin, həm də iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək iddiaçı və cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, iddiaçının azyaşlı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alır və hesab edir ki, hazırda Cavabdeh hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar