Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-225/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 (bundan sonra – “cavabdeh2”) və cavabdeh1xxxx“MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən avans olaraq ödənilmiş 490.020 manat vəsaitin və iddia ərizəsinə görə ödənilmiş 781 manat dövlət rüsumunun cavabdehdən və onun rəhbəri olduğu cavabdeh1 MMC-dən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh2 və onun rəhbəri olduğu MMC ilə müvafiq elektrik işlərinin yerinə yetirilməsi haqqında razılaşaraq müqavilə bağlanmışdır. Iddiaçıya məxsus olan Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Park Akademiya” layihəsi üzrə elektrik işləri üzrə razılaşdırılmış məbləğ 2.310.000 manat təşkil etmişdir. Sifarişçi olan iddiaçı tərəfindən hesabatlar üzrə MMCnin qanuni təmsilçisi cavabdeh2 2.310.000 manat məbləğində pul ödənilmişdir. Lakin işlərin görülməsi üçün aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, yerinə yetirilmiş həqiqi işlərin dəyəri 1.437.552 manat təşkil edir. Sonuncu tərəfindən təqdim edilmiş Forma 2 ilə real görülmüş işlərin arasında 883.783,21 manat fərq yaranmışdır. Bundan əlavə cavabdeh2 132.980,24 manat anbar qalığı təqdim edilmişdir. Yuxarıda təqdim olunan xronologiya üzrə aparılmış üzləşdirmə zamanı müəyyən edilmişdir ki, MMC-nin iddiaçıdan nağd şəkildə qəbul etdiyi ümumi məbləğin 490.020 manat hissəsinə dair hər hansı bir iş yerinə yetirilməmiş və bu məbləğdə vəsait cavabdeh2 qalmışdır. Bu fakt müvafiq üzləşdirmə aktı ilə rəsmiləşdirilmiş və cavabdeh2 tərəfindən tam təsdiq edilmişdir. Bundan sonra cavabdeh2 həmin məbləği iddiaçıya qaytarmağa söz verərək, ona yeni iş verilərsə eyni məbləğ əvəzinə iş yerinə yetirmək istəyini ifadə etsədə, bugünə kimi avans şəkilində aldığı 490.020,00 manat vəsaiti iddiaçıya qaytarmamaqla əsassız varlanmışdır. cavabdeh2, MMC-nin rəhbəri kimi bu proseslərdə çıxış etməsinə baxmayaraq öhdəlikləri MMC-nin adından götürsə də, ödənilmiş vəsaiti nağd şəkildə fiziki olaraq şəxsən özü qəbul etmişdir.
4. cavabdeh2 iddiaya etiraz etmiş və iddia müddətinin tətbiqi barədə ərizə verərk, bildirmişdir ki, iddiaçı ilə nə cavabdeh2, nə də rəhbəri olduğu MMC (həmin dövrdə MMCnin aktiv fəaliyyəti olmamışdır) arasında elektrik işlərinin yerinə yetirilməsi barədə heç bir müqavilə bağlanmamışdır. Ümumi məbləği 2.310.000 manat təşkil edən müqavilənin şifahi sövdələşmə əsasında bağlanmasını iddia etmək reallıqdan cox uzaqdır. Eyni zamanda iddiaçı istinad etdiyi həmin müqavilənin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh fiziki şəxs olaraq 2013-cü ilin əvvəlindən 2015-ci ilə qədər günəmuzd əmək haqqı hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində, “Elmlər Akademiyası” metrosu ilə üzbəüz yerləşən hündürmərtəbəli yaşayış binasında Park Akademiya layihəsi üzrə iddiaçının elektrik işlərini görmüş və 2015-ci il tarixdə işləri tam şəkildə təhvil vermiş, şirkət tərəfindən ona və orada onunla birlikdə çalışan digər ustalara elektrik işlərinin layihə üzrə yerinə yetirmələrinə dair heç bir irad bildirilməmişdir. Hazırda da qeyd olunan binada elektrik işləri yüksək səviyyədə olmuş, indiyə qədər heç bir problem yaşanmamışdır. Əksinə, iddiaçı vaxtilə həmin binanın fasad işıqlandırılması üzrə elektrik işlərini keyfiyyətsiz həyata keçirən və buna görə aralarında problemlər yaranan, hazırda isə iddiaçının biznes tərəfdaşı kimi bu işdə maraqlı olan və üçüncü şəxs kimi onu işə cəlb etməklə cavabdeh2 qarşı “mötəbər” sübutlar əldə olunmasında istifadə etdiyi “xxxx” MMC-nin dəstəyindən faydalanmağa çalışır. Iddia ərizəsində sifarişçi iddiaçı tərəfindən hesabatlar üzrə MMC-nin qanuni təmsilçisi cavabdeh2 2.310.000 manat ödənilməsi göstərilmişdir. Lakin iddiaçı həmin hesabatların təsdiqi olaraq heç mədaxil qəbzi və qaimə təqdim etməmişdir. Əgər cavabdeh2 iddiaçıdan nağd şəkildə qəbul etdiyi ümumi məbləğin 490.020 manat hissəsinə dair hər hansı bir işin yerinə yetirilmədiyi və bu məbləğdə vəsaitin cavabdeh2 qalması aşkar edilmişsə, nəyə görə 10 il bundan əvvəl görülən işlərə dair hesabatlar və 132.980,24 manat məbləğdə anbar qalığı təqdim edilərkən bu məsələlər araşdırılmamış, bu barədə cavabdehə və müvafiq orqanlara rəsmi müraciət edilməmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, sonradan iddiaçının rəhbərliyi dəyişdikdən sonra yeni rəhbərliyin dövründə şirkətdə fəaliyyətə başlayan, özünü şirkətin hüquqşünası kimi təqdim edən Elxan adlı şəxs tanışlarının vasitəsilə onu şirkətin “Salyan kazarması” deyilən yer ilə üzbəüz yerləşən ofisinə çağırmış, o da həmin ofisə gedib orada Elxan adlı şəxslə görüşmüşdür. Elxan cavabdeh2 bildirmişdir ki, “sənlik burada bir iş yoxdur, lakin tikintidə müəyyən çatışmazlıq və problemlər var, biz təzə rəhbərlik olaraq bunları görürük və onları nizama salmaq istəyirik, biz sənə bir ərizə deyəcəyik, sən onu yaz, sənlik heç bir problem yoxdur, səni heç kim narahat etməyəcək”. Həmin şəxs onlar tərəfindən hazırlanmış üzləşdirmə aktına imza etdirmiş, həmin üzləşdirmə aktının məzmunu ilə tanış olmadan imzalamışdır. Ona bildirmişlər ki, “baxmayaraq ki, sən bu sənədləri imzaladın, sənlik bir şey yoxdur, narahat olma”. Doğrudan da bundan sonra onu uzun müddət heç kim narahat etməmişdir. 2024-cü ilin yanvar ayının sonunda iddiaçının direktoru X1 ona zəng edərək şirkətin ofisinə dəvət etmişdir. O, ofisə getdikdə orada Fərhaddan başqa şirkətin əvvəlki hüquqşünası olan Elxan və bir nəfər tanımadığı şəxs onu qarşılayıb ona psixoloji təzyiqlər göstərərək bildirmişlər ki, “biz deyən formada ərizə yazmalısan, yazmasan səni Korrupsiyaya şikayət edəcəyik” bu sözləri Fərhad özü şəxsən ona demiş, o, etiraz etdikdə isə Fərhad bildirmişdir ki, “ərizəni ona görə yazdırırıq ki, biz daxildə özümüz bu işi bağlayaq, səni bir daha heç kim narahat etməyəcək”. cavabdeh2 isə Fərhada bildirmişdir ki, “əgər məni bir daha narahat edən olsa, mən özüm sizin barənizdə prokurorluğa şikayət edəcəyəm”. Bundan sonra cavabdeh Fərhad Əliyevin diktəsi ilə 2024-cü il ## ###### tarixli ərizəni aldatma, hədəqorxu və psixoloji təsir altında yazmağa məcbur olmuşdur. Əslində isə həmin ərizədə qeyd olunanların heç biri düzgün deyildir, onun tərəfindən şirkətin bir manat pulu belə mənimsənilməmişdir. Əgər belə hal olsaydı, köhnə rəhbərliyin vaxtında ondan işi təhvil almazdılar, həmin vaxt şikayət edərdilər. Ona görə də ərizədə yazılanlar ona qarşı aldatma, hədə-qorxu, təzyiq və təsir altında yazdırılmaqla hamısı şər və böhtandır. cavabdeh2 tərəfindən imzalanan 2019-cu il # ### tarixli üzləşdirmə aktını, eləcə də cavabdeh2 tərəfindən yazılan və imzalanan 2024-cü il ## ###### tarixli ərizəsini müvafiq məhkəmə ekspertizası təyin etməklə həmin sənədlərin hansı şəraitdə və psixoloji vəziyyətdə imzalanmasını müəyyən etmək olar. Bundan sonra iddiaçı cavabdeh2 qarşı əsassız ittihamlarını davam etdirmiş, Yasamal RPI-ə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Yasamal RPI-nin istintaq şöbəsində aparılmış araşdırmanın nəticəsində şikayət ərizəsində göstərilən xüsusatlar (cavabdeh2 təqdim etdiyi forma 2 sənədlərinin həqiqətə uyğun olmaması və yerinə yetirilməmiş işlərin daxil edilməsi) öz təsdiqini tapmamışdır. Beləliklə də, araşdırma zamanı cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə 2024-cü il # ###### tarixdə müstəntiq Ceyhun Mircavadlı tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Iddia ərizəsindən də göründüyü kimi, iddiaçı təxminən 10 ildən sonra əsassız olaraq və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. Iddia ərizəsinin əsassız olması ilə yanaşı, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür. Həmçinin iddia tələbinin özü belə tam aydın deyil. Hətta iddiaçı cavabdehin hərəkətini gah müqavilədən əmələ gələn öhdəliklərin pozulması, gah da əsassız varlanma hesab edir. Hər iki halda iddiaçının mövqeyi tamamilə yalnış nəticəyə doğurur. Beləliklə, hazırkı iş üzrə iddia tələbinin təmin olunması istənilən halda mümkünsüzdür və heç bir hüquqi nəticə yarada bilməz. Çünki, iddia tələbinin əsaslandığı müqavilənin özü reallıqda mövcud olmamışdır. Mövcud olmayan müqavilə isə öz-özlüyündə öhdəlik yarada bilməz. Bu isə o anlama gəlir ki, iddia tələbi bilavasitə hüquqi əsas olmadan verildiyi üçün rədd edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim – G. Həşimova).
6. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şifahi formada elektrik işlərinin görülməsinə dair razılaşma olması mübahsələndirilməmişdir. Tərəflər arasında mübahisələndirilən hallar iddiaçı cavabdehə 2.310.000 manat ödədiyini, lakin onun təhvil verdiyi işdə qüsurlar olduğu üçün və iddiaçıdan nəğd şəkildə qəbul etdiyi ümumi məbləğin 490.020 manat hissəsinə dair hər hansı bir iş yerinə yetirilmədiyi üçün həmin məbləği cavabdehdən tələb etmiş, cavabdeh isə iddia tələbini ümumiyyətlə qəbul etməyərək, iddiaçı tərəfindən ona 2.310.000 manat ödənilmədiyini, işlər görüldükcə ona müəyyən məbləğlərdə pul verildiyini, həmin verilən məbləğlərə uyğun olaraq işlər gördüyünü, onun tərəfindən 490.020 manat borcunun olmasına dair aktı psixoloji təzyiq nəticəsində imzalamasını, işləri 2015-ci ildə təhvil verməsi əsası ilə iddia müddətinin keçməsini qeyd etmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində MMC-ni cavabdeh qismində cəlb etsə də, məhkəməyə aralarında hər hansı müqavilənin olmasını və ya öyhdəlik hüquq müasibətinin yaranması barədə təsdiq edəcək sübut təqdim etməmiş, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunan işin mübahisəsiz hallarına görə isə, işlərin görülməsinə dair yaranan öhdəlik hüquq münasibətləri iddiaçı ilə cavabdeh2 arasında yaranmışdır. Bu səbəbdən MMC-yə qarşı iddia tamamilə əsassızdır.
8. Həmçinin məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında podrat xidmətlərinin göstərilməsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçı cavabdehdən 490.020 manat pul tələb edərək, hazırkı tələbinə dair məhkəməyə tərəflər arasında imzalanmış üzləşdirmə aktını təqdim etmişdir, cavabdeh isə iddia tələbini qəbul etməyərək, həmin məbləğdə borclarının olmamasını və həmin aktı aldatma əsasında imzalanmasını bildirmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh2 tərəfindən görülmüş işlərin 2016-ci ildə təhvil verilməsi iş materiallarında olan sübutlarla, müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən təqdim edilmiş audit yoxlamalarının tarixi, şahid ifadələri və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Iddiaçı tərəfindən cavabdehə qarşı 490.020 manat pul tələbinə dair yeganə sübut cavabdehlə aralarında imzalanmış 2019-cu il # ### tarixli üzləşmə aktı, həmçinin 2024-cü il ## ###### tarixli cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətdir (borcunun azaldılması barədə). Cavabdeh həmin aktın aldatma yolu ilə imzaladığını iddia etsə də, bu halı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh 2019-cu il # ### tarixli üzləşmə aktı ilə mövcud borcu etiraf etdiyindən, ona qarşı hissədə iddia əsaslı hesab edilə bilər, lakin iddia müddəti keçmişdir.
10. Belə ki, iddiaçı özü tərəflər arasında podrat münasibətlərinin olmasını qəbul edərək, tələb edilən pul tələbini, cavabdehin şifahi podrat razılaşmasına əsasən görməli olduğu işləri tam görməməsi ilə əsaslandırmışdır. Iddiaçı tərəfindən cavabdehin işləri ilə bağlı audit keçirməsi həmin auditin nəticələrinin 2015-2016-cı ildə yekunlaşması da bu halı təsdiq etmişdir. Bununla da 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2019-cu il # ### tarixli borcun etirafı barədə akt mücərrəd müqavilə kimi qəbul edilsə belə, həmin aktın bağlanmasından da 6 ildən çox vaxt keçmiş, 2024-cü ildə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizənin tarixi (2024-cu il ## ###### tarixi) artıq iddia müddəti keçdikdən sonra edildiyindən, hər bir halda artıq bitmiş iddia müddətinin kəsilməsinə səbəb ola bilməzdi. Iş üzrə üç illik iddia müddəti də ötürülmüşdür.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 372.1, 372.2, 373.2, 377.1, 377.3, 375.2, 378, 380.1, 752.1, 752.2, 752.3, 762.1, 762.2, 762.3, 762.4, 763.1, 763.2, 763.3, 776.1, 776.2, 882.1 və 882.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
15. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən görülmüş işlərin 2016-ci ildə təhvil verilməsi iş materiallarında olan sübutlarla, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən təqdim edilmiş audit yoxlamalarının tarixi, şahid ifadələri və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Iddiaçı tərəfindən cavabdehə qarşı 490.020 manat pul tələbinə dair yeganə sübut cavabdehlə aralarında imzalanmış 2019cu il # ### tarixli üzləşmə aktı, həmçinin 2024-cü il ## ###### tarixli cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış borcunun azaldılması barədə müraciətdir. Cavabdeh həmin aktın aldatma yolu ilə imzaladığını iddia etsə də bu halı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bağlanmış şifahi müqavilə və 2019cu il # ### tarixində üzləşmə aktı üzrə ödənilməyən borca münasibətdə pulun tutulması barədə iddia əsaslı hesab edilə bilər. Bununla yanaşı iş materiallarında cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə mövcuddur.
16. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış elektrik işlərinin görülməsinə dair şifahi formada müqavilə və 2019-cu il 6 may tarixli üzləşmə aktı üzrə ödənilməyən borca münasibətdə pul tutula bilməz. Belə ki, iddiaçı 2015-2016-cı illərdə yekunlaşmış auditin nəticəsinə istinad edərək cavabdehin şifahi podrat razılaşmasına əsasən görməli olduğu işləri tam görməməsini iddia etmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, bir illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Eyni zamanda, 2019-cu il 6 may tarixli borcun etirafı barədə aktı mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qəbul edilsə belə, həmin aktın bağlanmasından 6 ildən çox vaxt keçmişdir.
17. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddianın hüquqi əsasını əsassız varlanma təşkil etsə belə, görülmüş işlərlə təqdim edilmiş Forma 2-lər arasında fərq olduğu 2015-2016-ci illərdə iddiaçı tərəfindən müəyyən edildiyindən həmin tələblə məhkəməyə müraciət edərkən 2 illik iddia müddətini ötürmüşdür.
18. Həmçinin məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, 2024-cü ildə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizənin tarixi (2024-cü il ## ######) artıq iddia müddəti keçdikdən sonra edildiyindən, hər bir halda artıq bitmiş iddia müddətinin kəsilməsinə səbəb ola bilməzdi. Bu səbəbdən iddia müddəti ötürülmüş hesab edilməlidir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 380.1, 380.2, 381.1, 385, 386.1, 776.1, və 1095 maddələrinə, MPM-in 76.1, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 373.2, 377.1, 380.1, 380.2, 385, 386 və 776.1-ci maddələri üzrə apellyasiya məhkəməsinin qənaətinə görə 2024-cü il ## ###### tarixli borcun etirafı iddia müddəti artıq bitdikdən sonra baş verdiyindən iddia müddətini kəsə bilməz. Bu nəticə qanunvericiliyə və məhkəmə təcrübəsinə ziddir. Belə ki, qanunvericilikdə iddia müddəti hələ davam etməlidir kimi hər hansı şərt nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsinin yanaşması qanunda olmayan məhdudiyyətin məhkəmə tərəfindən yaradılmasıdır ki, bu da hüququn genişləndirici deyil, daraldıcı şərhi ilə nəticələnmişdir. Məhkəmə iddia müddətinin başlanmasını 2015-2016-cı illər ilə əlaqələndirmişdir. Lakin istinad olunan normalarda iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Iş materiallarına görə, iddiaçı borcun mövcudluğunu mübahisəsiz fakt kimi deyil, cavabdehin sonrakı davranışları və rəsmi mövqeyi fonunda dərk etmişdir. Xüsusilə, cavabdehin 2019 və 2024-cü illərdə borcu tanıması iddia müddətinin əvvəlki tarixlərə bağlanmasını hüquqi cəhətdən əsassız etmişdir. Apellyasiya məhkəməsi iddia predmetini podrat işlərində qüsurların aradan qaldırılması tələbi kimi qiymətləndirərək bir illik xüsusi iddia müddəti tətbiq etmişdir. Lakin iddiaçı avansın geri qaytarılmasını və əsassız saxlanılan vəsaitin tutulmasını tələb etmişdir. Iş qarşılıqlı podrat müqaviləsindən irəli gələn avansın qaytarılması tələbidir. Bu tələb podrat qüsurlarına aid olmadığından qanunvericilik normasında nəzərdə tutulan 1 illik müddət tətbiq edilməməlidir. Iddiaçı avansın əsassız saxlanılması əsasında tələbi irəli sürmüşdür. Apellyasiya məhkəməsi MM-in 373.2-ci maddəsində qeyd edilən müddətləri nəzərə almamışdır. Iddiaçı cavabdehin işləri tam yerinə yetirməməsindən və avansın qaytarılmamasından 2019-cu il borcun etirafı aktı vasitəsilə məlumat almışdır. Daha sonra cavabdeh 2024-cu il ## ###### tarixli ərizə ilə borcu etiraf etmişdir. Borcun etirafı barədə aktın bağlanması və 2024 cü il ərizəsi borcu etiraf edən hərəkətlərdir və iddia müddətinin axımını kəsməli idi. Iddiaçı 2019-cu ildən sonra yeni müddət ərzində iddia vermə hüququ qazanmışdır. Apellyasiya instansiyası 2024-cü il ərizənin iddia müddəti bitdikdən sonra verildiyini bildirmiş və etirafın kəsiləni təsdiq etmədiyini hesab etmişdir. Lakin iddia müddətinin bitib-bitmədiyi əvvəlki etirafın (2019) dayandırıcı effektindən asılıdır. Apellyasiya instansiyası həmin faktı təhlil etməmiş, iddia müddətinin axımını səhv müəyyən etmişdir. Apellyasiya məhkəməsi iddia müddətinin keçməsini öz-özlüyündə tələbin hüquqi əsassızlığı kimi qiymətləndirmiş və borcun etirafını yeni müddətin başlanğıcı kimi nəzərə almamışdır. 2019-cu il borcun etirafı və 2024-cu il ## ###### ərizəsi iddia müddətini kəsərək yenidən başlamasına səbəb olmuşdur.
22. MPM-in 217, 218, 418, 419 və 421-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi qətnaməsində iddiaçının iddia müddətinin kəsilməsi ilə bağlı əsas dəlillərinə cavabdehin borcu etiraf edən sənədlərinin hüquqi qiymətinə aydın və əsaslandırılmış cavab verilməmişdir. Apellyasiya məhkəməsi təcrübədən əsassız olaraq kənara çıxmış, iddia müddətinin keçməsini özü-özlüyündə tələbin hüquqi əsassızlığı kimi qiymətləndirmiş və borcun etirafını yeni müddətin başlanğıcı kimi nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, ümumi məbləği 2.310.000 manat təşkil edən müqavilənin şifahi sövdələşmə əsasında bağlanmasını iddia etmək real deyildir. Eyni zamanda, iddiaçı istinad etdiyi həmin müqavilənin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh fiziki şəxs olaraq 2013-cü ilin əvvəlindən 2015-ci ilə qədər günəmuzd əmək haqqı hesabına iddiaçının elektrik işlərini görmüş və 2015-2016-cı illərdə işləri tam şəkildə təhvil vermiş, şirkət tərəfindən ona və orada onunla birlikdə çalışan digər ustalara elektrik işlərinin layihə üzrə yerinə yetirmələrinə dair heç bir irad bildirilməmişdir. Qeyd olunan binada elektrik işləri yüksək səviyyədə olmuş, hazırda da indiyə qədər heç bir problem yaşanmamışdır. Əksinə, iddiaçı vaxtilə həmin binanın fasad işıqlandırılması üzrə elektrik işlərini keyfiyyətsiz həyata keçirən və buna görə aralarında problemlər yaranan, hazırda isə iddiaçının biznes tərəfdaşı kimi bu işdə maraqlı olan və üçüncü şəxs kimi onu işə cəlb etməklə cavabdehə qarşı “mötəbər” sübutlar əldə olunmasında istifadə etdiyi “xxxx” MMC-nin dəstəyindən faydalanmağa çalışmışdır. Cavabdehə qarşı iddia tələbində iddiaçı tərəfindən hesabatlar üzrə MMC-nin qanuni təmsilçisi cavabdehə 2.310.000 manat ödənilməsi göstərilmişdir. Lakin iddiaçı həmin hesabatların təsdiqi olaraq heç mədaxil qəbzi və qaimə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı təxminən 10 ildən sonra əsassız olaraq və mülki qanunvericiliyin tələblərinə zidd formada, qanunsuz və əsassız tələblə məhkəmədə iddia qaldırmışdır. Iddia tələbi əsassız olması ilə yanaşı, nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddəti də ötürülmüşdür.
Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 372. Iddia müddəti anlayışı
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.”
“Maddə 375. Iddia müddətinin tətbiqi
375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.“
“Maddə 776. Podrat müqaviləsi üzrə iddia müddəti
776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları
418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
28. Belə ki, aşağı instansiya məhkəmələri tərəflər arasında şifahi podrat müqaviləsindən yaranan hüquq münasibətlərinin mövcudluğunu, podratın predmetinin yaşayış binasının elektrik sisteminin tam şəkildə qurulması və həmin işlərin 2015-2016cı illərdə təhvil verilməsini müəyyən etmişlər. Eyni zamanda məhkəmələr iddiaçının tələbinin podrat işlərinin tam həcmdə yerinə yetirilməməsi nəticəsində əvvəlcədən ödənilmiş muzdun bir hissəsinin geri qaytarılması ilə bağlı olduğunu qəbul etmişlər və belə nəticəyə gəlmişlər ki, iddia podrat işlərinin qüsurlu icrasından irəli gəldiyindən MMin 776.1-ci maddəsində nəzərdə tutulmuş bir illik iddia müddəti tətbiq edilməli və həmin müddət ötürüldüyünə görə iddia təmin olunmamalıdır.
29. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
30. Belə ki, MM-in 776.1-ci maddəsində qanunverici podrat müqavilələrindən irəli gələn qüsurlara dair tələblər üzrə iki müxtəlif iddia müddəti müəyyən etmişdir. Ümumi qayda olaraq sifarişçi icranın qüsuru ilə bağlı tələbi iş qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Lakin binaya aid podrat işləri üzrə bu müddət beş il müəyyən edilmişdir. Normanın məzmunundan göründüyü kimi, qanunverici iddia müddətinin fərqləndirilməsini görülmüş işlərin xarakteri və nəticələrinin aşkar edilməsinin mümkünlüyü ilə əlaqələndirmişdir. Binanın tikintisi və ya onun mühəndis- 31. kommunikasiya sistemləri üzrə görülən işlərin qüsurları əksər hallarda istifadənin müəyyən mərhələsində aşkar olunur. Məhz buna görə qanunverici belə münasibətlər üçün daha uzun iddia müddəti müəyyən etmişdir.
32. Eyni zamanda, həmin maddədə qeyd edilən “binaya aid tələb” anlayışı yalnız binanın konstruktiv elementlərinin tikintisi və ya təmiri ilə məhdudlaşdırıla bilməz. Binanın ayrılmaz funksional elementlərini təşkil edən elektrik, su təchizatı, kanalizasiya, havalandırma, isitmə, yanğından mühafizə və digər mühəndis-kommunikasiya sistemlərinin qurulması da həmin anlayışın əhatə dairəsinə daxildir. Çünki bu sistemlər binanın normal istifadəsini təmin edən vahid bir kompleksin tərkib hissəsidir və onun ayrı-ayarı hissələrinə deyil, bütövlükdə binaya aid olur.
33. Hazırkı işdə də məhkəmələr müəyyən etmişlər ki, podrat işləri ayrıca avadanlığın və ya binanın bir hissəsinin deyil, bütövlükdə “Park Akademiya” yaşayış kompleksində elektrik sisteminin qurulmasını əhatə etmişdir. Buna görə də həmin münasibətlər MM-in 776.1-ci maddəsinin “binaya aid tələb” hissəsinin tətbiq dairəsinə daxildir.
34. Belə olan halda aşağı instansiya məhkəmələrinin hazırkı mübahisəyə bir illik iddia müddətini tətbiq etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişlər. Çünki məhkəmələrin müəyyən etdiyi hallar üzrə tətbiq edilməli olan iddia müddəti binaya aid tələblərə aid olmaqla beş illik iddia müddətidir.
35. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.