Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-760/2024 22.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X15 Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin və onun üç yaşına çatanadək ona hər ay analıq haqqı qismində 100 (bir yüz) manat əlavə alimentin və mediasiya icraatı zamanı ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 241 nömrəli akt qeydi əsasında Gəncə şəhər Qeydiyyat şöbəsində birgə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Hal-hazırda uşaq onun himayəsindədir. Cavabdehlə nikahları rəsmi olaraq pozulmasa da onunla ayrı yaşayır. Cavabdeh ilə arasında baş verən davamlı münaqişə səbəbi ilə birgə ailə münasibətlərini davam etdirmək mümkün deyildir. Cavabdehin işi yaxşı, gəliri yüksək olsa da, qeyri-rəsmidir. Bu səbəbdən onun gəlirləri barədə rəsmi məlumat verə bilmir. Belə ki, qızının yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüquqları vardır. Onun isə maddi imkanı çox aşağıdır, ona görə də təkbaşına övladının hüquqlarının təmin olunmasında əziyyət çəkir, lakin uşağın yaxşı yaşaması üçün əlindən gələn hər şeyi edir. Qızının günü-gündən tələbatı artır. Övladının minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqları vardır. Övladının saxlanılmasında ana olaraq üzərinə daha çox yük düşür. Onun himayəsində azyaşlı uşaq olduğu üçün işləyə bilmir və uşağın zəruri ehtiyaclarını qarşılaya bilmir. Buna görə də uşağın zəruri ehtiyaclarını qarşılamaq üçün müvəqqəti təminat tədbiri olaraq alimentin təyin edilməsinə ehtiyac vardır. Qızı barədə o və cavabdeh bərabər hüquq və vəzifələrə malikdir. Cavabdehin ona nisbətən maddi imkanının yaxşı olması qızının saxlanılmasında nəzərə alınmalıdır. Cavabdeh bir ata kimi qızının hüquqlarına hörmətlə yanaşmağa, övladının cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən edilmiş vəzifəsi, həm də mənəvi borcudur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bu səbəbdən aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı X15 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, əməliyyat olduğuna və Bakı şəhərində müalicə aldığına görə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, iki dəfə ailə həyatı qurmuşdur. xx.xx.2022-ci il təvəllüdlü Fatimə adlı uşaq onun iddiaçı Sevda Şıxəliyevə ilə ikinci evliliyindən doğulmuşdur. Özü heç bir yerdə işləmir və başqa gəlir yeri də yoxdur. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1386/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə birinci evliliyindən olan Aylin və Əli adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat aliment müəyyən edilmişdir. Maddi vəziyyəti yaxşı deyildir və birinci evliliyindən də olan uşaqları üçün aliment ödəyir. Həmçinin, iddiaçı Sevda Şıxəliyevə işləyir və aylıq qazancı da yaxşıdır. Ona görə də Fatimə adlı uşağın saxlanılması üçün hər ay 160-170 manat civarında aliment ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; 06 oktyabr 2023-cü il tarixli, 3-165/8-70-Ş-4178/2023 nömrəli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh və X12 nikahı haqqında xx.xx.2021-ci il tarixdə 241 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Gəncə şəhər Qeydiyyat şöbəsidir. Nikah bağlandıqdan sonra ərə “Şıxəliyev”, arvada “Şıxəliyeva” soyadı verilmişdir. 06 oktyabr 2023-cü il tarixli, 3-165/8-70-Ş-4179/2023 nömrəli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 538 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. Evlər üçlüyü tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli və 07 dekabr 2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçı həqiqətən ünvan ünvanda yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 filialı tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 3-17-2/2-Ş-71953/2023 nömrəli arayışdan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Gəncə Şəhər Məhkəməsinin 16(125)-118/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, 1 (bir) ay müddətinə müvəqqəti təminat tədbiri görülərək, 06 oktyabr 2023-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1-03721 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh X15 tərəfindən təsvir edildiyi kimi “aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixdə 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmişdir. X15 xx.xx.2023-cü il tarixdə 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1386/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2679/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumata əsasən bildirilmişdir ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 filialı tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 3-17-2/2/-Ş-3129 nömrəli arayışdan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində onunla bağlanılmış aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından Fatimə adlı bir uşaqları doğulmuş, uşaq anasının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar. İddiaçı X15 Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 220 (iki yüz iyirmi) manat məbləğində alimentin və onun üç yaşına çatanadək ona hər ay analıq haqqı qismində 100 (bir yüz) manat əlavə alimentin və mediasiya icraatı zamanı ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X15 məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 78-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 100.2-ci maddəsinin tələbinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağı saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə almaqla, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X8 ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin əvvəlki nikahından doğulan uşaqları üçün aliment ödəməsi onu bu nikahından olan uşağının saxlanılması üçün üzərinə düşən vəzifələrdən azad edə bilməz və o, valideyn olaraq uşağının saxlanılmasında, artan tələbatlarının qarşılanmasında iştirak etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4-cü maddəsinə görə 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. İddia tələbinin birgə nikahdan doğulmuş uşağın 3 yaşına çatanadək cavabdeh olan ərdən 100 manat sabit pul məbləğində alimentin iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini qismən əsaslı hesab edərək məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutulub iddiaçı X8 ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və azyaşlı uşaq anasının yanında olduğundan, alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 08 dekabr 2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddiaçı X15 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 35 (otuz beş) manat məbləğində pul tutularaq iddiaçı X8 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək həmçinin hesab edir ki, iddiaçı X15 iddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2880 manat təşkil etdiyindən, 48,8 (qırx səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 08 dekabr 2023-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay analıq haqqı kimi 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub iddiaçı X8 verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 35 (otuz beş) manat məbləğində pul tutularaq iddiaçı X8 ödənilsin. Cavabdeh 48,8 (qırx səkkiz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-760/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-760/2024
22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver