Məhkəmə qərarları › İş №2-2(1-8)-418/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-418/2026

16.07.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-418/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə mülkiyyətində olan torpaqların icarəsi, icarə müqaviləsinin ləğvi, torpaq icarə haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Işin halları

1. Bələdiyyə ilə “xxxx” ASC arasında Bələdiyyəsinin mülkiyyətində olan 10 ha torpaq sahəsi ilə əlaqədar 2004-cü il ## ###### tarixli ** nömrəli (sonrdan dəyişikliklər olunmaqla) icarə müqaviləsi (bundan sonra – “icarə müqaviləsi”) bağlanmışdır.

2. Bununla əlaqədar, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şəki şəhər Şöbəsinin müdiri Xəlilovun, Bələdiyyənin sədri Abdullayevin və “xxxx” ASC-nin sədri Əkbərovun iştirakı ilə “xxxx” ASC-yə uzun müddətli icarəyə torpaq sahəsi ayrılmasına sahəni seçmə barədə akt tərtib edilmişdir. Aktda ayrılan torpaq sahəsinin yerləşdiyi ərazi qeyd olunmuşdur. Həmin ərazinin şimaldan bələdiyyənin torpaq sahəsi, şərqdən Murdal çay, cənub və qərbdən bələdiyyənin torpaq sahəsi ilə həmsərhəd olduğu qeyd edilmişdir. Həmin akt yuxarıda adları kəçilən şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmin aktda qeyd olunan icarəyə verilən torpaq sahəsinin planı əlavə edilmiş və həmin planda yuxarıda adları çəkilən şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

3. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 2024-cü il ## ####### tarixli Azərbaycan Respublikasının Qanununun 47.3-cü bəndinə əsasən Baltalı, Inçə, Qoxmuq və Zunud bələdiyyələrinin əhatə etdiyi Aşağı Şabalıd, Baltalı, Inçə, Qoxmuq və Zunud kəndlərində Qoxmuq Bələdiyyəsi yaradılmaqla, qeyd olunan ərazilər Qoxmuq Bələdiyyəsinə birləşdirilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. Bələdiyyə (bundan sonra – “iddiaçı”) 2025-ci il # ##### tarixində “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 hektar torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında müqavilənin və Əlavənin ləğv edilməsi, cavabdehin icarə müqaviləsi ilə icarəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya qaytarılması, həmin torpaq sahəsindən iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, ödənilməmiş 4.600 manat icarə haqqının, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 500 manat vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2004-cü il ## ###### tarixli ** nömrəli iclasının qərarına əsasən tut tingi bağlarının salınması məqsəd ilə cavabdehə bələdiyyənin ehtiyat fondunun torpaq sahəsindən 10 ha torpaq sahəsi uzun müddətli (30 otuz il) icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilərək, bu haqda bağlanılan müqavilə təsdiq edilmişdir. Həmin qərarlar əsasında iddiaçı ilə cavabdeh arasında 10 hektar torpaq sahəsinin 30 il müddətinə hər il üçün 700.000 manat (140 manat, hər hektar üçün 14 manat) icarə haqqı ödənilməklə 2004-cü il ## ###### tarixində “torpaq sahəsinin icarəyə verilməsi haqqında” ** nömrəli müqavilə bağlanmışdır. Yuxarıda qeyd olunduğu kimi sözügedən müqavilənin 2.4-cü maddəsinə əsasən icrarə haqqı bir ildə hər bir hektar üçün 20 manat müəyyən edilmişdir. Iddiaçı ilə cavabdehin nümayəndələrinin imzaları və müvafiq möhürlərlə təsdiq edilmiş Əlavəyə icarə müqaviləsinin 2.4-cü maddəsində düzəlişlər edilərək bir illik icarə haqqı 200 manat müəyyən edilmiş, Zunud Bələdiyyəsinin 2015-ci il ## #### tarixli iclasının * nömrəli qərarının 1-ci hissəsinə əsasən icarə müqaviləsinin 2.4-cü bəndində dəyişiklik edilərək icarə haqqı bir ildə hər bir hektar üçün 50 manat müəyyən edilmişdir. Müəyyən edilən icarə haqqı üzrə axırıncı dəfə 2015-ci il # ### tarixində 400 manat ödənilmişdir. Həmin müddətdən sonra ödənilməmiş icarə haqqı 4.600 manat təşkil edir ki, bundan da heç bir məbləğ ödənilməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraicət edilsə də, heç bir nəticə əldə edilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış yuxarıda göstərilən icarə müqaviləsi üzrə müqavilənin şərtlərinə əməl edilməməklə həmin şərtlər cavabdeh tərəfindən pozulmuşdur. Bununla da iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. Eyni zamanda həmin torpaq sahəsinə dair icarə haqqı verilmədiyinə görə bələdiyyənin büdcəsində kəsirlərin yaranması səbəbindən bələdiyyə ərazisində yaşayan əhalinin tələblərinin tam ödənilməsi mümkün olmadığına, həmçinin bələdiyyənin ərazisində yaşayan vətəndaşlar tərəfindən həmin torpaq sahəsindən istifadə edə bilinmədiyinə görə vətəndaşların da hüquqları pozulur və haqlı narazılıqları yaranır. Tərəflər arasında olan mübahisə ilə bağlı cavabdehə rəsmi qaydada məktublar göndərilmiş, lakin həmin məktublara heç bir cavab verilməmişdir. Sonuncu dəfə 2024-cü il ## ###### tarixində cavabdehə borc məbləğinin 5 gün müddətində ödənilməsi barədə tələb edilsə də, heç bir əhəmiyyət verilməmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli qərardadı əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ nin ** saylı Şəki Ərazi Idarəsinin 2025-ci il ## ###### tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh bağlanmış arasında icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi Qoxmuq Bələdiyyəsinin mülkiyyətindədir. Iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi”əsasında cavabdehin istifadəsinə verilmiş 10 ha torpaq sahəsinin naturada 7.56 ha olub, yerləşmə və kordinatları tərtib edilmiş sxemdə kollu örüş torpaqları kimi göstərilmişdir. Həmçinin qeyd olunan yerquruluşu planı və sxem həmin rəyə əlavə edilmişdir. Həmin sxemdə qeyd olunan torpaq sahəsinin kordinatları öz əksini tapmışdır.

7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il # ######## tarixli **/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi Qoxmuq Bələdiyyəsinin mülkiyyətindədir. Iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş 10 ha torpaq sahəsinin 7.56 ha olub, yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Həmin ərazi kollu örüş torpaqları kimi göstərilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi nümayəndə2 iştirak edərək izahatında bildirmişdir ki, X2 Məhkəməsinin 2016-ci il ## ####### tarixli qərarına əsasən cavabdehin əmlakının 46.499.065,30 manat məbləğin alınaraq “xxxx” X4 verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra 2017-ci il # ###### tarixində cavabdehin bütün əmlakı “xxxx” QSC-yə komissiyanın iştirakı ilə təhvil verilmişdir. Təhvil verilməmişdən əvvəl qiymətləndirici şirkət dəvət olunmuşdur. Həmin qiymətləndirici şirkət 46.499.065,30 manat məbləğində borca müvafiq 37.000.000 məbləğdə cavabdehin bütün əmlakını dəyərləndirmişdir. Azərbaycan Respublikasının prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanının icrası ilə bağlı cavabdehin bütün əmlakı 2015-ci il # ####### tarixində təhvil-təslim aktına əsasən “xxxx” QSC BOKT-a təhvil verilmişdir. Daha sonra Prezidentin 2017-ci il # ###### tariximdə ikinci fərmanında qeyd edilir ki, fərmanın ikinci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin fəaliyyətini təmin edilməsi məqsədilə nəzərdə tutulan dövlət əmlakının sənayə koorperasiyasının mülkiyyətinə verilməsi prezidentin həmin sərəncamında nəzərdə tutulmuşdur. 2018-ci il ## ### tarixində həmin qərara əsasən Beynəlxalq Bankdan “xxxx” QSC-yə keçən bütün aktivlər “xxxx” QSC tərəfindən xxxxsına təhvil verilib. 2021-ci il ## ####### tarixində **** nömrəli Prezidentin Sərəncamı əsasında habelə Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əsasnamələri əsasında 2025-ci il # ###### tarixində xxxxsı ASCnin tabeliyində olmuş “xxxx” MMC ** nömrəli sərəcamla “xxxx” ASC-yə çevrilmişdir. Halhazırdakı “xxxx” ASC bir növ MMC-nin varisi sayılır. Lakin sənaye Koorperasiyasına keçəndə varis kimi keçməyib. “xxxx” ASC-nin yalnız ləğv olunma haqqında sərəncamı yoxdur. “xxxx” ASC-nin nə əmlakı var, nə də hesabında pulu, yəni “xxxx” ASC-nin heç bir əmlakı yoxdur. Iddiaçıya olan icarə haqqını “xxxx” ASC 2015-ci ildən ödəyə bilməmişdir. Bu səbəbdən ödənilməmiş borc qalmışdır. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqavilələri ləğv edilərsə həmin torpaq sahələrində salınmış tut tingləri zərər görə bilər. Cavabdeh həmin tut tinglərinin salınmasına xərc çəkib, uzun illər onlara qulluq edilib və baramaçılıq təsərrüfatı ilə məşğul olub.

9. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin (bundan sonra – “üçüncü şəxs”) nümayəndəsi izahat verərək bildirmişdir ki, ekspert rəyinə əsasən mübahisə predmeti olan torpaq kollu örüş torpağıdır. Qannunvericiliyə əsasən örüş torpaqları 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə icarəyə verilə bilər. Digər məqsədlər üçün verilə bilməz (birinci instansiya və apellyasiya məhkəmələrinin qətnamələrində texniki səhv nəticəsində "bilər" ifadəsi göstərilmişdir). Həmçinin daşınmaz əmlak olaraq torpaq sahəsi icarəyə verilərəkən dövlət qeydiyyatına alınmalıdır. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqavilələri dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən iddia tələbini əsassız hesab olunmalıdır.

10. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış icarə müqaviləsi və ona edilmiş əlavənin ləğv olunması, cavabdehin icarə müqaviləsi ilə icarəsinə verilmiş 10 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsi iddiaçıya qaytarılması və həmin torpaq sahəsindən iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması, cavabdehdən 4.600 manat məbləğində icarə haqqı ürzə pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – E.Hüseynova).

11. Məhkəmə yekun qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 719.7-ci maddəsinə əsasən bu məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. Icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər.

12. Işin hallarından da göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı cavabdeh tərəfindən 3 aydan uzun bir müddət olmaqla ödənilməmiş və bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirmir. Belə olduğu halda iddiaçı tərəfindən MM-in yuxarıda qeyd olunan normasının tələbinə əsasən müqaviləni ləğv etmək hüququ yaranmış və nəticədə iddiaçı icarə müqaviləsinin və ona imzalanmış əlavənin ləğv edilməsini tələb etməkdə halı olmuşdur.

13. Hazırkı tələbdə mübahisə predmenti olan 10 ha torpaq sahəsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə cavabdehin icarəsinə verilmiş torpaq sahəsidir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edildiyindən, həmin müqavilə əsasında yaranmış hüquqlar da ləğv edilməlidir. Yəni icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində, cavabdeh icarə predmenti olan torpaq sahəsindən müqavilə şərtləri çərçivəsində istifadə etmək hüququ vardırsa, lakin müqavilənin ləğvindən sonra cavabdeh tərəfindən bu hüquq itirilmiş olur. Belə olduğu halda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən onun icazəsi olmadan istifadə etmək və iddiaçıya həmin torpaq sahəsindən istifadəyə hər hansı maneə yaratmaq hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının gələcəkdə pozulmaq ehtimalı olan hüquqlarının müdafiəsi məqsədi ilə, iddia tələbi bu hissədə təmin edilməlidir.

14. Məhkəmə tələbin “icarə haqqı” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdehin iddiaçıya yaranmış icarə haqqı borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsi üzrə göstərilən torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını 2015-ci ildən ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, həmçinin 2015-ci il tarixdən icarə haqqının ödənilmədiyini də qəbul etmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Məhkəmə tələbin “hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 500 manat vəsaitin cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Iddiaçı tərəfindən hüquqi yardım üçün 500 manat pulun vəkilə ödənilməsi tələb edilsə də, lakin 500 manat pulun vəkilə ödəniş edilməsini təsdiq edəcək hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda iddiaçı tərəfindən həqiqətən vəkilə hüquqi yardımla bağlı ödəniş edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.7, 448.1, 448.2, 700.1, 700.2, 700.3, 706.1, 706.2, 706.3, 719.7, 719.8-ci; “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 3, 4, 11-ci; “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 78.1, 119.1, 121.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-**)-*/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – cavabdehin icarə müqaviləsi ilə icarəsinə verilmiş 10 ha torpaq sahəsindən çıxarılması və cavabdehdən 4.600 manat məbləğində icarə haqqı üzrə pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamə qəbul edilərək, cavabdehin icarə müqaviləsi ilə icarəsinə verilmiş 7.56 ha torpaq sahəsindən çıxarılması; cavabdehdən icarə haqqı üzrə 2.268 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi; qətnamənin mübahisəlləndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – E.Hüseynov, hakimlər – A.Eyvazov və Ə.Kərimov).

19. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan 10 ha torpaq sahəsini, tut tingi salmaq məqsədi ilə 30 il müddətinə cavabdehin icarəsinə verməyi, cavabdeh isə öz növbəsində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edib, müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən qeyd olunan torpaq sahəsi üzrə illik icarə haqqı 700.000 manat (həmin dövrdə Azərbaycan Respublikasının müvafiq məzənnəsinə uyğun) müəyyən edilmişdir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

20. Üçüncü şəxs apellyasiya şikayətində X5 qüvvədən düşməsini və onun iddia ərizəsi ilə məhkəmədə çıxış etmək səlahiyyətinin olmamasını vurğulamışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının protokol qərardadı ilə İddiaçı hazırkı iş üzrə iddiaçı Şəki Rayonu Zunud bələdiyyəsi ilə əvəz edilmişdir.

22. Işə birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş mütəxəssis və ekspert rəylərindən (bax §§ 6-7) də müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında torpaq icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi hal-hazırda Qoxmuq bələdiyyəsinin mülkiyyətindədir.

23. Mütəxəssis və ekspert rəylərindən o da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında torpaq icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş 10 ha torpaq sahəsinin naturada 7.56 ha olmuşdur.

24. Iş üzrə birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün, məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul etmiş və onlarla razılaşmışdır.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi bir neçə qanun pozuntusuna yol vermişdir.

26. Əvvala, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Baltalı, Inçə, Qoxmuq və Zunud bələdiyyələrinin əhatə etdiyi Aşağı Şabalıd, Baltalı, Inçə Qoxmuq və Zunud kəndlərində Qoxmuq bələdiyyəsi yaradılmaqla, qeyd olunan ərazilər Qoxmuq bələdiyyəsinə birləşdirilmişdir.

27. Iş materiallarından görünür ki, Şəki rayon Qoxmuq bələdiyyəsinin 2025-ci il ## ### tarixli * nömrəli qərarı ilə Qoxmuq bələdiyyəsinin Nizamnaməsi təsdiq edilmişdir.

28. Qoxmuq bələdiyyəsinin qeyd olunan qərarının üçüncü bəndinə uyğun olaraq “Azərbaycan Respublikası Şəki rayonunun Zunud bələdiyyəsinin Nizamnaməsi” təsdiq edilməsi barədə Zunud bələdiyyəsinin 2018-ci il ## #### tarixli ** nömrəli qərarı ləğv edilmişdir.

29. Qeyd olunan Nizamnamənin 1.6-cı bəndində X3 Şabalıd, Baltalı, Inçə, Qoxmuq və Zunud kəndlərinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərdiyi qeyd edilmişdir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işə məhkəmədə baxılarkən Zunud bələdiyyəsinin Nizamnaməsi qüvvədən düşmüşdür və onun iddia ərizəsi ilə məhkəmədə çıxış etmək səlahiyyəti olmamışdır.

31. Birinci instansiya məhkəməsi bunları nəzərə almadan Zunud bələdiyyəsini iddiaçı qismində qəbul etmişdir.

32. Ikincisi, iş üzrə alınmış rəylərlə müəyyən edilmişdir ki, icarəyə verilmiş torpaq sahəsinin ölçüsü 10 ha deyil, 7.56 ha təşkil edir.

33. Lakin birinci instansiya məhkəməsi cavabdehin 10 ha torpaq sahəsindən çıxarılmasını və həmin ölçüdə torpaq sahəsinə görə icarə haqqı tutulmasını qət etmişdir.

34. Nəhayət, qanunvericiliyin tələbinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddələri).

35. Iş materialları ilə cavabdehin 2015-ci ildən icarə haqqını ödəmədiyi müəyyən edilmişdir. Qeyd olunan normanın tələbinə görə iddiaçı son beş ilin icarə haqqını tələb edə bilər.

36. Beləliklə də, cavabdeh 7,56 ha torpaq sahəsindən çıxarılmalı, sonuncudan 7,6 ha torpaq sahəsinə görə son 5 il üzrə ödənilməmiş icarə haqqını təşkil edən 2.268 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 384.0, 384.0.4, 384.0.5, 385.1, 386.1, 442, 445.7, 448.1, 448.2, 551.2, 551.2.1, 700.1, 700.2, 700.3, 706.1, 706.3, 719.7, 719.8-ci; “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 3, 4, 11-ci; “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü; Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 77.1, 88, 101.3, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

39. Mülki Məcəllənin 2.3-cü, Torpaq Məcəlləsinin 51 və 55-ci maddələri üzrə - Məhkəmə qərar qəbul edərkən işin hallarını və qanunvericiliyinin tələblərini nəzərə almamış, hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsində salınmış tut tingləri “xxxx” ASC-nin balansında olmaqla, pulla qiymətləndirilən əmlak kimi cəmiyyətin nizamnamə kapitalının bir hissəsini təşkil edir, həmin torpaq sahəsinə böyük miqdarda investisiya qoyulmuş və hazırda qeyd olunan tut tingləri “xxxx” ASC-nin barama istehsalının təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Eləcə də iddia predmeti olan torpaq sahəsi hazırda faktiki olaraq “xxxx” ASC-nin istifadəsindədir və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 2025-ci il # ###### tarixli sərəncamına əsasən “xxxx” ASC-nin tabeliyində olmuş “xxxx” MMC “xxxx” ASC-yə çevrilmiş və “xxxx” ASC-nin hüquqi ünvanı ünvan 1 müəyyən edilmişdir. Bununla bağlı bildiririk ki, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən “xxxx” ASC-yə təqdim edilmiş məktubdan görünür ki, “xxxx” ASC-nin 2022-ci il ## ### tarixli ərizəsi əsasında fəaliyyəti vergi orqanı tərəfindən 2022-ci il ## ### tarixindən 2027-ci il ## ### tarixinədək dayandırılmışdır.

40. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icarə müqaviləsinin mahiyyətinə görə icarəçi tərəfindən ona verilmiş torpaqdan istifadəyə görə icarəyəverənə icarə haqqı ödənilməlidir. Hazırkı halda cavabdehin fəaliyyəti 2022-ci ildən 2027-ci il tarixədək dayandırıldığından və 2022-ci ildən bugünədək cavabdeh tərəfindən torpaq sahəsindən istifadə olunmadığından, həmin dövrlər arasında cavabdehdən icarə haqqı borcunun tutulması cavabdehi iqtisadi cəhətdən son dərəcə əlverişsiz vəziyyətə salır. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin formal olaraq icarə müqaviləsinə əsaslanmaqla cavabdehdən istifadə etmədiyi torpaq sahəsinə görə, son 5 il üçün icarə haqqı borcunun tutulması barədə qəbul etdiyi qərar əsassız sayılmalıdır.

41. Nəzərə almaq lazımdır ki, son dövrlərdə həmin torpaq sahələrində salınmış tut tingləri “xxxx” ASC-nin vəsaiti hesabına həyata keçirilmişdir və iddiaçı tərəfindən qeyd olunan işlərin həyata keçirilməsinə hər hansı maneə yaradılmamış, bununla bağlı “xxxx” ASC-yə hər hansı xəbərdarlıq edilməmişdir.

42. Hazırkı iş üzrə cavabdeh “xxxx” ASC və “xxxx” ASC hər ikisi dövlətə məxsus müəssisələr olduğundan, hazırkı müqavilənin bir tərəfinin dövlət olması nəzərə alınmaqla, iddiaya münasibətdə dövlətin maraqlarının mövcudluğu nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, hazırkı halda “xxxx” ASC tərəfindən həmin torpaq sahəsinə qoyulmuş investisiyaların qorunub saxlanması müəssisə, eləcə də dövlət üçün mühüm iqtisadi əhəmiyyətə malikdir. Bu səbəbdən müqavilənin ləğvinin “xxxx” ASC-nin fəaliyyətinə ciddi ziyan vuracağını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən hazırkı müqavilə ləğv oluna bilməz.

43. Qanunvericiliyin tələblərinə əsasən icarə müqavilələrinin ləğvi hazırkı məqamda qanunla qadağan olunduğundan, iddia predmeti olan icarə müqaviləsində “icarəçi qismində “xxxx” ASC-nin “xxxx” ASC ilə əvəz olunmaqla icarə münasibətləri davam etdirilməlidir.

44. Əlavə olaraq bildiririk ki, Şəki Apellyasiya Məhkəməsi cavabdehdən 2.268 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul etsə də, bunun hansı qaydada hesablandığı qətnamədə müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən hazırkı iddia tələbinin hüquqi əsası kimi məhkəməyə tərəflər arasında imzalanmış icarə müqaviləsi və qeyd olunan müqaviləyə Əlavə təqdim etmişdir. Ilkin müqavilədə icarə predmeti olan 10 ha torpaq sahəsinin illik icarə haqqı ilkin olaraq 140 manat, daha sonra isə 2007-ci ildə müqavilənin 2.4-cü bəndində edilmiş dəyişikliyə uyğun olaraq 200 manat müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyində müqavilə predmeti olan torpaq sahəsinin naturada 10 ha deyil, 7.6 ha olması müəyyən edilmişdir. Belə olan halda 2007-ci ildə müqavilənin 2.4-cü bəndində edilmiş dəyişikliyə uyğun olaraq 10 ha torpaq sahəsinin dəyərinin 200 manat olduğunu nəzərə alaraq, 1 ha üçün 20 manat olduğu müəyyən olunur. Beləliklə müqavilədə 10 ha yazılmasına baxmayaraq, cavabdehə təhvil verilmiş torpaq sahəsinin 7.6 ha olması nəzərə alınaraq, Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə uyğun olaraq iddia müddəti tətbiq edilməklə son 5 ilin icarə haqqı borcunun hesablaması aşadığıdakı qaydada aparılmalı idi: 1 ha – 20 azn 0.1 ha (10 sot) – 2 azn 0.6 ha (60 sot) – 12 azn 1 illik icarə haqqı - (20 x 7 ha) + (2x0.6 ha) = 152 manat 5 illik icarə haqqı – 5 x 152 = 760 manat. Beləliklə iddia müddəti tətbiq olunmaqla cavabdehin 5 illik icarə haqqı borcu cəmi 760 manat təşkil etdiyi halda, Şəki Apellyasiya Məhkəməsinin cavabdehin borcunun 2.268 manat olmasının hansı əsaslarla müəyyən olunduğu qeyri-müəyyəndir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, məhkəmə işin hallarını və mövcud münasibətlərə tətbiq olunmalı olan mülki və digər qanunvericilik aktlarının tələblərini nəzərə almadan, əsassız qərarla iddianı təmin etmişdir.

45. Mülki Prosessual Məcəllənin 217.3, 218.1-ci maddələri üzrə - Məhkəmə öz qətnaməsini lazımi qaydada əsaslandırmamış, iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, nəticədə əsassız qərar qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. ... 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. ...”

“Maddə 719. Torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin ləğvi 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. ... 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. Icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. ...”

50. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı

Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. ..."

51. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 11. Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi 11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. ...”

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərə görə əsassız hesab edir.

54. Kassasiya şikayətinin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2025-ci il # ###### tarixli ** nömrəli Sərəncamına əsaslanaraq "xxxx" ASC-nin "xxxx" ASC-nin hüquqi varisi olması barədə dəlilə münasibətdə qeyd edilməlidir ki, istinad olunan sərəncama əsasən "xxxx" ASC-nin tabeliyində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin sərəncam yalnız, "xxxx" MMC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsini nəzərdə tutur və "xxxx" ASC-nin "xxxx" ASC-yə çevrilməsi, yaxud sonuncunun "xxxx" ASC-nin hüquq və öhdəlikləri üzrə hüquqi varisi olması barədə hər hansı müddəanı özündə ehtiva etmir.

55. Iş materialları və tərəflərin nümayəndələrinin iştirak etdikləri məhkəmə proseslərində verdikləri izahatlarla müəyyən olunur ki, "xxxx" ASC hüquqi şəxs kimi faktiki olaraq mövcudluğunu və fəaliyyətini davam etdirir və "xxxx" QSC-nin idarəetməsində qalır. Bu isə "xxxx" ASC-nin hüquqi varislik qaydasında "xxxx" ASC-yə çevrilmədiyini göstərir.

56. Buna görə də “xxxx" ASC-nin "xxxx" ASC-yə çevrildiyi və ya "xxxx" ASC-nin onun hüquqi varisi olduğu barədə irəli sürülən dəlil əsaslı deyil.

57. Həmçinin kassasiya şikayətinin “cavabdehin fəaliyyəti 2022-ci ildən 2027-ci il tarixədək dayandırılması və 2022-ci ildən bugünədək cavabdeh tərəfindən torpaq sahəsindən istifadə olunmaması dəlilinə münasibətdə qeyd edilməlidir ki, fəaliyyətinin dayandırılması icarə haqqının ödənilməməsi üçün əsas sayıla bilməz.

58. Kassasiya şikayətində tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsinin mümkünlüyü, eyni zamanda "xxxx" ASC ilə yeni icarə müqaviləsinin bağlana və tərəflər arasında yeni icarə münasibətlərinin yarana biləcəyi barədə dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər hazırkı mübahisənin predmetinə aid deyil və mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığı çərçivəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər aralarında azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

59. Kassasiya şikayətinin dəlillərinə münasibətdə son olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin məsələyə yanaşması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il ## #### tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur.

60. Həmin hüquqi mövqeyə əsasən, məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və izahatlar əsasında həyata keçirməli, qərarlarını yalnız məhkəmə iclasında tədqiq edilmiş və Mülki Prosessual Məcəllənin tələblərinə uyğun əldə olunmuş sübutlarla əsaslandırmalıdırlar. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələri də iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün hüquqi qiymət vermişlər.

61. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyşdirilməsi üçün əsas təşkil etmir, kassasiya şikayətinin dəlilləri nöqteyi nəzərindən qiymətləndirilərkən apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, qanuni və əsaslı qərar çıxarılmışdır.

62. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-**)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-**)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar