Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-127/2026 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı x” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh x1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı x” MMC-nin cavabdeh x1 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 3 dekabr tarixli 2-2(107)- 154/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraatda olarkən iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizə nəzərdən keçirilərək aşağıdakı qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci və apellyasiya instansiyası məhkəməsindəki icraat
1. İddiaçı x” MMC ( bundan sonra-“iddiaçı”) cavabdeh x1 MMC-yə ( bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49428.89 manat müqavilə üzrə ödənişlər, 320 manat vəkilə ödənilən xidmət haqqı, 239 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 5 sentyabr tarixli, e-2-2(117)-375/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim E.Hüseynova)
3. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 3 dekabr tarixli 2- 2(107)-154/2025 nömrəli qətnamə ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, 49428.89 manat pulun və 239 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməsi və ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdehdən 49428.89 manat məbləğində pul və 239 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatora aid olunması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim Ə.Kərimov. hakimlər E.Hüseynov v Z.Sadiqov).
5. Cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Kassasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 2026-cı il 10 mart tarixli ərizədə iddiadan imtina edildiyi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi
52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. …… 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.”
“Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi
191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. ... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”
“Maddə 261. İcraata xitam verilmə əsasları
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; ...”
“Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri
262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri ....... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər”.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası MPM-nin yuxarıda istinad olunan normalarının tələblərinə (bax § 8) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla imtina iddianı vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. İddiadan imtina şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik iddiadan imtina etmiş şəxsin eyni tərəfə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
10. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı .).
11. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə 2026cı il 10 mart tarixli ərizəni yuxarıda qeyd olunan (bax §8) prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiadan imtinanın qəbul edilməməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual müəyyən edilmədiyindən, qəbul edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir (bax §8). 12 Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır:
İddiaçı x” MMC-nin iddiadan imtinası qəbul edilsin. Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 3 dekabr tarixli 2- 2(107)-154/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı x” MMC-nin cavabdeh x1 MMC-yə qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.