Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-288/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı "xxxx" MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında 2024-cü il ## #### tarixli **/**** saylı mallar üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan tikinti materiallarının çatdırılmasını, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tətəflər arasında bağlanmış 2024-cü il ## #### tarixli **/**** saylı müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 148.151,74 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 439 manat rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, 2024-cü il ## #### tarixli **/**** saylı müqavilə üzrə malların qiyməti razılaşdırılmış, daha sonra təhvil-təslim aktı imzalanmış və 2025-ci il ## ###### tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 148.151,74 borcu vardır (ƏDV daxil). Dəfələrlə borcun istənilməsi ilə bağlı cavabdehə müraciət etsələr də, bütün müraciətlər nəticəsiz qalmaqdadır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya münasibət bildirməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).
6. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, iddiaçının üzərinə düşür. Belə ki, tərəflər 2024-cü il ## ###### tarixli * saylı Əlavə ilə təsdiq edilən Qiymətlərin razılaşdırılması protokolu ilə ümumi dəyəri 148.151,74 manat məbləğində olan malların adı, ölçü vahidi, miqdarı, qiyməti barədə razılığa gəlmişlər. Həmçinin iş materiallarında olan 2024-cü il ## ###### tarixli aktla tərəflər iddiaçı tərəfindən cavabdehə 148.151,74 manat məbləğində malların verildiyini öz imza və möhürü ilə təsdiq etmişlər. Bundan başqa, tərəflər 2025-ci 17 yanvar il tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya 2024-cü il ## ###### tarixinə ƏDV daxil 148.151,74 manat məbləğində borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir.
7. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 148.151,74 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Məhkəmə 2024-cü il ## #### tarixli **/**** saylı mallar üzrə satınalma müqaviləsinin ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2025-ci il ## ######## tarixli pretenziya məktubuna əsasən iddiaçı tərəf müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini ifadə etmişdir və cavabdeh tərəfindən də, müqavilə üzrə öhdəlik icra edilməmişdir. Belə olan halda, icarə müqaviləsi üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi icra etmədiyindən 2024-cü il ## #### tarixli müqavilə ləğv edilmiş hesab edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1, 567, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim S.Cəfərov, hakimlər T.Qocayev və E.Həsənov).
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin borcunun mövcudluğunu təsdiq edən sübutlar - hesab-faktura, təhvil-təslim aktı və üzləşmə aktı məhkəməyə təqdim olunmuşdur. Belə ki, iddiaçı 2024-cü il ## ###### tarixli hesabfaktura ilə 148.151,74 manat məbləğində malları cavabdehə göndərmiş, 2024-cü 30 dekabr tarixli təhvil-təslim aktı ilə tərəflər iddiaçı tərəfindən cavabdehə 148.151,74 manat məbləğində malların verildiyini öz imza və möhürü ilə təsdiq etmişlər. Bununla da, iddiaçı tərəfindən tikinti materiallarının cavabdehə çatdırılması faktı tərəflər arasında imzalanmış 2024-cü il ## ###### tarixli təhvil-təslim aktı ilə təsdiq olunur.
14. Həmçinin, 2025-ci il ## ###### tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya 2024cü il ## ###### tarixinə ƏDV daxil 148.151,74 manat məbləğində borcu olduğunu öz imza və möhürü ilə təsdiq etmişdir. Bu isə borcun etirafı kimi qiymətləndirilir və öhdəliyin mövcudluğunu sübut edən başlıca dəlildir. Belə ki, üzləşmə aktı tərəflər arasında qarşılıqlı hesablaşmaların nəticəsini əks etdirən və hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanan sənəddir və cavabdeh bu aktı imzalamaqla müqavilə üzrə borcun mövcudluğunu və məbləğini təsdiq etmiş sayılır.
15. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə cavabdehin vəsatətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan üzləşmə aktı və təhvil-təslim aktı borcun dəqiq məbləğini müəyyən edən sənədlərdir. Həmin sənədlərdə məbləğlər aydın göstərilmiş və tərəflərin qarşılıqlı imzası və möhürü ilə təsdiqlənmişdir. Bu məbləğin müəyyən edilməsi üçün xüsusi elmi və ya peşəkar mühasib biliyinə ehtiyac yoxdur. Bundan başqa, ekspertiza sənədlərin həqiqiliyini yoxlamır, o yalnız təqdim olunan sənədlər əsasında hesablama aparır. Sənədlər artıq mövcuddursa və məbləğ orada qeyd olunmuşdursa, iş üzrə ekspertiza təyin edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh borcun şişirdildiyini iddia etsə də, bu iddianı təsdiq edən hər hansı digər hesablamalar və ya ödəniş tapşırıqlarını məhkəməyə təqdim etməmişdir. Eləcə də, cavabdeh borcun şişirdildiyini sadəcə bəyan edir, lakin hansı malın dəyərinin artıq yazıldığını göstərmir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübut etsə də, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları sübut edə bilməmişdir.
16. Cavabdehin üzləşmə aktındakı imzanın cavabdehin direktoruna və möhürün cavabdehə aid olmadığı, bununla əlaqədar məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizasının təyin edilməsi barədə dəlillər də əsassız hesab edilərək qeyd edilmişdir ki, məhkəmə sənədləri işin digər halları ilə birgə qiymətləndirir. Tələb olunan borc məbləği ilkin sənədlərlə - tərəflər arasındakı hesab-fakturalar, malların təhvil-təslim aktları ilə sübut olunduğu halda, üzləşmə aktı da təsdiqedici xarakter daşıyır. Bundan başqa, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia ərizəsinə, o cümlədən üzləşmə aktına qarşı heç bir etiraz etməmiş, sənədin saxtalığı barədə vəsatət qaldırmamışdır. O, öz iddiasını şübhə doğuran faktlarla əsaslandırmalıdır. Apellyasiya mərhələsində cavabdehin heç bir mötəbər sübut təqdim etmədən ekspertiza təyin edilməsini xahiş etməsi məhkəmə prosesini lüzumsuz şəkildə uzatmaq cəhdi kimi qiymətləndirilmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.2, 442, 567, 598.1, 600.1, 600.4-cü, MPM-in 14.1, 14.2, 77.1, 119.1, 384.0-cı maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 567, 568.2, 570.1, 570.1.1, 570.1.2, 575.1-ci maddələri üzrə - iş üzrə diqqət yetirilməli məqam təhvil-təslim aktlarının işdə mövcudluğunun, onun həqiqiliyinin, aktda qeyd olunanların müəyyən olunmasıdır. Birbaşa üzləşmə aktlarına və hər hansı protokola istinadən qərar qəbul etmək əsassız və qanunsuzdur. Məhkəmə sadəcə üzləşmə aktına istinad etmiş, borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Üzləşdirmə aktında və protokolunda imzalar cavabdehin direktoruna məxsus deyil, həmin imzalar faks və ya elektron poçt vasitəsilə göndərilmiş sənəddən köçürülmə (basdırma) üsulu ilə sənədə yerləşdirilmişdir. Belə ki, sözügedən imzanın təbii imza xüsusiyyətlərini əks etdirməməsi, xətt qalınlığının və təziyiqinin qeyri-bərabər olmaması, sənədin digər mətn hissələri ilə texniki uyğunluq təşkil etməməsi imzanın mexaniki surətdə köçürüldüyünü göstərir. Qeyd olunan hallar üzləşmə aktının sübut kimi qəbul edilməsini şübhə altına alır. Bunu müəyyən etmək üçün xətşünaslıq, sənədlərin texniki ekspertizası keçirilməlidir. Bu barədə vəsatət versələr də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Imtinaya əsas olaraq tələb olunan borc məbləğinin ilkin sənədlərlə - tərəflər arasındaki hesab fakturalar, malların təhvil-təslim aktları ilə təsdiq olunduğu halda üzləşmə aktının da təsdiqedici xarakter daşıması bildirilmişdir. Bundan başqa bildirilmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddia ərizəsinə, o cümlədən üzləşmə aktına heç bir etiraz etməmiş, sənədin saxtalığı barədə heç bir vəsatət qaldırmamışdır. Məhkəmə bu vəsatəti məhkəmə prosesini lüzumsuz şəkildə uzatmaq cəhdi kimi qiymətləndirmişdir. Lakin, məhkəmə vəzifə öhdəliyinə uyğun olaraq hər bir halda xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edərək həqiqəti müəyyən etməli idi. Belə ki, imzaların və möhürün cavabdehə məxsus olmamasına dair ciddi şübhələr vardır. Məhkəmə sübutları qiymətləndirmədən, ümumi və əsaslandırılmamış nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmənin yalnız subyektiv fərziyyə və iddiaçının mülahizəsinə əsaslanaraq iddia tələblərini qəbul etməsi sübuta deyil, ehtimala əsaslanan qərar qəbul edilməsi deməkdir ki, bu da prosessual qanunvericiliyin kobud pozuntusudur. Bu pozuntular isə apellyasiya qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Kassasiya baxışı zamanı mühasibatlıq ekspertizası keçirilib borcun olub-olmaması müəyyən edilməlidir.
20. MPM-in 4.1, 9, 76, 77, 88, 217-ci maddələri üzrə - işə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, MPM-in 4, 9, 76, 77, 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə apellyasiya məhkəməsi qətnaməsinin MPM-in 418-ci maddəsinin tələblərinə görə kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 598.1. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 209. Işə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. Işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.”
“Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”
“Maddə 380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
27. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.
28. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
29. Əlavə olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qeyd etdiyi bütün arqumentlər araşdırılmış, onlara münasibətdə hüquqi əsaslandırma verilmiş, ekspertiza təyin edilməsinin zəruri hesab edilməməsinin səbəbləri izah edilmişdir. Məhkəmə həmin nəticəyə iş materiallarında olan sübutların məcmusuna hüquqi qiymət verməklə gəlmişdir.
30. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır.
31. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi
33. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
35. Bundan başqa, birinci instansiya məhkəməsində gedən icraat və keçirilən iclaslar barədə məlumatlı olan cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda iddiaçının istinad etdiyi halları və sübutları mübahisələndirməmiş və borcun şişirdilməsi ilə bağlı hallara istinad etməmiş, apellyasiya şikayətini isə həmin hallarla əsaslandırmışdır.
36. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
37. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
38. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin cavabdehin istinad etdiyi hallar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.