Məhkəmə qərarları › İş №2(125)-931/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-931/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-931/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürajiət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını azaldaraq 26 mart 2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 saylı qətnaməsinə əsasən 26 mart 2012-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan X5 xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehdən ayrıldıqdan sonra, 2020-ci ildə indiki həyat yoldaşı X14 ilə evlənərək yeni ailə həyatı qurmuşdur. X14 ilə aralarında olan nikahları 16 oktyabr 2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1199 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından 18 oktyabr 2022-ci il təvəllüdlü X15 və X17 adlı iki əkiz uşaqları dünyaya gəlmişdir. O, hazırda 240 manat alimenti ödəyə bilmir. X3 filialına iş verilməsi üçün müraciət etmişdir. Orada işaxtaran kimi qeydiyyata alsalar da, hal-hazırki dövrədək işlə təmin olunmamışdır. Hazırda işsizdir və qazanc yeri yoxdur. İlk nikahdan olan və hazırki nikahdan olan övladlarına baxmaqda çətinlik çəkir. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğu üçün və maddi vaziyyətini də nəzərə alaraq, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını azaldaraq 26 mart 2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək verdiyi izahtında göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 saylı qətnaməsinə əsasən 26 mart 2012-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan onun xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşaqların saxlanmasına yetərli deyildir. Hesab edir ki, uşaqlarına aliment ödəmək iddiaçının borcudur və bu baxımdan iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV №724117 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2022-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X9r. İşdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV №724118 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X9r. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2152/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 26 mart 2012-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan X5 xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulmasına dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)753/2019 saylı qətnaməsinə əsasən 26 mart 2012-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan onun xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İddiaçı X1 ayrıldıqdan sonra, 2020-ci ildə indiki həyat yoldaşı X14 ilə evlənərək yeni ailə həyatı qurduğunu, X14 olan nikahlarından 18 oktyabr 2022-ci il təvəllüdlü X15 və X17 adlı iki əkiz uşaqlarının dünyaya gəldiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 saylı qətnaməsinə əsasən 26 mart 2012-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan X5 xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyini və yeni evlilikdən 18 oktyabr 2022-ci il təvəllüdlü X15 və X17 adlı iki əkiz uşaqlarının dünyaya gəldiyini qeyd edərək aliment məbləğinin azaldılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı 120 manat olmaqla yaşayış minimumundan 100 manat azdır. Həmin məbləğin azaldılması isə yetkinlik yaşına çatmayan uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam inkişaf etməsinə heç də kifayət qədər yetərli olmaz və uşaqların maddi və mənəvi tələbatlarının təmin edilməsi və sağlam böyüməsinə, uşağın maraqlarının təmin edilməsinə mənfi təsir göstərər. Bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar