Məhkəmə qərarları › İş №2-2(1-8)-178/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-178/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-178/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, subpodratçı podratçının tapşırığı ilə, özünün və (və ya) podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işə salma və sair işləri (bundan sonra “işlər” adlandırılacaq) həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi, podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdələrinə götürmüşlər; - 1.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla, bütün sənəd və materialların siyahısından ibarət olur; - 5.1-ci bəndinə əsasən, işlərin qiyməti əlavə ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır; - 5.2-ci bəndinə əsasən, işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır; - 6.1-ci bəndinə əsasən, işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən * saylı formanın təqdim olunması ilə təsdiq edilir; - 6.2-ci bəndinə əsasən, podratçı, subpodratçı ona işləri tam yerinə yetirilməsi haqqında rəsmi sənəd verəndən sonra 15 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina qəbul edilməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır; - 6.3-cü bəndinə əsasən, tikinti obyektinin tam hazır şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə görə subpodratçının üzərinə düşür. Subpodratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli və texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməlidir; - 11.5-ci bəndinə əsasən, müqavilədə, əlavələrində sadalanan bütün bəndlər və müqavilənin bütünlükdə və ayrı-ayrılıqda tələblərinə riayət olunmaması və ya düzgün icra edilməməsi müqavilənin bir tərəfli qaydada xitamı üçün əsasdır və subpodratçının müqavilənin ümumi dəyərinin 10% miqdarında cərimələnməsi ilə nəticələnməsi subpodratçı tərəfindən akseptsiz qaydada qəbul edilir.

2. 2024-cü il # ######## tarixində podratçı İddiaçı MMC tərəfindən subpodratçı Cavabdeh MMC-yə ünvanlanan 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsi üzrə xitam bildirişində qeyd olunmuşdur ki, “2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsi, onun 2024-cü il # #### tarixli əlavəsi, həmçinin müqavilə və əlavələrindən irəli gələn bütün tələblər və öhdəliklərə qeyd olunan müqavilə üzrə tələblərə tərəfinizdən riayət edilməyərək, müqaviləni vaxtında və lazımi qaydada icra etmədiyiniz üçün 2024-cü il # ######## tarixindən xitam verilir. Texniki olaraq müqaviləyə xitam verilməsi səbəbindən müqavilə üzrə öhdəliklər və münasibətləri davam etdirə bilməyəcəyimizi nəzərə almağınızı və gələcəkdə tərəfdaşlığımızın bərpa edilməsi üçün danışıqlar aparılması məqsədə müvafiqdir. Bildiriş alındığı gündən 5 gün ərzində 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli müqavilə üzrə hər hansı tələb və öhdəlik qalığı rəsmi şəkildə bizə təqdim edilmədikdə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı maddi və s. tələb öhdəliklərinin olmaması bildirilir”.

3. 2024-cü il ## ######## tarixində saat 6:43-də “elektron ünvan 1” e-mail ünvanından “mahammadali.hüelektron ünvan 2” e-mail ünvanına göndərilən cavab məktubunda bildirilmişdir ki, “forma 2 sənədi incələndi. Sahədəki mövcud vəziyyətə uyğun olmayan işlər aşkarlandı. Sözügedən həcmləri qırmızı işarələyərək qoşmaya əlavə etdik. Zəhmət olmasa işarələnmiş həcmləri düzəliş edib göndərəsiniz”.

4. 2024-cü il ## ######## tarixində saat 4:00-da “mahammadali.hüseynov @xxxx.com.az” e-mail ünvanından “elektron ünvan 1” e-mail ünvanına göndərilən məktubda bildirilmişdir ki, “iş həcmləri mövcud vəziyyətə uyğun yeniləndi, əlavədə sizə göndərirəm. Cədvəldə qırmızı rənglə işarələnmiş həcmlərdə armatur və qəlib işləri görülmüş, amma beton verilməmişdir”.

5. 2024-cü il ## ######## tarixində saat 6:51-də “elektron ünvan 1” e-mail ünvanından “mahammadali.hüelektron ünvan 2” e-mail ünvanına göndərilən cavab məktubunda bildirilmişdir ki, “iş həcmləri mövcud vəziyyətə uyğun yeniləndi, əlavədə sizə göndərirəm. Göndərmiş olduğunuz Forma 2 incələndi. Təəssüflər olsun ki, sahədəki mövcud vəziyyətdə olmayan iş həcmləri qeyd edilmişdir. Excel faylı mövcud vəziyyətə uyğun revizə edərək qoşmaya əlavə edirəm: göndərmiş olduğunuz son forma 2 sənədi - 662.828,00 manat, mövcud sahədəki iş həcmlərinə revizə edildiyi zaman - 449.942,94 manat”.

6. 2025-ci il ## #### tarixli ödəniş tapşırıqlarına əsasən 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən 65.000 manat və 60.000 manat məbləğlərində olmaqla, ümumilikdə 125.000 manat pul Cavabdeh MMCnin bank hesabına köçürülmüşdür.

7. İddiaçı MMC-nin Cavabdeh MMC-yə ünvanladığı pretenziya məktubunda sonuncu tərəfindən subpodrat müqaviləsinin şərtlərinə əməl edilmədən öhdəliyinə götürülən işlərin görülmədiyi, 2024-cü ilin avqust ayından tikinti meydançasından çıxdığı və həmin tarixdən hər hansı iş görülmədiyi bildirilərək, 3 gün ərzində bağlanmış müqavilənin qarşılıqlı razılıq əsasında ləğv etmək, ödənilmiş 400.404 manat, materiallara görə ödənilməli olan 450.556 manat pulun ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehə ödənilmiş 400.404 manat və verilmiş materiallara görə ödənilməli olan 450.556 manat pulun, həmçinin 1.141 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsi ilə cavabdeh müqavilənin 1.1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş tikinti və əlaqədar işləri vaxtında, norma və standartlara uyğun yerinə yetirməyi, iddiaçı isə görülmüş işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin faktiki olaraq subpodratçı müqavilə öhdəliklərini pozaraq işləri yerinə yetirməmiş, material təminatı üzrə öhdəliklərini icra etməmiş, əksinə beton və armatur iddiaçı tərəfindən təmin olunmuşdur. Görülmüş işlər təhvil-təslim aktları və forma 2 sənədləri ilə rəsmiləşdirilməmiş, yalnız 2024-cü il # ###### tarixində təqdim edilmiş elektron qaimə isə müqavilənin 6.1 və 6.2-ci bəndlərinin tələblərinə uyğun olmadığından əsaslı olaraq geri qaytarılmışdır. Bununla yanaşı müqavilənin 6.3 və 6.4cü bəndləri üzrə subpodratçının üzərinə düşən məsuliyyətlər də yerinə yetirilməmişdir. Nəticədə görülməmiş və keyfiyyətsiz işlər, eləcə də əsassız ödəniş tələbləri səbəbindən iddiaçı tərəfindən ödənilmiş 260.404 manat nağd, 140.000 manat bank köçürməsi və təqdim olunmuş 450.556 manat dəyərində materialların əvəzi olaraq ümumilikdə vurulmuş ziyanın ödənilməsi zərurəti yaranmışdır. Əlavə olaraq cavabdehin əsassız əmək haqqı tələbləri, şantaj xarakterli hərəkətləri və təqdim olunmuş materialların yararsız hala salınması ilə iddiaçıya külli miqdarda maddi ziyan vurulmuşdur.

10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddianın qismən, yəni 2024cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsinin vaxtından əvvəl ləğv olunması hissəsində təmin, qalan hissədə isə rədd olunmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar reallığı əks etdirmədiyindən, qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 2024-cü il ## #### tarixli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə ilə cavabdeh razılaşdırılmış işləri görməyi, iddiaçı isə bunun əvəzində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müəyyən işlər görülmüş, lakin formal əsaslarla iddiaçı həmin işləri təhvil almaqdan və ödəniş etməkdən yayınmışdır. Iddia ərizəsində iddiaçı bəzi materiallara görə ödənilmiş vəsaiti cavabdehdən tələb etməkdədir. Lakin nəzərə alınmalıdır ki, həmin materiallar cavabdeh tərəfindən hər hansı şəxsi və ya digər layihələr üzrə istifadə edilməmişdir. Həmin materiallar məhz müqavilə üzrə razılaşdırılmış layihənin icrası üçün istifadə olunmuşdur. Buna görə də həmin vəsaitin geri tələb edilməsi tam əsassızdır. Bundan başqa, əgər cavabdeh tərəfindən heç bir iş görülməmişdirsə, iddiaçının hansı səbəbdən ödənişlərə davam etdiyi sual olunur. Iddiaçı tərəfindən ödənişlər edilmədiyindən, cavabdeh ağır vəziyyətlə üzləşmiş, bir çox şirkətlərə borcu yaranmış, işçilərin əmək haqlarının ödənilməsi mümkün olmamışdır. Bu səbəbdən də cavabdehin Şirvan Kommersiya Məhkəməsində çox saylı məhkəmə işləri vardır. Buna baxmayaraq, iddiaçı öz müqavilə öhdəliklərindən yayınmaq üçün hazırkı iddianı qaldırmışdır. Cavabdeh tərəfindən görülmüş işlər ərazidən olan şəkillərlə də asanlıqla sübuta yetirilməkdədir. Uzun müddət davam edən münasibətlər, edilmiş ödənişlər də tərəflər arasında etibarlı mülki hüquq münasibətlərinin yarandığını göstərmişdir. 2024-cü il ## #### tarixli AG-SPQ-Z- **/** nömrəli subpodrat müqaviləsinin ləğv olunmasına tərəflərindən heç bir etiraz edilməməkdədir, lakin bu ləğv iddiaçı tərəfindən öz müqavilə öhdəlikləri tam icra edildikdən sonra olmalıdır.

12. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli müqaviləyə əsasən, cavabdehdən 461.404 manat pul və ödənilmiş 751,40 manat dövlət rüsumu olmaqla, cəmi 462.155,40 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, iddiaçı tərəfindən artıq ödənilmiş 389,60 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmişdir (hakim – Z.Abbasov).

13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mövcud olmuş podrat (subpodrat) müqaviləsinə dair münasibətləri tənzimləyən normaların tələblərinə və sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinə dair qaydalara əsasən, podrat müqaviləsi üzrə muzdun ödənilməsini sübut etmək öhdəliyi sifarişçinin, görülən işlərin həcmini, eləcə də görülən işlərin nəticəsinin təhvil verilməsini sübut etmək öhdəliyi podratçının üzərinə düşür.

14. Podrat münasibətlərinin hüquqi mahiyyətini sifarişçinin sifarişi əsasında podratçı tərəfindən şərtləşdirilmiş işlərin görülməsi və görülən işin nəticəsinin sifarişçiyə təqdim (təhvil verilməsi) olunması təşkil edir. Göründüyü kimi, podrat üzrə hüquq münasibətlərinin ən vacib xüsusiyyəti görülən işin nəticəsinin podratçı tərəfindən sifarişçiyə təqdim edilməsidir. Görülən işlərə görə muzdun ödənilməsi isə sifarişçinin əsas öhdəliyini təşkil edir.

15. Məhkəmə ilk olaraq iddiaçının pul tələbinin əsaslılığı ilə bağlı qeyd etmişdir ki, baxılan işdə iddiaçı tərəfindən subpodrat müqaviləsi üzrə cavabdehə 400.404 manat pul vəsaitinin verilməsi, həmçinin iddiaçı tərəfindən cavabdehə 61.000 manat dəyərində mal təhvil verilməsi işdə olan mötəbər dəlillərlə tam sübut olunan faktlar olması etibarı ilə işin mübahisəsiz hallarını təşkil etmişdir. Belə ki, işdə olan sənədlərlə həmin hal öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən də məhkəməyə təqdim edilmiş etiraz ərizəsində iddiaçı tərəfindən qeyd olunan məbləğlərdə pul və malların verilməsi mübahisələndirilməmiş, bu faktları təkzib edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı ümumilikdə cavabdehə 450.556 manat dəyərində mal-material təhvil verdiyini iddia etsə də, 61.000 manat dəyərində malların təhvil verilməsi faktını mötəbər dəlillərlə sübut edə bilmişdir. Buna görə də iddia tələbi qalan məbləğdə mal-materialın dəyərinin geri qaytarılması hissəsində əsassız olmuşdur.

16. Məhkəmə, cavabdehin etirazının əsası kimi istinad etdiyi halların təhlilini apararaq bu nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh iddia tələbini qəbul etməyərək müqavilə ilə razılaşdırılmış işlərin onun tərəfindən görüldüyünü bildirmişdir. Lakin cavabdeh subpodrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin görülməsinə və görülən işlərin nəticəsinin sifarişçiyə təqdim edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə görə, tikinti obyektinin tam hazır şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyətin subpodratçının üzərinə düşməsi nəzərdə tutulmuşdur. Müqavilədə görülən işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulunun tərəflərin görülən işlərin təhvil-təslim aktını imzalaması və subpodratçı tərəfindən * nömrəli formanın təqdim edilməsi ilə təsdiq olunması razılaşdırılmışdır. Yuxarıda şərh olunduğu kimi, podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərinə görə də, podrat münasibətlərində podratçının (subpodratçının) əsas vəzifəsi (öhdəliyi) şərtləşdirilmiş işlərin görülməsi və görülən işin nəticəsinin sifarişçiyə təqdim (təhvil verilməsi) edilməsindən ibarətdir. Lakin qeyd olunduğu kimi, cavabdeh tərəfindən həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

17. Beləliklə iddiaçı subpodrat müqaviləsi üzrə cavabdehə müəyyən məbləğdə pul və mal-material versə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də iddiaçının artıq ödənilmiş muzdun və verilmiş mal-materialın dəyərinin geri tələb edilməsinə dair iddiası qanuni və əsaslı olmuşdur.

18. Məhkəmə, iddia tələbini müqavilənin vaxtından əvvəl ləğv olunması hissəsində əsassız hesab edərək bildirmişdir ki, Mülki Məcəllənin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

19. Konstitusiya Məhkəməsinin Plenumu Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”

20. Beləliklə, məhkəmə hazırkı iş üzrə qanunvericilik normalarının tələblərinə və Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən müqavilədən, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğuna görə imtina etmək üçün hüquqi əsas yaranmış və iddiaçı həmin hüququnu müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə bildirməklə həyata keçirmişdir. Işin halları ilə tərəflər arasında podrat (subpodrat) münasibətlərinə faktiki olaraq da xitam verilməsi müəyyən edildiyinə görə, artıq tərəflər arasında müqaviləyə məhkəmədən kənar qaydada xitam verilmişdir. Buna görə də məhkəmə iddianın həmin hissədə təmin edilməsinin yolverilməz olması qənaətinə gəlmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 439.4, 442, 447.1, 752.1, 759.2, 762.1, 762.2, 767.2, 770, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilmiş kassa məxaric orderlərində adı qeyd olunan və iddiaçı tərəfindən cavabdehin işçisi kimi təqdim olunan Şahid Sərdar oğlu apellyasiya baxışı zamanı sübutun mötəbərliyinin yoxlanılması məqsədilə şahid qismində dindirilmişdir. Şahid ifadəsində bildirmişdir ki, “hazırda Qubadlı rayonu Zilanlı kəndində “xxxx” MMC-də direktor vəzifəsində işləyir. Bundan öncə fərdi sahibkar kimi fəaliyyəti olmuş və cavabdehlə müqavilə bağlamışdır. Müqavilənin predmetini Qubadlı rayonu Zilanlı kəndində dəmir-qəlib beton işlərinin tərəfindən görülməsi təşkil edirdi. Xidmət haqqı olaraq müqavilənin dəyəri vahid qiymətlə qiymətləndirilmiş, 98.765 manat dəyərində forma 2 tərtib olunmuşdu. Forma 2 sənədi sahə mühəndisləri ilə bərabər tərtib edilmişdi. Sahə mühəndislərinə cavabdehin sahə mühəndisi Ixtiyar adlı şəxs daxil idi, lakin iddiaçı şirkətdən heç kim yox idi. Ixtiyar adlı şəxs görülən işlərlə bağlı forma 2 aktları tərtib etmişdir. Müqavilə 2024-cü ilin avqust ayının əvvəlləri bağlanmış, 1 ay müddətində (avqustun axırınadək) iş gürülmüşdür. Cavabdeh və iddiaçı arasında problem yarandığından, pullar ona ödənilmədi. Pulun ödənilməməsi iddiaçı tərəfindən pulun verməməsi ilə əlaqələndirilirdi. Lakin bir dəfə pul paylandı. Bir dəfə 100.000 manat, bir dəfə də 50.000 manat pul paylanmışdı. Lakin o puldan ona verilməmişdir. Təxmini sentyabr ayından o pullar hissə-hissə ödənilmişdir. Pul ödənilmədiyindən, işlərin görülməsi dayandırılmışdır. Cavabdehin sifarişi əsasında bu işlərin görülməsi nəzərdə tutulsa da, sonradan işlərin görülməsi ilə bağlı ödənişi iddiaçı tərəfindən birbaşa ona ödəmişdir. Imzası olan kassa məxaric orderləri cavabdeh ilə bağlanmış müqavilə üzrə tərəfindən yerinə yetirilmiş işlərə görə bilavasitə onun özünə ödənmiş pullardır. Hətta müqavilə üzrə yerinə yetirdiyi işlərə görə cavabdehin ona 30.000 manatdan yuxarı ödəməli olduğu pul qalmışdır”.

24. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir (sədrlik edən hakim – Q.Əliyev, hakimlər – T.Kərimov və C.Imanov).

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə podratın qüsurlu icra olunması nəticəsində qüsurların aradan qaldırılması üçün zərərin ödənilməsi ilə bağlı deyil, podratın ümumiyyətlə icra edilməməsi səbəbindən müqavilədən sifarişçinin birtərəfli qaydada imtinası və ödənilmiş pul vəsaitlərinin və verilmiş materialların dəyərinin ödənilməsi ilə bağlı olmuşdur. Hazırkı mübahisə tərəflər arasında bağlanmış subpodrat müqaviləsindən irəli gəlmiş, müqavilədə tərəflər podratçı və subpodratçı adlandırılmış, subpodratçıya münasibətdə podratçı sifarişçi hüquqlarından çıxış etmişdir.

26. Podrat müqaviləsinin ləğv edilməsi ilə bağlı mübahisələr MM-in ümumi normaları olan 421-424-cü maddələri ilə deyil, xüsusi normaları olan 759-760-cı maddələrinə uyğun həll olunmalıdır. MM-in 759-cu maddəsi sifarişçinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi, 760-cı maddəsi isə podratçı tərəfindən müqavilənin ləğv olunması ilə bağlı məsələləri tənzimləyir. Sifarişçinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur. Birinci əsas hər hansı hallarla şərtləndirilməmiş və sifarişçi istənilən vaxt müqavilədən imtina edə bilər. Bununla bağlı qeyd edilir ki, müqavilədən birtərəfli qaydada imtina hüququ MM-in 421.3-cü maddəsində də müəyyən edilmişdir. Belə ki, həmin normaya əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin, MM-in 430-cu maddəsində müəyyən edilir ki, MM-ə və ya müqaviləyə əsasən öhdəliyin icrasından birtərəfli imtinaya yol verilir. Odur ki, sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Müqavilənin ləğv edilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəblə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə isə MM-in 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Eyni zamanda, sifarişçi belə hallara istinad edərək müqaviləni ləğv etdikdə həmin halların sübutetmə vəzifəsi onun üzərinə düşür.

27. Işin faktiki halları ilə müəyyən olunmuşdur ki, subpodrat müqaviləsinin icrasından sifarişçi olaraq iddiaçı 2024-cü il # ######## tarixindən birtərəfli qaydada imtina edərək müqaviləyə xitam vermiş və bu barədə subpodratçıya 2024-cü il # ######## tarixli xitam bildirişi göndərmişdir. Müqaviləyə birtərəfli qaydada xitam verilməsinin əsası kimi müqavilə tələblərinə subpodratçı tərəfindən riayət edilməməsi, müqavilənin vaxtında və lazımi şəkildə icra etməməsi göstərilmişdir.

28. Qeyd olunmalıdır ki, subpodratçı tərəfindən müqavilə tələblərinə riayət edilməməsi, müqavilənin vaxtında və lazımi şəkildə icra etməməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut verilməmişdir. Əksinə müqavilə münasibətlərinə birtərəfli qaydada iddiaçı tərəfindən xitam verildiyi 2024-cü il # ######## tarixindən sonra, tərəflər arasında e-mail üzərindən aparılan yazışmalarla işlərin təhviltəsliminə dair forma 2 sənədlərinin incələnməsi aparılmış, aparılan yazışmalar yekun forma 2 sənədinin təsdiqlənməsi ilə nəticələnməsə də, 2025-ci il ## #### tarixində rəsmi ödəniş tapşırığı ilə iddiaçı tərəfindən həmin müqavilə üzrə subpodratçıya 65.000 manat və 60.000 manat olmaqla, 125.000 manat məbləğində ödəniş edilmişdir.

29. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, işlər üzrə hesablaşmanın işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılmalı olmasına baxmayaraq, hazırda iddiaçı bilavasitə cavabdeh təşkilata aidiyyətinin olmasını sübuta yetirə bilmədiyi, müqaviləyə birtərəfli qaydada xitam verdiyi 2024-cü il # ######## tarixindən sonrakı dövrlərə aid imzalı və imzasız kassa məxaric orderlərinə əsasən nağd ödədiyi, fiziki şəxslərə aid bank hesablarına köçürdüyü pul vəsaitini cavabdehdən tələb etmişdir. Hətta həmin ödənişlərin dolayısı ilə cavabdehə aid olduğu sübuta yetirilmiş olsa belə, iddiaçının bildirdiyi kimi müqavilə üzrə hər hansı bir iş görülməmişdirsə, yaxud keyfiyyətli görülməmişdirsə, davamlı ödənişlərin edilməsi məntiqə uyğun olmamışdır.

30. MM-in 762.1-ci maddəsinə əsasən, podratçı podratın nəticəsinin qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad şəkildə icra etmək vəzifəsini daşıyır. Podratın nəticəsinin qüsurlu olması dedikdə, işin nəticələrini pisləşdirən müqaviləyə uyğunsuzluqların və ya digər çatışmazlıqların olması, işin nəticəsinin müqavilədə nəzərdə tutulmuş istifadə və ya adi istifadə üçün tam və yaxud qismən yararsız olması, işin nəticəsinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydalara uyğun olmaması və podratın nəticəsindən təyinatı üzrə istifadəyə maneə törədən digər hallar başa düşülür. Podratın nəticəsi qüsurlu hesab edildiyi halda MM-in 763-766-cı maddələrində sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Həmin normaların tələbləri baxımından, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi ilə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun.

31. Bu baxımdan, qeyd edilmişdir ki, sifarişçi qüsurların aradan qaldırılması ilə bağlı podratçıya əlavə vaxt verməyərək qüsuru özü aradan qaldırdığı hallarda çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək və ya müqavilədən imtina etmək və yaxud muzdun miqdarının azaldılmasını tələb etmək hüquqlarını itirmiş olur.

32. Podratın nəticələrinin qüsurlu olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Hətta təqdim edilmiş olsa belə, iş materialları ilə sifarişçinin podratçıdan əlavə icranı tələb etməsi və podratçı tərəfindən əlavə icranın yerinə yetirilməməsinə dair hər hansı hal müəyyən olunmamışdır.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 421.1, 421.3, 430.2, 442, 560.1, 752.1, 759.1, 762.2, 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarına, MPM-in 4.1, 14.2, 76.1 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın isə təmin olunaraq cavabdehdən 461.404 manat pul və ödənilmiş 751,40 manat dövlət rüsumu olmaqla, cəmi 462.155,40 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

35. Kassator şikayətində 385.1-ci maddəsi üzrə bildirir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əksini bildirsə də bununla bağlı sübutları təqdim edə bilməmişdir.

36. MM-in 442-ci maddəsi üzrə - cavabdeh öhdəliyi icra etməmişdir. Onun öhdəliyi yüksək keyfiyyətli evlər tikmək və * nömrəli forma arayış əsasında iddiaçıya təhvil vermək olduğu halda bunu etməmişdir.

37. MM-in 752.1-ci maddəsi üzrə - podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

38. MM-in 762.2-ci maddəsi üzrə - hazırkı mübahisədə şərtləşmiş keyfiyyətə uyğun gələn iş mövcud deyil. Belə iş iddiaçıya təhvil verilməmiş, müqaviləyə uyğun istifadə müəyyən edilməmişdir.

39. “Insan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə - məhkəmələrin müstəqilliyi və qərəzsizliyi insanların ədalətli məhkəmə araşdırması hüququnda ehtiva olunan əsas elementlərdən biridir.

40. 2024-cü il ## #### tarixli AG-SPQ-Z-**/** nömrəli subpodrat müqaviləsinin 6.1ci bəndi üzrə - işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən * nömrəli formanın təqdim edilməsi ilə təsdiq olunur. Lakin iş materialları ilə də müəyyən olunmuşdur ki, * nömrəli forma bu günədək cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Iddiaçı ödədiyi pulları isə şantaj və nüfuzunu qorumaq üçün ödəmişdir.

41. MPM-in 77.1-ci maddəsi üzrə - iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

42. MPM-in 78.1-ci maddəsi üzrə - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəf bunu sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasları barədə məlumatlı olmalarını özləri etiraf etmişlər. Cavabdeh tərəf etiraz da təqdim etmişdir.

43. MPM-in 77.3 və 78.2-ci maddələri üzrə - məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Hazırkı halda isə apellyasiya məhkəməsinin cavabdehin əvəzindən sübutların toplanması vəzifəsini öz üzərinə götürməsi və bunları icra etməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il ## #### tarixli qərarının hüquqi mövqeyinə tam ziddir.

44. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə sübutlara düzgün qiymət verməmişdir.

45. MPM-in 372.2-ci maddəsi üzrə - cavabdeh tərəf yeni sübutlar təqdim etmiş, qətnamədə həmin sübutlara istinad olunmuşdur. Cavabdeh bu sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran halları məhkəməyə təqdim edə bilməmişdir.

46. Kassator “Kraska Isveçrəyə qarşı” işdə 1993-cü il ## ##### tarixli Avropa Məhkəməsinin qərarı üzrə pozuntuya dair həmin qərarda göstərilənləri vurğulayır.

47. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi üzrə - hazırkı işdə qərəzli mövqe nümayiş etdirilmişdir. Iş materiallarında olan audio və video görüntülər təsdiq edir ki, hər prosesdə işin baxılmasına başqa mövqelərdən yanaşılırdı.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il ## ### tarixli Qərarı üzrə - MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. Işə baxan apellyasiya məhkəməsi qanunvericiliyin bu tələblərini pozmuşdur.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il # ### tarixli Qərarı üzrə - çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Lakin apellyasiya məhkəməsində bu qadağaları nəzərə almamışdır.

50. Kassator şikayətinin digər bölməsində bildirir ki, məhkəmə tərəfindən işə baxılarkən prosessual normalara riayət olunmamış, sübutetmə yükünün bölgüsü düzgün tətbiq olunmamış və apellyasiya məhkəməsi birinci instansiya mərhələsində təqdim edilməli olan sübutların toplanması təşəbbüsünü öz üzərinə götürərək tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Belə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində sübutlarını təqdim etmək imkanına malik olduğu halda bunu etməmiş, buna baxmayaraq apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cavabdehin əvəzinə sübutlar tələb etmiş, o cümlədən vergi orqanına sorğular göndərmişdir. Həmin sorğuların nəticəsində cavabdehin iddiaçıya forma 2 təqdim etmədiyi müəyyən olunmasına baxmayaraq, məhkəmə bu halı düzgün hüquqi qiymətləndirməmişdir. Eyni zamanda, cavabdehin əvvəlcə tanımadığı bildirilən Cavanşir adlı şəxs, təqdim edilmiş müqavilədən sonra tanınmış, lakin məhkəmə bu ziddiyyətlərə və cavabdehin dəyişkən mövqeyinə qiymət verməmiş, əksinə mahiyyət üzrə yeni araşdırma aparmışdır. Halbuki Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, apellyasiya instansiyasında yeni sübutlar yalnız birinci instansiyada onların təqdim edilməsinin mümkünsüzlüyü əsaslandırıldığı hallarda qəbul oluna bilər, cavabdeh tərəfindən isə belə əsaslandırma verilməmişdir.

51. Tərəflər arasında bağlanmış subpodrat müqaviləsinin şərtlərinə əsasən, işlərin icrası və təhvil verilməsi forma-2 və təhvil-təslim aktı ilə təsdiq olunmalı olduğu halda, cavabdeh bu sənədləri nə birinci instansiya, nə də apellyasiya məhkəməsində təqdim edə bilməmiş, bununla da öhdəliyin icra edildiyini sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Buna baxmayaraq, məhkəmə rəsmi sənədlərlə təsdiqlənməmiş, mənsubiyyəti müəyyən olunmayan elektron məktublara istinad etmiş, təqdim olunmuş qəbzlərə və ödəniş faktlarına isə qiymət verməmişdir. Iş materialları ilə sübut olunur ki, cavabdeh müqavilə üzrə işləri yerinə yetirməmiş, layihəni əsassız gecikdirmiş, buna baxmayaraq müxtəlif vasitələrlə, o cümlədən təzyiq və şantaj yolu ilə ödənişlər əldə etmişdir. Iddiaçı tərəfindən göndərilmiş pretenziya məktubuna cavab verilməməsi də cavabdehin öhdəliklərini yerinə yetirmədiyini təsdiq edir. Belə olan halda, apellyasiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları və sübutlarla uzlaşmır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

53. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində işin həqiqi hallarına, sübutlara düzgün qiymət verilərək, tam hüquqi əsaslandırma nəticəsində qanuni qətnamə qəbul olunmuşdur.

Kassasiya baxışının hədləri

54. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. ...”

57. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 6. Mülki qanunvericiliyin prinsipləri ... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. ...”

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. ... 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”

“Maddə 430. Öhdəliyin icrasından imtina ... 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. ...”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. ...”

“Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. ...”

“Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. ...”

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

60. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

61. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

62. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

63. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPMin 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

64. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

65. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

66. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar