Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-254/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı Iddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı ilk, Iddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətininə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) ilə Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında 2022-ci il # #### tarixli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı Hacıqabul rayonunda kənd təsərrüfatı sahələrində təsərrüfatdaxili yolların qurulması işlərini həyata keçirməyi, sifarişçi isə bu işlərə görə muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə * saylı əlavə razılaşma protokoluna əsasən tərəflər görülməli olan işlərin ümumi dəyərini 1.477.285,31 manat həcmində razılaşmışlar. Müqaviləyə * saylı əlavə razılaşma protokoluna əsasən tərəflər görülməli olan digər işlərin dəyərini 5.192 manat həcmində razılaşmışlar.
2. Həmin müqavilə üzrə podratçı tərəfindən 1.482.477,31 manat dəyərində işlər görülmüş və sifarişçi tərəfindən həmin işlər qəbul edilmişdir.
3. Görülmüş işlərin müqabilində sifarişçi tərəfindən 1.298.000 manat məbləğində ödəniş edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı Iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc 184.477,28 manat, illik gecildirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 17.689,6 manat, 494 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam və vaxtında icra etməsinə baxmayaraq öhdəliklərin qarşılıqlı icrasına gəldikdə cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini tam və vaxtında icra etməmişdir. Iddiaçı tərəfindən 2023-cü il # #### tarixli EBDB ****** saylı 302.173.57 manat elektron qaimə göndərilmişdir. Həmin qaimə üzrə qalıq borc 184.477,28 manat təşkil edir. Həmçinin, cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddiaçı pul öhdəliyinin gecikdirilməsi ilə illik 5% miqdar gecikdirmə faizini tələb etməkdə haqlıdır. Illik gecikdirmə faizinə görə ümumilikdə 17.689.6 manat borc yaranmışdır.
6. Həmçinin cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, 2022-ci il ## ###### tarixli **/**-TTS-xxxx saylı, 2022-ci il # #### tarixli **/**-TTS-xxxx saylı və 2022-ci il # #### tarixli **/**-TTS-xxxx saylı müqavilələrə əsasən iddiaçının öhdəliklərini icra etməməsi nəticəsində «xxxx» MMC tərəfindən cavabdehə tətbiq edilmiş 119.000 manat cərimə məbləğinin iddiaçıdan cavabdehin xeyrinə tutulması, məhkəməyə ödənilmiş 409 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat məbləğində pul vəsaitinin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, podratçı cavabdeh ilə sifarişçi «xxxx» MMC arasında 2022-ci il ## ###### tarixli, **/**-TTSGP saylı, 2022-ci il # #### tarixli, 04/22-TTS-GP və 2022-ci il # #### tarixli **/**-TTSGP saylı Işlərin görülməsi (Xidmətlərin göstərilməsi) haqqında müqavilələr bağlanmışdır. Yuxarıda adı çəkilən müqavilələrin icrasını təmin etmək məqsədilə cavabdeh və iddiaçı arasında 2022-ci il ## ###### tarixli **/**-TTS-xxxx saylı, 2022-ci il # #### tarixli **/**-TTS-xxxx saylı və 2022-ci il # #### tarixli **/**-TTS-xxxx saylı müqavilələr bağlanmış və sifarişçi «xxxx» MMC-nin sifarişləri ilə bağlı işlərin görülməsi iddiaçıya tapşırılmışdır. Müqavilədə qeyd edilən işlər cavabdehə qənaətbəxş formada təhvil verilməmiş və iddiaçının öz öhdəliklərini vaxtında icra etməməsi və işlərin gecikdirilməsi səbəbindən «xxxx» MMC tərəfindən cavabdehdən müqavilə üzrə 48.456,80 manat və 70.543,20 manat cərimə məbləği tutulmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin olunması, 2022-ci il # #### tarixli 11/22- TTS-xxxx müqaviləyə əsasən əsas borc üzrə 184.477, 28 manat və əsas borca illik 5% hesablanmaqla 16.910,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən icra edilmiş işlərin ümumi dəyəri, 1.482.477,28 manat təşkil edir. Həmçinin ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya görülmüş işlərə görə ümumilikdə 1.298.000 manat pul ödənilmişdir.
10. Hazırda cavabdeh tərəf işlərin görülməsini mübahisələndirməmiş, lakin pulun ödənilməməsi səbəbini, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 2022-ci il ## ###### tarixli müqavilə üzrə 70.543,2 manat, 2022-ci il # #### tarixli müqavilə üzrə onlardan 48.456,8 manat cərimə borcunun tutulması ilə izah edir və qeyd edilmiş 119.000 manat pulun iddiaçıdan tutulmasını xahiş etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 2022ci il ## ###### tarixli və 2022-ci il # #### tarixli müqavilələrin hazırkı iddiaçı tərəfindən görülümüş işlərlə hər hansı bir bağlılığı yoxdur. Belə ki, işə əlavə edilmiş cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 2022-ci il # #### tarixli müqavilənin 1.1-ci bəndindən də, göründüyü kimi, müqavilənin predmeti Hacıqabul rayonunda kənd təsərüffatı bitkilərinin su təminatı sistemlərinin qurulması olmuşdur. Həmçinin işə əlavə edilmiş cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 2022-ci il ## ###### tarixli müqavilənin 1.1-ci bəndindən də, göründüyü kimi, müqavilənin predmeti Hacıqabul rayonunda kənd təsərüffatı bitkilərinin su təminatı sistemlərinin qurulması olmuşdur. Hazırkı mübahisənin predmeti olan cavabdeh (sifarişçi) ilə iddiaçı (podratçı) arasında 2022-ci il # #### tarixli podrat müqavilə isə, Hacıqabul rayonunda kənd təsərrüfatı sahələrində təsərrüfatdaxili yolların qurulması olmuşdur. Yəni, iddiaçı tərəfindən müqavilənin 6.1-ci bəndinin şərtlərinə (işlərin 2022-ci il ## ##### tarixdə bitməli olması) əməl edilməməsi əsası ilə, “xxxx” MMC tərəfindən cavabdehə 2022-ci il ## ###### tarixli müqavilə üzrə 70.543,2 manat, 2022-ci il # #### tarixli müqavilə üzrə 48.456,8 manat cərimənin tətbiq edilməsi arasında hər hansı bir bağlılıq yoxdur. Həmçinin də, işə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli qətnaməsindən də, göründüyü kimi, cavabdeh qeyd edilmiş 119.000 manat məbləğində pulu heç “xxxx” MMC-dən tələb etməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən 1.482.477,28 manat dəyərində işlər icra edilmiş, cavabdeh tərəfindən isə 1.298.000 manat ödəniş edilməklə, 184.477,28 manat borcu qalmışdır. Ona görə də, qarşılıqlı iddia rədd edilməli, 2022-ci il # #### tarixli 11/22-TTS-xxxx müqavilə üzrə 184.477,28 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 17.689,6 manat pulun tutulması ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə göndərilmiş son elektron qaimə və forma-2, 2023-cü il # #### tarixdə olmuş, iddiaçı isə, məhkəməyə 2025-ci il # ###### tarixdə etmişdir. Göründüyü kimi, görülmüş işə görə pulun ödənilməsi üçün ağlabatan müddət də, çıxılmaqla, cavabdeh ödənişi 22 ay gecikdirmişdir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaq 16.910,4 (184.477,28x5/100=9.223,86 (1 il üçün), 9.223,86/12=768,655 (1 ay üçün), 768,655x22=16.910,4 (22 ay üçün)) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 21.2, 445.7, 752.1, 753.1-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddia təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
17. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən 1.482.477,31 manat dəyərində işlər görülmüş və cavabdeh tərəfindən həmin işlər qəbul edilmiş, görülmüş işlərin müqabilində cavabdeh tərəfindən yalnız 1.298.000 manat məbləğində ödəniş edilmişdir. Odur ki, 184.477,28 manat məbləğində muzdun tutulması hissəsində ilk iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmişdir.
18. Işlərin razılaşdırılmış müddətdə icra edilməməsi barədə cavabdeh tərəfindən irəli sürülən dəlillərə dair qeyd olunmuşdur ki, mübahisəli podrat müqaviləsi 2022-ci il # #### tarixdə bağlandığı halda həmin müqavilədə işlərin 2022-ci il ## ##### tarixinədək, yəni müqavilə bağlanmamışdan əvvəlki tarixdə təhvil verilməli olması barədə şərt yer almışdır. Müqavilənin digər şərtləri və təqdim edilən sübutlar tərəflər arasında podrat münasibətlərinin yazılı müqavilənin bağlanmasından əvvəl yaranması barədə qənaətə gəlməyə də əsas vermir. Belə ki, müqavilə üzrə bütün ilkin ödənişlər və təhvil-təslim aktları müqavilə bağlandıqdan sonrakı dövrə aiddir. Bundan əlavə müqavilənin 18-ci bəndinə əsasən müqavilənin tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürü olan tərəfin möhürlədiyi andan qüvvə minməsi nəzərdə tutulmuşdur. Odur ki, tərəflər arasında podrat işlərinin görülməsi ilə bağlı münasibətlərin mübahisəli müqavilə bağlanmamışdan əvvəlki dövrü də əhatə etməsi iş materialları ilə öz təsdiqini tapmadığından “işlərin 2022-ci il ## ##### tarixinədək“ icra edilməli olması barədə müqavilə şərtində texniki səhvə yol verilməsi açıq-aşkar görünür. Bununla yanaşı, iş materiallarında tərəflər arasında müqavilə üzrə öhdəliklərinin icrası müddətinin razılaşdırılmasına dəlalət edən və həmin müddəti müəyyən etməsinə imkan verən digər sübutlar (məsələn, tərəflər arasında yazışmalar) da mövcud deyildir. Odur ki, tərəflərin müqavilə üzrə işlərin görülməsi öhdəliyinin icrası üçün razılaşdırdıqları müddəti müəyyən etmək mümkün olmadığından sözügedən öhdəlik müddəti təyin edilməmiş öhdəlik kimi qiymətləndirilir.
19. Həmçinin MM-in 427.2-ci maddəsində müddəti təyin edilməmiş öhdəliklərin icrası müddətinin axımı kreditorun həmin öhdəliyin icrasını tələb etməsindən asılı edilmişdir. Hazırkı halda isə iş materiallarına əsasən hazırkı mübahisədən öncə cavabdeh tərəfindən iddiaçıya işlərin görülməsinin gecikdirilməsi ilə bağlı bildirişlər göndərilməsi, işlərin görülməsinin tez bir zamanda icra edilməsinin tələb edilməsi və ya digər formada gecikdirməyə etiraz edilməsi də müəyyən edilmir. Odur ki, MM-in 427.2-ci maddəsinin tələbləri baxımından cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasını gecikdirilməsi də öz təsdiqini tapmır.
20. Ilk iddianın MM-in 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, hazırkı işdə cavabdehin podrat müqaviləsi üzrə borcun ödənilməsini 22 aydan artıq müddətə gecikdirdiyini nəzərə alınaraq, cavabdehdən iddiaçının xeyrinə 22 aylıq dövr (2023-cü il # #### tarixdən 2025-ci il # ###### tarixədək olan üçün illik 5 % olmaqla hesablanmış 16.910,4 manat məbləğində faizlərin tutulması hissəsində də qətnamə əsaslıdır.
21. Borcun məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsi barədə cavabdehin dəlillərinə dair kollegiya hesab etmişdir ki, hazırkı halda mübahisəli podrat müqaviləsi üzrə cavabdehin icra edilməmiş öhdəliyinin olub-olmamasının, eləcə də həcminin müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir, əksinə borcun məbləğini sadə riyazi hesablamalarla müəyyən etmək mümkündür. Buna görə ekspertiza təyin edilməsinə zərurət yoxdur.
22. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisəli podrat müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi iş materiallarına əsasən müəyyən edilmir. Həmçinin mübahisəli podrat müqaviləsinin predmetini Hacıqabul rayonunda kənd təsərrüfatı sahələrində təsərrüfatdaxili yolların inşası işlərinin görülməsi təşkil etdiyi halda “xxxx MMC” ilə cavabdeh arasında bağlanmış müqavilələrin predmeti Hacıqabul rayonunda kənd təsərrüfatı bitkilərinin su təminatı sistemlərinin qurulması ilə bağlı olmuşdur. Odur ki, iş materiallarında olan sübutlara əsasən mübahisəli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən görülmüş işlərin 2022-ci il ## ###### və 2022ci il # #### tarixli müqavilələr üzrə “xxxx MMC” tərəfindən cavabdehə sifariş edilmiş işlərin tərkib hissəsi olub-olmamasını müəyyən etmək qeyri-mümkündür. Bundan əlavə, “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanmış 2023-cü il # ### və 2023-cü il # #### tarixli məktublara əsasən müəyyən edilir ki, “xxxx MMC ilə cavabdeh arasında bağlanmış 2022ci il ## ###### tarixli müqavilə üzrə işlərin icrasının son tarixinin 2022-ci il # ###, eyni tərəflər arasında 2022-ci il # #### tarixli müqavilə üzrə isə 2022-ci il ## #### olması razılaşdırılmışdır. Belə olan halda cavabdehin yuxarıda göstərilən müqavilələr üzrə “xxxx MMC qarşısında olan öhdəliklərini vaxtında icra etməməsinin iddiaçının 2022-ci il # #### tarixində bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi ilə bağlı olması ehtimalı istisna olunur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli qətnaməsindən görünür ki, cavabdeh “xxxx MMC-yə qarşı 2022-ci il ## ###### və 2022-ci il # #### tarixli müqavilələr üzrə görülmüş işlərə görə muzd ödənilməsi barədə iddia tələbi irəli sürərkən mübahisəli cərimə məbləğlərini ödənilməsi tələb edilən işlərin dəyərindən özü çıxmış, yəni “xxxx MMC tərəfindən işlərin gecikdirilməsinə görə ona cərimənin tətbiqi ilə razılaşmışdır.
23. Göstərilənləri nəzərə alaraq kollegiya hesab etmişdir ki, qarşılıqlı iddianın rədd edilməsi hissəsində də birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 386, 427.2, 442, 443.1, 445.7, 448.1, 752.1, 753.1-ci, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 21.1, 385, 386, 425, 442, 445 və 752-ci maddələri üzrə - məhkəmələr tərəflər arasındakı münasibətlərin hüquqi mahiyyətini konkret müəyyən etməmiş və buna görə də tətbiq edilməli maddi hüquq norması ilə bağlı ziddiyyətli mövqe ortaya qoymuşdur. Iddiaçı ilə cavabdeh arasında ilk iddia tələbinə dair müqavilə üzrə yekun olaraq borcların, qalıq məbləğlərin üzləşdirilməsi həyata keçirilməmiş və iddiaçı tərəfindən məhkəməyə yalnız öz tərəflərindən hesablanmış maliyyə arayışı və digər sənədlər təqdim edilmişdir. Məhkəmə birtərəfli qaydada hesablanaraq təqdim edilmiş sənədləri əsas götürərək iddia tələbinin təmin edilməsi ilə bağlı əsassız nəticəyə gəlmiş, apellyasiya məhkəməsi isə həmin halı araşdırmamış və apellyasiya şikayətini təmin etməmişdir. Qətnamənin müqavilələrin predmetinin fərqliliyi ilə bağlı əsaslanması işin hallarına uyğun deyil. Belə ki, iş materiallarından və təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh ilə «xxxx» arasında podrat müqaviləsi imzalanmış, müqavilədə nəzərdə tutulmuş işlər isə cavabdeh tərəfindən deyil, sonuncu ilə iddiaçı arasında bağlanmış subpodrat müqaviləsinə əsasən iddiaçıya həvalə edilmişdir. Cavabdehə müqavilədə qeyd edilən işlər iddiaçı tərəfindən qənaətbəxş formada təhvil verilməmiş və iddiaçının öz öhdəliklərini vaxtında icra etməməsi və işlərin gecikdirilməsi səbəbindən «xxxx» MMC tərəfindən ondan müqavilə üzrə 48.456,80 manat və 70.543,20 manat cərimə məbləği tutulmuşdur. Işlər vaxtında təhvil verilmədiyindən podratçı şirkət kimi icraçı tərəfindən cərimə edilmişlər. Işlər iddiaçı tərəfindən gecikdirildiyindən tələbləri də ona qarşı yönəlmişdir. Qeyd edilənlər məhkəmələr tərəfindən nəzərə alınmamış və əsassız qətnamələr qəbul edilmişdir. Belə nəticə istinad edilən qanunvericilik normalarının kobud şəkildə pozuntusudur.
27. MPM-in 88, 97.1, 217.3-cü maddələri üzrə - iddiaçının tələbləri elə sübutlarla təsdiq edilməlidir ki, burada ehtimal etməyə yer olmasın, başqa sözlə iddia tələbini təmin etməmək mümkünsüz olsun. Məhkəmə mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab oluna bilməz. Iş materiallarındakı bütün hesablamalar və arayışlar iddiaçı tərəfindən aparılmış və tərtib edilmişdir. Bunun üçün də borcun məbləği qərəzsiz və işdə şəxsi marağı olmayan ekspert tərəfindən müəyyənləşdirilməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassassiya şikayətininin tam həcmdə rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” “Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”
“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.”
“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
34. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.
35. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
36. Kassasiya şikayətində məhkəmə ekspertizasının təyin edilməməsinin prosessual hüquq normalarının pozuntusu kimi göstərilməsi də əsaslı hesab edilə bilməz.
37. Belə ki, MPM-in 97.1-ci maddəsinə görə ekspertiza yalnız iş üçün əhəmiyyət kəsb edən halların xüsusi bilik tələb etdiyi hallarda təyin edilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında görülmüş işlərin dəyəri forma-2 aktları və elektron qaimələrlə təsdiq olunmuş, həyata keçirilmiş ödənişlərin məbləği isə ödəniş sənədlərindən müəyyən edilmişdir. Belə olan halda ödənilməmiş qalıq borcun müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik deyil, mövcud sənədlər üzrə sadə hesablamaların aparılmasını mümkün olduğundan ekspertiza təyin edilməsinə zərurət mövcud olmamışdır. Kassasiya şikayətində bu nəticənin prosessual qanunun hansı normasına zidd olması əsaslandırılmamışdır.
38. Kassasiya şikayətinin iddiaçının təqdim etdiyi sübutların birtərəfli qaydada tərtib edilməsi barədə dəlilləri də əsassızdır. Çünki apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutlar yalnız iddiaçı tərəfindən birtərəfli qaydada hazırlanmış sənədlərdən ibarət olmamış, tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş təhvil-təslim aktları, elektron qaimələr və ödəniş sənədləri birlikdə qiymətləndirilmişdir. Kassasiya şikayətində həmin sübutların prosessual qanunun tələblərinin pozulması ilə əldə edilməsi və ya məhkəmə tərəfindən ümumiyyətlə qiymətləndirilməməsi barədə əsaslandırılmış dəlillər göstərilməmişdir.
39. Kassasiya şikayətinin dəlillərinin işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
40. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
42. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
44. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.