Məhkəmə qərarları › İş №2(125)-811/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-811/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-811/2024 12.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı Elbrus qızının iştirakı ilə, İddiaçı Elbrus qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Elbrus qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh1 və Cavabdeh2 hər ay hər uşaq üçün 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin və xx.xx.2016-cı il təvəllüdlü X4 xəstəliyinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay sabit pul məbləğində 150 manat əlavə xərclərin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Elbrus qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 isə keçmiş gəlinidir. Onlar xx.xx.2009-cu ildə qeyri-rəsmi ailə qurmuş, xx.xx.2014-cü ildə isə nikahlarını rəsmiləşdirmişdirlər. Birgə nikahlarından xx.xx.2013-cü ildə Xədicə, xx.xx.2015-ci ildə Nuray və xx.xx.2016-cı ildə Elbrus adlı uşaqları anadan olmuşdur. Cavabdehlər 2018-ci ildə ayrılmışdırlar. Ayrıldıqdan sonra 3 uşaq da onun yanında qalmışdır. Hazırda cavabdehlərin harada olması barədə məlumatı yoxdur. Uşaqları onun yanında qoyub getmiş, 5 ildə bir dəfə də olsun maraqlanmamış, onların saxlanılması üçün heç bir maddi yardım göstərməmişdirlər. Uşaqların bütün ehtiyaclarını o, və həyat yoldaşı, yəni uşaqların babası qarşılayırlar. Həmçinin uşaqlardan ən balaca olan Elbrus xəstədir, başına su yığılır. Cavabdehlərin öz valideynlik vəzifələrini yerinə yetirmədiklərini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsnin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının kesirilməsi vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyəti orqanını məlumatlandırmaqla MPM-in 185.5, 147-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİİ 338458 nömrəli, AZ-İİİ 922007 nömrəli və AZ-T 048146 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdehlərin birgə nikahlarından xx.xx.2013-cü ildə X9, xx.xx.2015-ci ildə X11 və xx.xx.2016-cı ildə X12 anadan olmuşdur. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 157 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı nəvələri xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 qəyyum təyin edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, MŞG/MT033-2023-00341 nömrəli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixə, saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdirlər, İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Cavabdehlər uşaqlarını saxlamadıqları üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehlərdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X10» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada (hər birindən hər uşağa görə 100 manat olmaqla) cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İddia tələbinin xx.xx.2016-cı il təvəllüdlü X4 xəstəliyinə görə 150 manat əlavə xərclərin tutulmasına dair məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu hesabına 92 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü ildə anadan olmuş X2, xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada (hər birindən hər uşağa görə 100 manat olmaqla) cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu hesabına 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar