Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-173/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya işi üzrə üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (sub-subpodratçı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (subpodratçı) arasında 2021-ci il ## ###### tarixli AZF-****-*** saylı sub-subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 5.1-ci bəndinə əsasən, sub-subpodratçı işləri müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən subpodratçı tərəfindən razılaşdırılmış və təsdiq edilmiş iş qrafiki və planına uyğun başlamalı, işləri 4 ay ərzində tamamlamalı idi. - 49.10.1-ci bəndinin ikinci abzasına görə isə müqavilə tərəflərdən hər birinin ən azı bir nüsxəni imzaladığı andan qüvvəyə minmişdir.
2. Həmin müqaviləyə 1, 2 və * saylı Əlavələr, daha sonra isə 2021-ci il # ######## tarixində * saylı, 2021-ci il # ####### tarixində * saylı, 2021-ci il ## ###### tarixində * saylı, 2022-ci il ## #### tarixində * saylı, 2022-ci il ## ##### tarixində * saylı, 2022-ci il # #### tarixində * saylı və 2022-ci il # ###### tarixində ** saylı Əlavələr bağlanmışdır. Müqavilənin * saylı Əlavəsinin 1.1-ci bəndinə əsasən iş həcminə layihə və tələblərə uyğun olaraq Müqavilənin * saylı Əlavəsində göstərilən boruların izolyasiyası daxil edilmişdir.
3. Iddiaçı müqavilənin icrası ilə əlaqədar zəruri təşkilati və təsərrüfat tədbirləri görmüşdür. Belə ki, 2021-ci il # #### tarixində X2 ilə xidmət müqaviləsi bağlanmış, həmin şəxs tərəfindən 2021-ci il ## #######, 25 noyabr, 2022-ci il ## ######, 23 fevral, 12 aprel, 13 iyun, 19 iyul, 20 avqust və 26 sentyabr tarixlərində müxtəlif elektron qaimələr iddiaçıya təqdim edilmişdir.
4. 2021-ci il ## ### tarixində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 2021-ci il ## ########, 11 və 13 oktyabr, 15 noyabr, 15 dekabr, 2022-ci il ## ######, 16 fevral, 11 mart, 22 aprel, 27 may, 7 iyun, 30 sentyabr və 2023-cü il ## ###### tarixlərində müxtəlif elektron qaimələr təqdim edilmişdir.
5. Iş materiallarında həmçinin 2021-ci il ## ###### tarixində elektron poçt vasitəsilə layihə üzrə məsul şəxslərə görülən işlərin vəziyyətini əks etdirən hesabatın göndərildiyi, 2023-cü il ## ###### tarixində Forma-2 arayışının təqdim edildiyi, eləcə də 2022-ci il ## #######, 1 noyabr, 6 noyabr, 16 noyabr, 18 noyabr, 29 noyabr, 3 dekabr, 8 dekabr və 27 dekabr tarixlərində muzdla bağlı qiymət təkliflərinin cavabdehə göndərildiyi müəyyən olunur.
6. Iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarına əsasən, İddiaçı MMC tərəfindən 2021-ci il # ####### tarixindən 2023-cü il ## ###### tarixədək “xxxx” ASCdə olan hesabdan əməkhaqqı təyinatı ilə çoxsaylı ödənişlər həyata keçirilmişdir.
7. Bundan başqa, iş materiallarında İddiaçı MMC ilə çoxsaylı şəxslər arasında müxtəlif tarixlərdə bağlanmış əmək müqavilələri və həmin müqavilələrə xitam verilməsi barədə bildirişlər mövcuddur. Həmin sənədlərdən görünür ki, işçilərlə əmək münasibətləri əsasən 2021-ci il may ayından başlayaraq 2022-ci il və 2023-cü illər ərzində davam etmiş, bir sıra hallarda isə 2024-cü ilədək uzanmışdır. Bu sənədlər iddiaçının müqavilənin icrası üçün işçi qüvvəsi cəlb etdiyini, əmək münasibətləri yaratdığını və bu münasibətlər üzrə xərclər daşıdığını göstərmək üçün iş materiallarına təqdim edilmişdir.
8. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli sub-subpodrat müqaviləsi və ona edilmiş çoxsaylı əlavələr əsasında boruların izolyasiyası işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuş, iddiaçı isə həmin müqavilənin icrası ilə əlaqədar xidmət, icarə, əmək və digər təsərrüfat münasibətlərinə daxil olmuş, bununla bağlı elektron qaimələr, hesabatlar, Forma-2 arayışı, qiymət təklifləri, ödəniş tapşırıqları və əmək müqavilələrinə dair sənədləri iş materiallarına təqdim etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
9. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinə əlavələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli AZF-****-*** saylı subpodrat müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ƏDV daxil olmaqla 638344,53 manat məbləğində pulun və ödənilmiş 929 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan müqaviləyə əsasən iddiaçı, “Heydər Əliyev adına X1 Modernizasiya və Rekonstruksiya Layihəsi” çərçivəsində boru izolyasiya işlərini yerinə yetirməyi, cavabdeh isə görülmüş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi, o cümlədən iş sahəsinin (frontun) təqdim edilməməsi, materialların gecikdirilməsi və işlərin koordinasiyasının təmin olunmaması səbəbindən işlərin icrası əhəmiyyətli dərəcədə ləngimiş və nəticədə iddiaçı külli miqdarda əlavə xərclərə məruz qalmışdır. Müqaviləyə əsasən işlər 4 ay ərzində tamamlanmalı olduğu halda, cavabdehin təqsiri üzündən layihə faktiki olaraq təxminən 23 ay davam etmişdir. Bu müddətdə iddiaçı tərəfindən işlərin təşkili məqsədilə anbar və sexlər icarəyə götürülmüş, əlavə anbar cəlb edilmiş, avadanlıqlar alınmış, işçilər işə qəbul olunmuş, onların sağlamlıq sertifikatları təmin edilmiş, nəqliyyat və digər xidmətlər üzrə xərclər çəkilmişdir. Lakin cavabdeh tərəfindən materialların, xüsusilə boruların vaxtında təqdim olunmaması səbəbindən hazırlanmış izolyasiya məhsulları sahədə istifadə olunmamış, bu isə işlərin uzanmasına və əməkhaqqı xərclərinin artmasına səbəb olmuşdur. Iddiaçı göstərmişdir ki, işlərin gecikməsi nəticəsində planlaşdırılmış 6 aylıq iş həcmi əvəzinə işçi qüvvəsi daha uzun müddət saxlanılmış, ümumi əməkhaqqı xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, əməkhaqqı üzrə əlavə fərq 232.719,48 manat, ofis işçiləri üzrə əlavə xərclər isə 188.579,16 manat təşkil etmişdir. Eyni zamanda əlavə icarə xərcləri (cəmi 33.000 manat), servis xidmətləri üzrə artıq xərclər (31.058,02 manat), avadanlıq, konteyner və digər təşkilati xərclər də iddiaçının üzərinə düşmüşdür. Bundan əlavə, görülmüş işlərə görə təqdim edilmiş Forma-2 arayışları və elektron qaimələrə əsasən cavabdeh tərəfindən ödənilməli olan 65.623,67 manat məbləğində borc, habelə layihənin gecikdirilməsi nəticəsində yaranmış 572.720,86 manat (ƏDV daxil) zərər mövcuddur. Bu məbləğlər üzrə 2024cü il ## ###### tarixində cavabdehə elektron qaimələr təqdim olunmuş və təsdiq edilmiş olsa da, ödənişlər bu günədək həyata keçirilməmişdir. Iddiaçı hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən işlərin uzanmasına və zərərin yaranmasına səbəb olmuş, eyni zamanda görülmüş işlərin dəyərini ödəməkdən yayınmışdır. Bu səbəbdən o, müqavilənin ləğvini və ümumilikdə ƏDV daxil 638.344,53 manat məbləğində pulun tutulmasını tələb etmişdir.
11. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli AZF-****-*** saylı subpodrat müqaviləsinə əsasən iddiaçı sub-subpodratçı qismində izolyasiya işlərini yerinə yetirməli idi. Müqavilədə işlərin icra müddəti 4 ay olaraq müəyyən edilsə də, işlərin başlanma və bitmə tarixləri konkret şəkildə müəyyən edilməmiş, həmçinin işlərin gedişi birbaşa layihənin ehtiyyaclarından asılı olmuşdur. Cavabdeh göstərmişdir ki, müqavilənin 15.1 və 49.3-cü bəndlərinə əsasən iddiaçı işlərin icrası üçün tələb olunan bütün icazə, razılıq və sənədlərin təqdim edilməsinə məsul olmuşdur. Lakin iddiaçı bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, təqdim etdiyi sənədlərdəki nöqsanlar səbəbindən iş sahəsinə giriş icazələrinin alınmasında gecikmələrə yol vermişdir. Bununla yanaşı, iddiaçının avadanlıq və işçi qüvvəsinin mobilizasiyası ilə bağlı çatışmazlıqları da işlərin vaxtında icrasına mane olmuşdur. Cavabdeh qeyd etmişdir ki, müqavilənin müvafiq bəndlərinə (6.4, 6.7, 6.9, 7.2, 7.3, 10.5, 10.7 və 11.3) əsasən iddiaçı işlərin gedişinə təsir edən bütün halları dərhal yazılı qaydada subpodratçıya bildirməli, gecikmələrin qarşısının alınması üçün zəruri tədbirlər görməli və əlavə xərclər və ya müddət uzadılması ilə bağlı iddialarını müəyyən olunmuş müddətdə təqdim etməli idi. Lakin iddiaçı tərəfindən bu tələblərə əməl olunmamış, iddia edilən gecikmələr barədə müqavilədə nəzərdə tutulmuş qaydada vaxtında yazılı bildiriş verilməmişdir. Bu səbəbdən iddiaçının sonradan kompensasiya və ya müddət uzadılması tələb etmək hüququnun olmadığı bildirilmişdir. Eyni zamanda cavabdeh vurğulamışdır ki, işlərin uzanması yalnız onun hərəkətləri ilə bağlı olmayıb, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə edilmiş çoxsaylı əlavələr nəticəsində iş həcminin artırılması və iddiaçının öz fəaliyyətini düzgün planlaşdırmaması ilə bağlı olmuşdur. Müqavilə şərtlərinə əsasən işlərin təşkili, resursların planlaşdırılması və sahə əməliyyatlarının təhlükəsiz və effektiv həyata keçirilməsi üzrə məsuliyyət iddiaçının üzərində olmuşdur. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçıya işlərin icrası zamanı dəfələrlə şifahi xəbərdarlıqlar edilmiş, hətta müqavilə öhdəliyi olmadığı halda ona əlavə dəstək göstərilmişdir. Bununla belə, iddiaçı yalnız işlər başa çatdıqdan və son hesablaşma aparıldıqdan sonra gecikmələr və zərər barədə tələblər irəli sürmüşdür ki, bu da müqavilə şərtlərinə ziddir. Nəticə etibarilə cavabdeh hesab edir ki, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmiş, iddiaçı isə öz öhdəliklərini düzgün icra etməmiş və müqavilədə nəzərdə tutulmuş prosedurlara riayət etməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir və iddia rədd edilməlidir.
13. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli AZF-****-*** saylı müqavilənin ləğv edilmiş hesab olunması, tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli AZF-****-*** saylı müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq ƏDV daxil olmaqla 65623,67 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – N.Əhmədova).
14. Məhkəmə iddiaçı tərəfindən görülmüş işlərin dəyəri olaraq tələb olunan 65623,67 manat muzd ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında görülmüş işlərin həcmi barədə hər hansı mübahisə mövcud deyildir. Belə ki, iddiaçı elektron poçt vasitəsilə 2023-cü il ## ###### tarixində Forma-2 arayışı göndərmiş, cavabdeh də məhkəmə iclasında həmin arayışda göstərilən işlərin görüldüyünü bildirmişdir.
15. Məhkəmə bildirmişdir ki, hazırkı mübahisə görülmüş işlər üçün muzdun razılaşdırılıb-razılaşdırılmamasındadır. Həmin hissəyə münasibətdə isə göstərmişdir ki, iddiaçı işlərə başlamamışdan əvvəl muzdla bağlı qiymətlər təklifini 2022-ci il ## #######, 2022-ci il # ######, 2022-ci il # ######, 2022-ci il ## ######, 2022-ci il ## ######, 2022-ci il ## ######, 2022-ci il # ######, 2022-ci il # ###### tarixində, 2022ci il ## ###### tarixlərdə cavabdehə göndərmiş, cavabdeh tərəfindən həmin qiymətlərə hər hansı etiraz irəli sürülməmişdir.
16. Məhkəmə nəzərə almışdır ki, iddiaçı tərəfindən işlərin görülməsi xüsusi mühafizə olunan ərazidə, müvafiq icazələr, o cümlədən cavabdehin razılığı alınmaqla həyata keçirilir. Bu mənada qiymət təkliflərini elektron poçt vasitəsilə alan, iddiaçıya müvafiq ərazidə qiymət təklifində göstərilən işləri görməyə razılıq verən cavabdehin öz hərəkətləri ilə təkliflərlə razı olduğu təsdiq olunur.
17. Məhkəmə göstərilənlərə əsasən bildirmişdir ki, görülmüş işlərin dəyəri məhz qiymət təklifində əks olunan qiymətlər əsas götürülməklə müəyyən edilməlidir.
18. Bu mənada Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-2- 2(113) ***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən cavabdehə göndərilmiş qiymət təklifində əks olunan qiymətlər əsas götürülməklə yerinə yetirilmiş işlərin qəbuluna dair Forma-1 arayışında qeyd olunan görülən işlərin dəyəri nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin 2025-ci il ## ### tarixində Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina olunması barədə məlumatı məhkəməyə daxil olmuşdur.
19. Daha sonra qeyd edilən sual üzrə “xxxx” MMC tərəfindən tədqiqat aparılmış, həmin hüquqi şəxsin 2025-ci il ## #### tarixli **-***/** nömrəli mütəxəssis rəyinə əsasən, Forma-1 arayışında qeyd olunan ümumilikdə 624 ədəd görülən işin dəyəri 55613,28 manat (ƏDV daxil olmaqla 65623,67 manat) müəyyən edilmişdir.
20. Məhkəmə mülki qanunvericiliyə istinadən qeyd etmişdir ki, hazırkı işin halları ilə isə icranın gecikdirilməsi müəyyən olunmur. Belə ki, 2021-ci il ## ###### tarixli AZF- ****-*** nömrəli subpodrat müqaviləsindən işlərin görülməsinin 4 ay ərzində görülməsi razılaşdırılsa da, həmin müqaviləyə 2021-ci il # ######## tarixli ** saylı əlavə, 2021-ci il # ####### tarixli ** saylı əlavə, 2021-ci il ## ###### tarixli ** saylı əlavə, 2022-ci il ## #### tarixli ** saylı əlavə, 2022-ci il ## ##### tarixli ** saylı əlavə, 2022-ci il # #### tarixli ** saylı əlavə, 2022-ci il # ###### tarixli ** saylı əlavə ilə ayrı-ayrı işlər və onların qiyməti hər iki hüquqi şəxs tərəfindən razılaşdırılmışdır. Bu isə tərəflər arasında formalaşmış işgüzar praktika ilə müqavilənin icra müddətinin uzadılmasına dəlalət edir.
21. Belə ki, işlərin 4 ay ərzində icra edilməli olduğunu bildirən iddiaçının həmin müddətdən sonra işlərin qiymət və həcmini razılaşdırması, razılaşdırılan işləri icra etməsi, daha sonra isə həmin qiymətlər və müddətləri istisna edib icranın gecikdirildiyini bildirərək əlavə zərər tələb etməsi bilavasitə hüquqdan sui-istifadə hesab olunmalıdır.
22. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 2021ci il ## ###### tarixli AZF ****-*** saylı müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq ƏDV daxil olmaqla 65623,67 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
23. Iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə isə məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. Belə olan halda, iddia ərizəsinin 2024-cü il # ####### tarixində X4 Sistemi vasitəsilə çatdırıldığını nəzərə alan məhkəmə hesab etmişdir ki, 2024-cü il # ####### tarixindən 2021-ci il ## ###### tarixli AZF-****-*** saylı müqavilə ləğv olunmuş hesab edilməlidir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 39, 404.1, 404.2, 409.4, 421.2, 442, 443.1-443.4, 560.1, 560.2, 560.3.4, 752, 753.1 və 755-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107 və 119.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
26. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd olunduğu hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
b)Apellyasiya instansiya məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd edildiyi hissədə ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, həmin iddia tələbi qismən təmin edilərək, cavabdehdən dəymiş zərərin əvəzi qismində 437.582,23 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, həmin iddia tələbi qalan hissədə təmin olunmamışdır (sədrlik edən hakim– T.Mahmudova, hakimlər – L.Əliyeva, Z.Şirinov).
28. Məhkəmə qeyd etmişdir ki, 2021-ci il # ###### tarixli müqavilə şərtinə və tərəflər arasındakı e-mail yazışmalarına əsasən materiallar cavabdeh tərəfindən təmin edilməlidir, lakin yazışmalardan müəyyən olunur ki, cavabdeh tərəfindən materiallar vaxtında təmin edilməmiş və ya əksik verilmiş, bu səbəbdən işlərdə gecikmələr baş vermişdir. Həmçinin tərəflər arasındakı yazışmalarda müəyyən olunur ki, cavabdeh üzərinə düşən öhdəliyi icra edə bilməyərək iddiaçını öhdəliyinə götürdüyü boru həcm miqdarı ilə təmin edə bilməmiş, bunun başlıca səbəbləri izolasiya işlərinin icra edilə bilməsi üçün boruların izolyasiyaya qədər montaj, boya, istilik kabellərinin çəkilməsi və s. kimi işlərinin tamamlana bilməməsi olmuşdur.
29. Tərəflər arasındakı e-mail yazışmalarını işin faktiki halları ilə birlikdə qiymətləndirən kollegiya hesab etmişdir ki, cavabdeh tərəfindən vaxtında boruların izolyasiya edilməsi üçün tam hazır vəziyyətdə təhvil verilməməsi sahədə montaj işlərini mümkünsüz edərək işlərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində gecikdiyi sübuta yetirilmişdir. Bu səbəbdən müqavilədə nəzərdə tutulmayan xərclər yaranmışdır.
30. Başqa sözlə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır.
31. Məhkəmə nəzərə almışdır ki, iddiaçı tərəfindən cavabdeh ilə razılaşdırılmış və təsdiq edilmiş iş qrafikinə və planına uyğun olaraq qiymət təklif olunmuş, yəni işlərin 4 ay müddətində hansı xərclərlə görüləcəyi nəzərə alınaraq qiymət təklifi verilmişdir. Ancaq işin müəyyən olunmuş hallarından görünür ki, işin həcmi artmasa da, cavabdehin öhdəliyini lazımi qaydada icra etməməsinə görə işin görülmə müddəti artmış və qiymət təklif edilərkən nəzərdə tutulmayan (tutulması mümkün olmayan) xərclər yaranmışdır.
32. Kollegiya eyni zamanda qeyd edir ki, 2021-ci il # ######## tarixli * saylı əlavə, 2021-ci il # ####### tarixli * saylı əlavə, 2021-ci il ## ###### tarixli * saylı əlavə, 2022ci il ## #### tarixli * saylı əlavə, 2022-ci il ## ##### tarixli * saylı əlavə, 2022-ci il # #### tarixli * saylı əlavə, 2022-ci il # ###### tarixli ** saylı əlavələrin predmet hissəsindən də göründüyü kimi, bu əlavə müqavilələr ilkin müqavilə üzrə görülməsi nəzərdə tutulmayan əlavə işlərlə bağlı tərtib edilməmişdir. Yəni əlavələrlə əsas müqavilə bağlanarkən ilkin olaraq razılaşdırılmış işin həcmi dəyişdirilməmiş, yalnız izolyasiya qalınlıqları və onların qiymətləri təkrarən müəyyən edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əlavə müqavilələrin heç birində müddətlə bağlı heç bir razılaşma olmamış, əksinə bütün əlavələrdə ilkin müqavilə üzrə bütün şərtlərin qüvvədə qalması göstərilmişdir.
33. Kollegiya cavabdehin müqavilənin 6.9 və 11.3-cü bəndlərinə istinad edərək iddiaçının 7 gün müddətində yazılı məlumat verilmədiyindən kompensasiya almaq hüququnu itirməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən yazışmalardan görünür ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş və iş qrafikində olan dəyişikliklərlə bağlı cavabdehi mütəmadi olaraq məlumatlandırmışdır. Həmçinin cavabdehin əməkdaşları tərəfindən işlərin qrafikdə dəyişiklərin olması barədə məlumatlarının olduğu bildirilmişdir.
34. Kollegiya eyni zamanda cavabdehin iddiaçı tərəfindən zərərə düşdüyü halda müqavilə üzrə öhdəliyini icra etməyərək müqaviləyə xitam verməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmək üçün kifayət qədər hazırlıqlar görmüş, icarəyə anbar götürmüş, avadanlıqlar almışdır. Belə olan halda iddiaçının cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə bağlı vaxtından əvvəl müqaviləyə xitam verməsi onun daha çox zərər görməsinə səbəb olacaqdır. Kollegiya qeyd edir ki, iddiaçının müqaviləyə xitam verməməsi onu dəymiş zərəri tələb etmək hüququndan məhrum etmir.
35. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır və iddiaçıya dəymiş zərər məhz iş materiallarına əlavə edilmiş sübutlar (elektron qaimə, ödəniş tapşırığı və s.) əsas götürülməklə hesablanmalıdır.
36. Kollegiya onu da qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə olan halda, icarə haqqına görə 33.000 manat, servis xidmətinə görə 31.058,02 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda 2021-ci ilin sentyabr ayından işçilərə ödənilmiş əmək haqqının əvəzi olaraq 294.724,21 manat və işçilərə görə dövlət büdcəsinə ödənilmiş Məcburi Dövlət Sosial Sığorta haqlarının əvəzi olaraq 78.800 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
37. Məhkəmə gəldiyi nəticəni MM-in 21, 404, 425, 443.1, 443.2, 448.2, 560.1 və 560.2-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
38. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilərək, yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
39. MM-in 404.1-ci maddəsi üzrə - müqaviləyə edilən əlavə razılaşmalarda subsubpodratçının (iddiaçı) subpodratçını (cavabdeh) həmin əlavələrdə göstərilən əlavə xidmətlərlə təmin etdiyi aşkar şəkildə qeyd olunmasına baxmayaraq, məhkəmə həmin halı nəzərə almamış, əksinə əlavə xidmətlərin görüldüyü bütün müddəti ilkin xidmət üzrə görülmüş müddət hesab etmiş, həmçinin əlavə xidmətləri ilkin xidmətin tərkibi hesab etmiş və layihənin icrasının gecikdirildiyi qənaətinə gəlmişdir. MM-in 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
40. MM-in 1091-ci maddəsi üzrə - F.Qəbilov ilə iddiaçı arasında bağlanmış 2021-ci il # #### tarixli müqavilənin 1.1-ci bəndində sürücü xidmətlərinin göstərilməsi nəzərdə tutulsa da, həmin xidmətlərin məhz cavabdehlə bağlanmış müqavilənin icrası çərçivəsində işçilərin daşınmasına aid olub-olmaması müəyyən edilməmişdir. Daşınma xərclərinin cavabdehdən tutulması əsassızdır. Həmçinin həmin xərclər layihələrin ümumi dəyərinə daxil olduğundan və ayrıca daşınma xərclərinin tutulacağı barədə cavabdehə əvvəlcədən məlumat verilmədiyindən onların ayrıca tələb edilməsi qanunsuzdur. MM-in 1091-ci maddəsinin tələbləri baxımından belə tələbin təmin edilməsi iddiaçının əsassız varlanmasına səbəb olardı. Bundan əlavə, daşıma və icarə xərcləri üzrə ödənişlərin həyata keçirilməsini təsdiq edən ödəniş tapşırıqları təqdim olunmamış, iş materiallarında yalnız elektron qaimələr mövcud olmuşdur ki, onlar da ödəniş faktını təsdiq etmir və birinci instansiya məhkəməsində sübut kimi təqdim edilmələrinin səbəbi araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsi və təqdim olunmuş elektron qaimələr üzrə ödənişlərin faktiki həyata keçirilib-keçirilmədiyini müəyyən etməmiş, hətta belə ödənişlərin mövcudluğu halda belə, həmin xərclərin layihələrin ümumi dəyərinə daxil olması səbəbindən onların əlavə olaraq cavabdehdən tutulmasının qanunsuz olması məsələsinə hüquqi qiymət verməmişdir.
41. MPM-in 14.2, 78.1 və 361.4-cü maddələri üzrə - məhkəmə birinci instansiya məhkəməsində sübut qismində təqdim edilməyən yazışmalara istinad edərək cavabdehin layihənin icrasını gecikdirməsi qənaətinə gəlmişdir. MPM-in 361.4-cü maddəsinə əsasən, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Lakin məhkəmə “e-mail” yazışmalarının nəyə görə birinci instansiya məhkəməsində təqdim edilmədiyini araşdırmamış, əksinə qanunvericiliyin tələblərini pozaraq layihənin icrasının cavabdeh tərəfindən gecikdirildiyini hesab etmişdir. Müqaviləyə sonradan bir neçə əlavə razılaşmalar imzalanmış və əlavə işlər görülmüşdür. Həmin işlərin müzakirəsi ilə bağlı da iddiaçı ilə “e-mail” yazışmaları aparılmış, lakin məhkəmə qeyd edilən e-mail yazışmalarını icra olunmuş ilk layihə ilə əlaqələndirmişdir. Halbuki həmin “e-mail” yazışmaları yuxarıda istinad olunan normaya əsasən ümumiyyətlə sübut kimi qəbul edilməməli idi.
42. MPM-in 88-ci maddəsi üzrə - cavabdehlə bağlanmış 2021-ci il ## ###### tarixli, AZF-****-*** saylı müqavilənin 5.1, 39.1 və 39.2-ci bəndlərinə əsasən işlərin başlanması və icrası subpodratçı (cavabdeh) tərəfindən razılaşdırılmış qrafiklə müəyyən edilmiş, işlərin icrasına başlanma müqavilənin qüvvəyə mindiyi tarixlə bağlı olmamışdır. Iş materiallarında olan e-mail yazışmaları və qəbul aktları ilə müəyyən olunur ki, işlərin icrası üçün zəruri materiallar 2021-ci il ## ### tarixində təqdim olunmuş, işlərin təhvil verilməsi 2021-ci il # #### –2021-ci il ## #### tarixli aktla təsdiqlənmişdir. Eyni zamanda 2021-ci il ## ###### və 2021-ci il # ##### tarixli e-mail yazışmalarından layihəyə giriş icazələri və sənədləşmənin mərhələli şəkildə iddiaçı tərəfindən təmin edildiyi, yalnız 6 işçi üzrə sənədlərin təqdim olunduğu müəyyən edilir. Bu da gecikmənin cavabdehdən deyil, iddiaçıdan asılı olduğunu göstərir. Müqavilənin qüvvədə olma müddəti 2021-ci il ## ###### –2021-ci il ## ###### tarixləri arasında müəyyən edildiyindən iddiaçının 4 aylıq müddətə istinadı əsassızdır. Boşdayanma və əmək haqqı tələbləri üzrə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60 və 169cu maddələrinin tələbləri, işçilərin faktiki iştirakı və ödənişlərin konkret layihəyə aidliyi tam və obyektiv araşdırılmadan, sübutlar düzgün qiymətləndirilmədən cavabdehin məsuliyyətə cəlb edilməsi qanunvericiliyə zidd olmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
43. Iddiaçı kassasiya etiraz təqdim edərək, onun təmin olunmamasını və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
44. Etiraz onunla əsaslandırılmışdır ki, kassatorun MM-in 404.1-ci maddəsinə istinadla əlavə xidmətlərə dair dəlilləri məhkəmələr tərəfindən hərtərəfli araşdırılmışdır. Iddiaçı tərəfindən işlərin müqaviləyə uyğun icra edildiyi, gecikmələrin isə sifarişçi öhdəliklərinin pozulmasından yarandığı müəyyən edilmişdir. Iş üzrə faktiki hallar məhkəmə tərəfindən düzgün araşdırılaraq hüquqi qiymət verilmiş, cavabdehin dəlilləri formal və əsassız olmuşdur.
Kassasiya baxışının hədləri
45. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunduğu hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qismən olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ...”
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti ... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. ...”
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
49. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə qismən - dəymiş zərərin əvəzi qismində 437.582,23 manat pulun tutulması hissəsində dəyişdirilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsində 437.582,23 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
51. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin dəymiş zərərin əvəzinin tutulması hissəsi üzrə gəldiyi nəticə ilə razılaşmır.
52. Belə ki, iddiaçı və cavabdeh arasında 2021-ci il ## ###### tarixli AZF-****-*** saylı sub-subpodrat müqaviləsi bağlanmışdır. Lakin bundan sonra həmin müqaviləyə 1, 2 və * saylı əlavələr, daha sonra isə 2021-ci il # ######## tarixində * saylı, 2021-ci il # ####### tarixində * saylı, 2021-ci il ## ###### tarixində * saylı, 2022-ci il ## #### tarixində * saylı, 2022-ci il ## ##### tarixində * saylı, 2022-ci il # #### tarixində * saylı və 2022-ci il # ###### tarixində ** saylı əlavələr bağlanmışdır.
53. Beləliklə müqaviləyə yuxarıda göstərilən əlavələrin edilməsi ilə iddiaçının özü də öhdəliyin icra müddətinin uzanmasına şərait yaratmışdır. Həmçinin, müqaviləyə edilən əlavə razılaşmalarda sub-subpodratçının (iddiaçı) subpodratçını (cavabdeh) həmin əlavələrdə göstərilən əlavə xidmətlərlə təmin etdiyi aşkar şəkildə qeyd olunmasına baxmayaraq, aşağı instansiya məhkəməsi həmin halı nəzərə almamış, əksinə olaraq, əlavə xidmətlərin görüldüyü bütün müddəti ilkin xidmət üzrə görülmüş müddət hesab etmiş, bununla yanaşı əlavə xidmətləri ilkin xidmətin tərkibi hesab edərək layihənin icrasının yalnız cavabdeh tərəfindən gecikdirildiyi qənaətinə gəlmişdir. Halbuki, MM-in 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
54. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli zamanı MMin 21-ci maddəsinin tələbləri düzgün tətbiq olunmamış, zərərin müəyyən edilməsi və onun həcmi iş üzrə mövcud hallara uyğun şəkildə qiymətləndirilməmişdir.
55. Əvvəla, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MMin 21.2-ci maddəsi).
56. MM-in 21.3-cü maddəsinə görə isə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
57. Göründüyü kimi, zərər hüququ pozulmuş şəxsin real itkilərini və əldən çıxmış faydasını əhatə edir, onun əvəzinin ödənilməsi isə yalnız həmin zərərin mövcudluğu və həcmi sübut olunduğu halda həyata keçirilir. Bu norma zərərin kompensasiya xarakterini təsbit edir və zərərin iqtisadi mahiyyət etibarilə ədalətli və balanslı şəkildə müəyyən olunmasını tələb edir.
58. MM-in öhdəliyin hər iki tərəfin təqsiri üzündən pozulmasının nəticələri ilə bağlı 458.1-ci maddəsinə görə də əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
59. Iş materiallarının təhlili göstərir ki, mübahisə üzrə yaranmış zərər yalnız cavabdehin hərəkətləri ilə deyil, həm də iddiaçının müqavilənin icrası prosesində həyata keçirdiyi təşkilati fəaliyyət, resursların idarə olunması və layihənin icrası ilə bağlı risklərin bölüşdürülməsi çərçivəsində formalaşmışdır. Belə ki, zərərin yaranmasına səbəb olan hallar hər iki tərəfin müqavilə münasibətləri çərçivəsindəki davranışları ilə bağlı olmuşdur.
60. Apellyasiya instansiyası məhkəməsi isə zərəri yalnız cavabdehə aid etməklə MM-in 21 və 458.1-ci maddələrindəki qaydaları nəzərə almamış, zərərin formalaşmasında tərəflərin davranışlarından irəli gələn qarşılıqlı məsuliyyəti qiymətləndirməmişdir.
61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, zərərin yaranmasında tərəflərin qarşılıqlı məsuliyyəti mövcud olduğundan, iddiaçı da əmələ gəlmiş zərərin artmasına şərait yaratdığından, MM-in 21 və 458.1-ci maddələrinin məqsəd və məzmununa uyğun olaraq zərərin bölüşdürülməsi qaydası mütənasib formada tətbiq edilməli, cavabdehin məsuliyyəti qət olunmuş zərərin məbləğinin yarısı həcmində müəyyən edilməlidir.
62. Beləliklə, mübahisələndirilən qətnamə dəymiş zərərin əvəzi qismində 437.582,23 manat pulun tutulması hissəsində dəyişdirilməli və qətnamə ilə müəyyən edilmiş bu zərərin yarısı, yəni 218.791,11 manat hissəsi cavabdehin üzərinə qoyulmalıdır.
63. MPM-nin 417.1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya qismən şikayəti təmin olunmalı və apellyasiya məhkəməsinin qətnaməsi qismən - dəymiş zərərin əvəzi qismində 437.582,23 manat pulun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 218.791,11 manat müəyyən edilməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən - dəymiş zərərin əvəzi qismində 437.582,23 manat pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən dəymiş zərərin əvəzi qismində iddiaçının xeyrinə 218.791,11 manat pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.