Məhkəmə qərarları › İş №2(125)-7613/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7613/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7613/2023 26.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın iddiaçının yanında qalması və aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və Cavabdeh xx.xx.2020-ci il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində nikah bağlamışlar. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 adlı 1 uşaqları vardır. İddiaçı Cavabdeh qarşı nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 iddiaçının yanında qalması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək və nikahın pozulmasına təkid edərək, bildirdi ki, tərəflər əvvəllər el adəti ilə şənlik edib, nikaha girmiş və xx.xx.2020-ci il tarixdə nikahlarını qeydə aldırmışlar. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2020-ci il tarixdə Turan adlı 1 uşaq anadan olmuşdur. Tərəflərin münasibətləri nikah bağlandıqdan sonra bir müddət yaxşı olsa da, sonradan aralarında mütəmadi mübahisələr olmuş və ər-arvad münasibətləri pisləşmişdir. Hazırda İddiaçı və Cavabdeh arasında olan nikah formal xarakter daşıyır və ailə münasibətlərinin bərpa edilməsi mümkün deyildir. Belə ki, həmin şəxslər artıq bir müddətdir ki, ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. Birgə nikahdan anadan olmuş uşaq iddiaçı ilə yaşayır və cavabdeh həmin uşağın saxlanması üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh toylarda, el şənliklərində və restoranlarda müğənnilik fəaliyyəti ilə məşğul olub, kifayət qədər yüksək qazanc əldə etsə də, iddiaçı ilə birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. İddiaçı heç bir yerdə işləmədiyinə görə yalnız valideynlərinin maddi köməkliyi ilə X.Z.Zeynalovla birgə nikahlarından doğulmuş uşağın xərclərini ödəyir. Sonda İ.R.Şəmilova nikahın barışıq üçün vaxt verilmədən pozulmasını, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 iddiaçının yanında qalması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qismən qəbul edərək, cavabdehin nikahın pozulmasına və birgə nikahdan anadan olmuş uşağın iddiaçının himayəsinə verilməsinə razı olduğunu, cavabdehin həmin uşağın saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu bildirdi və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflərin qarşılıqlı razılığına uyğun olaraq nikah pozulmalı və tərəflərin yetkinlik yaşına çatmayan uşağının iddiaçının yanında qalması müəyyən edilməlidir. Habelə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında 14 dekabr 2020-ci il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1452 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun. 01 noyabr 2020-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında qalması müəyyən edilsin. 01 noyabr 2020-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 21 noyabr 2023-cü il tarixdən X5 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı və Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ərarvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar