Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-249/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi, icarə müqaviləsinin ləğvi, dövlət mülkiyyətində olan torpaqların icarəsi və dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin balans saxlayıcı orqana təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan tərkibdə, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili vəkil1, cavabdehin nümayəndələri və vəkilləri vəkil3 Allahverdi oğlu və vəkil2 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. Işin halları
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin Inkişafı Departamentinin X2 Təsərrüfatı Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 2019cu il # ###### tarixli, ** nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən X2 X4 meşəbəyliyinin 4 kvartalının 15; 16; 10; 11; 8 bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş 70,0 hektar meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri meşə torpaqları 15 il müddətinə icarəçi-Cavabdeh icarəsinə verilmişdir.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin Inkişafı Departamentinin X2 Təsərrüfatı Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 2020ci il ## ###### tarixli, * nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən, X2 Təsərrüfatı Mərkəzinin meşəbəyliyinin 4-cü kvartalının 8,10,11,15 və 16-cı bölmələrindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri meşə torpaqlarından 30 hektar sahə, 15 il müddətinə icarəçi-Cavabdeh icarəsinə verilmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh 2024-cü il ## ###### tarixli pretenziya məktubu ünvanlanaraq, sahədə əkilmiş meyvə cinsli ağacların meşə cinsli ağaclarla 10 gün ərzində əvəz edilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir.
4. İddiaçı tərəfindən Cavabdeh ünvanladığı 2024-cü il ## ###### tarixli pretenziya məktubunda göstərilmişdir ki, icarəyə verilmiş sözügedən torpaq sahələrinə 2024-cü il ## ###### tarixində baxış keçirilərkən 100 ha ərazidən 89 ha ərazidə 5x3 sxemində 2.000 ədəd şaftalı, 2.000 ədəd nektarin və 2.000 ədəd gilas, ümumilikdə 6.000 ədəd ting əkilməsi faktı müəyyən edilmişdir. Odur ki, sözügedən müqavilələrin 2.1, 2.12 və 2.15-ci bəndləri pozulduğundan bağlanmış icarə müqavilələrinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi ilə bağlı məhkəməyə müraciət olunacağıbildirilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il # ###### tarixli ** nömrəli (bundan sonra-“** nömrəli icarə müqaviləsi”) və 2020-ci il ## ####### tarixli * nömrəli (bundan sonra-“* nömrəli icarə müqaviləsi”) icarə müqavilələrinin ləğv edilməsi, cavabdehin ** nömrəli və * nömrəli icarə müqavilələri əsasında istifadəsinə verilmiş 100 ha torpaq sahəsindən 89 ha ərazidə 5x3 sxemində əkilmiş 2.000 şaftalı, 2.000 nektarin və 2.000 gilas, ümumilikdə 6.000 tingin onun hesabına çıxarılması, cavabdehə icarə müqavilələri əsasında istifadəsinə verilmiş Haftoni meşəbəyliyinin 4-cü kvartalının 8, 10, 11, 15 və 16-cı bölmələrindən ümumilikdə verilmiş 100 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqavilələrə əsasən, Haftoni meşəbəyliyinin 4-cü kvartalının bölmələrindən ümumilikdə 100 hektar meşə bitkiləri ilə örtülü olmayan torpaq sahəsi meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə 15 il müddətinə icarəyə verilmişdir. Meşələrin Inkişafı Xidməti və * saylı Ekologiya və Təbii Sərvətlər Idarəsi əməkdaşlarının 2024-cü il ## ###### tarixli baxışı zamanı həmin ərazidə 2.000 ədəd şaftalı, 2.000 ədəd nektarin və 2.000 ədəd gilas olmaqla ümumilikdə 6.000 ədəd meyvə tinginin əkilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. Dövlət meşə fondu torpaqlarında meyvə bağı salınması qanunvericilikdə nəzərdə tutulmadığından və icarəçi meşəbərpa məqsədi ilə meşə cinsli ağaclar əkmədiyindən, ona 2024-cü il ## ###### tarixində ərazidəki meyvə tinglərini meşə cinsli ağaclarla əvəz etmək barədə yazılı xəbərdarlıq və məcburi göstəriş verilmişdir. Lakin cavabdeh həmin tələbləri yerinə yetirməmişdir. Icarə müqavilələrinin 2.1, 2.12 və 2.15-ci bəndlərinə əsasən, icarəçi meşəbərpa tədbirlərinin sifarişinə uyğun olaraq ərazidə müvafiq ağac və kol bitkiləri əkməli və meşə qanunvericiliyinin pozulmasına yol verməməlidir. Müqavilə şərtlərinin pozulması səbəbindən 2024-cü il # ##### tarixində cavabdehə icarə müqavilələrinin xitamı barədə rəsmi xəbərdarlıq göndərilmiş, lakin o, 2024-cü il ## ##### tarixində bu təklifi rədd etmişdir. Icarəçi torpaq sahəsində meşə cinsli ağaclar əkməklə meşəbərpa tələblərini icra etməmiş, əksinə ərazini meyvə bağı kimi istifadə etməklə müqavilə şərtlərini və qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, iddiaçı özü meşə fondu torpaqlarında aqrobağların salınmasını təşviq etmiş, bu barədə müxtəlif rəsmi mənbələrdə və KIV-də məlumatlar yayımlamışdır. Dövlətin müvafiq orqanlarının bu çağırış və bəyanatlarına əsaslanaraq cavabdeh tərəfindən aidiyyəti quruma rəsmi müraciət edilmiş, torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış və həmin müqavilə Nazirliyin qurumları tərəfindən təsdiq olunmuşdur. Qanunvericiliyə görə, inzibati orqanların bəyanat və qərarlarına etimad hüququ qorunur. Eyni zamanda, 2003-cü il ## ###### tarixli №**** saylı Sərəncamla təsdiqlənmiş dövlət proqramında da meşə-bağların, o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin yetişdirilməsinin təşviqi nəzərdə tutulmuşdur. Həmin proqramda Lənkəran-Astara zonasında meyvə və digər faydalı ağacların əkininin məqsədəuyğunluğu xüsusi vurğulanmışdır. Iddiaçının irəli sürdüyü əsaslardan biri, ərazidə "Qırmızı Kitab"a daxil olan ağacların əkilməməsi ilə bağlıdır. Lakin cavabdehin icarəyə götürdüyü sahədə belə konkret öhdəlik nəzərdə tutulmamışdır. Əksinə, müqavilə aqrobağ salınması məqsədilə bağlanmışdır və icarəçinin ərazidən faydalanması hüququ təmin edilir. Cavabdeh tərəfindən əraziyə investisiya qoyulmuş, böyük zəhmət və vəsait sərf olunaraq əkin işləri görülmüşdür. Bu müddətdə aidiyyəti dövlət qurumları dəfələrlə ərazidə baxış keçirmiş və fəaliyyət müsbət qiymətləndirilmişdir. Bu barədə nazirliyin rəsmi saytlarında da məlumatlar yerləşdirilmişdir. Bundan başqa, iddiaçı əvvəllər də cavabdehə qarşı əsassız tələblər irəli sürmüş, lakin həmin tələblər məhkəmə qaydasında etibarsız hesab edilmişdir.
8. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim – Z.Abbasov).
9. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, icarəyə verilən sahələr əvvəllər açıq tala olmuş, baxımsızlıq səbəbindən kollaşmışdır; Ərazilərdə meşəbərpa tədbirləri nəzərdə tutulmamışdır; Cavabdeh tərəfindən abadlaşdırma və aqrotexniki işlər görülmüş, suvarma sistemi qurulmuş, meyvə ağacları əkilmişdir; Icarə haqqı borcu yoxdur; Cavabdehin fəaliyyəti nəticəsində meşə fonduna zərər vurulması halları aşkar edilməmişdir.
10. Meşə qanunvericiliyində meşə ilə örtülü olmayan torpaqların istifadəyə verilməsi və aqrobağların salınması qadağan edilmir. Bu cür fəaliyyət meşələrin bərpasını, torpaq münbitliyinin artırılmasını və sahibkarların cəlb olunmasını nəzərdə tutur. Araşdırma nəticəsində digər hüquqi və faktiki əsaslar aşkar edilmədiyindən, müqavilələrin ləğvi üçün əsas müəyyən olunmamışdır və iddianın təmin edilməsinə zərurət yoxdur.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 700.1, 706.1, 706.2 və 706.4-cü maddələrinə, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6, 14, 16.1, 17.1, 17.2, 22.1, 22.2, 23, 24.1, 41.1, 41.2, 49, 50, 54.1, 55 və 63-cü maddələrinə, “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ####### tarixli *** saylı Qərarının 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ##### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Imanov, hakimlər – T.Kərimov və Q.Əliyev).
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları tam və obyektiv araşdırmış, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirmiş və tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmişdir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
16. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər B.Məmmədli və E.Şamayev).
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış hər iki icarə müqaviləsinin 1.1-ci bəndindən görünür ki, icarəyə verilmiş meşə fondu sahəsinin məqsədi ağac və kol bitkilərindən istifadə etməklə gələcəkdə meşəbərpa tədbirlərinin aparılmasıdır.
19. Lakin həmin sahələrdə faktiki olaraq meyvə bağları salınmışdır. Doğrudur ki, Meşə Məcəlləsinə görə meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəkliklər olan meşələrin, meşə-bağların, bağların və həmin cinslərin plantasiyasılarının yaradılması mümkünlüyü də istisna olunmamışdır. Lakin onlar yabanı meyvə meşələri kateqoriyası kimi nəzərdə tutulmuşdur (Meşə Məcəlləsinin 1-ci maddəsinin 7-ci hissəsi). Göstərilən hissədə meşə-bağlar, bağlar kimi sahələrin də müəyyənləşdirilməsi belə təəssürat yarada bilər ki, meşə-bağları, bağlar kimi onlar hazırkı işdə cavabdeh tərəfindən icarəyə götürülən meşə fonduna aid torpaq sahəsində salınmış meyvə bağlarını da öz təsir dairəsində saxlayır. Lakin nəzərə alınmalıdır ki, belə meşə-bağları, bağlar və plantasiyalar mədəni meyvə bağlarını deyil, məhz meşə fondu ərazisində təbii bitən yabanı meşə meyvələrinə münasibətdə nəzərdə tutulmuşdur.
20. Hazırkı işin hallarına əsasən yuxarıda göstərilən icarə müqavilələrinin şərtlərinə uyğun olaraq meşə fondu torpaqları meşə bərpa tədbirlərinin aparılması məqsədilə icarəyə verilsə də, orada kənd təsərrüfatında aparılan bağçılıqda istifadə olunan ağaclar əkilmişdir. Bu isə hüquqi nəticələr törədən hüquqi vəziyyət olmaqla meşə fondu torpağının kateqoriyasının dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası kimi istifadəsi təəssüratı yaradır.
21. Hazırkı işin materiallarında torpağın dəyişdirilməsi ilə əlaqədar hər hansı sənəd mövcud deyildir. Həmçinin o da vurğulanmalıdır ki, icarə müqaviləsinin 1.2-ci bəndində “Meşə əkini layihəsi”nin icarəyə verənin vəzifəsi olması göstərilsə də, iddiaçı öz öhdəliyini icra etməmişdir. Bununla belə, həmin öhdəliyin icra olunmaması cavabdehə yuxarıda sadalanan meşə qanunvericiliyinə aid normaların tələblərini pozan hərəkətlərə yol vermək hüququ vermir və bu cür hərəkətlərin qanuniləşdirilməsi üçün əsas yarada bilməz. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə riayət edilməməklə və maddi hüquq normalarının tətbiqində səhvə yol verilməklə qəbul olunmuşdur.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmişdir ( sədrlik edən-məruzəçi hakim İ.Əsədov, hakimlər P.Əhmədov və T.Heydərov).
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbində icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinin pozulduğunu, cavabdehin icarə müqaviləsinin şərtlərini pozaraq torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyini, cavabdeh isə müqavilə pozuntusuna yol vermədiyini və sahədən razılaşdırılmış şərtlərə uyğun yararlandığını bildirmişdir.
24. Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Iş üzrə tərəflər arasında bağlanmış hər iki icarə müqaviləsinin 1.1-ci bəndindən görünür ki, icarəyə verilmiş meşə fondu sahəsində məqsəd ağac və kol bitkilərindən istifadə etməklə gələcəkdə meşəbərpa tədbirlərinin aparılmasıdır. Mübahisəsiz haldır ki, icarəyə götürülən sahələrdə faktiki olaraq meyvə bağları salınmışdır. Meşə Məcəlləsinə görə meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəkliklər olan meşələrin, meşə-bağların, bağların və həmin cinslərin plantasiyasılarının yaradılması mümkünlüyü də istisna olunmamışdır. Lakin onlar yabanı meyvə meşələri kateqoriyası kimi nəzərdə tutulmuşdur.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ### tarixli ** nömrəli Qərarı ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları” təsdiq olunmuşdur. Bu Qaydaların “Meşələrin bərpası” adlı III bölməsinin 3.3-cü bəndinə görə meşələrin bərpası meşə tiplərindən, ərazilərin meşəbitmə şəraitindən, ağac və kol cinslərinin meşəçilik xüsusiyyətlərindən və meşə yetişdirilməsinin məqsədindən asılı olaraq aşağıdakı şərtləri təmin etməlidir: meşə sərvətlərinin meşəçilik, ekoloji və iqtisadi cəhətdən ən qısa müddətdə daha səmərəli üsullarla bərpa olunmasını; meşə fondu torpaqlarından səmərəli istifadə edilməsini; meşələrin məhsuldarlığının və ağaclarının keyfiyyətinin yaxşılaşdırılmasını; ərazinin optimal meşəlik faizinin təmin edilməsini; meşələrin suqoruyucu, sanitar-gigiyena, mühit əmələ gətirən və sair qoruyucu funksiyalarının artırılmasını.
26. Meşə Məcəlləsinin 17-ci maddəsinin 2-ci hissəsində müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.
27. Işin hallarından göründüyü kimi, sözügedən icarə müqavilələrinin şərtlərinə uyğun olaraq meşə fondu torpaqları meşə bərpa tədbirlərinin aparılması məqsədilə icarəyə verilsə də, orada bağçılıqda istifadə olunan ağaclar əkilmişdir. Bu isə ona dəlalət edir ki, meşə fondu torpaqları, kənd təsərrüfatı təyinatlı torpaq kimi istifadə edilir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları”nın 1.4-cü bəndinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Sözügedən icarə müqaviləsinin 1.2-ci bəndində “Meşə əkini layihəsi”nin icarəyə verənin vəzifəsi olması göstərilsə də, iddiaçı öz öhdəliyini icra etməmişdir. 28.Bununla belə, həmin öhdəliyin icra olunmaması cavabdehə meşə qanunvericiliyinə aid normaların tələblərini pozan hərəkətlərə yol vermək hüququ vermir və bu cür hərəkətlərin qanuniləşdirilməsi üçün əsas yarada bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə maddi və prosessual hüqu normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 2.3, 421.2-ci maddələrinə, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6, 14, 16 , 17, 22, 23, 24, 41, 49, 54, 55 və 63-cü maddələrinə, “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ####### tarixli, *** saylı qərarının 3, 11-ci bəndlərinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Cavabdeh tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
31. Azərbaycan Respublikası Meşə qanunvericiliyində meşə fondu torpaqlarında meyvə bağlarının salınmasını qadağan edən hər hansı bir imperativ norma olmamasına baxmayaraq məhkəmə şəxsi qənaətinə görə qətnamə qəbul etmişdir. Cavabdeh, inzibati orqan olan iddiaçının istər KIV-də, istərsə də inzibati praktikada meşə fondu torpaqlarının sahibkarlıq subyektlərinə icarəyə verilməsi barədə təkliflərinə etimad göstərərək rəsmi qaydada iddiaçı olan inzibati orqana müraciət etmişdir. Iş materiallarında olan cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış ərizənin məzmunundan göründüyü kimi, cavabdeh həmin ərizəsində icarəyə götürmək istədiyi meşəylə örtülü olmayan açıq sahədən aqrobağ salmaqdan ötrü torpaq sahəsinin uzun müddətli icarəyə verilməsini xahiş etmişdir. Işdə olan X2 Təsərrüfatı Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Inkişafı Departamentinə ünvanlanmış ## ###### 2019-cu il tarixli, *** nömrəli və ## ###### 2021-ci il tarixli, ** nömrəli məktublarda əvvəllər açıq tala olmuş sonradan baxımsızlıq nəticəsində kollaşmış ərazidən ibarət sahədə hal-hazırda heç bir meşəbərpa tədbirlərinin nəzərdə tutulmadığı, sahənin Lənkəran şəhər sakini Cavabdeh aqrobağ salmaq məqsədi ilə icarəyə verilməsinin məqsədəmüvafiq hesab edildiyi bildirilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilələrə əlavə edilmiş X2 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib və təsdiq edilmiş sxemlərdə və sahələrin sxematik planlarında icarəyə verilən torpaq sahələrinin aqrobağ salınması məqsədi ilə ayrılmasının nəzərdə tutulduğu qeyd olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi meşə fondu torpaqlarından istifadə məqsədini dar şərh etmişdir. Meşə fondu torpaqlarının sadəcə meşə bərpa layihəsi üzrə icarəyə götürələ biləcəyi qənaətinə gəlmişdir. Halbuki, Meşə Məcəlləsində belə bir imperativ norma yoxdur. Azərbaycan Respublikasının meşə fondunu meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları təşkil edir və meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu qəbildən olan torpaq istifadəçiləri meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməmək, ətraf mühitə zərər vurmamaq, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməmək şərti ilə meşə fondu sahələrindən istifadə hüququnu sərbəst həyata keçirirlər. Meşə fondu torpaq sahələrinin istifadəçilərinin əsas vəzifələləri meşə fondundan istifadəyə dair müqavilə və digər sənədlərin şərtlərinə əməl etmək, meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək, meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa tədbirlərini həyata keçirmək, meşə fondundan istifadə üçün haqları vaxtında ödəməkdən ibarətdir.
33. MM-in 421-ci maddəsinin tələbi baxımından müqavilənin ləğvi üçün “əhəmiyyətli pozuntu” sübut olunmalıdır. Işin materiallarında olan məhkəmə qərarlarına və cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsasən cavabdeh tərəfindən icarə müqaviləsinin heç bir maddəsi pozulmamış və iddiaçı tərəfindən bu hal sübuta yetirilə bilməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetirilmişdir.
b) məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
34. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkilləri məhkəmədən kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişlər.
35. Iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ... 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. ...”
39. Azərbaycan Respublikası Meşə Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri
Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. ... Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir. ...”
“Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi … Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. ...”
“Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi
Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. ...”
“Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir: icarəyə verilən sahənin sərhədləri; işin həcmi (ölçüləri); icarənin müddəti; icarə haqqının miqdarı və onun ödənmə qaydası; icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri; Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.
“Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası
Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ...”
40. “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ####### tarixli, *** saylı qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“...
3. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. ...
11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə; icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda; icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə; Meşə fondu torpaqlarından icarə hüququna xitam verilməsi barədə icarəçiyə rəsmi xəbər verilir. ...”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Işə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.
44. Cavabdehin kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması barədə dəliləri üzrə qeyd olunur ki, MPM-nin 407.2-ci maddəsinin tələbi baxımından hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.