Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-922/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 100 manat alimentin onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2029-cu il tarixdə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2022-ci ildə X5 anadan olmuşdur. Artıq 5 aydan çoxdur ki, faktiki olaraq ayrılmışlar, hazırda valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh fərdi əməklə məşğul olaraq kifayət qədər qazancı olsa da uşağın saxlanımasında köməklik göstərmir. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, birgə nikahlarından Əli adlı uşaqları anadan olmuşdur. Taksi fəaliyyət ilə məşğul olmaqla ayda 200-350 manat qazancı olur. 200 manat aliment ödəməyə imkanı çatmır. İddiaçı uşağa baxa bilmirsə versin özü baxacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 776947 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin xx.xx.2022-ci il tarixdə Əli adlı uşaqları anadan olmuşdur. xx.xx.2022-ci il tarixli, MŞG/1-06098 saylı ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediyasiya sessiyasından sonra prosesi davam etdirməmişlər. X2 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə anadan olmuş azyaşlı Əlinin yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 3 yaşınadək uşağa qulluq edilməsinə görə hər ay 50 manat alimentin iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad maddi cəhətdən birbirinə kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə anadan olmuş azyaşlı Əli körpə olmaqla 3 yaşına çatmamışdır və azyaşlı Əliyə iddiaçı tərəfindən qulluq etməsi onun işləməsini mümkünsüz etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunaraq azyaşlı Əliyə 3 yaşınadək qulluq edilməsinə görə hər ay 30 manat aliment alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2022-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 dekabr 2022-ci ildən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat və uşağın 3 yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 44,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və uşağın üç yaşı tamam olana kimi hər ay 30 (otuz) manat alınaraq iddiaçı X1 xeyrinə ödənilsin . Cavabdeh dövlət rüsumu hesabına 44,0 (qırx dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(125)-922/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-922/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver