Məhkəmə qərarları › İş №2-2(1-8)-466/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-466/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-466/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) ilkin; Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılqılı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, qüsurlu icranın nəticələri, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Işin halları

1. “xxxx” MMC ilə “xxxx” MMC arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasının liman kompleksində mövcud “Slip” (gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması ilə bağlı müqavilə bağlanılmışdır.

2. “xxxx” MMC (podratçı) ilə cavabdeh MMC (sifarişçi) arasında 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən, podratçı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də nəzərdə tutulmuş layihə tapşırığına uyğun olaraq həmin qurğunun uzadılması işlərini müqavilədə müəyyən edilmiş müddətdə, qüvvədə olan norma və qaydalara uyğun yerinə yetirməyi, sifarişçi isə görülmüş işləri Təhvil-Təslim aktları, Forma 2 və Forma 3 əsasında qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə işlərin dəyəri ƏDV-siz 1.400.000 manat müəyyən edilmiş, mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya və sonar planalma xərclərinin bu məbləğə daxil olmadığı və sifarişçi tərəfindən ayrıca ödəniləcəyi nəzərdə tutulmuşdur.

3. Müqavilənin 4-cü bölməsinə əsasən, podratçı işləri ilkin avans ödənişindən sonra hesablanmaqla 120 iş günü ərzində təhvil verməli, podratçıdan asılı olmayan səbəblər və əlverişsiz hava şəraiti ilə əlaqədar işlənilməyən günlər həmin müddətə daxil edilməməlidir. Işlərin bitirilmə vaxtı son Təhvil-Təslim aktının imzalandığı tarix hesab edilir. Podratçının təqdim etdiyi son Təhvil-Təslim aktı sifarişçi tərəfindən 15 iş günü ərzində əsaslı etiraz bildirilmədən imzalanmadıqda, həmin akt qəbul edilmiş hesab olunur.

4. Müqavilənin 5-ci bölməsinə əsasən, sifarişçi podratçıya mərhələli şəkildə ilkin avans ödəməli, dövlət ekspertizasından keçirilmiş layihə və smeta təqdim edildikdən sonra 420.000 manat məbləğində ikinci avans verməli, qalan 690.000 manatın 650.000 manatını faktiki yerinə yetirilmiş işlər üzrə Təhvil-Təslim aktları, Forma 2 və Forma 3 imzalandıqdan sonra 5 iş günü ərzində, son 40.000 manatı isə qurğunun ilkin sınağından sonra ödəməli idi.

5. Müqaviləyə əsasən, sifarişçi əsaslı etirazı olmadığı halda podratçının təqdim etdiyi Təhvil-Təslim aktlarını, Forma 2 və Forma 3 sənədlərini 5 iş günü ərzində təsdiq etməli, podratçı isə tikinti sahəsi təhvil verildikdən sonra işlərə başlamalı, onları plan-qrafikə, qüvvədə olan standartlara, təhlükəsizlik qaydalarına və qanunvericiliyin tələblərinə uyğun yerinə yetirməli, görülmüş işlərə dair hesabatları, Təhvil-Təslim aktlarını və elektron qaimələri sifarişçiyə təqdim etməli idi.

6. Müqaviləyə görə, təhvil zamanı nöqsanlar aşkar edildikdə tərəflər qüsur aktı tərtib etməli, razılıq əldə edilmədikdə isə qüsurların mövcudluğu barədə rəy tərəflərin razılığı ilə cəlb olunmuş sərbəst ekspert tərəfindən verilməli idi. Son Təhvil-Təslim aktı imzalanmazdan əvvəl qurğunun ilkin sınağı keçirilməli, sınağın təşkili sifarişçinin vəsaiti hesabına həyata keçirilməli, sifarişçinin təqsiri üzündən sınaq müqavilədə nəzərdə tutulmuş müddətdən əlavə 10 gündən artıq gecikdirildiyi halda qurğu ilkin sınaqdan uğurla keçmiş hesab edilməli və sifarişçi son ödənişi həyata keçirməli idi. Müqavilədə nəzərdə tutulan bütün işlər başa çatdıqdan sonra podratçı sifarişçiyə işlərin təhvil-təslimə hazır olması barədə bildiriş göndərməli, sifarişçi isə 5 gün ərzində komissiya yaradaraq yoxlama aparmalı idi.

7. Müqavilə ilə podratçı görülən işlərin müqavilə şərtlərinə, texniki tapşırığa, qüvvədə olan qanunvericiliyə, norma və standartlara uyğun yerinə yetiriləcəyinə və qurğuya bir il müddətinə istismar keyfiyyət qarantiyası verdiyini öhdəsinə götürmüşdür. Həmçinin podratçının ixtisaslı personal cəlb etməsi, öz təqsiri nəticəsində yaranan zərərə görə məsuliyyət daşıması, tərəflərin müqavilə öhdəliklərini pozduqları halda qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşımaları, sifarişçinin ödənişi gecikdirdiyi halda gecikdirilmiş məbləğin hər günü üçün 0,5 faiz, podratçının işlərin təhvilini gecikdirdiyi halda isə müqavilə dəyərinin hər gecikdirilmiş günü üçün 0,3 faiz cərimə ödəməsi nəzərdə tutulmuşdur.

8. 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əlavə edilmiş * nömrəli Əlavəyə əsasən, görüləcək işlərin ümumi dəyəri ƏDV-siz 1.400.000 manat müəyyən edilmişdir. Həmin tarixdə tərəflər arasında bağlanmış GEMI/ADO-G-**/**-** nömrəli subpodrat müqaviləsinə əsasən isə mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya və sonar planalma işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuş, bu müqavilə üzrə işlərin dəyəri ƏDV-siz 32.500 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən, həmin işlər iki ay müddətində yerinə yetirilməli, təhvil-təslim, qüsurların aradan qaldırılması, ekspertiza, zəmanət və məsuliyyət məsələləri əsas müqavilədə nəzərdə tutulmuş qaydada tənzimlənmişdir.

9. "xxxx" MMC tərəfindən cavabdeh MMC-yə 2024-cü ilin may-noyabr, eləcə də 2025ci ilin may aylarında görülmüş işlər üzrə müxtəlif məbləğlərdə elektron qaimələr təqdim edilmişdir.

10. 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli müqavilə üzrə 2024-cü il ## ### tarixli Təhvil-Təslim aktına əsasən ƏDV daxil 41.536 manat məbləğində görülmüş işlər sifarişçiyə təhvil verilmiş, akt hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir.

11. Iş materiallarına əsasən, cavabdeh MMC tərəfindən podratçıya müqavilə üzrə ƏDV ödənişləri və avans ödənişləri müxtəlif tarixlərdə həyata keçirilmişdir. Maliyyə arayışına əsasən, 2024-cü il # ##### tarixindən 2024-cü il ## #### tarixinədək podratçıya əsas borc üzrə 378.000 manat, ƏDV üzrə 68.040 manat, ümumilikdə isə 446.040 manat ödənilmişdir.

12. "xxxx" MMC-nin icraçı direktoru tərəfindən cavabdeh MMC-nin direktoruna ünvanlanmış 2024-cü il # ###### tarixli məktubda bildirilmişdir ki, 2024-cü il ## #### tarixli subpodrat müqaviləsi üzrə nəzərdə tutulmuş bütün işlər başa çatdırılmış, qurğu sınaqlara hazır vəziyyətə gətirilmişdir. Məktubda sifarişçidən sınaqların təşkili üçün gəminin təmin edilməsi xahiş edilmiş, sınaqların gecikdirilməsinin tikinti texnikasının və işçi heyətinin boş dayanmasına səbəb olduğu, bunun gündəlik 20.000 manat zərərlə nəticələndiyi və həmin zərərin tələb ediləcəyi göstərilmişdir. Iş materiallarına əsasən, cavabdeh MMC həmin məktubu qəbul etməkdən imtina etmişdir.

13. 2025-ci il ## ###### tarixli Müşahidə Komissiyasının Aktına əsasən, ADOG şirkəti tərəfindən inşa edilmiş quru tərsanənin kilbloka birləşdirilmiş arabasına Sahil Mühafizəsinin, “xxxx” şirkətinin və ADOG şirkətinin nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş, geodeziyatopoqrafik ölçmələr zamanı arabada hündürlük fərqlərinin mövcud olduğu müəyyən edilmişdir.

14. 2025-ci il # ###### tarixli Müşahidə Komissiyasının Aktında isə 2025-ci il ## ###### tarixli aktda göstərilən iradların "xxxx" MMC tərəfindən tam aradan qaldırıldığı, arabacığın maili yol boyunca tam şəkildə suya endirilib yenidən quruya çıxarıldığı, sınaqların "xxxx" şirkətinin və podratçının nümayəndələrinin iştirakı ilə uğurla başa çatdığı və hər hansı iradın müəyyən edilmədiyi qeyd olunmuşdur.

15. "xxxx" MMC tərəfindən 2025-ci il ## #### tarixində elektron poçt vasitəsilə Cavabdeh MMC-yə 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli müqavilə üzrə Təhvil-Təslim Aktı göndərilərək onun təsdiq edilməsi və qalan ödənişlərin həyata keçirilməsi xahiş edilmiş, həmin müraciət cavabsız qalmışdır.

16. "xxxx" MMC-nin 2025-ci il # ####### tarixli *** nömrəli maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/**-** nömrəli subpodrat müqaviləsi üzrə 41.536 manat, GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsi üzrə isə 574.070 manat əsas borcu qalmışdır. 2025-ci il # ###### tarixli *** nömrəli maliyyə arayışına əsasən isə sifarişçi tərəfindən podratçıya 2024-cü il # ##### tarixindən 2024-cü il ## #### tarixinədək əsas borc üzrə 378.000 manat, ƏDV üzrə 68.040 manat, ümumilikdə 446.040 manat məbləğində ödəniş edilmişdir.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Istintaq və Təhqiqat Idarəsinin 2025-ci il ## ######## tarixli məktubunda göstərilmişdir ki, Dövlət Sərhəd Xidməti ilə "X5" LTD arasında bağlanmış 2023-cü il ## ###### tarixli K/*** nömrəli müqavilə üzrə bütün işlər icra edilmiş, qurğunun sınağı keçirilərək təhvil-təslim aktı tərtib olunmuşdur. Həmçinin bildirilmişdir ki, Dövlət Sərhəd Xidməti ilə "xxxx" MMC və ya Cavabdeh MMC arasında mübahisə predmeti olan işlərlə bağlı hər hansı müqavilə bağlanılmamışdır.

18. Həmin məktuba əlavə edilmiş 2025-ci il ## #### tarixli “Gəmi inşası və təmiri mərkəzinin gəmilərin dənizə enmə-qalxma zolağının sınağının keçirilməsi və təhvil-təsliminə dair” ** nömrəli aktda göstərilmişdir ki, Sahil Mühafizəsi rəisinin müvafiq əmrləri əsasında *** nömrəli “Şahdağ” və *** nömrəli “Tufan” tipli gəmilərin slip qurğusunda dənizə endirilməsi və sudan qaldırılması sınaqları keçirilmiş, sınaqlar zamanı hər hansı nöqsan aşkar edilməmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

19. Iddiaçı “xxxx” MMC 2025-ci il ## ### tarixində cavabdeh Cavabdeh MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsi üzrə ƏDV-siz 521.700 manatın, həmin məbləğə hesablanmış 93.906 manat məbləğində ƏDV-nin və 906 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” MMC (hazırkı Cavabdeh MMC) arasında bağlanmış 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasının liman kompleksində mövcud “SLIP” qurğusunun uzadılması üzrə layihədə nəzərdə tutulmuş bütün işlər tam başa çatdırılmışdır. Müqaviləyə əsasən cavabdehin ƏDV-siz 521.700 manat borcu qalmış, bunun 481.700 manatının təhvil-təslim sənədləri (Təhvil-Təslim aktları, Forma 2 və Forma 3), qalan 40.000 manatının isə qurğunun ilkin sınağından sonra 5 iş günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Işlərin tam yerinə yetirilməsinə, təhvil-təslim sənədlərinin imzalanmasına və elektron qaimələrin təqdim edilməsinə baxmayaraq, müqavilənin 5.3.1-ci maddəsində nəzərdə tutulmuş ödəniş həyata keçirilməmişdir. Işlərin başa çatması, son təhvil-təslimə hazır olması və ilkin sınağın təşkili məqsədilə cavabdehə 2024-cü il # ###### tarixli *** nömrəli məktub göndərilmiş, bununla da müqavilənin 7.2.7-ci maddəsinə uyğun olaraq işlər həmin tarixdə cavabdehə təhvil verilmişdir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən ilkin sınaq ən geci 2024-cü il ## ###### tarixinədək cavabdeh tərəfindən təşkil edilməli olduğu halda, yalnız 2024-cü il # ###### tarixində keçirilmiş, ilk sınaq uğurla başa çatsa da, son sınaq qaldırma-endirmə mexanizmindəki nasazlıq səbəbindən və cavabdehin təqsiri üzündən baş tutmamışdır. Halbuki, ilkin sınağın təşkili və bunun üçün zəruri avadanlıq, nəqliyyat vasitələri və digər vasitələrin təmin edilməsi müqaviləyə əsasən cavabdehin öhdəliyi olmuşdur. Cavabdeh yeni qaldırma-endirmə mexanizmi təmin edəcəyini bildirsə də, bunu etmədiyindən iddiaçı qarşılıqlı işgüzar münasibətləri nəzərə alaraq həmin mexanizmi öz vəsaiti hesabına təmin etmiş, 2025-ci il ## ###### tarixində qurğunu uğurla sınaqdan keçirmiş və 2025-ci il ## ###### tarixində texnika və avadanlıqlarını iş sahəsindən çıxarmışdır. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən cavabdehin təqsiri üzündən ilkin sınaq müəyyən edilmiş müddətdən əlavə 10 gündən artıq gecikdirildiyi halda, qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və müqavilənin 5.3.2-ci bəndinə uyğun olaraq 40.000 manat 5 iş günü ərzində ödənilməlidir. Işlər 2024-cü il # ###### tarixində təhvil verildiyindən qurğu 2024-cü il ## ###### tarixindən ilkin sınaqdan uğurla keçmiş hesab edilmiş, buna baxmayaraq, həmin məbləğ ödənilməmişdir. Həmçinin 2025-ci il ## #### tarixində təhviltəslim aktı cavabdehə göndərilsə də, müqavilənin 5.3.1-ci maddəsində nəzərdə tutulmuş ödəniş üzrə qalan 81.700 manat və ona hesablanmış ƏDV məbləği də bu günədək ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən isə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin, hüququnun bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilər.

21. "xxxx” MMC-nin nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim etmiş, 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/**-** nömrəli subpodrat müqaviləsi üzrə ƏDV ilə birlikdə 41.536 manat əsas borcun, həmin müqavilə üzrə əsas borca hesablanmış 88.679,36 manat cərimənin, GEMI/AdO-G **/** nömrəli 2024-cü il ## #### tarixli subpodrat müqaviləsi üzrə ƏDV ilə birlikdə 574.070 manat əsas borcun, həmin müqavilə üzrə əsas borca hesablanmış 694.624,70 manat cərimənin, məhkəməyə ödənilmiş 1.491 manat məbləğində dövlət rüsumunun əvəzinin və 350 manat məbləğində vəkil bürosuna ödənilmiş xidmət haqqının əvəzinin Cavabdeh MMC-dən tutulub “ xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh MMC də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1.362.900 manat cərimə məbləğinin, ödənilmiş 1.473 manat dövlət rüsumunun xeyrinə tutulması, həmçinin qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin X6 qəsəbəsindəki bazasında “Slip” qurğusunun uzadılması ilə bağlı tərəflər arasında 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli dəyəri 1.400.000 manat olan subpodrat müqaviləsi və GEM/ADO-G-**/** nömrəli dəyəri 75.000 manat olan Tikintinin Layihələndirilməsi üzrə xidmət müqaviləsi bağlanmışdır. Müqavilələrə əsasən qarşılıqlı iddia üzrə cavabdeh işləri müəyyən edilmiş müddətdə və layihəyə uyğun keyfiyyətlə yerinə yetirməli, qarşılıqlı iddiaçı isə görülmüş işləri qəbul edib dəyərini ödəməli idi. Lakin cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, işləri 120 iş günü müddətində tamamlamamış, ilkin sınaq üçün müraciəti 60 gün gecikdirmiş və işləri razılaşdırılmış qaydada təhvil verməmişdir. 2025-ci il ## ###### tarixli sınaq zamanı köhnə materiallardan istifadə edilməsi, layihədə nəzərdə tutulmuş texniki standartlara əməl olunmaması və digər əhəmiyyətli qüsurlar aşkar edilmiş, bu barədə cavabdeh məlumatlandırılsa da, qüsurlar aradan qaldırılmamışdır. Qarşılıqlı iddiaçı cavabdehin gecikməni ilkin sınağın vaxtında təşkil olunmaması ilə əlaqələndirməsini əsassız hesab etmiş, qüsurların podratçının öhdəliklərini lazımi qaydada yerinə yetirməməsindən irəli gəldiyini, həmçinin qaldırma-endirmə mexanizmi ilə bağlı texniki hesablamaların düzgün aparılmaması və bunun barədə məlumat verilməməsinə görə məsuliyyətin də cavabdehin üzərinə düşdüyünü bildirmişdir. Bundan əlavə, subpodrat müqaviləsinin 10.3-cü maddəsinə əsasən işlərin gecikdirilməsinə görə cavabdehdən 1.362.900 manat cərimənin tutulmasını tələb etmiş, cavabdehin ödəniş tələbinə etiraz edərək göstərmişdir ki, yekun təhvil-təslim aktları imzalanmadan, komissiya tərəfindən test və yoxlamalar aparılmadan, yalnız cavabdehin tərtib etdiyi sənədlər əsasında ödəniş tələb edilə bilməz. Qarşılıqlı iddiaçı hesab etmişdir ki, işlərin qüsurlu, keyfiyyətsiz və yarımçıq yerinə yetirilməsi nəticəsində cavabdeh müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur.

24. Sonradan qarşılıqlı iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, “xxxx” MMC-dən 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1.302.000 manat cərimə məbləğinin, 1.473 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi, həmçinin qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda Cavabdeh MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 2024-cü il ## #### tarixli GEMI/ADOG **/**-** nömrəli subpodrat müqaviləsi üzrə ƏDV daxil 41.536 manat əsas borc, 1.662 manat dəbbə pulu; 2024-cü il ## #### tarixli GEMI/ADOG-**/** nömrəli subpodrat müqaviləsi üzrə ƏDV daxil 574.070 manat əsas borc və 22.963 manat dəbbə pulu olmaqla, cəmi 640.231 manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq 931 manatın və vəkil xərcinin əvəzi olaraq 350 manatın tutulub “xxxx” MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – G.Namazova).

26. Məhkəmə ilkin iddia tələbi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “Slip" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması məqsədi ilə sifarişçi Dövlət Sərhəd Xidməti və baş podratçı X7 PTE LTD şirkətinin Azərbaycan Respublikasındakı Franklın Offshore Kaspıan LTD Nümayəndəliyi olmuş, daha sonra X7 PTE LTD şirkətinin Azərbaycan Respublikasındakı Franklın Offshore Kaspıan LTD Nümayəndəliyi sifarişçi olmaqla “xxxx” MMC podratçı olmaqla müqavilə bağlanmış, daha sonra “xxxx” MMC sifarişçi Cavabdeh MMC podratçı olmaqla müqavilə bağlanmış, ən sonda isə Cavabdeh MMC sifarişçi, “xxxx” MMC subpodratçı olmaqla subpodrat müqaviləsi bağlanmışdır.

27. Ilkin iddia üzrə tələb 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli və 2024cü il ## #### tarixli GEMI/ADO-G-**/**-** nömrəli subpodrat müqavilələri üzrə əsas və cərimə məbləğinin tutulmasından ibarətdir.

28. 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/**-** nömrəli subpodrat müqaviləsi üzrə 41.536 manat pulun tutulması tələbini məhkəmə əsaslı hesab edərək qeyd etmişdir ki, tələb edilən məbləğ tərəflər arasında bağlanmış müqavilə və təhvil-təslim aktı ilə öz təsdiqini tapdığı üçün, bu hissədə iddia ərizəsi təmin edilməlidir.

29. Cavabdehin (müqavilənin nömrəsi GEMI/ADO-G-01/24-02 olduğu halda təhviltəslim aktında müqavilənin nömrəsi kimi GEMI/ADO-G-01/24 göstərilmişdir və həmin müqavilə üzrə qeyd edilən məbləğə dair iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilməmişdir) etiraz argumentlərinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, nəzərə alsaq ki, tərəflər arasında bağlanmış bütün müqavilələrin nömrələri bir-birinə oxşayır, təhviltəslim aktında yol verilmiş texniki yalnışlıq anlaşılan olmalıdır, ikincisi, cavabdeh tərəf əgər 41.536 manat dəyərində işlər GEMI/ADO-G-**/**-** nömrəli müqavilə üzrə deyil, başqa müqavilə üzrə görülmüşdürsə, hansı müqavilə üzrə olduğunu əsaslandıra bilməmişdir, üçüncüsü iddiaçının təqdim etdiyi sənədlərdən və izahatından müəyyən olunur ki, 41.536 manatlıq e-qaimə cavabdehə göndərilmişdir və sistem tərəfindən təsdiq edilmişdir, lakin cavabdehin xahişi ilə iddiaçı həmin qaiməni ləğv etmiş, sonradan təkrar göndərildiyi halda eqaimə cavabdeh tərəfindən təsdiq edilməmişdir, dördüncüsü, e-qaimənin mövcüd olmamasıişlərin görülməməsi anlamına gəlməməli, 41.536 manatlıq təhvil-təslim aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

30. 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsi üzrə 574.070 manat pulun tutulması tələbini də məhkəmə əsaslı hesab edərək aşağıdakıları qeyd etmişdir.

31. Qeyd edilən müqavilə üzrə görüləcək işlərin cəmi dəyəri 1.400.000 manat (ƏDV siz) olması və bu müqavilə üzrə ƏDV daxil 574.070 manat ödənişin cavabdeh tərəfindən edilməməsi işin mübahisəsiz halıdır.

32. Cavabdehin nümayəndəsi iddianın bu hissəsinə də etiraz edərək bildirmişdir ki, tərəflər arasında müqavilənin təhvil-təsliminə dair hər-hansı sənəd mövcüd olmadığı üçün, işlərin qüsursuz və tam təhvil verilmiş kimi giymətləndirilə bilməz, ona görə də həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir.

33. Məhkəmə cavabdehin bu arqumentləri ilə razılaşmayaraq qeyd etmişdir ki, müqavilənin 6.3.3-cü bəndinə əsasən heç bir əsaslı etirazı olmazsa, Podratçının təqdim etdiyi Təhvil-Təslim sənədlərini (Təhvil-təslim aktları, Forma 2, Forma 3) 5 iş günü ərzində təsdiq etmək sifarişçinin öhdəliklərindən biridir. Müqavilənin 7.2.5-ci maddəsinə əsasən son Təhvil-Təslim aktı imzalanmamışdan əvvəl qurğunun ilkin sınaq olunması həyata keçirilir. Qurğunun ilkin sınağı bu Müqavilənin 5.3.2-ci bəndində nəzərdə tutulmuş qaydada Işlərin Sifarişçiyə təhvil verildiyi tarixdən etibarən 10 gün müddətində hər iki Tərəfin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Qurğunun ilkin sınaq olunmasının təşkil edilməsi və ilkin sınaq üçün tələb olunan avadanlıqlar, nəqliyyat vasitələri və s. sifarişçinin vəsaiti hesabına və onun tərəfindən həyata keçirilir. Sifarişçinin təqsirindən qurğunun ilkin sınaq olunması Müqavilənin 7.2.5-ci bəndində nəzərdə tutulmuş müddətdən əlavə 10 gündən artıq müddətə gecikdirildiyi təqdirdə qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur və Sifarişçi bu Müqavilənin 5.3.2,-ci bəndində nəzərdə tutulmuş müddətdə həmin bənddə nəzərdə tutulmuş məbləği Podratçıya ödəyir. Podratçı Işlərin yerinə yetirilməsi ilə bağlı aralıq sənədləri, Layihəni və smeta sənədlərini Sifarişçiyə təqdim edir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2024-cü il # ###### tarixində Cavabdeh MMC-nin direktoruna məktub göndərərək tərəflər arasında bağlanmış 2024-cü il ## #### tarixli GEMI/ADO-G- Ol/** nömrəli subpodrat müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud "SLIP" (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılmasının başa çatdığını və layihədə nəzərdə tutulmuş bütün işlərin yekunlaşdığını, qurğunun sınaqlara hazır olduğunun bildirmişdir. Lakin, cavabdeh həmin məktubu almaqdan imtina etmişdir. Daha sonra iddiaçı gördüyü işləri üst podratçıya təhvil vermək məcburiyyətində qalmış, hətta sınaq işlərinin aparılması üçün Müqavilənin 7.2.5-ci maddəsinə əsasən Cavabdeh MMC-nin görməli olduğu hazırlıq işlərini belə iddiaçı özü görmüşdür. Sınaqlar keçirilmiş, qüsurlar aradan qaldırılmış və işlər (Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti Istintaq və Təhqiqat Idarəsinin məhkəməyə ünvanlandığı 2025-ci il ## ######## tarixli məktuba qoşma kimi əlavə edilmiş 2025-ci il ## #### tarixli “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil təsliminə dair ** №-li Akt) tam icra edilmiş hesab edilmişdir.

34. Iş materialları ilə müəyyən edilən hal ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçının səylərinə baxmayaraq cavabdeh-sifarişçi işlərin qəbulundan yayınmışdır. Cavabdehin nümayəndəsinin “2024-cü il # ###### tarixli məktubunun Cavabdeh MMC-yə göndərilməməsi/almaması” arqumentləri əsaslı hesab edilsə belə, yenə də iş materiallarında olan cavabdehə e-mail vasitəsi ilə göndərilən təhvil-təslim aktının cavabsız qoyulması, müqavilənin işlərin ilkin avans məbləği ödənildikdən sonra 120 iş günü müddətində təhvil verilməsi şərtinin mövcüdluğu və bu müddət ərzində (işlər görülməmişdirsə və ya qüsurlu görülmüşdürsə) cavabdehin iddiaçıya hər hansı tələb/pretenziya/iradın bildirilməməsi və nəhayət baxmayaraq ki, qarşılıqlı iddiada "xxxx” MMC-nin tələblərindən biri qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada təhvil verilməsi olmasına baxmayaraq məhkəmə araşdırılması zamanı qüsurlu işlərin nədən ibarət olmasını cavablandıra bilməməsi məhkəmə üçün o nəticəyə gəlməyə əsas verir ki, işlər iddiaçı tərəfindən qüsursuz yerinə yetirilib və təhvil verilmişdir.

35. Beləliklə, məhkəmə hesab etmişdir ki, 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsi üzrə 574.070 manat pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir.

36. Ilkin iddia tələbinin digər hissəsi - GEMI/ADO-G-**/**-** nömrəli 2024-cü il ## #### tarixli subpodrat müqaviləsi üzrə əsas borca hesablanmış 88.679,36 manat məbləğində cərimənin və GEMI/ADO-G-**/** nömrəli 2024-cü il ## #### tarixli subpodrat müqaviləsi üzrə əsas borca hesablanmış 694.624,70 manat məbləğindəcərimənin tutulması təşkil edir.

37. Iddia tələbini bu hissədə məhkəmə qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan müqavilələr üzrə dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 2024-cü il ## #### tarixli GEMI/ADOG-**/**-** nömrəli subpodrat müqaviləsi üzrə 1.662 manat məbləğində, 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsi üzrə 22.963 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin tələbi "xxxx” MMC-dən 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1.302.000 manat cərimə məbləğinin tutulması və qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsindən ibarətdir.

39. 1.302.000 manat cərimə məbləğinin "xxxx” MMCdən tutulması tələbini məhkəmə əsassız hesab edərək aşağıdakıları qeyd etmişdir.

40. Qarşılıqlı iddiaçı bildirmişdir ki, 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinin 4.1-ci maddəsinə müvafiq olaraq, Podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişinin həyata keçirildiyi tarixdən hesablanmaqla 120 iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir. Həmin Müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq, Müqavilə imzalandıqdan sonra Sifarişçi Podratçıya ilkin avans ödəmələrini 2024-cü il # ##### tarixindən etibarən müəyyən edilmiş qrafikə uyğun olaraq, ümumilikdə 290.000 manat ödəməlidir. Ödəniş tapşırıqlarına əsasən, 2025-ci il # #### tarixinədək ümumilikdə 313.000 manat məbləğində ödəniş Sifarişçi tərəfindən həyata keçirmişdir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2023-cü il ## ###### tarixli № *-17/3-# ##/2023 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalat təqviminə müvafiq olaraq tərəflər arasında bağlanış müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş işlərin təhvil verilməsinə dair 120 iş günlük müddət, ödəniş tapşırıqlarına müvafiq olaraq 2024-ci il # #### tarixindən hesablanmaqla, 2024-cü il ## ###### tarixinədək olan müddəti əhatə etməlidir. Buna görə də, gecikmə müddəti 2024cü il # ###### tarixindən hesablanmalıdır.

41. Müqavilənin 4.1-ci bəndinə əsasən podratçı Müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişi həyata keçirildikdən sonra hesablanmaqla 120 iş günü müddətində Müqaviləyə uyğun olaraq təhvil verməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən ilkin avans məbləği ƏDV-siz 290.000 manat təşkil edir. Qarşılıqlı iddiaçı bildirsə də ki, ilkin avans ödənişi 2024-cü il # #### tarixində tamamlanmışdır, lakin məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, avans ödənişi 2024-cü il ## #### tarixində tamamlanmışdır. Həmin tarixdən 120 iş günü hesablandığı halda (bayram günləri nəzərə alınmadan belə) işlərin təhvil verilməli tarix təxminən 2025-ci il ## ###### tarixinə təsadüf edir. Lakin məhkəmə qeyd edilənləri bir daha nəzərdən kerirərək hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin işlərin gecikdirilməsi halı müəyyən edilmir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh 2024-cü il # ###### tarixində işləri qarşılıqlı iddiaçıya təhvil verməyə hazır idi. Hətta qüsurlar müəyyən edilmiş olsaydı belə, 2024-cü il # ###### tarixindən 2025-ci il ## ###### tarixinə kimi də onları tamamlayıb, qüsursuz təhvil vermək imkanı da mövcüd idi. Lakin işin hallarından müəyyən edilir ki, qarşılıqlı iddiaçı işlərin vaxtında təhvil alınmasından özü yayınmışdır, hərəkətsiz qalmışdır (2024-cü il # ###### tarixli məktubun qəbulundan imtina etmiş, göndərilən təhvil təslim aktına ümumiyyətlə münasibət bildirməmiş, keçən müddət ərzində işlərin vəziyyəti ilə maraqlanmamış, hər hansı irad/etiraz/tələb bildirməmiş və s.), belə olan halda qarşılıqlı cavabdeh hətta baş podratçıya işləri təhvil vermək üçün müqavilə üzrə onun öhdəliklərinə aid olmayan işləri belə icra etmək məcburiyyətində qalmışdır.

42. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən 1.302.000 manat cərimə məbləğinin qarşılıqlı cavabdeh "xxxx” MMCdən tutulması tələbi təmin edilə bilməz.

43. Qarşılıqlı iddianın - qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsi tələbini də məhkəmə əsassız hesab edərək, rədd edilməli qənaətinə gəlmişdir. Belə ki, birincisi, qarşılıqlı iddiaçı qüsurlu işlərin nədən ibarət olmasını məhkəmə araşdırılması zamanı bildirə bilməmiş, ikincisi, Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti Istintaq və Təhqiqat Idarəsinin məhkəməyə ünvanladığı 2025-ci il ## ######## tarixli məktubu ilə müəyyən edilmişdir ki, işlər tam icra edilərək qüsursuz başa çatdırılmışdır.

44. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 390.1, 442, 443.1, 448.1, 462.1, 467, 752.1, 753.1, 756.1, 756.1, 756.2, 769, 770-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.1, 14.2, 77.1, 218.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

45. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, “xxxx” MMC-dən 20.000 manat Cavabdeh MMC-nin xeyrinə tutulması; qarşlıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması; qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).

47. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə, həmin tələblə bağlı müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

48. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır.

49. Belə ki, tərəflər arasında bağlanmış 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli və GEMI/ADOG-**/**-** nömrəli subpodrat müqavilələrinin şərtlərindən görünür ki, “xxxx” MMC Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən mövcud “Slip” (Gəmilərin sudan çıxarılması üçün maili yol) qurğusunun uzadılması işlərini görməyi və bu işlərin yerinə yetirilməsindən ötrü tələb olunan mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya, sonar planlama islərini müqavilələrdə nəzərdə tutulmuş müddətdə və qaydada, qüvvədə olan norma və qaydalara uyğun keyfiyyətlə yerinə yetirməyi, Cavabdeh MMC isə yerinə yetirilmiş işləri Təhvil-Təslim aktları, Forma 2, Forma 3 əsasında müqavilədə göstərilmiş qaydada qəbul etməyi və işlərin dəyərini vaxtında ödəməyi öhdələrinə götürmüşlər.

50. Ilkin və qarşılıqlı iddiaçıların iddia tələblərinin əsaslandırdıqları faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab etmişdir ki, müvafiq tələblərin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü podratçının, görülmüş işlərə görə ödənişlərin edildiyini və podratda qüsurların mövcudluğunu sübutetmə yükü isə sifarişçinin üzərinə düşür.

51. Hazırkı halda “xxxx” MMC təhvil-təslim sənədlərinə (Təhvil-Təslim aktları, Forma 2, Forma 3) istinad edərək işlərin vaxtında görüldüyünü və təhvil verildiyini bildirir; Cavabdeh MMC isə təhvil-təslim sənədlərinin yalnız podratçı tərəfindən təsdiqləndiyini, həmçinin həm işlərin vaxtında təhvil verilmədiyini, həm də qüsurlu olduğunu irəli sürür.

52. Qeyd olunmalıdır ki, podrat münasibətlərində işin qəbul edilməsi dedikdə onun faktiki sahiblik və istifadəyə qəbul edilməsi, bu zaman işlərin müqavilənin şərtlərinə, şərtləndirildiyi halda keyfiyyətə, şərtləndirilmədiyi halda isə istifadəyə yararlılığa uyğun olubolmamasının yoxlanılması başa düşülür. Tərəflərin razılaşması ilə işlərin qəbulu müəyyən formada (yazılı akt, Forma 2 arayışı və s.) və ya faktiki hərəkətlərlə həyata keçirilə bilər.

53. Yerinə yetirilmiş işin qəbul edilməsi sifarişçinin hüququ deyil, vəzifəsidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sonuncu ilə bağlı nəzərə alınmalıdır ki, yerinə yetirilmiş, lakin sifarişçi tərəfindən qəbul edilməmiş istənilən iş deyil, yalnız podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməyən iş qəbul edilmiş hesab edilə bilər. Ona görə də, mübahisə bu məsələ ilə bağlı olduqda podratçı sübut etməlidir ki, işin qəbul edilməsi ilə bağlı müddət müəyyən edərək bu barədə sifarişçiyə məlumat vermişdir.

54. Işin hallarından görünür ki, podratçı (ilkin iddiaçı) 2024-cü il # ###### tarixində Cavabdeh MMC-nin direktoruna məktub göndərərək 2024-cü il ## #### tarixli GEMI/ADO- G-Ol/** nömrəli subpodrat müqaviləsi üzrə nəzərdə tutulmuş bütün işlərin yekunlaşdığını və qurğunun sınaqlara hazır olduğunu bildirmiş, lakin Cavabdeh MMC həmin məktubu qəbul etməkdən imtina etmişdir.

55. Apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, sözügedən məktub təmsil etdiyi hüquqi şəxsə çatdırılmasa da, Cavabdeh MMC ilə “xxxx” MMC yaxın qohum olan şəxslərə məxsus olduğundan (ata-oğul), Cavabdeh MMC-nin sınaq işlərinin keçiriləcəyindən məlumatı olmuş, lakin sınaqda iştirak etməmişdir.

56. Işin hallarından aydın olur ki, bundan sonra – 2024-cü il # ###### tarixində – Cavabdeh MMC tərəfindən, Müqavilənin 7.2.5-ci maddəsində nəzərdə tutulmuş müddətlər ötürüldükdən sonra, Sahil Mühafizəsi Xidmətinin “Şah Dağ” gəmisinin sudan çıxarılması və suya endirilməsi əməliyyatı həyata keçirilmiş, gəmilərin sudan çıxarılması üçün nəzərdə tutulmuş maili yolun birinci sınağı uğurla başa çatmışdır. X3 Xidmətinin “Tufan” gəmisinin sudan çıxarılması və suya endirilməsi ilə bağlı maili yolun sonuncu sınağı qurğunun qaldırma-endirmə mexanizmindəki çatışmazlıqlarla əlaqədar baş tutmamışdır.

57. Nəzərə alınmalıdır ki, müqaviləyə görə qurğunun ilkin sınaq olunmasının təşkil olunması və ilkin sınaq üçün tələb olunan avadanlıqların, nəqliyyat vasitələrinin və s. təşkil və təmin edilməsi məhz Cavabdeh MMC-nin vəzifəsi olmuşdur.

58. Işin hallarından görünür ki, 2024-cü il # ###### tarixindən sonra qurğunun sınaq olunmasından ötrü “xxxx” MMC tərəfindən öz vəsaiti hesabına yeni qaldırma- endirmə mexanizmi təşkil edilmiş, 2025-ci il ## ###### tarixində qurğu uğurla sınaq olunmuş, Quru tərsanənin kliboka birləşdirilmiş arabasına Sahil Mühafizəsinin, Franklin Offşor şirkətinin və "xxxx” MMC-nin nümayəndələrinin iştirakı ilə keçirilmiş baxış üzrə tərtib olunmuş 2025-ci il ## ###### tarixli “Müşahidə komissiyasının Aktı”nda isə “arabanın tam suya enmiş vəziyyətdə arxa kilbloklarının reyslər üzərində müşahidə edilmişdir və Geodeziya topoqrafik aparatı vasitəsi ilə ölçüləri çıxardılmışdır. Ölçülər aparılan zaman arabanın sağ qolunun sol qolundan 30 sm aşağı olması müşahidə edilmişdir. Araba orta vəziyyətə gətirildikdə isə qabaq sol qolun sağ qoldan 9 sm aşağı olması müəyyən edilmişdir” göstərilmişdir.

59. Yuxarıda qeyd olunduğu kimi, müşahidə komissiyasının 2025-ci il # ###### tarixli Aktında qeyd olunmuşdur ki, “...göstərilmiş iradlar “xxxx” MMC tərəfindən tam aradan qaldırılmışdır. Arabacıq maili yolla sona kimi suya endirilmiş və sudan təkrar tam quruya tam axıra kimi çıxarılmışdır. Franklin Offşor şirkətinin direktoru, baş meneceri, layihə meneceri və "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmişdir ki, arabacığın sınağı uğurla keçmiş və iradlar olmamışdır”.

60. Işin hallarından həmçinin aydın olur ki, 2025-ci il ## #### tarixində Sahil Mühafizəsinin aidiyyəti şəxsləri və “X8 PTE LTD” şirkətinin nümayəndələrinin iştirakı ilə “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil-təsliminə dair ** №-li Akt tərtib olunaraq qurğu həmin akt əsasında təhvil alınmış, 2025-ci il ## #### tarixində isə “xxxx” MMC tərəfindən "xxxx” MMC-yə e-mail vasitəsi ilə 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli müqavilə üzrə 2025-ci il ## #### tarixli Təhvil-təslim Aktı göndərilərək aktın təsdiq olunması və qalan ödənişlərin ödənilməsi xahiş edilmişdir.

61. Beləliklə, ilkin iddiaçı gördüyü işləri üst podratçıya və əsas sifarişçiyə təhvil vermək məcburiyyətində qalmış, hətta sınaq işlərinin aparılması üçün Müqavilənin 7.2.5-ci bəndinə əsasən Cavabdeh MMC-nin görməli olduğu hazırlıq işlərini belə ilkin iddiaçı özü görmüş, sınaqlar keçirilmiş, qüsurlar aradan qaldırılmış və işlər tam icra edilmiş hesab olunmuşdur (Azərbaycan Respublikasının Dövlət Sərhət Xidməti Istintaq və Təhqiqat Idarəsinin məhkəməyə ünvanladığı 2025-ci il ## ######## tarixli məktuba qoşma kimi əlavə edilmiş 2025-ci il ## #### tarixli Akt).

62. Başqa sözlə, görünən odur ki, ilkin iddiaçının səylərinə baxmayaraq sifarişçi (Cavabdeh MMC) işlərin qəbulundan yayınmışdır və onun nümayəndəsinin “2024-cü il # ###### tarixli məktubun Cavabdeh MMC-nə göndərilmədiyi/alınmadığı” arqumentləri əsaslı hesab edilsə belə, Cavabdeh MMC-nə e-mail vasitəsilə göndərilən təhvil-təslim aktının cavabsız qoyulması, müqavilənin işlərin ilkin avans məbləği ödənildikdən sonra 120 iş günü müddətində təhvil verilməsi şərtinin mövcüdluğu və bu müddət ərzində (işlər görülməmişdirsə və ya qüsurlu görülmüşdürsə) ilkin iddiaçıya hər hansı tələb/pretenziya/iradın bildirilməməsi və nəhayət qarşılıqlı iddiada “qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada təhvil verilməsi” tələbinin də irəli sürülməsinə baxmayaraq, həmin “qüsurlu işlər”in nədən ibarət olmasının konkret izah edilə bilinməməsi işlərin ilkin iddiaçı tərəfindən qüsursuz yerinə yetirildiyi və təhvil verildiyi qənaətinə gəlməyə əsas yaradır.

63. Podrat münasibətlərində yerinə yetirilmiş işin qəbul edilməsi və ya qəbul edilmiş hesab olunması mühüm hüquqi əhəmiyyət daşıyır. Belə ki, həmin halın baş verməsi bir neçə hüquqi nəticəyə səbəb olur. Iş qəbul edildikdə sifarişçi muzd ödəməli olur. Eyni zamanda, sifarişçinin qüsurlarla bağlı tələb hüququ da işin qəbul edilməsi ilə bağlıdır. Belə ki, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə heç bir irad və ya pretenziya irəli sürmədən onu qəbul edərsə, həmin qüsurlarla bağlı tələb hüququ yaranmır.

64. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən görülmüş işlər sifarişçi (Cavabdeh MMC) tərəfindən qəbul olunmuşdur.

65. Şərh olunanları ümumiləşdirən kollegiyanın qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 2024-cü il ## #### tarixli GEMI/ADOG-**/** nömrəli subpodrat müqaviləsi üzrə Cavabdeh MMC-dən görülmüş işlərin dəyəri qismində ƏDV daxil 574.070 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-nin xeyrinə tutulması nəticəsinə gəlmişdir.

66. Kollegiya məhkəmənin, Cavabdeh MMC-dən 2024-cü il ## #### tarixli GEMI/ADOG **/** nömrəli subpodrat müqaviləsi üzrə müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab etmişdir.

67. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

68. Kollegiya, ilkin iddiaçının (podratçının) 2024-cü il ## #### tarixli GEMI/ADO-G- **/**-** nömrəli subpodrat müqaviləsinə əsaslanan tələbi üzrə gəlinən nəticə ilə də razılaşmış və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət görməmişdir.

69. Xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh MMC-yə 41.536 manatlıq e-qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş, sonradan ləğv olunaraq təkrarən göndərilən e-qaimə təsdiqlənməsə də, 41.536 manatlıq təhvil-təslim aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.

70. Qarşılıqlı iddia tələbi üzrə gəlinən nəticə ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etmişdir.

71. Ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının “qüsurlu icra edilmiş işlərin keyfiyyətli formada ən qısa zamanda iddiaçıya təhvil verilməsi” tələbi üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmamış, onu işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

72. Belə ki , podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəlillər təqdim etməlidir.

73. Tərəflər arasında bağlanmış müqavilələrdə və Əlavədə müqavilənin keyfiyyəti və görülməli olan işlərin məzmunu ətraflı şəkildə tənzimlənməmiş, 2024-cü il ## #### tarixli GEMi/ADO G-**/** nömrəli subpodrat müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmişdir ki, layihəçi layihəni və layihə-smeta sənədlərini Azərbaycan Respublikası dövlət ekspertiza orqanlarında təsdiq edilməsi üçün tələb olunan səviyyədə hazırlamalı və dövlət ekspertiza orqanlarına təqdim edib müsbət rəy almalıdır.

74. Bununla bağlı kollegiya qeyd etmişdir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2004-cü il ## ######## Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

75. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər olaraq müqavilələrin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə görülən işin keyfiyyəti ilə bağlı konkret meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.

76. Həmin ümumi qaydalara görə tərəflər keyfiyyəti şərtləşdirmədikdə, görülən işin qüsursuz sayılması üçün podratın nəticəsi müqaviləyə uyğun istifadə oluna bilməli və ya adi istifadə üçün yararlı olmalıdır. Eyni zamanda, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

77. Şərh olunan meyara əsasən sifarişçi (Cavabdeh MMC), yuxarıda göstərilən hallardan birini sübut etməlidir– hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.

78. Məhkəmə kollegiyası işin materiallarını təhlil edərək hesab etmişdir ki, sifarişçi (Cavabdeh MMC) yuxarıdakı meyara uyğun olaraq qüsur halını sübuta yetirə bilməmişdir.

79. Xüsusilə nəzərə alınmalıdır ki, 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli müqavilənin 7.2.3-cü bəndində tərəflər, təhvil-təslim vaxtı işlərdə nöqsanlar və ya çatışmazlıqlar ortaya çıxacağı təqdirdə tərəflər arasında qüsur aktının tərtib olunacağı və bu halda təhvil-təslim sənədlərinin podratçı tərəfindən qüsurlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 3 gün ərzində imzalanacağı, 7.2.4-cü bəndində isə, qüsur aktının tərtib olunmasında və imzalanmasında razılığa gələ bilməyəcəkləri halda, qüsurların mövcud olubolmaması haqqında rəyi hər iki tərəfin razılığı ilə dəvət olunmuş sərbəst ekspertin verəcəyini razılaşdırmışlar; hazırkı işin müəyyən olunan halı isə ondan ibarətdir ki, sifarişçi işlərin başa çatdırılmasından sonra aşkar edilmiş qüsurlarla bağlı podratçıya hər hansı pretenziya ünvanlamamış, qüsur aktının tərtib olunması ilə bağlı təşəbbüs göstərməmiş, qüsurlar varsa onların aradan qaldırılması üçün podratçıya müraciət etməmişdir– hansı ki, bu bilavasitə qanunvericiliyin tələbidir və qanunun mənasına görə, sifarişçi qüsuru özü o halda aradan qaldıra bilər ki, podratçı əlavə icradan imtina etmiş olsun, yaxud əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtarsın.

80. Kollegiya qəbul edir ki, bir sıra hallarda podratçılar öz hüquqlarından sui-istifadə edərək, məsuliyyətdən yayınmaq məqsədilə qüsur aktının tərtib olunmasından yayınmağa çalışır, lakin sifarişçilər bu halda vicdanlılıq prinsipinə uyğun olaraq, müxtəlif üsullarla qüsur aktının tərtib edilməsində podratçının iştirakını və ya ən azından məlumatlı olmasını təmin etməlidirlər. Hazırkı mübahisə üzrə belə bir hal müəyyən olunmadığından, sadəcə sifarişçinin şifahi bildirdikləri əsasında işlərin qüsurla icra olunduğu qəbul edilə bilməz- əks yanaşma tərəflərin bərabərlik prinsipinin pozuntusuna gətirib çıxarardı.

81. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, sifarişçi işlərin qəbul aktını təsdiqləməsə də, bunun hər hansı səbəbini göstərməmiş, işlərin görülməsi ilə bağlı qüsur aktı tərtib etməmiş, uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər həcmli işlərin icra olunub-olunmadığı ilə maraqlanmamasının və əlavə tədbirlər görməməsinin ağlabatan izahını verməmişdir.

82. Həmçinin nəzərə alınmalıdır ki, işin (podratın) üst podratçıya və əsas sifarişçiyə təhvil-təslim edilməsinə dair tərtib olunmuş 2025-ci il ## #### tarixli aktda “işlərin tam icra edilmiş hesab olunduğu”, habelə “nöqsanlar aşkar edilmədiyi” göstərilmişdir.

83. Qarşılıqlı iddiaçının “xxxx” MMC-dən 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsinə əsasən gecikdirilmiş müddət üçün 1.362.900 manat cərimə məbləğinin xeyrinə tutulması” tələbi üzrə gəlinən nəticə ilə isə kollegiya ümumiyyətlə razılaşmır və hesab edir ki, məhkəmə müəyyən edilmiş faktları düzgün qiymətləndirməmişdir.

84. Belə ki, podratçının (ilkin iddiaçının) müqavilədə nəzərdə tutulmuş işləri ilkin avans ödənişi həyata keçirildikdən sonra hesablanmaqla 120 iş günü müddətində təhvil verməli olduğu, işlərin bitirilmə vaxtının tərəflər arasında son Təhvil-Təslim Aktının imzalandığı tarix hesab olunduğu, podratçı tərəfindən sifarişçiyə təqdim olunan son X2 ən geci 15 iş günü ərzində imzalanacağı, əgər bu müddətdə əsassız olaraq imzalanmazsa sifarişçi tərəfindən qəbul edilmiş hesab ediləcəyi müqavilə ilə razılaşdırılmış şərtlərdir.

85. Işin yuxarıda şərh olunan hallarından göründüyü kimi, ilkin avans ödənişi 2024-cü il ## #### tarixində həyata keçirilmiş, Sahil Mühafizəsinin aidiyyəti şəxsləri və “X7 PTE LTD” şirkətinin nümayəndələrinin iştirakı ilə 2025-ci il ## #### tarixində “Gəmi inşası və təmiri mərkəzinin” gəmilər dənizə enmə-qalxma zolağının sınağının keçirilməsinə və təhvil təsliminə dair ** №-li Akt tərtib olunmuş, qurğu həmin akt əsasında təhvil alınmış, “xxxx” MMC tərəfindən 2025-ci il ## #### tarixində "xxxx” MMC-yə e-mail vasitəsi ilə 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli müqavilə üzrə 2025-ci il ## #### tarixli Təhvil-təslim Aktı göndərilərək aktın təsdiq olunması və qalan ödənişlərin ödənilməsi xahiş edilmiş, lakin təhvil-təslim aktı “xxxx” MMC tərəfindən təsdiqlənməmişdir.

86. Rəsmi istehsalat təqviminə əsasən, 2024-cü il ## #### tarixindən etibarən hesablanacaq 120 iş günü 2025-ci il ## ###### tarixində başa çatır və belə olan halda, müqavilənin 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla, “xxxx” MMC-nin işin təhvilini 52 gün gecikdirdiyi qəbul olunmalıdır.

87. Belə ki, Cavabdeh MMC-nin ona 2025-ci il ## #### tarixində göndərilmiş təhviltəslim aktını təsdiq edib-etməməsindən asılı olmayaraq, işin (podratın) əsas sifarişçisi 2025ci il ## #### tarixində işi təhvil almış, müvafiq təhvil-təslim aktında nöqsanların aşkar edilmədiyi qeyd olunmuşdur– işin təhvil verilməli olduğu 2025-ci il ## ###### tarixindən 2025ci il ## #### tarixinə qədər ötən müddət isə 52 gün (dövrün başladığı və bitdiyi günlər nəzərə alınmadan) təşkil edir.

88. Bu kontekstdə kollegiya hesab etmişdir ki, qarşılıqlı iddiaçının müvafiq iddia tələbi qismən təmin olunmalı, işin təhvilinin gecikdirildiyi 52 günlük müddət üçün hesablanması mümkün olan 218.400 manat (1.400 000 x 0,3 % = 4.200 manat (günlük) x 52 gün = 218.400 manat) cərimə məbləği mütənasib şəkildə azaldılaraq, ilkin iddiaçıdan 20.000 manat Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır.

89. Tənasübü müəyyənləşdirərkən kollegiya qanunvericinin təsbit etdiyi kriteriya ilə yanaşı, işin hallarını, qarşılıqlı iddiaçının davranışlarını, həmçinin ilkin iddiaçının cərimə tələbinə olan yanaşmanı (həmin tələb üzrə məbləğin azaldıldığını) əsas götürür və “bərabər mənafelərə bərabər nisbət” prinsipini nəzərə almışdır.

90. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 13, 14.2.1, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 448.1, 462.1, 467, 752.1, 753.1, 759.1, 759.2, 762.1-762.4, 763.1-763.3, 764.1, 764.2, 765, 766, 770, 773-cü; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 106.1, 106.3, 217.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

91. “xxxx” MMC kassasiya şikayəti verərək həmin qətnamənin qismən – qətnamənin qarşılıqlı iddianın qismən təmin olunması hissəsində ləğv, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

92. Cavabdeh MMC kassasiya şikayəti verərək həmin qətnamənin qismən –ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmayan hissəsədə ləğv olunması, qarşılıqlı iddianın tam təmin edilərək 1.302.000 manat məbləğində vəsaitin ilkin iddiaçıdan cavabdehə ödənilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri

a) “xxxx” MMC-nin kassasiya şikayətinin dəlilləri

93. Mülki Məcəllənin 770-ci maddəsi üzrə - Həmin maddəyə əsasən, sifarişçi işi podratçının müəyyən etdiyi müddətdə qəbul etmədikdə, iş qəbul edilmiş hesab olunur. Hazırkı işdə müqavilə üzrə işlərin icra müddəti 120 iş günü olmaqla 2025-ci il ## ###### tarixində başa çatsa da, iş materialları ilə təsdiq olunur ki, işlər əslində 2024-cü il ## ###### tarixində uğurla sınaqdan keçmiş və qarşılıqlı iddiaçının hərəkətsizliyi səbəbindən, işlərdə qüsurların olub-olmamasından asılı olmayaraq, həmin tarixdə ona təhvil verilmiş, yəni qəbul edilmiş hesab olunmuşdur. (Baxmayaraq ki, işlər faktiki olaraq təhvil-təslim aktı ilə baş sifarişçiyə 2025-ci il ## #### tarixində təhvil verilmişdir.)

94. Belə ki, iş materiallarında olan ilkin iddiaçının 2024-cü il # ###### tarixli ** nömrəli məktubunda göstərilmişdir ki, 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsi üzrə nəzərdə tutulan bütün işlər başa çatdırılmış, qurğu sınaqlara hazırdır və qarşılıqlı iddiaçıdan sınaqların keçirilməsi üçün gəminin təmin edilməsi və təhviltəslim sınaqlarının təşkil olunması xahiş edilmişdir. Müqavilənin 7.2.5-ci bəndinə əsasən isə qurğunun ilkin sınağı işlərin təhvil verildiyi tarixdən etibarən 10 gün müddətində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilməli, sınağın təşkili və bunun üçün zəruri vasitələr Cavabdeh MMC tərəfindən təmin edilməlidir. Həmin bəndə görə, qurğunun ilkin sınağı Cavabdeh MMC-nin təqsiri üzündən bu müddətdən əlavə 10 gündən artıq gecikdirildikdə, qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur.

95. Beləliklə, 2024-cü il # ###### tarixli ** nömrəli məktub və Müqavilənin 7.2.5-ci bəndi birlikdə qiymətləndirildikdə, qarşılıqlı iddiaçının hərəkətsizliyi nəticəsində işlərin 2024cü il ## ###### tarixində uğurla sınaqdan keçmiş və həmin tarixdə qəbul edilmiş hesab olunması təsdiq edilir.

96. Buna baxmayaraq, məhkəmə əsassız olaraq işlərin nəinki 2024-cü il ## ###### tarixində təhvil verilmədiyi, hətta ilkin iddiaçı tərəfindən gecikdirildiyi qənaətinə gəlmişdir.

97. Mülki Məcəllənin 462.1-ci maddəsi üzrə - Tərəflər arasında bağlanılmış müqavilədə dəbbə pulu nəzərdə tutulsa da, məhkəmə kollegiyası qətnamədə qanunsuz olaraq qət etmişdir ki, ilkin iddiaçıdan 20.000 manat Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. Halbuki, iş materiallarında olan ilkin iddiaçı tərəfindən göndərilmiş məktublarla təsdiq olunur ki, işlər fiziki olaraq təhvil-təslim aktı ilə ilkin iddiaçı tərəfindən baş sifarişçiyə 2025-ci il ## #### tarixində təhvil verilsə belə, Müqavilənin 7.2.5-ci maddəsinə uyğun olaraq işlər əslində 2024-cü il ## ###### tarixindən sınaqdan uğurla keçdiyinə görə, elə həmin tarixdə də qarşılıqlı iddiaçıya təhvil verilmiş hesab edilmişdir. Yəni, ilkin iddiaçı tərəfindən işlərin təhvil verilməsində gecikmə olmadığından dəbbə pulu hesablana bilməz.

98. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - Məhkəmə iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, nəticədə əsassız olaraq ilkin iddiaçının müqavilə üzrə işləri vaxtında təhvil vermədiyi və buna görə də dəbbə pulu ödəməli olduğu qənaətinə gələrək qarşılıqlı iddianı qismən təmin etmişdir. Halbuki, iş materiallarında olan 2024-cü il # ###### tarixli ** nömrəli məktubdan aydın olur ki, ilkin iddiaçı işlərin təhvil verilməsində heç bir gecikməyə yol verməmişdir. Həmin məktubda göstərilmişdir ki, tərəflər arasında bağlanmış 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli subpodrat müqaviləsi üzrə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əsas bazasındakı liman kompleksində yerləşən "SLIP" qurğusunun uzadılması başa çatmış, layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və qurğu sınaqlara hazırdır. Eyni zamanda, sınaqların keçirilməsi üçün gəminin təmin olunması və təhvil-təslim sınaqlarının təşkil edilməsi xahiş edilmişdir. Müqavilənin 7.2.7-ci bəndinə əsasən işlərin 2024-cü il # ###### tarixində Cavabdeh MMC-yə təhvil verilməsi təsdiq olunur. Müqavilənin 7.2.5-ci bəndinə əsasən isə qurğunun ilkin sınağı ən geci 2024-cü il ## ###### tarixində Cavabdeh MMC tərəfindən təşkil edilməli idi. Deməli, ilkin iddiaçı 2024-cü il # ###### tarixində işləri təhvil verməyə hazır olmuş, hətta qüsurlar mövcud olsaydı belə, onların aradan qaldırılması üçün kifayət qədər vaxt olmuşdur.

99. Lakin qarşılıqlı iddiaçı işlərin qəbulundan yayınmışdır. Belə ki, 2024-cü il # ###### tarixli məktubu qəbul etməkdən imtina etmiş, göndərilmiş təhvil-təslim aktına münasibət bildirməmiş, işlərin vəziyyəti ilə maraqlanmamış və heç bir irad irəli sürməmişdir. Nəticədə, ilkin iddiaçı baş sifarişçiyə işləri təhvil vermək üçün müqavilə üzrə öhdəliyinə daxil olmayan işləri də yerinə yetirmək məcburiyyətində qalmışdır.

100. Bundan əlavə, ilkin iddiaçı tərəfindən 2025-ci il ## ###### tarixli ** nömrəli sonuncu xəbərdarlıq məktubu göndərilmiş, işlər baş sifarişçiyə təhvil verildikdən sonra isə təhvil-təslim aktı elektron poçt vasitəsilə qarşılıqlı iddiaçıya təqdim edilmişdir. Qarşılıqlı iddiaçı nə həmin xəbərdarlıq məktubuna, nə də elektron poçta cavab vermişdir.

101. Məhkəmə Müqavilənin 7.2.5-ci bəndini də nəzərə almamışdır. Həmin bəndə əsasən, qurğunun ilkin sınağı işlərin təhvil verildiyi tarixdən etibarən 10 gün müddətində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilməli, sınağın təşkili və bunun üçün zəruri avadanlıq Cavabdeh MMC tərəfindən təmin edilməlidir. Əgər sınaq Cavabdeh MMCnin təqsiri üzündən həmin müddətdən əlavə 10 gündən artıq gecikdirilərsə, qurğu ilkin sınaqdan uğurla keçmiş hesab olunur.

102. Beləliklə, işlər baş sifarişçiyə faktiki olaraq 2025-ci il ## #### tarixində təhvil verilsə də, Müqavilənin 7.2.5-ci bəndinə əsasən, qarşılıqlı iddiaçının hərəkətsizliyi səbəbindən qurğu ən geci 2024-cü il ## ###### tarixindən uğurla sınaqdan keçmiş və həmin tarixdə də qarşılıqlı iddiaçıya təhvil verilmiş hesab edilməlidir.

103. Məhkəmə isə Müqavilənin 7.2.5-ci bəndinin tələblərini və 2024-cü il # ###### tarixli ** nömrəli məktubu nəzərə almadan, yalnız işlərin baş sifarişçiyə faktiki təhvil verildiyi tarixi əsas götürərək ilkin iddiaçının gecikməyə yol verdiyi barədə əsassız nəticəyə gəlmişdir.

b) Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlilləri

104. Mülki Məcəllənin 462-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-ci il ## ###### tarixli Qərarı üzrə - Belə ki, məhkəmə podratçının işləri gecikdirdiyini müəyyən etsə də, gecikdirilmiş müddətə görə müqavilədə razılaşdırılmış cərimədən xeyli aşağı məbləğin tutulmasına qərar vermişdir. Məhkəmə bu nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə və “bərabər mənafelərə bərabər münasibət” prinsipinə istinadla əsaslandırmışdır. 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/** nömrəli müqavilənin 10.3-cü bəndinə əsasən, podratçı işlərin təhvil verilməsini gecikdirdiyi halda, hər gecikdirilmiş günə görə müqavilə dəyərinin 0,3 faizi həcmində sifarişçiyə cərimə ödəməlidir. Həmin şərtə əsasən, 310 günlük gecikməyə görə iddiaçıdan 1.302.000 manat cərimənin tutulması xahiş edilmişdir. Lakin məhkəmə gecikmə müddətini 52 gün hesab etmiş və cərimə məbləğini əsassız olaraq 20.000 manata endirmişdir.

105. Qeyd edilməlidir ki, dəbbə pulu müqavilənin icrasını təmin edən əsas təminat vasitəsidir və tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Buna baxmayaraq, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə cəriməni əhəmiyyətli dərəcədə azaltmış və tərəflərin müqavilə azadlığına əsassız müdaxilə etmişdir. Həmin maddəyə əsasən, məhkəmə yalnız işin hallarını nəzərə alaraq tənasübsüz yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyən edilərkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmalıdır. Lakin hazırkı işdə cərimənin tənasübsüz yüksək olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir.

106. Bundan başqa, mübahisə fiziki şəxslər arasında deyil, sərbəst balansı olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki hüquqi şəxs arasında yaranmışdır. Belə münasibətlərdə müqavilə ilə razılaşdırılmış cərimə məbləği özlüyündə tənasübsüz yüksək hesab edilə bilməz. Sahibkarlıq subyektləri müqavilə bağlayarkən mənfəət və risklərini, habelə müqavilənin pozulması nəticəsində yarana biləcək zərəri və buna uyğun cərimə məbləğini əvvəlcədən qiymətləndirirlər.

107. Bu baxımdan, məhkəmələrin cəriməni, xüsusilə də onu ödəməli olan tərəfin əsaslandırılmış vəsatəti olmadan azaltması müqavilə azadlığına və sahibkarlıq münasibətlərinə əsassız müdaxilədir. Həmçinin, dəbbə pulunun tənasüblüyü qiymətləndirilərkən sahibkarlıq riski də nəzərə alınmalıdır.

108. Mülki Məcəllənin 442, 448.1, 752.1-ci maddələri, habelə Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələri üzrə - Məhkəmə əsassız olaraq cavabdehin hər iki müqavilə üzrə iddiaçı qarşısında ödəniş öhdəliyinin yarandığı nəticəsinə gəlmiş, apellyasiya məhkəməsi isə həmin hissədə işin hallarına və sübutlara düzgün hüquqi qiymət verməmişdir.

109. Ilk növbədə qeyd edilməlidir ki, işlərin Cavabdeh MMC tərəfindən qüsursuz və qeyd-şərtsiz qəbul edilməsi iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materiallarından görünür ki, təhvil-təslim əsas sifarişçi və/və ya obyekt üzrə digər iştirakçılarla aparılmış, lakin iddiaçı ilə cavabdeh arasında müqavilədə nəzərdə tutulmuş qaydada son Təhvil-Təslim Aktı imzalanmamışdır. Halbuki müqavilənin 4.4-cü bəndinə əsasən işlərin bitirilmə tarixi tərəflər arasında son Təhvil-Təslim Aktının imzalandığı tarix hesab edilir.

110. Məhkəmə iddiaçının 2024-cü il # ###### tarixli məktubunu işlərin tam təhvil verilməsi kimi qiymətləndirmişdir. Halbuki həmin məktub, mövcud olmuş olsa belə, mahiyyət etibarilə işlərin qüsursuz təhvili deyil, qurğunun sınaqlarının aparılması üçün dəvət xarakteri daşıyır. Iddiaçının özü də sınaqların sonrakı tarixlərdə və öz nümayəndəsinin iştirakı ilə keçirildiyini bildirmişdir. Buna görə də işlərin 2024-cü ilin noyabr ayında tam və qüsursuz təhvil verilməsi barədə məhkəmənin nəticəsi əsassızdır.

111. Iş materiallarında olan aktlardan görünür ki, işlərin icrasında qüsurlar mövcud olmuşdur. Belə ki, 2025-ci il ## ###### tarixli müşahidə komissiyasının aktında arabacığın hərəkəti və reysləri üzrə uyğunsuzluqlar göstərilmişdir. Bu hal işlərin cavabdeh tərəfindən qüsursuz və qeyd-şərtsiz qəbul edilməsi barədə nəticəni istisna edir.

112. Bundan əlavə, müqavilənin 7.2.3-cü bəndinə əsasən təhvil-təslim zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə, təhvil-təslim sənədləri yalnız həmin qüsurlar aradan qaldırıldıqdan sonra imzalanmalıdır. Deməli, ödəniş öhdəliyinin yaranması üçün iddiaçı işlərin qüsursuz icra edildiyini, qüsurların aradan qaldırıldığını və nəticənin müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verildiyini sübut etməli idi.

113. Lakin iddiaçı həmin halları təsdiq edən sübutları təqdim etməmiş, işlərin hansı tarixdə və hansı sənədlə cavabdehə təhvil verildiyini, qüsurların nə vaxt və hansı qaydada aradan qaldırıldığını izah etmək üçün məhkəmə iclasına da gəlməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Buna görə də iddiaçının sübutetmə vəzifəsini yerinə yetirməməsi onun prosessual riski kimi qiymətləndirilməli idi.

114. Məhkəmə isə cavabdehin qüsurlarla bağlı etirazlarını daha yüksək sübutetmə standartı ilə qiymətləndirmiş, əvəzində iddiaçının işlərin qüsursuz təhvil verilməsi barədə mövqeyini kifayət qədər sübut olmadan qəbul etmişdir. Bu isə MPM-in 88-ci maddəsində təsbit olunmuş sübutların obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirilməsi prinsipinə ziddir.

115. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin lazımınca icra edilməməsinə işin qüsurlarla və ya müqavilə şərtlərinin pozulması ilə yerinə yetirilməsi də daxildir. MM-in 448.1ci maddəsinə görə isə borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət daşıyır. Hazırkı halda işlərin qüsurlu olması və müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verilməməsi iddiaçının tələbini hüquqi əsasdan məhrum edir.

116. Eyni hal 2024-cü il ## #### tarixli GEMI/ADOG-**/**-** nömrəli müqavilə üzrə də mövcuddur. Iddiaçı işlərin müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verildiyini sübut etməmişdir. Halbuki müqavilənin 5.1-ci bəndinə əsasən ödəniş yalnız işlər sifarişçiyə təhvil verildikdən və elektron qaimə təqdim edildikdən sonra həyata keçirilməlidir. Iş materiallarından isə görünür ki, elektron qaimə iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra göndərilmiş, işlərin təhvil verilməsi və pretenziya qaydasına əməl olunması isə sübut edilməmişdir.

117. Beləliklə, cavabdehin işləri qüsursuz və qeyd-şərtsiz qəbul etməsi sübuta yetirilmədiyindən, əksinə, qüsurların mövcudluğu və təhvil-təslim prosedurunun tamamlanmadığı müəyyən edildiyindən, iddianın təmin edilməsi üçün hüquqi əsas mövcud olmamışdır.

118. Mülki Məcəllənin 467-ci maddəsi üzrə - Məhkəmənin dəbbə pulunun azaldılması barədə nəticəsi qanunvericiliyə uyğun hesab edilsə belə, dəbbə pulunun azaldılması zamanı tətbiq edilən tənasüb və onun əsasları düzgün müəyyən edilməmişdir.

119. Məhkəmə qeyd etmişdir ki, tənasüb müəyyən edilərkən qanunvericilikdə nəzərdə tutulan meyarlarla yanaşı, işin halları, qarşılıqlı iddiaçının davranışları, ilkin iddiaçının cərimə tələbinə münasibəti (tələbin məbləğinin azaldılması) və “bərabər mənafelərə bərabər münasibət” prinsipi nəzərə alınmışdır. Lakin məhkəmənin “qarşılıqlı iddiaçının davranışları” dedikdə konkret hansı halları nəzərdə tutduğu aydın deyildir.

120. Bundan əlavə, məhkəmə ilkin iddiaçının cərimə tələbinin azaldılmasını qarşılıqlı iddia üzrə dəbbə pulunun azaldılması üçün əsas kimi qəbul etmişdir. Halbuki, iddiaçının cərimə tələbinin azaldılması qarşılıqlı iddiaçının tələb etdiyi dəbbə puluna təsir etməməlidir. Həmin tələbi mübahisələndirmək və ya olduğu kimi qəbul etmək yalnız iddiaçının hüququdur. Iddiaçının daha aşağı məbləğlə razılaşması qarşılıqlı iddiaçının müqavilədən irəli gələn müstəqil hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Bu tələblərin subyektləri də fərqlidir.

121. Qanunvericiliyə görə, tənasüb müəyyən edilərkən “əmlak və digər əsaslı mənafelər” nəzərə alınmalıdır. Məhkəmənin istinad etdiyi nə qarşılıqlı iddiaçının davranışlarının, nə də ilkin iddiaçının cərimə tələbinin əmlak mənafeləri ilə əlaqəsi göstərilməmişdir.

122. Məhkəmə işin hallarını nəzərə almaq istəyirdisə, müqavilənin ümumi dəyərini də qiymətləndirməli idi. Belə ki, tərəflər 1.400.000 manat məbləğində işlərin görülməsinə dair müqavilə bağlamış və cərimə təminatını da həmin məbləğə uyğun razılaşdırmışlar. Buna baxmayaraq, məhkəmə müqavilədə razılaşdırılmış cərimə məbləğini təxminən on bir dəfə azaltmışdır. Məhkəmənin müəyyən etdiyi məbləğ praktikada tətbiq edilən ən aşağı cərimə həddindən də aşağıdır. Belə ki, cərimə müqavilə dəyərinin cəmi 0,1 faizi həcmində müəyyən edilsəydi belə, iddiaçı 72.800 manat cərimə ödəməli olardı. Belə yanaşma sahibkarlıq münasibətlərinə mənfi təsir göstərir. Çünki bu halda müqavilə tərəfləri öhdəliklərini pozduqları təqdirdə razılaşdırılmış cəriməni deyil, məhkəmə tərəfindən müəyyən edilən cüzi məbləği ödəyəcəklərinə arxayın olurlar. Nəticədə, tərəflərin müqavilədə nəzərdə tutduqları təminat mexanizmi faktiki əhəmiyyətini itirir.

123. Məhkəmə həmçinin “bərabər mənafelərə bərabər münasibət” prinsipinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 228.5-ci maddəsinə dair 2008-ci il ## ### tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi bərabərlik hər kəsin hüquq və vəzifələrinin bərabərliyini ifadə edir və Konstitusiyanın 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə, yəni bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdır.

124. Ali Məhkəmənin formalaşmış təcrübəsində də bu prinsip ədalətlilik anlayışı ilə əlaqələndirilərək əsasən kompensasiya, əmək pensiyası, əmək və sığorta stajı, sığorta ödənişləri kimi ümumi hüquq münasibətlərinə tətbiq olunur (Ali Məhkəmənin *-*(***)-****/**** nömrəli 2024-cü il # ##### tarixli qərardadı). Bu münasibətlərdə tərəflər bərabər hüquqi mövqedə olmurlar və sərbəst iradələrinin formalaşması məhdud ola bilər.

125. Hazırkı işdə isə həmin prinsipin tətbiqi üçün əsas yoxdur. Tərəflər müqaviləni sərbəst iradə ilə, bərabər hüquqi və iqtisadi mövqedə bağlamış, cərimə şərtini aydın və dəqiq şəkildə, “Tərəflərin məsuliyyəti” bölməsində razılaşdırmışlar. Buna baxmayaraq, məhkəmə tərəflərin razılaşdırdığı müqavilə şərtinə müdaxilə etmiş, faktiki olaraq onu hüquqi nəticəsiz qoymuşdur. Halbuki, müqavilənin maddi məzmununu yalnız onun tərəfləri müəyyən edə bilər və məhkəmənin tərəflər üçün yeni müqavilə şərtləri formalaşdırması yolverilməzdir. Məhkəmənin belə müdaxiləsi yalnız işin hallarından irəli gələn açıq balanssızlıq mövcud olduqda əsaslandırıla bilər. Hazırkı işdə isə belə hal müəyyən edilməmişdir.

126. Bundan başqa, məhkəmə iddiaçı ilə cavabdeh arasında təhvil-təslim aktının mövcud olmamasını da nəzərə almamış, müddətləri yalnız baş sifarişçi ilə bağlı tərtib edilmiş təhvil-təslim aktına əsasən hesablamışdır.

127. Göstərilənlərə əsasən, məhkəmənin dəbbə pulunu azaltması qanunvericiliyə uyğun olmadığından, qarşılıqlı iddiaçının müqavilə üzrə tələb etdiyi cərimə tam məbləğdə təmin edilməlidir.

128. Mülki Prossesual Məcəllənin 150.1.6, 152.1.6-cı maddələri üzrə - Məhkəmə “xxxx” MMC ilə Cavabdeh MMC arasında 2024-cü il ## #### tarixli GEMI/ADO-G-**/**-** nömrəli mühəndis-geoloji tədqiqatlar, batimetriya, geodeziya və sonar planlama işlərinə dair subpodrat müqaviləsi üzrə iddia tələbinin təmin edilməsi hissəsində prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qanunvericiliyə əsasən, müqavilə üzrə pretenziya qaydası nəzərdə tutulduqda, həmin qaydaya əməl edilmədən verilmiş iddia geri qaytarılmalıdır. Hazırkı halda iddiaçı tərəfindən heç bir pretenziya təqdim edilməmiş, həmçinin iddia verildiyi tarixdə ödəniş öhdəliyimiz yaranmamışdır. Belə ki, müqaviləyə əsasən ödəniş elektron qaimə təqdim edildikdən sonra həyata keçirilməlidir. Iş materiallarından görünür ki, elektron qaimə iddia ərizəsi təqdim edildikdən sonra göndərilmiş, həmin qaimə üzrə ödəniş tələbi isə tərəfimizə təqdim edilməmişdir. Bu səbəbdən, həmin hissədə iddia məhkəmə tərəfindən geri qaytarılmalı idi.

129. Mülki Prosessual Məcəllənin 217-ci maddəsi üzrə - Insan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə aktlarının əsaslandırılması tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı işi üzrə 2007-ci il ## ###### tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarlarının əsaslandırılmaması tərəflərin mövqelərinin bərabərlik prinsipi əsasında dinlənilməsi təminatını şübhə altına alır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi qanunun aliliyinin əsas elementlərindən biri olmaqla, məhkəmə qərarında iş üzrə bütün zəruri məsələlərə aydınlıq gətirilməsini və ziddiyyətlərin aradan qaldırılmasını tələb edir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyət yaradan və məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N. Əbilovun şikayəti üzrə 2008-ci il ## #### və M. Şahverdiyevanın şikayəti üzrə 2013-cü il ## #### tarixli qərarları). Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnmişdir.

c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

130. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

Kassasiya baxışının hədləri

131. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

132. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

133. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759.1. Sifarişçi işlər qurtarana dək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə, muzdun miqdarını qüsurlu məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

134. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

135. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

136. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

137. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

138. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

139. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

140. Məhkəmə kollegiyası “xxxx” MMC-nin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarını, o cümlədən 2024-cü il # ###### tarixli məktubu, tərəflər arasında bağlanmış müqavilənin 7.2.5-ci bəndini və sonrakı dövrdə həyata keçirilmiş sınaq və təhvil-təslim prosesini birlikdə qiymətləndirərək müəyyən etmişdir ki, podratçı tərəfindən işlərin başa çatdırılması barədə sifarişçiyə məlumat verilsə də, qurğunun faktiki sınaqları sonradan keçirilmiş, sınaq zamanı aşkar edilmiş çatışmazlıqlar podratçı tərəfindən aradan qaldırılmış, yalnız bundan sonra 2025-ci il ## #### tarixli aktla iş əsas sifarişçi tərəfindən nöqsansız qəbul edilmişdir. Apellyasiya məhkəməsi eyni zamanda nəzərə almışdır ki, sifarişçi işlərin qəbulundan yayınmış, qüsur aktı tərtib etməmiş və müqavilədə nəzərdə tutulmuş prosedura əməl etməmişdir. Məhz bu səbəbdən görülmüş işlərin qəbul edilmiş hesab olunması barədə nəticəyə gəlinmiş, lakin həmin hal işin faktiki olaraq müqavilə üzrə tam başa çatdırılaraq əsas sifarişçiyə təhvil verildiyi tarixin dəyişdirilməsi üçün əsas hesab edilməmişdir. Bu əsasla apellyasiya instansiyası məhkəməsi müqavilədə nəzərdə tutulmuş 120 iş günü müddətinin 2025-ci il ## ###### tarixində başa çatdığını, işin isə 2025-ci il ## #### tarixində əsas sifarişçi tərəfindən qəbul edildiyini nəzərə alaraq 52 günlük gecikmənin mövcudluğu qənaətinə gəlmiş, eyni zamanda cərimə məbləğini işin halları və tərəflərin davranışını nəzərə almaqla mütənasib qaydada 20.000 manatadək azaltmışdır. Kassasiya şikayətində irəli sürülən arqumentlər 2024-cü il ## ###### tarixinin işlərin təhvil verildiyi tarix kimi qəbul edilməsinə yönəlsə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin sübutlara verdiyi hüquqi qiymətləndirməni və müəyyən etdiyi faktiki halları təkzib etmir.

141. Buna görə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin göstərilən dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

142. Həmçinin, məhkəmə kollegiyası Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarını hərtərəfli qiymətləndirərək müəyyən etmişdir ki, podratçı tərəfindən görülmüş işlər icra edilmiş, sınaqlar zamanı aşkar olunmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra iş əsas sifarişçi tərəfindən qəbul edilmiş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş qaydada qüsur aktı tərtib etməmiş, qüsurların mövcudluğunu sübuta yetirməmişdir. Həmçinin apellyasiya məhkəməsi podratçının 52 günlük gecikməyə yol verdiyi qənaətinə gələrək, Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq cərimə məbləğini işin halları və tərəflərin davranışını nəzərə almaqla mütənasiblik gözlənilməklə azaltmışdır.

143. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsitərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

144. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məsələyə dair qənaəti ilə razılaşır və hesab edir ki, bu qənaət işin müəyyən edilmiş hallarına və Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və gəldiyi hüquqi nəticələri təkzib etmədiyindən, həmin dəlillər qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.

145. Məhkəmə kollegiyası qeyd edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

146. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 1970ci il ## ###### tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 1982-ci il # ####### tarixli Qərarı, “X1rşı” iş üzrə 1984-cü il ## ####### tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

147. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

148. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:

Ilk iddia üzrə iddiaçı “xxxx” MMC-nin və cavabdeh MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar