Məhkəmə qərarları › İş №2-2(1-8)-129/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-129/2026

08.05.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-129/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı MMC (transfer edən) ilə Cavabdeh (transfer edilən) arasında 2023-cü il ## ######## tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən: - 1.1. Transfer edən müqavilə imzalanan tarixdə qarşı tərəfə razılaşdırılmış transfer haqqını ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. - 1.2. Transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ 20.000 manat olaraq qəbul edilmişdir. - 2.1. Transfer edilən tərəf Ülvi Bünyadzadə 2 ünvanında qeydiyyatda olan X1 adlı gözəllik salonunda vizajist olaraq fəaliyyətə başlayır, vizaj və buna aid digər xidmətlərin göstərilməsini həyata keçirir. - 2.2. Hər iki tərəf razılıq əsasında bundan sonra xidmətlərin göstərilməsindən əldə olunan gəlirin 60% transfer edilən, 40% transfer edən nisbətində bölüşdürülməsinə qərar vermişdir. - 3.1.1. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq transfer edənin vəzifələrinə aid edilmişdir. - 3.2. Müqavilədə nəzərdə tutulan qaydada xidmətləri tam həyata keçirmək, müqavilə vaxtı bitənədək xidmətlərin göstərilməsinə davam etmək, müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-ni, yəni 40.000 manat məbləği transfer edənin xeyrinə qazandırmış olmaq transfer olunanın vəzifələrinə aid edilmişdir. - 5.2. Bu müqavilədə nəzərdə tutulan xidmətlər 3 il müddətində salonun fəaliyyətdə olduğu müddətdə həyata keçirilməlidir. - 5.4. Müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-i, yəni 40.000 manat məbləği transfer edənin xeyrinə qazandırmadığı halda müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər. - 6.3. Transfer edilən tərəf müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina edərsə və ya müqaviləni dayandırmaq istərsə, ödənilmiş məbləği 100% nisbətində geri ödəmə etməlidir.

2. 2023-cü il ## ######## tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh 20.000 manat ödənilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il ## ######## tarixli **/**-** saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 20.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 151 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20.151 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə görə cavabdehin fəaliyyəti üçün iddiaçı tərəfindən 20.000 manat pul verilməklə, 3 il ərzində cavabdeh 40.000 manat məbləğində “Labella” gözəllik salonuna xeyir gətirməli idi. Cavabdeh 40.000 manat “Labella” gözəllik salonuna xeyir gətirmədiyi təqdirdə, 20.000 manatı geri qaytarmasını öhdəsinə götürmüşdür. Lakin, cavabdeh 20.000 manat pul vəsaitini aldıqdan sonra bir neçə gün salonda işləmiş və salona aid olan və özünə aid olan avadanlıqları onun xəbəri olmadan aparmışdır. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçıdan alınan 20.000 manatla yanaşı, xəbərləri olmadan gözəllik salonundan əşyaları da, özü ilə birlikdə aparmışdır. Cavabdehə dəfələrlə zəng olunsa da, cavabdeh mobil nömrəsini söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra məcbur qalaraq DIN-ə şikayət edilmişdir. Lakin, şikayət ərizəsində göstərilən tələblər mülki xarakterli mübahisə olduğundan, məhkəməyə müraciət olunması qərara alınmışdır.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 3 il ərzində transfer edənə 40.000 manat qazandırmadığı halda, müqavilənin müddəti transfer edən tərəfindən uzadılması şərti nəzərdə tutulmuşdur. Buna baxmayaraq, cavabdeh adıçəkilən gözəllik salonunda sadəcə 2024-cü il # #### tarixə qədər fəaliyyət göstərə bilmişdir. Həmin tarixə qədər 2-3 ay ərzində obyektdə işləyən digər işçilər işdən çıxarılmış və cavabdeh tək işləmək məcburiyyətində qalmışdır. 2024-cü il # #### tarixdə isə iddiaçı tərəfindən cavabdehdən gözəllik salonunun açarları alınmış və cavabdehin də fəaliyyətinə son qoyulmuşdur. Bundan sonra “X2” adlı gözəllik salonu bağlanılmış və cavabdehdən əsassız olaraq müqavilədə qeyd olunan 20.000 manat tələb olunmuşdur. Iddiaçı tərəfindən tərəflər arasında bağlanan müqavilənin 3.1.1-ci bəndi pozulmuşdur. Həmin bəndə əsasən, transfer edən, yəni iddiaçı xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq vəzifəsi daşıyır. Tərəflər arasında müqavilənin bağlanmasından sonra bir müddət iddiaçı bu şərtə əməl etsə də, sonradan cavabdeh üçün qeyd olunan şəraiti yaratmamaqla yanaşı, həmçinin onun öz fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 2024-cü il # #### tarixinə qədər gözəllik salonunda fəaliyyət göstərən digər işçilərin fəaliyyətinə son qoyulmuş, bunun nəticəsində də cavabdeh bütün işləri təkbaşına görmək məcburiyyətində qalmışdır. Həmçinin, iddiaçı tərəfindən qərəzli şəkildə obyektin işıqları söndürülmüş, cavabdeh dəfələrlə qaranlıqda işləmək məcburiyyətində qalmışdır. Digər tərəfdən də qeyd olunduğu kimi cavabdeh sonradan tək qaldığı üçün digər işləri də (təmizlik, müştərilərə çay, qəhvə servis olunması və s.) görmüşdür. Buna baxmayaraq, iddiaçının müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması istəkləri baş tutmamış, sonuncu bütün çətinliklərə rəğmən fəaliyyətinə davam etmişdir. Bu kimi hallar iddiaçı tərəfindən müqavilənin sözügedən bəndinə əməl olunmadığına əsas verir. Digər tərəfdən “X1” adlı gözəllik salonu iddiaçı tərəfindən bağlanıldığı halda, cavabdehdən 20.000 manat transfer haqqının əsassız olaraq geri qaytarılması tələb olunmuşdur. Sözügedən gözəllik salonu isə iddiaçının öz məsuliyyətsizliyinə görə bağlanmışdır. Yəni, iddiaçı gözəllik salonunun fəaliyyətini saxlaya bilməmiş, bunun nəticəsində də qeyd olunan gözəllik salonu fəaliyyətini dayandırmışdır. Cavabdehin isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 430.1ci maddəsi pozulmaqla fəaliyyətinə son qoyulmuşdur. Cavabdehin gözəllik salonunun bağlanmasında heç bir təqsiri olmamasına baxmayaraq, ondan 20.000 manat tələb olunmuşdur. Halbuki, tərəflər arasında bağlanan müqavilənin 6.1-ci bəndində qeyd olunur ki, transfer edilən tərəf (cavabdeh) müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina edərsə və ya müqaviləni dayandırmaq istərsə, ödənilmiş məbləği (20.000 manat) 100% nisbətində geri ödəniş etməlidir. Cavabdehdən qeyd olunan məbləğin tələb olunması o halda əsaslı olardı ki, cavabdeh müqavilənin 6.1-ci bəndində nəzərdə tutulan hallardan hər hansı birinə əməl etməsin. Lakin, qeyd olunduğu kimi belə bir hal baş verməmiş, cavabdeh öhdəliklərin icrasından imtina etməmiş, həmçinin sözügedən obyekt (gözəllik salonu) birbaşa iddiaçı tərəfindən bağlanılmışdır. Bakı şəhəri Nizami rayon Polis Idarəsində aparılan araşdırma zamanı da cavabdeh bu halları təsdiq edən faktları təqdim etmiş və öz izahatında bunları qeyd etmişdir. Cavabdeh ilə iddiaçının direktoru arasında olan "WhatsApp” yazışmaları, səs yazıları və videogörüntülər də göstərir ki, bu imtina birmənalı şəkildə iddiaçı tərəfindən olunmuşdur. Bundan başqa, iddiaçının hüquqi şəxs olmasına baxmayaraq, iddiaçının nümayəndəsi və vəkilinin verdikləri izahatlardan görünür ki, cavabdehə ödəniş iddiaçı hüquqi şəxsi tərəfindən deyil, nümayəndə2 tərəfindən olunmuşdur. Əgər həmin ödəniş (20.000 manat) hüquqi şəxs tərəfindən ödənilsəydi, bununla bağlı hər hansısa bir mədaxil və yaxud, məxaric sənədi olardı. Halbuki iş materiallarında da qeyd olunan ödənişin hüquqi şəxsə daxil olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Bununla yanaşı cavabdehin işlədiyi “X1” gözəllik salonu iddiaçının təsisçisinin mülkiyyətində olsa da, onlar arasında icarə müqaviləsi olmamışdır. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdehdən müqavilədə qeyd olunan 20.000 manat məbləğin tələb olunması tamamilə əsassızdır. Müqavilənin məzmununda sadəcə cavabdehin məsuliyyətini nəzərdə tutan bəndlər mövcuddur. Halbuki, digər tərəfin də öz öhdəliklərini icra etmədiyi halda məsuliyyətini nəzərdə tutan bəndlər olmalı idi. Göründüyü kimi, iddiaçı cavabdehlə MM-in 5.3-cü maddəsinə zidd müqavilə bağlamışdır. Bunlarla yanaşı, cavabdeh müqavilənin şərtlərinə əməl edərək iddiaçıya 10.000 manatdan artıq pul qazandırmışdır. Iddiaçının müqavilənin 3.1-ci bəndinə əməl etməməsi, eləcə də sonradan cavabdehin fəaliyyətinə son qoyması nəticəsində cavabdeh maddi, mənəvi, psixoloji sıxıntılar keçirmişdir. Xüsusən də 2024-cü il # #### tarixdən (fəaliyyətinə son qoyulmasından) sonra bir sıra maddi problemlərlə üzləşmişdir və hələ də həmin problemlər davam etməkdədir.

6. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tаrixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023cü il ## ######## tarixli, **/**-** nömrəli “Gözəllik salonunda xidmətlərin göstərilməsi” haqqında müqavilənin 2024-cü il ## #### tarixdən ləğv olunmuş hesab edilməsi və cavabdehdən 14.833,3 manat məbləğində pul vəsaitinin və 111,25 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim M.Hüseynov)

7. Məhkəmə qeyd etmişdir ki, işin mübahisələndirilməyən halı iddiaçı və cavabdeh arasında 2023-cü il ## ######## tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanmasından, həmin müqavilə əsasında cavabdehə 20.000 manat məbləğində pul vəsaitinin verilməsindən, bundan sonra cavabdehin bir müddət iddiaçıya məxsus gözəllik salonunda fəaliyyət göstərməsindən ibarətdir. Işin mübahisələndirilən hallarına isə müqavilənin ləğv edilməsi, bu halda cavabdehə verilmiş 20.000 manat pulun iddiaçıya geri qaytarılmalı olub-olmaması, eyni zamanda cavabdehin gözəllik salonunda hansı dövr ərzində işləməsi halları aiddir.

8. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 2023-cü il ## ######## tarixli **/**-** nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilədən göründüyü kimi iddiaçı (transfer edən) müqavilə imzalanan tarixdə cavabdehə (transfer edilənə) razılaşdırılmış transfer haqqını (20.000 manat) ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüş, bundan sonra eyni tarixli ödəniş qəbulu aktından göründüyü kimi 20.000 manat məbləğində ödəniş cavabdehə ödənilmişdir.

9. Məhkəmə ilkin olaraq iddia tələbinin birinci hissəsinə, yəni 2023-cü il ## ######## tarixli, **/**-** saylı müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

10. Belə ki, iş materiallarından və tərəflərin izahatından müəyyənləşdirmək mümkündür ki, cavabdeh tərəf gözəllik salonunda müəyyən müddət işlədikdən sonra tərəflər arasında müəyyən anlaşılmazlıqlar olmuş, cavabdeh salonda müəyyən müddət işlədikdən sonra tərəflər arasında yaranmış narazılıqlara əsasən işləməmiş, eyni zamanda cavabdeh tərəf son iş gününün 2024-cü il # #### tarixi, iddiaçı isə 2024-cü il ## #### tarixi olduğunu iddia etmişdir. Iddiaçı tərəf müqavilənin ləğv edilməsinə əsas olaraq, cavabdehin öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini göstərmiş, cavabdeh tərəf isə müqavilənin ləğv edilməsi ilə bağlı tələbin əsassız olduğunu, iddiaçının müqavilənin 3.1-ci bəndində qeyd olunan şəraiti yaratmamaqla yanaşı, cavabdehin fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etdiyini qeyd etmişdir.

11. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı tərəflə olan 2024-cü il ## ###### tarixli whatsapp yazışmalarından göründüyü kimi (şəxsi yazışmalar tərəflərin və nümayəndlərin razılığı ilə məhkəmə iclasında dinlənilmiş və yazılar oxunmuş) müştərinin az olması, iş saatları və bu səbəbdən aralarındakı razılaşmanın sonlandırılması ilə bağlı tərəflər arasında mübahisə olmuş, bundan sonra 7 mart və 2024-cü il ## ### tarixli whatsapp yazışmalarından göründüyü kimi həmin müddətə kimi tərəflər arasında müvafiq münasibətlər davam etdirilmiş, bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş 2024-cü il ## #### və 2024-cü il ## #### tarixli whatsapp yazışmalarının məzmunundan göründüyü kimi iyul ayı ilə əlaqəli yazışmalar iddiaçı tərəflə deyil, başqa şəxslə olan yazışmalardır.

12. Göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin anlaşmazlığı səbəbindən pozulmuş və cavabdeh tərəfindən 2024-cü il # #### tarixinin son iş günü olduğu iddia edilsə də, bu təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında olan whatsapp yazışmaları ilə ən son 2024-cü il ## ### tarixdə onlar arasında münasibətin mövcudluğu öz təsdiqini tapır, iddiaçı tərəf isə cavabdehin son iş gününün 2024cü il ## #### tarixi olduğunu qəbul edir.

13. Məhkəmə yekun olaraq hər iki tərəf arasında müqavilənin yerinə yetirilməsi ilə əlaqəli mübahisə olduğundan 2024-cü il ## #### tarixində cavabdehin son iş günü olduğunu nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2023-cü il 21 sentyabr tarixli **/**-** nömrəli müqavilə 2024-cü il ## #### tarixindən ləğv edilmiş hesab olunmalıdır.

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilənin sonlandırılması ilə bağlı 2024-cü ilin fevral ayından başlayaraq danışıqlar getsə də, cavabdeh qeyd edilən salonda fəaliyyətini 2024-cü ilin ## #### tarixinədək davam etdirmişdir. Yəni müqaviləni vaxtından əvvəl ləğv etmək barədə ilkin olaraq iddiaçı tərəfin təklifi olmuş, buna baxmayaraq cavabdeh qeyd edilən salonda fəaliyyətini davam etdirmiş, nəhayət 2024-cü ilin ## #### tarixdən sonra həmin salona gəlməmişdir. Ona görə də tərəflərin təşəbbüsü ilə aralarında bağlanmış müqavilənin ləğv edilmə tarixini məhkəmə 2024-cü ilin ## #### tarix qəbul etmişdir.

15. Məhkəmə iddia tələbinin ikinci hissəsinə, yəni cavabdehdən 20.000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə münasibətdə o qənaətə gəlmişdir ki, iddiaçı bu hissədə qismən haqlıdır. Belə ki, iddiaçı tərəf bu hissəyə münasibətdə bildirmişdir ki, cavabdeh çoxlu müştəriləri olduğunu, işləyəcəyi təqdirdə çoxlu gəlir əldə edəcəyini və iddiaçıya xeyir verəcəyini bildirərək iddiaçını inandırmış, 20.000 manat pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra iddiaçı artıq cavabdehin dediyi kimi müştəri bazasının olmadığını görmüş, cavabdehi bu barədə xəbərdar etmiş, cavabdeh də artıq münasibətlərin pisləşdiyini görmüş və beləcə hər iki tərəf də müqavilə münasibətlərinin artıq davam etdirə bilməyəcəklərini anlamışlar.

16. Məhkəmə bu hala münasibətdə bildirmişdir ki, müqavilənin şərtlərindən göründüyü kimi cavabdehə verilmiş 20.000 manatın gözəllik salonunun fəaliyyətinin yaxşılaşdırılması məqsədilə verilməsi halı öz təsdiqini tapmamış, müqavilənin 1.2-ci bəndində 20.000 manatın transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ olduğu qeyd edilmişdir ki, buradan həmin məbləğin cavabdehə 3 il ərzində göstəriləcək xidmətə görə verildiyini nəticəsinə gəlinir. Bundan başqa müqavilənin 6.3-cü bəndinin tələbindən görünür ki, cavabdeh (transfer edilən) tərəfin müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etməsi və ya müqaviləni dayandırmaq istəməsi halında ödənilmiş məbləğin tam şəkildə qaytarılması barədə tərəflər razılaşmışlar, lakin hazırkı vəziyyətdə müqavilənin ləğv edilməsinin səbəbi birbaşa cavabdeh tərəfindən deyil, hər iki tərəfin anlaşmazlığı səbəbindən olduğundan qeyd edilən halda ödənilmiş məbləğin cavabdeh tərəfindən tam şəkildə qaytarılmasının tələb edilməsi əsaslı deyil.

17. Cavabdeh tərəf isə cavabdehin öhdəliklərinin icrasından imtina etmədiyini, gözəllik salonunun birbaşa iddiaçı tərəfindən bağlanmasını, eyni zamanda cavabdehə ödənilən 20.000 manat ödənişin iddiaçı hüquqi şəxs deyil, nümayəndə2 tərəfindən edildiyini, hüquqi şəxs tərəfindən edilsəydi, bununla bağlı hər hansısa bir mədaxil və ya məxaric sənədi verilməli olduğunu, bundan başqa cavabdehin müqavilənin şərtlərinə əməl edərək iddiaçıya 10.000 manatdan artıq pul qazandırdığını qeyd edərək, həmin məbləğin tələb edilməsinin əsassız olduğunu bildirmişdir.

18. Məhkəmə cavabdeh tərəfin mövqeyinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş whatsapp yazışmalarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin narazılığı ilə davam etdirilə bilməmiş, eyni zamanda cavabdeh tərəf 10.000 manatdan artıq salona gəlir qazandırdığını bildirsə də, bunu təsdiq edəcək qəbzləri məhkəməyə təqdim etməmiş, eyni zamanda ödəniş qəbulu aktından göründüyü kimi 20.000 manat ödəniş iddiaçı, nümayəndə2 tərəfindən **/**-** nömrəli müqavilənin şərtlərinə əsasən, cavabdehə ödənilmişdir.

19. Göründüyü kimi cavabdehin ilkin olaraq 20.000 manat məbləği əldə etməsinin müqavilə əsası olmuş, belə ki, iddiaçının cavabdehə razılaşdırılmış transfer haqqını (20.000 manat) ödəməsi, bundan sonra cavabdehin gözəllik salonunda 3 il müddətinə xidmət göstərməsi, 3 ilin sonunda (müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər) iddiaçının xeyrinə 40.000 manat qazandırması barədə razılaşmışlar. Lakin bundan sonra tərəflər arasında olan narazılıq səbəbindən müqavilə münasibətləri davam etməmiş, buna baxmayaraq iş materialları və tərəflərin izahatları qarşılıqlı təhlil edildikdə aydın olur ki, cavabdeh tərəf 2023-cü il ## ######## tarixindən 2024-cü ilin ## #### tarixinədək, yəni 9 ay 9 gün müddətində müqavilə əsasında gözəllik salonunda fəaliyyət göstərmişdir. Eyni zamanda cavabdehin bu müddət ərzində tam olaraq nə qədər qazanc əldə etdiyini hər iki tərəf sübut edə bilməsə də, onların izahatından müəyyən olunduğu kimi cavabdeh həmin dövr ərzində müəyyən məbləğ qazanc əldə etmişdir.

20. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, transfer haqqı olan 20.000 manat pul 3 illik xidmət üçün nəzərdə tutulduğu halda, cavabdeh tərəf 9 ay 9 gün müddətində işləmiş, razılaşdırılmış şərt tamamlanmamışdır, bu səbəbdən həmin məbləğin tam şəkildə cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olur. Eyni zamanda əks halda, yəni həmin məbləğin cavabdehdən tam şəkildə tutularaq iddiaçıya verilməsi də, cavabdehin faktiki olaraq həmin salonda müəyyən müddət işləməsi, müəyyən məbləğdə qazanc gətirməsi, müqavilənin hər iki tərəfin narazılığı səbəbindən davam etməməsi hallarını nəzərə aldıqda cavabdehin hüquqlarını pozur ki, qeyd edilən tələb əsaslı və ədalətli deyil.

21. Qeyd edilən hallara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, 3 il ərzində göstəriləcək xidmət üçün cavabdehə ödənilmiş 20.000 manat pul cavabdehin gözəllik salonunda fəaliyyət göstərdiyi müddətə (9 ay 9 gün) mütənasib hesablanaraq, tərəflər arasında bölünməlidir.

22. Məhkəmə nəticədə hesab etmişdir ki, cavabdehdən 14833,3 manat məbləğində pul vəsaiti (20.000 manat / 36 ay (3 il) = 555.6 manat – 1 ay; 555.6 manat / 30 gün = 18.52 manat- 1 gün; 555.6x9 ay=5000, 18.52x9 gün =166.7; 20.000 manat - 5166.7 manat = 14833.3 manat) tutularaq iddiaçıya ödənilməlidir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 423.2, 424.2, 424.3, 424.4, 447.1, 447.2, 447.3, 447.7 və 1091-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

24. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Sadiqov, hakimlər E.Hüseynov və Ə.Kərimov).

26. Apellyasiya məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 385.1, 386.1, 390.1, 423.2, 424, 447.1, 447.2, 1091.1, 1091.2 və 1092.1-ci, MPM-in 2.1, 2.2, 9, 10-1.1, 10-1.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.3, 119.1, 217.2, 217.3, 217.4, 217.5, 218.1, 218.3, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 399.3, 405.2-ci maddələri üzrə - MM-in tələblərinə və tərəflər arasında bağlanmış **/**-** nömrəli 2023-cü il ## ######## tarixli müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlər 3 il müddətində salonun fəaliyyətdə olduğu müddətdə həyata keçirilməlidir. Göründüyü kimi xidmət müqaviləsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Belə olan halda transfer edən müqaviləyə vaxtından əvvəl xitam verə bilməzdi əgər bunu birtərəfli qaydada özü icra etmişdirsə o zaman transfer məbləğini ondan tələb edə bilməzdi çünki cavabdehi işsiz qoymaqla ona əsaslı ziyan vurmuşdur. Belə ki, onu salondan zorla çıxararaq özü salonu bağlamış və hal-hazıradək salon icarəyə verilməsi üçün sosial şəbəkələrdə elanlar yerləşdirilməkdədir. Cavabdehin transfer edənə qazandıracağı məbləğlə bağlı hissəyə gəlincə tərələr arasında bağlanılmış müqavilənin 3.2.3-cü bəndinə əsasən müqavilənin vaxtı bitən tarixdə transfer məbləğinin 200%-ni, yəni 40.000 manatı transfer edənin xeyrinə qazandırmaq öhdəliyi qarşılıqlı olaraq qəbul edilmişdir. O, öz öhədiliyimi davam etdirmək niyyətində olduğunu iddaçıya hər zaman bildirmiş və bu öhdəlikdən yayınmır. Tərəflər arasında bağlanılmış müqavilənin vaxtı 2026-cı il 21 sentybr tarixdə bitəcəyindən bu tarixədək ondən tarnsfer məbləğinin tutulması əsassızdır.

30. MM-in 556.2-ci maddəsi üzrə - cavabdehdən qeyd olunan məbləğin tələb olunması o halda əsaslı olardı ki, o, 6.1-ci bənddə nəzərdə tutulan hallardan hər hansı birini icra etsin. Lakin, qeyd olunduğu kimi belə bir hal baş verməmiş, o, öhdəliklərin icrasından imtina etməmiş, həmçinin sözügedən obyekt (gözəllik salonu) birbaşa iddiaçı tərəfindən bağlanılmışdır. Aparılan Polis araşdırması zamanı da cavabdeh bu halları təsdiq edən faktları təqdim etmiş və öz izahatında bunları qeyd etmişdir. Cavabdeh ilə iddiaçının nümayəndəsi arasında olan "WhatsApp" yazışmaları, səs yazıları və videogörüntüləri də göstərir ki, bu imtina birmənalı şəkildə iddiaçı tərəfindən olunmuşdur. Bütün bunlardan əlavə iddiaçı tərəfindən tərəflər arasında bağlanan müqavilənin 3.1.1-ci bəndi pozulmuşdur. Tərəflər arasında müqavilənin bağlanmasından sonra bir müddət iddiaçı bu şərtə əməl etsə də, sonradan cavabdeh üçün qeyd olunan şəraiti yaratmamaqla yanaşı, həmçinin onun öz fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 2024-cü il # #### tarixinə qədər gözəllik salonunda fəaliyyət göstərən digər işçilər işdən çıxarılmış, bunun nəticəsində də cavabdeh bütün işləri təkbaşına görmək məcburiyyətində qalmışdır. Bu kimi hallar iddiaçı tərəfindən müqavilənin sözügedən bəndinə əməl olunmadığına əsas verir.

31. MM-in 1091.2-ci maddəsi üzrə - cavabdeh yalnız göstərəcəyi xidmətlər müqabilində iddaçıya gəlir əldə etməsi üçün həmin transfer məbləğini cavabdehə könüllü vermişlər. Sonradan cavabdehi işsiz qoymaqla ona bundan da çox ziyan vuran tərəf elə məhz iddiaçının özüdür.

32. MM-in 421.2, 423.2-ci maddələri və MPM-in 77.1, 88-ci maddələri üzrə cavabdehin müqavilə tələbini nədə pozmağını iddiaçı sübut edə bilməmişdir. Cavabdehə heç bir yazılı formada pretenziya ünvanlanmamışdır. Iddiaçı istinad etdiyi halı sübut edə bilməmişdir ki, salonu cavabdeh tərk etmiş, iddiaçı cavabdehi oradan uzaqlaşdırmayıb. Cavabdeh tərəfindən işin hallarını sübut edən bütün dəlillər təqdim edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməmiş, əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə onların yazışmalarına qiymət verməmişdir ki, cavabdehi salondan məcburi çıxarılmağı hissəsi araşdırılmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”

“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”

“Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.”

“Maddə 447. Ikitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.”

“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

38. Belə ki, mülki prosessual qanunvericiliyin tələbləri və mülki məhkəmə icraatında baxılan mübahisələrin həlli metodikası baxımından məhkəmə ilk olaraq işin mübahisəsiz və mübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanma və s.) olmaları və həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərinin və iddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müəyyən edilməlidir.

39. Mülki prosesdə sübutetmə predmeti dedikdə, işin düzgün həlli üçün sübut edilməli olan halların məcmusu başa düşülür. Sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə həmin mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.

40. Tərəflərə aid sübutetmə vəzifəsinin müəyyən edilməsi ilə bağlı nəzərə alınmalıdır ki, MPM-in 77.1-ci maddəsi ümumi qaydanı müəyyən edir və hərfi mənada, yəni hər bir tərəfin istinad etdiyi halların yalnız onların özləri tərəfindən sübut edilməli olması kimi təfsir edilə bilməz. Belə ki, hər bir iddia tələbi üzrə tərəflərə aid sübutetmə vəzifəsi iddianın və iddiaya etirazın qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun müəyyən edilməlidir.

41. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə iddianın hüquqi əsası, sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini

42. hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı).

43. Işə baxan aşağı instansiya məhkəmələri isə qeyd olunan tələblərə riayət etməmişdir.

44. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına görə, tərəflər arasında 2023-cü il ## ######## tarixli **/**-** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 20.000 manat məbləğində transfer haqqı ödəmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş müddət ərzində gözəllik salonunda fəaliyyət göstərməyi öz öhdəsinə götürmüşdür.

45. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndində razılaşdırılmışdır ki, transfer edilən tərəf müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etdikdə və ya müqaviləni dayandırmaq istədikdə ona ödənilmiş məbləği tam həcmdə geri qaytarmalıdır.

46. Göründüyü kimi, müqavilə üzrə 20.000 manat məbləğin geri qaytarılması hər hansı səbəbdən müqavilənin başa çatması ilə deyil, konkret olaraq transfer edilən tərəfin müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verməsi və ya xidmətlərin göstərilməsindən imtina etməsi halı ilə şərtləndirilmişdir.

47. Bu baxımdan mübahisənin düzgün həlli üçün ilk növbədə müqavilə münasibətlərinə hansı tərəfin təşəbbüsü ilə və hansı səbəbdən xitam verilməsinin müəyyən edilməsi zəruri olmuşdur. Çünki həmin hal müəyyən edilmədən müqavilənin 6.3-cü bəndinin tətbiqi mümkün deyildir.

48. Lakin aşağı instansiyası məhkəmələri bir tərəfdən müqavilə münasibətlərinin tərəflər arasında yaranmış qarşılıqlı narazılıq səbəbindən dayandığını göstərmiş, digər tərəfdən isə cavabdehdən 20.000 manatın bir hissəsinin tutulması barədə nəticəyə gəlmişdir.

49. Halbuki məhkəmə həmin nəticəyə gəlməzdən əvvəl müqavilə münasibətlərinə faktiki olaraq kimin təşəbbüsü ilə xitam verilməsi, cavabdehin müqavilə üzrə xidmət göstərməkdən imtina edib-etməməsi, yaxud əksinə, iddiaçının davranışları nəticəsində müqavilənin icrasının mümkünsüz hala gəlib-gəlməməsi məsələlərinə hüquqi qiymət verməli idi.

50. Cavabdeh müqavilənin icrasından imtina etmədiyini, fəaliyyətini davam etdirmək niyyətində olduğunu, salonun bağlanmasının və fəaliyyətinin dayandırılmasının iddiaçıdan asılı səbəblərlə baş verdiyini bildirmiş, bunun təsdiqi kimi tərəflər arasında baş tutan “WhatsApp” vasitəsilə aparılmış yazışmalarına və s. sübutlara istinad etmişdir. Etirazının hüquqi əsası kimi isə müqavilənin 6.1-ci bəndi və MM-in 5.3, 420.3.6, 420.3.7, 556.2-ci maddələri göstərilmişdir.

51. Məhkəmələr isə həmin dəlilləri və sübutları müqavilə münasibətlərinə xitam verilməsinin təşəbbüskarının müəyyən edilməsi baxımından qiymətləndirməmiş və hüquqi dəyərləndirmə aparmamış, yalnız tərəflər arasında narazılığın mövcudluğunu qeyd etməklə kifayətlənmişlər və cavabdehin işlədiyi müddəti nəzərə alaraq 20.000 manat məbləğin xidmət müddətinə proporsional qaydada bölüşdürülməsi nəticəsinə gəlmişlər.

52. Halbuki, tərəflər arasında bağlanmış müqavilədə belə hesablamanın aparılmasını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Müqavilə şərtlərindən görünür ki, tərəflər transfer haqqının geri qaytarılmasını yalnız müqavilənin 6.3-cü bəndində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

53. Kollegiya qeyd edir ki, məhkəmə müqavilə tərəflərinin razılaşdırdığı şərtləri dəyişdirə və ya onların iradəsi ilə nəzərdə tutulmayan yeni öhdəlik yarada bilməz. Çünki MM-in 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı prinsipi tərəflərin hüquq və vəzifələrinin ilk növbədə onların iradə ifadəsi əsasında müəyyən edilməsini tələb edir.

54. Buna görə də cavabdehdən 14.833,3 manat məbləğin tutulmasına dair nəticə müqavilənin şərtlərindən və ya qanunun tələblərindən deyil, məhkəmənin öz mülahizəsinə əsaslanan hesablamadan irəli gəlmişdir.

55. Digər tərəfdən, aşağı instansiya məhkəmələri MM-in 1091-ci maddəsinə istinad etsələr də, əsassız varlanma institutunun tətbiqi üçün zəruri olan əsasların mövcudluğuna lazımi hüquqi qiymət verməmişlər. Belə ki, cavabdehin 20.000 manat məbləği əldə etməsinin hüquqi əsası tərəflər arasında bağlanmış müqavilə olmuşdur. Həmin müqavilə münasibətlərinə xitam verilməsi nəticəsində MM-in 443.1-ci maddəsində göstərilən əsasların deyil, məhz əsassız varlanma qaydalarının tətbiq edilməsi barədə nəticə isə əsaslandırılmamışdır.

56. Beləliklə, aşağı instansiya məhkəmələri mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları tam müəyyən etməmiş, iddia və etirazın əsasında duran hallara və tərəflərin təqdim etdikləri sübutlara lazımi hüquqi qiymət verməmiş, nəticədə istinad etdikləri maddi hüquq normalarını düzgün tətbiq etməmişlər.

57. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində müqavilənin şərtlərinə və MMin 405.2, 556.2, 1091.2-ci maddələrinin pozulması ilə bağlı əsaslandırılmış dəlillər göstərilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin dəlillərə qiymət verməmiş və ümumi şəkildə qeyd etmişdir ki, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Halbuki, MPM-in 392.2-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

58. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı hesab edilə bilməz.

59. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar