Məhkəmə qərarları › İş №2-2(1-8)-14/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-14/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-14/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında 2022-ci il ## ######, 2022-ci il ## ####, 2022-ci il # #####, 2022-ci il ## ###, 2022-ci il ## ### və 2022-ci il # #### tarixlərində ardıcıl olaraq bir neçə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə podratçı tərəfindən layihə idarəetməsi, mühəndislik, layihəyə nəzarət, tikinti və quraşdırmaya nəzarət, elektrik çertyojlarının hazırlanması, geotexniki və konstruktiv hesabatların aparılması, metal konstruksiya və digər köməkçi işlərin görülməsi nəzərdə tutulmuşdur.

2. Müqavilələrdə işlərin və xidmətlərin dəyəri konkret müəyyən edilmiş, bütün məbləğlər 18% ƏDV daxil olmaqla razılaşdırılmışdır. Ödəniş mexanizmi olaraq, sifarişçinin podratçıya ödənişi təhvil-təslim aktları ilə yanaşı elektron qaimə-faktura və hesabfakturanın təqdim edildiyi tarixdən etibarən 7 gün müddətində bank köçürməsi yolu ilə həyata keçirməsi nəzərdə tutulmuşdur. Bəzi müqavilələr üzrə ödənişin mərhələli və ya avans formasında edilməsi, yekun ödənişin isə yalnız işlər tam icra edildikdən və yekun akt imzalandıqdan sonra aparılması şərtləndirilmişdir.

3. Iş materiallarında podratçı tərəfindən müqavilələr üzrə işlərin icra edildiyini və sifarişçiyə təhvil verildiyini təsdiq edən yekun təhvil-təslim aktlarının mövcud olduğu göstərilir. Belə ki, 2022-ci il ## ####, 2022-ci il ## #####, 2022-ci il ## ###, 2022-ci il ## #### və 2022-ci il # #### tarixlərində müxtəlif müqavilələr üzrə yekun aktlar imzalanmış, həmin aktlarda podratçının müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyi qeyd edilmiş və sənədlər tərəflərin imza və möhürləri ilə təsdiqlənmişdir.

4. Eyni zamanda, bir sıra müqavilələr üzrə işlərin həcmi və dəyəri Əlavə 1 vasitəsilə ayrıca razılaşdırılmış, xüsusilə ## ### 2022-ci il tarixli müqavilə üzrə işlərin dəyəri 21.830 manat, ## ### 2022-ci il tarixli müqavilə üzrə isə 40.223,62 manat məbləğində müəyyən edilmiş və bu razılaşmalar tərəflər tərəfindən təsdiqlənmişdir. Bu hallar işlərin həcmi və qiyməti ilə bağlı mübahisələrin mövcud olmadığını göstərir.

5. Bəzi müqavilələrdə podratçının həftəlik yazılı hesabat təqdim etməsi, sifarişçinin isə hesabatı təqdim edildiyi tarixdən etibarən 3 iş günü ərzində təhlil edərək işlərin müqavilə şərtlərinə uyğun olmaması halında onları qəbul etməkdən imtina etmək və əlavə icra tələb etmək hüququnun nəzərdə tutulduğu müəyyən edilir. Iş materiallarında sifarişçi tərəfindən bu mexanizmdən istifadə edilməsi və ya işlərin vaxtında qəbulundan imtina edilməsi barədə sənədlər mövcud deyil.

6. Iş üzrə iddiaçı tərəfindən görülmüş işlərə dair 2022-ci il ## ### tarixində bir neçə elektron qaimə-faktura cavabdehə göndərilmiş, 2022-ci il ## ### tarixli ödəniş qəbzinə əsasən isə cavabdeh tərəfindən iddiaçının hesabına təyinatda e-qaimələr göstərilməklə 150.894,44 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişlərin mövcudluğu tərəflər arasında faktiki icra münasibətlərinin və işlərin qəbul edildiyinin mövcudluğunu göstərən hallar kimi iş materiallarında yer alır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

7. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il ## ######, 2022-ci il ## ####, 2022-ci il # #####, 2022-ci il ## ###, 2022-ci il ## ### və 2022-ci il # #### tarixli podrat müqavilələri üzrə yaranmış borcların və gecikmə faizlərinin tutulmasını xahiş etmişdir. Iddiaçı əsas borc kimi müvafiq olaraq 16.402 manat, 7.670 manat, 31.270 manat, 21.830 manat, 40.223,62 manat və 35.400 manat, həmin məbləğlərin ödənilməsinin gecikdirilməsinə görə isə illik 5 faizlə hesablanmış cəmi 22.919 manat faiz olmaqla, ümumilikdə 175.715 manat, habelə 466 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il ## ######, 2022ci il ## ####, 2022-ci il # #####, 2022-ci il ## ###, 2022-ci il ## ### və 2022-ci il # #### tarixlərində podrat müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən tam həcmdə və vaxtında icra edilmiş, cavabdeh tərəfindən qəbul olunmuşdur. Icra edilmiş işlər üzrə tərəflər arasında müvafiq olaraq 2022-ci il ## #####, 2022-ci il ## ###, 2022-ci il ## ####, 2022-ci il # #### və 2022-ci il ## #### tarixlərində yekun təhvil-təslim aktları imzalanmışdır. Buna baxmayaraq, cavabdeh icra olunmuş işlərə görə razılaşdırılmış xidmət haqlarını ödəməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında ƏDV daxil olmaqla: - 2022-ci il ## ###### tarixli müqavilə üzrə 16.402 manat, - 2022-ci il ## #### tarixli müqavilə üzrə 7.670 manat, - 2022-ci il # ##### tarixli müqavilə üzrə 31.270 manat, - 2022-ci il ## ### tarixli müqavilə üzrə 21.830 manat - 2022-ci il ## ### tarixli müqavilə üzrə 40.223,62 manat, - 2022-ci il # #### tarixli müqavilə üzrə 35.400 manat məbləğində əsas borcu mövcuddur. Müqavilə şərtlərinə əsasən ödənişlər yekun təhvil-təslim aktlarının imzalanmasından sonra 7 gün ərzində həyata keçirilməli olduğu halda, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Nəticədə əsas borc məbləğləri üzrə gecikmə yaranmış və bu gecikməyə görə cəmi 22.919 manat faiz hesablanmışdır.Borcun ödənilməsi məqsədilə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qaldığından, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Cavabdeh 2025-ci il ## #### tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təhvil-təslim aktlarında qeyd olunan işlər faktiki olaraq görülməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Həşimova).

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin etirazı formal xarakter daşımış, etirazın əsasını təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

12. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş whatsapp-səs yazısından da müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubunun alındığı 2025-ci il ## #### tarixində cavabdeh tərəfindən iddiaçıya səsli-mesaj göndərilmiş, məhkəmə iclasında tətbiq edilmiş həmin səs yazısında borc məbləğinə etiraz edilməmiş, əksinə ödəniləcəyi bildirilmişdir.

13. Məhkəmə iş üzrə təqdim olunmuş müqavilələr, təhvil-təslim aktları və digər sübutları qiymətləndirərək iddia tələbinin əsas borc hissəsində sübuta yetirildiyi qənaətinə gəlmişdir. Bu əsasla cavabdehdən iddiaçının xeyrinə 2022-ci il ## ###### tarixli AYON- PM-OA-EN-001 (AZ) nömrəli müqavilə üzrə 16.402 manat, 2022-ci il ## #### tarixli AYON- CON-LIFT-EN-001 (AZ) nömrəli müqavilə üzrə 7.670 manat, 2022-ci il # ##### tarixli AYON-CON-RES-EN003 (AZ) nömrəli müqavilə üzrə 31.270 manat, 2022-ci il ## ### tarixli AYON-CAS-100-PRO-005-00 (EN) nömrəli müqavilə üzrə 21.830 manat, 2022-ci il ## ### tarixli AYON-CAS-100-PRO-006-02 (EN) nömrəli müqavilə üzrə 40.223,62 manat və 2022-ci il # #### tarixli AYON-CAS-RAPBO-*** nömrəli müqavilə üzrə 35.400 manat məbləğində xidmət haqqının tutulması qərara alınmışdır.

14. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı tərəfindən 2022-ci ilin aprel–iyul aylarında təhvil verilmiş işlər üzrə borc bu günədək ödənilməmişdir. Bu səbəbdən əsas borcun gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış cəmi 22.919 manat məbləğində gecikmə faizinin (müvafiq müqavilələr üzrə 2.460,30 manat, 1.150,50 manat, 4.690,50 manat, 3.274,50 manat, 6.033,55 manat və 5.310 manat) cavabdehdən tutulması tələbi əsaslı hesab edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM“) 445.7, 449, 752.1-ci, 753.1-ci, 769-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva, Z.Şirinov).

18. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin işlərin yerinə yetirilmədiyi barədə iddialarına baxmayaraq, iş materiallarındakı təhvil-təslim aktları iddiaçının müqavilə üzrə işləri icra edib cavabdehə təhvil verdiyini təsdiqləyir və cavabdeh həmin sənədləri mübahisələndirməmişdir.

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2004-cü il ## ######## tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, sahibkarlıq fəaliyyəti əmlakdan istifadə, işlərin görülməsi və xidmətlərin göstərilməsi yolu ilə gəlir əldə edilməsinə yönəlmiş, sahibkarın öz riski ilə həyata keçirilən müstəqil fəaliyyətdir.

20. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh sahibkarlıq subyekti kimi təsdiq etdiyi aktların hüquqi nəticələri üzrə risk daşıyır. Eyni zamanda, cavabdehin “WhatsApp” yazışmalarında borcu təsdiq etməsinə baxmayaraq, iddiaçı məhkəməyə müraciət etdikdən sonra həmin borcu inkar etməsi vicdanlılıq prinsipinə ziddir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 386.1, 404.1, 404.2, 425.1, 752.1 və 753.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

23. MM-in 442-ci maddəsi üzrə - tərəflər arasında bağlanmış podrat müqavilələrinin 2.5-ci bəndinə əsasən ödəniş yalnız yekun təhvil-təslim aktı ilə yanaşı elektron qaiməfaktura və hesab-fakturanın sifarişçiyə təqdim edilməsindən sonra 7 gün ərzində həyata keçirilməlidir. Bu şərtin mövcudluğu mübahisənin həlli üçün həlledici olsa da, məhkəmələr həmin halı araşdırmamışdır. Iş materiallarında müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuş elektron qaimə-fakturalar mövcud deyil ki, bu da iddia tələbinə etirazın haqlı olduğunu təsdiq edir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərin və layihə sənədlərinin hansı tarixdə və hansı işlərə aid olduğu müəyyən edilməmiş, sənədlərin əksəriyyətində imza və möhür olmamışdır. Eyni zamanda, 2025-ci il # ###### tarixli müvafiq məktubdan göründüyü kimi, İddiaçı MMC-nin tikinti və layihələndirmə fəaliyyəti üzrə lisenziyası olmamışdır ki, bu da görülmüş işlərin həqiqiliyini ciddi şübhə altına alır. Lakin məhkəmələr bu hallara hüquqi qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişlər.

24. MPM-in 9, 77, 88, 217 və 220.4-ci maddələri üzrə - Mülki icraatda məhkəmə yalnız tərəflər tərəfindən təqdim edilmiş sübutlar əsasında həqiqəti müəyyən etməli, həmin sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmalıdır. Lakin hazırkı iş üzrə iddia tələbinin iddiaçı tərəfindən əsaslandırılması və sübutetmə yükünün iddiaçının üzərində olması tələbinə baxmayaraq, iddiaçı işlərin faktiki olaraq görüldüyünü sübut etməmişdir. Göstərilən halların sübuta yetirilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız olaraq təmin etmiş, bununla da MPM-in 9, 77, 88 və 217ci maddələrinin tələblərini pozmuşdur.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il ## #### tarixli qərarında formalaşdırılmış mövqeyə əsasən, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar qarşılıqlı əlaqədə şərh edilməli, hər bir sübutun qəbul və ya rədd edilmə səbəbləri aydın göstərilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən bu tələbləri nəzərə almamış, gəlinən nəticəni əsaslandıran faktları qətnamədə əks etdirməmişdir. Bu isə işə baxılarkən həm qanunvericiliyin, həm də formalaşmış məhkəmə praktikasının nəzərə alınmadığını göstərir. Apellyasiya məhkəməsi işə formal yanaşaraq, hərtərəfli araşdırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

27. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 404. Müqavilənin təfsiri

404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq

425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 752. Podrat müqaviləsi

752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 753. Muzd barəsində razılaşma

753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

33. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

34. Apellyasiya instansiyası iddiaçının müqavilələr üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

35. Belə ki, apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya əsas borc və faizlərlə cəmi 175.715 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın əsaslı olması qənaətinə gəlmişdir.

36. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

37. Kassator dəlillərində “iddiaçının dəyərin tələb etdiyi işləri faktiki olaraq görməməsini, sonuncunun təqdim etdiyi sübutların həqiqəti əks etdirmədiyini və.s” qeyd etmişdir. Kassasiya şikayətinin adıçəkilən dəlilləri apellyasiya məhkəməsində də bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.

38. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

39. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

40. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

41. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar