Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-79/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: Podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “xxxx” MMC (Sifarişçi) ilə İddiaçı (icraçı) arasında 2023-cü il ## ####### tarixli, **/** nömrəli xidmət müqaviləsi bağlanmışdır.
2. Müqaviləyə əsasən icraçı sifarişçinin Bilgəh qəsəbəsində yerləşən *** nömrəli Villanın ladşaft işlərinin yerinə yetirilməsi üzrə Əlavə 1 “Smeta"da göstərilmiş işləri icra etməyi, sifarişçi isə icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
3. Müqavilə üzrə ümumilikdə 655.297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 2023-cü il ## ####### tarixli **/** nömrəli xidmət müqaviləsinə xitam verilməklə, həmin müqavilə əsasında görülmüş işlərin və alınmış malların dəyəri olaraq 633.576.5 manat yaranmış borcun, həmçinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə məbləği ödədiyi günə münasibətdə gecikdirilmiş vaxt üçün gecikdirilmiş borc məbləğinə illik beş faiz məbləğində əlavə vəsaitin və 925 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, xidmət müqaviləsinin 3.1.1-ci maddəsinə əsasən cavabdehin Bilgəh qəsəbəsində yerləşən *** nömrəli villanın landşaft işlərinin həyata keçirilməsi üçün tələb olunan lazımi şəraiti yaratmaq öhdəliyi mövcud olmuş, lakin o qeyd olunan öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilənin icrası ilə bağlı iddiaçı tərəfindən bir çox yüksək səviyyədə işlər görülməsinə baxmayaraq, 2024-cü il # ##### tarixdə cavabdeh tərəfindən ərazidən uzaqlaşdırılmağı barədə əsassız göstəriş verilmişdir. Dəfələrlə danışıqlar aparılmağına baxmayaraq, müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina edərək onu əraziyə buraxmaqdan imtina edilmişdir. Cavabdehin təsisçisi və işlərə əsas nəzarəti edən Adilə xanım və müəssisənin adından çıxış edən Leyla xanım da həmçinin ərazidən çıxmağı barədə göstərişlər vermişlər. Iddiaçı da məcburən konteynerlərini götürərək ərazidən uzaqlaşmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmələri üçün 2024-cü il # ##### tarixli pretenziya göndərilmiş, ərazisində sifarişi icra etdiyi mülkiyyətçinin işinin yubanmaması, işlərin vaxtında və keyfiyyətlə görülməsi üçün müqavilə öhdəliklərini yerinə yetirməyi və iddiaçını əraziyə buraxmaqları ən uğurlu tərəfdaşlıq olardı deyə vurğulamış, lakin məhəl qoyulmamışdır. Həmçinin müqavilə üzrə hazırda görülmüş işlərin də dəyərini ödəmək öhdəliyini xatırladaraq bildirilmişdir ki, hazırda görülmüş işlərin dəyərini və müqavilənin icrası üçün iddiaçı tərəfindən digər bir müəssisəyə sifariş verilmiş mal-materialların (qranit, prila və aqlay məhsulları) dəyəri ödənilməlidir. Həmçinin cavabdehin müqaviləyə əlavədə göstərilən tam məbləği avans olaraq ödəmək öhdəliyi vardır. Çünki, sifariş verdiyi məhsullar ölkə ərazisinə idxal olunub və hazırda cavabdehin ödəniş etməməsinə görə iddiaçıya cərimə məbləğləri, dəbbə pulu və faizlər, həmçinin bunlardan başqa anbarda saxlanılması üçün icarə haqqı hesablanır. Bütün bunlara baxmayaraq, iddiaçı işin yubanmaması, tərəfdaşlığın davamı üçün bütün lazımi tədbirləri görməyə çalışsa da, cavabdeh müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən edilməli olan avans ödənişini də tam olaraq ödəmir. Halbuki, sifariş verilmiş mallar gətirilməzdən əvvəl və görülmüş işlər görülməzdən əvvəl cavabdeh avans olaraq həmin işlərin dəyərini ödəməli idi. Müqavilə üzrə 461.495 ABŞ dolları (784.541,5 manat) məbləğində tərəfindən işlər görülmüş və materiallar sifariş verimişdir. Cavabdeh müxtəlif vaxtlarda (50.000, 34.000, 34.000, 2.000, 2.000, 17.000, 5.000, 5.000, 770, 1.195 manat olmaqla) bu ödənişdən cəmi 150.965 manat vəsait vermişdir. Hazırda cavabdeh iddiaçıya görülmüş işlərdən və sifariş verilmiş mallardan 633.576,5 manat vəsait borcludur. Sifariş verilmiş malların yarısı artıq istifadə olunmuşdur. Lakin nəinki tam avans məbləğini ala bilməmiş, heç gördüyü işlərin və sifariş üzrə hazır olan malların dəyərini belə cavabdeh ödəmir. Bu azmış kimi iddiaçını işin icrasından uzaqlaşdırır. Bunun da məqsədi əsas işlərin çox hissəsini görməyidir. Işin sonlandırılmasına yaxın ərəfədə cavabdehin bu cür qeyri-adekvat hərəkəti iddiaçının əldə edəcəyi gəlirə sahib olmaqdır. Tərəflər arasında bağlanılmış 2023-cü il ## ####### tarixli **/** nömrəli xidmət müqaviləsinin 2.2, 3.1.1 və 3.1.3-cü bəndləri cavabdeh tərəfindən yerinə yetirilmir.
6. Iddiaçı 2024-cü il # ######## tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2023-cü il ## ####### tarixli **/** nömrəli xidmət müqaviləsinin ləğv olunması, görülmüş işlərin dəyəri olaraq 168.011 ABŞ dolları (285.618,7 manat), vurulan qranit, tamet və aqlay mallarının dəyəri olaraq 96.520,805 ABŞ dolları (164.085,36 manat), cavabdeh tərəfindən müqavilə üzrə tələb olunaraq sifariş olunmuş hazırda anbarda saxlanan aqlay və qranit məhsullarının dəyəri olaraq 233.145,225 ABŞ dolları (396.346,34 manat), ödənişin gecikdirilməsinə görə illik 5% olmaqla 5 aylıq gecikdirmə üçün 17.626,05 manat, ümumilikdə cəmi 863.676,61 manat vəsaitin və 1.154 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Eyni zamanda cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, iddiaçıdan 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun, ümumilikdə 240.530 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xidmət müqaviləsinin ümumi dəyəri 655.297 ABŞ dolları, yəni 1.114.004 manat olmuşdur. Müqavilə üzrə iddiaçı Bilgəh qəsəbəsində yerləşən *** nömrəli villanın müqavilənin smetasında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirməli idi. Ilkin olaraq cavabdehin yuxarıda qeyd edilən ünvanında mal-materialların sifariş verilməsi və müəyyən işlərin görülməsi üçün iddiaçıya 255.000 manat pul nağd qaydada verilmişdir. Bununla bağlı o, müqavilənin cavabdehdə olan nüsxəsinə pulu almasını təsdiq edən qeydə öz imzasını çəkmişdir. Daha sonra iddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddiaçıya 150.965 manat məbləğində pul verilmişdir. Ümumilikdə iddiaçıya 405.965 manat pul verilmişdir. Lakin iddiaçı öhdəliklərini gec və keyfiyyətsiz icra etməyə davam etmişdir. Belə ki, ona dəfələrlə sifarişçi qarşısında vaxt öhdəliklərinin olması bildirilsə də, o gördüyü bütün işləri ləngitmiş və işlərin bir çoxunun keyfiyyətsiz icra etmişdir. Iddiaçı müqavilə öhdəliklərini düzgün və lazımi qaydada yerinə yetirmədiyi üçün ona dəfələrlə xəbərdarlıq edilmiş, iddiaçı ödənişin keyfiyyətini və danışılmış formasını tələb etmişdir. Lakin iddiaçı hər dəfə müxtəlif bəhanələr gətirərək, işin vaxtında icra olunması üçün heç bir tədbir görməmişdir. Həmçinin tələb edilmiş materiallar lazımi formada təmin edilməmişdir. Iddiaçının göstərdiyi işlərin görülməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı təklifinə cavabdeh heç zaman mane olmamışdır. Bu gün də iddiaçının öhdəliyində olan keyfiyyətdə mal-materialın onun tərəfindən təmin edilməsinə və əraziyə gətirilməsinə etiraz edilmir. Cavabdeh isə sifarişçi qarşısında öhdəliklərini keyfiyyətli və vaxtında yerinə yetirmək üçün həmçinin, şirkətin işgüzar nüfuzunu qorumaq məqsədi ilə ziyana düşməklərini də gözə alaraq, digər idxalçılardan material tədarük edir. Bu da əlavə xərclərin çəkilməsinə gətirib çıxarır. Iddiaçı ümumilikdə 160.000 manat məbləğində işlər görsə də qalan heç bir öhdəliyini icra etməmiş əvəzində isə iddiaçıdan ümumilikdə 405.965 manat pul almışdır. Bununla da iddiaçı tərəfindən cavabdehə 240.000 manat məbləğində ziyan vurulmuşdur.
9. Daha sonra cavabdeh 2024-cü il ## ###### tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 271.604 manat pul vəsaiti və ödənilmiş 530 manat dövlət rüsumu olmaqla, ümumilikdə 272.134 manat pulun tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış 2023cü il ## ####### tarixli podrat müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia ərizəsi verilərkən ödənilmiş 1.054 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 182.037,60 manat məbləğində pul, 472,04 manat dövlət rüsumu, ümumilikdə 182.509,64 manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 57,96 manat dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli əlavə qətnaməsi ilə aparılmış ekspertiza tədqiqatı ilə bağlı 127 manat ekspertiza xərcinin iddiaçı, 80 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, ilk iddia dörd hissədən ibarətdir: 1. 2023-cü il ## ####### tarixli müqavilənin ləğv edilməsi; 2. Görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri olaraq 96.520,805 ABŞ dolları (164.085,36 manat) pulun tutulması; 3. Müqavilə üzrə iddiaçı tərəfindən alınaraq anbarda saxlanılan materialların dəyəri olaraq 233.145,225 ABŞ dolları (396.346,34 manat) pulun tutulması; 4. Ödənişlərin gecikdirilməsinə görə illik 5 faizlə 5 aylıq müddət üçün hesablanmış 17.626,05 manat pulun tutulması.
13. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsaslı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2023-cü il ## ####### tarixdə podrat müqaviləsi bağlanmış, müqavilə üzrə ümumilikdə 655.297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış 2023-cü il ## ####### tarixdə podrat müqaviləsinin ləğv edilməsini xahiş edir, bununla bağlı iddiaçı 2024-cü il # ##### tarixdə cavabdehə xəbərdarlıq göndərməklə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndələri tərəflər arasında 2023-cü il ## ####### tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsinə etiraz etmədiklərini, iddia tələbini bu hissədə qəbul etdiklərini bildirmişlər. Bu səbəbdən, hər iki tərəf 2023-cü il ## ####### tarixdə podrat müqaviləsinin ləğv edilməsində maraqlı olduğu üçün ilk iddia bu hissədə təmin edilməlidir.
14. Məhkəmə ilk iddia ərizəsini ikinci hissədə əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 2023-cü il ## ####### tarixli podrat müqaviləsi üzrə ümumilikdə 655.297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmış, iddiaçı bu barədə müvafiq sübutlar olmasa da, cavabdeh tərəfindən ona müxtəlif tarixlərdə ümumilikdə 150.965 manat muzdun ödənilməsini iddia ərizəsində qəbul etmişdir. Cavabdeh həmin məbləğdən əlavə, iddiaçıya müqavilə və onun əlavəsi imzalanan zaman (2023-cü il ## ####### tarixdə) 255.000 manat avans ödənildiyini bildirir.
15. Iddiaçı həmin vəsaitin ona ödənilmədiyini bildirmiş, məhkəmə iclasında verdiyi izahatında hazırkı iş üzrə hüquqi savadı olmadığı üçün məhkəmə-xətşünaslıq ekspertizasının hansı səbəbdən təyin edilməsi barədə məlumatlı olmadığı, bu səbəbdən ekspertiza təyin edilməmişdən əvvəl və sonra imzanın ona məxsus olmasını mübahisələndirmədiyi halda bu barədə vaxtında məhkəməyə bildirə bilməmiş, cavabdehin təqdim etdiyi müqavilə nüsxəsində imzaların ona məxsus olmasına baxmayaraq, həmin imzanı müqavilə daha mötəbər olsun deyə iddiaçıda qalan nüsxəsini iki yerdə yni səhifəni imza etmiş, o, müqavilənin əlavəsinin aşağı hissəsinə imza edən zaman orada pulun verilməsi ilə bağlı hər hansı yazı olmamış, həmin yazılar sonradan vərəqəyə əlavə edilmişdir, o, müqavilə bağlanan zaman 250.000 manat vəsaiti almamışdır.
16. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmamışdır. Belə ki, hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil4 məhkəməyə yazılı vəsatət verib (nümayəndənin həmin vəsatəti verməsindən iddiaçının xəbərsiz olması barədə onun arqumentini məhkəmə ağlabatan hesab etməmişdir) iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini, avansla bağlı qeydin altındakı imzanın cavabdehə məxsus olub olmamasının müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş, 2024-cü il ## ####### tarixli, */**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış **/** nömrəli, 2023-cü il ## ####### tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı ##.##.2023-255.000 AZN” əlyazmalarının qarşısındakı imza iddiaçı tərəfindən icra olunmuşdur. Bundan əlavə, iddiaçı müqavilənin əlavəsinin onda olan nüsxəsinə bir dəfə, cavabdehdə olan nüsxəsinə isə iki dəfə (Əlavənin yuxarı və aşağı hissələri) imza etməsinin səbəbini, habelə heç bir qeyd və yazı olmadığı halda vərəqənin boş hissəni imza etməsinin səbəbini ağlabatan şəkildə məhkəməyə izah edə bilməmişdir.
17. Habelə, məhkəməyə təqdim edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş iddiaçı və cavabdehin nümayəndəsi arasında olan vatsap proqramı vasitəsilə göndərilmiş səs yazılarında cavabdeh iddiaçıya ödədiyi 255.000 manatla bağlı iddiaçıdan izah istədikdə, onun nəzərinə 255.000 manat pul ödənildiyi halda əlavə pul tələb etməsinin səbəbi soruşulduqda iddiaçı buna dair hər hansı etirazını, ona həmin vəsaitin ödənilmədiyini bildirməmiş, iddiaçıya həmin pulun xərclənməsi ilə bağlı izahlar vermişdir. Bu səbəbdən məhkəmə iddiaçının 255000 manat avansın onun tərəfindən alınmaması barədə dəlilini əsassız hesab etmişdir.
18. Iddiaçı iddia ərizəsində ilkin olaraq tərəfindən görülmüş işlərin və təhvil verilmiş materialların dəyərinin 461.495 ABŞ dolları (784.541,50 manat) olmasını göstərmiş, məhkəmənin təklifi ilə verdiyi 2024-cü il ## ### tarixli açıqlamada görülmüş işlərin dəyərinin 168.011 ABŞ dolları, verilmiş qranitin dəyərinin 51.897 ABŞ dolları, aqlayın dəyərinin 41.505 ABŞ dolları (ümumilikdə 261.410 ABŞ dolları) olmasını bildirmiş, 2024-cü il # ######## tarixdə verdiyi tələbin həcminin artırılması barədə ərizədə isə cavabdehə 53.223,56 ABŞ dolları dəyərinə qranit, 6.394,04 ABŞ dolları dəyərində tamet, dəyəri 20.541,205 ABŞ dolları və 16.362 ABŞ dolları olmaqla 2 cür aqlay mallarının verildiyini, görülmüş işlərin həcminin 168.011 ABŞ dolları (ümumilikdə cəmi 264.532,201 ABŞ dolları) təşkil etdiyini göstərməklə təzadlı izahatlar vermişdir. Tərəflər arasında görülmüş işlərin ikitərəfli təhvil aktlarının olmaması məhkəmə tərəfindən müəyyən edilmiş, cavabdeh tərəfindən məhkəməyə görülmüş işlər və təhvil verilmiş materiallarla bağlı həftəlik hesabatlar və forma 2 aktı təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə smetası üzrə görülmüş işlərin həcminə dair Forma 2 sənədinə əsasən iddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumi həcmi 119.439,71 ABŞ dolları (hazırlıqlar – 40.072,93 ABŞ dolları, döşəmə işi – 24.561,76 ABŞ dolları, istinad və sərhəd divarı – 32.919,70 ABŞ dolları, əlavə işlərin həcmi – 21.885,32 ABŞ dolları) təşkil edir.
19. Bundan əlavə, cavabdehin nümayəndəsi A.Haqnəzərova, habelə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid Şahid məhkəmə iclaslarındakı izahatlarında həmin Forma 2 sənədində öz əksini tapmasa da, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 120 kv.metr qranit verildiyini, həmin qranitin iddiaçı layihəni tərk etdikdən sonra cavabdeh tərəfindən istifadə edildiyini, lakin ilkin sifarişçinin həmin qraniti bəyənməməsi səbəbindən daha sonra söküldüyünü bildirmişlər. Iddiaçı tərəfindən isə məhkəməyə cavabdeh tərəfindən mübahisələndirilən, lakin iddiaçı tərəfindən görülməsi və təhvil verilməsi iddia edilən həcmdə materialın təhvil verilməsini və işlərin görülməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
20. Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 405.965 manat (255.000 manat + 150.965 manat) ödənildiyi, həmin vəsaitin müqabilində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik xərci daxil olmaqla dəyərinin ümumilikdə 131.721,71 ABŞ dolları – 223.927,40 manat (119.439,71 ABŞ dolları + 12.282 ABŞ dolları (120 kv.m aqlay * 102,35 dollar)) olması müəyyən edilmişdir.
21. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı müqavilə üzrə hər hansı ödənilməmiş muzdu olmadığı üçün onun görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri olaraq 96.520,805 ABŞ dolları (164.085,36 manat) pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
22. Məhkəmə ilk iddia ərizəsini müqavilə üzrə iddiaçı tərəfindən alınaraq anbarda saxlanılan materialların dəyəri olaraq 233.145,225 ABŞ dolları (396.346,34 manat) pulun tutulması hissəsində də əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində hazırkı müqavilə üzrə müqavilənin smetasında nəzərdə tutulmuş, habelə cavabdehin sifarişi əsasında tərəfindən alınmış, cavabdehə təhvil verilməli olan materialların dəyəri olaraq 233.145,225 ABŞ dolları (396.346,34 manat) pulun tutulmasını tələb etsə də, məhkəməyə həmin həcmdə malların (qranit və aqlay) alınmasını, dəyərinin ödənilməsini, anbarda saxlanan malların məhz hazırkı müqavilə (Bilgəh layihəsi) üzrə alınmalı olan mallar olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
23. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsi, təhvil aktlarından görünür ki, iddiaçıya “xxxx” MMC tərəfindən təhvil verilmiş qranitin ümumi həcmi 1013,87 kv.metr, “xxxx” MMC tərəfindən təhvil verilmiş qranitin ümumi həcmi 722 kv.metr, Q.Bəxtiyarov tərəfindən təhvil verilmiş aqlayın ümumi dəyəri 283.000 manat təşkil edir. Q.Bəxtiyarov tərəfindən iddiaçıya mallar 2023-cü il ## ###### tarixdə, “xxxx” MMC tərəfindən 2024-cü il # ###### tarixdə, “xxxx” MMC tərəfindən isə 2024-cü il ## ###### və 2024-cü il ## #### tarixdə təhvil verilmişdir. Həmin sənədlərdən göründüyü kimi, mallar iddiaçı tərəfindən 2024-cü il # ##### tarixdən (layihədən kənarlaşma tarixi) əvvəl alınmış, iddiaçı tərəfindən məhkəməyə həmin malların iddiaçıya təhvil verilməsinə cəhd edildiyini, iddiaçı tərəfindən malların qəbulundan imtina edildiyini, həmin malların məhz bu müqavilə üzrə alındığını, habelə dəyərinin ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.
24. Məhkəmə ilk iddia ərizəsini sonuncu hissədə də əsassız hesab etmişdir. Belə ki, iddiaçı cavabdehdən ödənişlərin gecikdirilməsinə görə illik 5 faizlə 5 aylıq müddət üçün hesablanmış 17.626,05 manat pulun tutulması tələbini irəli sürsə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı icra edilməli olan hər hansı öhdəliyinin olmaması müəyyən edildiyi üçün iddiaçının hazırkı tələbi əsassızdır, məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir.
25. Eyni zamanda, məhkəmə qarşılıqlı iddianı qismən əsaslı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması ilə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 405.965 manat (255.000 manat + 150.965 manat) vəsait ödənildiyi müəyyən edilmiş, qarşılıqlı iddiaçı təqdim etdiyi forma 2 sənədində iddiaçı tərəfindən ümumilikdə 119.439,71 ABŞ dolları həcmində işlərin görüldüyünü qəbul etmiş, cavabdehin nümayəndəsi A.Haqnəzərova, habelə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid Şahid məhkəmə iclaslarındakı izahatlarında həmin sənəddə göstərilməsə də, iddiaçı tərəfindən əlavə olaraq cavabdehə 120 kv.m aqlay təhvil verildiyini təsdiq etmişlər.
26. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya ödənilmiş 405.965 manat pulun müqabilində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik xərci daxil olmaqla dəyərinin ümumilikdə 131.721,71 dollar, yəni 223.927,40 manat (119.439,71 ABŞ dolları + 12.282 ABŞ dolları (120 kv.m aqlay * 102,35 ABŞ dolları)) olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
27. Məhkəmə qeyd etmişdir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməli, 182.037,60 manat məbləğində avans (405.965 manat – 223.927,40 manat) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1, 422.1, 424.3, 491, 752.1, 753.1, 756.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3, 241.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
29. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ilk iddianın təmin olunmamış hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh də apellyasiya şikayəti və şikayətə əlavə verərək, həmin qətnamənin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edərək qarşılıqlı iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
32. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış, əlavə olaraq iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə smetası üzrə görülmüş işlərin həcminə dair Forma 2 sənədinə əsasən iddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumi həcmi 119.439,71 ABŞ dolları (hazırlıqlar – 40072,93 ABŞ dolları, döşəmə işi – 24561,76 ABŞ dolları, istinad və sərhəd divarı – 32.919,70 ABŞ dolları, əlavə işlərin həcmi – 21.885,32 ABŞ dolları) təşkil edir.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il ## ####### tarixli, */**** nömrəli ekspert rəyinə görə cavabdeh ilə iddiaçı arasında bağlanmış **/** nömrəli, 2023-cü il ## ####### tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı ##.##.2023-255.000 AZN” əlyazmalarının qarşısındakı imza iddiaçı tərəfindən icra olunmuşdur. Cavabdeh ilə iddiaçı arasında bağlanmış **/** nömrəli, 2023cü il ## ####### tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı ##.##.2023-255.000 AZN” əlyazmaları – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinə görə tədqiqata təqdim edilmiş e-*-*(***)- ****/**** saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8-ci vər.) “ƏDV daxil deyil” yazısının yanındakı imzanın rəngləyiciləri “aldım: İddiaçı ##.##.2023-255.000 AZN” yazılarının və imzanın rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş e-*-*(***)-****/**** saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8-ci vər.) “ƏDV daxil deyil” yazısının yanındakı imzanın “aldım: İddiaçı ##.##.2023-255.000AZN” yazılarının və imzanın icra vaxtını müəyyən etmək mümkün olmadı.
35. Iddiaçının 255.000 manat ödənilməməsi dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehin nümayəndəsi arasında olan “Watsap” proqramı vasitəsilə göndərilmiş səs yazılarında cavabdeh iddiaçıya ödədiyi 255.000 manatla bağlı iddiaçıdan izah istədikdə, onun nəzərinə 255.000 manat pul ödənildiyi halda əlavə pul tələb etməsinin səbəbi soruşulduqda iddiaçı buna dair hər hansı etirazını, ona həmin vəsaitin ödənilmədiyini bildirməmiş, iddiaçıya həmin pulun xərclənməsi ilə bağlı izahlar vermişdir.
36. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə 2025-ci il ## #### tarixli qərardadına əsasən məhkəmə əmtəəşünaslıq eskpertizası təyin olunmuş, ekspertizanın aparılmasının müstəqil Əmlak Ekspert Mərkəzinə həvalə olunması qərara alınmışıdır.
37. Əmlak Ekspert Mərkəzininin 2025-ci il ## ###### tarixli, ƏEM/A **-***/**** saylı vəsatətinə əsasən, mülki iş materialları ilə tanış olunmuş, iş materiallarında zəruri olan sənədlər götürülmüş, 2025-ci il ## #### tarixdə hər iki tərəfin imzası ilə bağlı yaranmış problemlərlə əlaqədar məhkəmə qarşısında vəsatət qaldırılmış, vəsatətdə tədqiqatın hansı formada aparılmasının mümkünlüyü barədə məhkəmə kollegiyasından istənilmişdir. Məhkəmə kollegiyası bir daha hər iki tərəfin imzası ilə təsdiq olan sənədlərə istinad olunmasının zəruriliyi qeyd edilmişdir. Bütün bunları əsas götürərək iş materiallarında hər iki tərəfin imzası ilə təsdiq olunan sənədlər olmadığından *-*(***)-***/**** saylı iş, rəy verilmədən geri qaytarılmışdır.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin sifarişi əsasında tərəfindən alınmış, cavabdehə təhvil verilməli olan materialların dəyəri olaraq 233.145,225 ABŞ dolları (396.346,34 manat) pulun tutulmasını tələb etsə də, məhkəməyə həmin həcmdə malların (qranit və aqlay) alınmasını, dəyərinin ödənilməsini, anbarda saxlanan malların məhz hazırkı müqavilə (Bilgəh layihəsi) üzrə alınmalı olan mallar olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
39. Həmçinin malların müqavilə üzrə alınmasını cavabdeh tərəfin etiraf etməsi dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd etmişdir. Apellyasiya icraatı zamanı 2025-ci il ## #### tarixli məhkəmə iclası zamanı cavabdehin təsisçisi X3 izahatında və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 405.000 manat pul ödənilib üstündə də 50.000 dollar pul təklif olundu ki, malların verildiyi təqdirdə məsələnin həll olunduğunu, siyahıda qeyd olunan malları onlara təqdim edildiyi təqdirdə qəbul edəcəklərini bildirmişdir. Iddiaçı isə sədrlik edənin suallarına cavab olaraq malların Pərviz adlı şəxsə təhvil verildiyini bildirsə də bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının Adilə xanım tərəfindən layihədən uzaqlaşdırılması dəlilinə münasibətdə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 2025-cü il ## #### tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi (vəkili) təqdim olunan qarnitin lazımi keyfiyyətdə olmaması ilə bağlı iddiaçıya irad bildirdikdən sonra sahədəki işləri yarımçıq qoyub getdiyini bildirmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri, vəkilləri tərəfindən bu halın mövcudluğuna etiraz edilməmişdir.
40. Iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəfin anbarda saxlanan malların qarşılığında 50.000 ABŞ dolları verərək götürmək istədiyini qeyd etmiş, lakin hansı səbəbdən malları cavabdehə təhvil vermədiyini əsaslandırmamışdır.
41. Iddiaçı apellyasiya şikayətinin dəlillərində lahiyədə istifadə etdiyi qranit və mərmərlərin başqa şirkətlərlə bağladığı müqavilə və bəyannamələr əsasında alınıb, ölkəyə gətirildiyini bildirsə də, həmin müqavilə və ya bəyannamələrdə alınan materialların təyinatının məhz cavabdeh ilə bağladığı müqavilə üzrə olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəmədə bildirmişdir ki, bu lahiyə ilə paralel ayrı-ayrı tikintilərdə bir çox işləri icra etmişdir.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, xüsusilə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikaytində qeyd etdiyi hallara dair heç bir sübut təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır.
43. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş tikinti haqqında həftəlik hesabatlara əsasən 25-##.##.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.m, 8-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.metr, 25-##.##.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 38.33 və 51.77 kv.metr, 21-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 96.17 kv.metr, aqlay üzləmə işləri 7.6 kv.metr, section 1-də mayaklar atılmışdır – 55 faiz, 29.01- ##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 174.555 kv.metr, section 2-də mayaklar atılmışdır – 55 faiz, suvaq işləri – 184.48 kv.metr, 12-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, aqlay üzləmə işləri – 20 kv.m, suvaq işləri – 300.252 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 05- ##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri – 293,252 kv.metr, section 1-də D/B işləri görülür. 19-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri – 364.71 kv.metr, aqlay üzləmə işləri – 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 26.02-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 574.52 kv.metr, aqlay üzləmə işləri – 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 04- ##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 200 kv.metr, beton dağıdılması – 24.51 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m-dir. 11- ##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 48.63 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü – 86.54 kv.metrdir. 17-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 48.63 p/m, yeni hörgü (20- 30 sm) 31.2 p/m, hasar hörgü – 86.54 kv.metrdir. Kalon D/B – 37 p/m, kəmər D/B – 72.49 p/m, hasarın sökülməsi – 21.85 p/m-dir. 25-##.##.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 49.83 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü – 134.13 kv.metrdir. Kalon D/B – 37 p/m, kəmər D/B – 72.49 p/m, hasarın sökülməsi – 21.85 p/m, hörgü – 36.88 p/m-dir.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən şikayətin dəlillərində iddiaçının ərazini tərk etdikdən sonra 1 aylıq müddətdə işin dayanması, işçi qüvvəsinin və materialın təmin olunması ilə bağlı fasilənin yaranması, ərazidə iddiaçıdan sonra qalan tullantıların atılması və s. zəruri xərclərin nəzərə alınmamasını qeyd etsə də bununla bağlı hər hansı əlavə sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən yarımçıq görülmüş işlərin başa çatdırılması başqa şirkət tərəfindən həyata keçirilərək sifarişçiyə təhvil verildiyindən birinci instansiya məhkəməsində iddiaçı tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək üçün təyin edilmiş ekspertizanın keçirilməsi tədqiqat obyektində işlər tamamlandığından və ilkin vəziyyət saxlanılmadığından mümkün olmamışdır.
45. Göründüyü kimi tərəflər, məhkəmənin gəldiyi həmin nəticənin doğru olmadığı qənaətinə gəlinməsinə əsas verə biləcək hər hansı mötəbər sübut təqdim etməmişlər.
46. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 445.2.1, 448.1, 467, 752.1-ci və MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 106.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
47. Iddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Cavabdeh də kassasiya şikayəti verərək, həmin qətnamənin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Iddiaçının kassasiya şikayətinin dəlilləri
49. MM-in 756.1, 756.2, 760.2, 769, 770-ci maddələri üzrə - apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi kimi cavabdehin göstərilən hərəkətləri ilə MM-in 756.1, 762, 769 və 770-ci maddələrinin, 2023-cü il ## ####### tarixli **/** saylı müqavilənin 2.2, 3.1.1 və 3.1.3-cü bəndlərini pozmasına düzgün hüquq qiyməti verməmişdir. Məhkəmə qanunsuz olaraq iddiaçının 255.000 manat avansın onun tərəfindən alınmaması barədə dəlilini əsassız hesab edib və nəzərə almamışdır ki, əlavədə avansın alınması barədə qeyd iddiaçı tərəfindən yazılmayıb.
50. MPM-in 88, 217.4, 14.1, 87.2-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi sübutlara düzgün hüquqi qiyməti verməyib, cavabdeh tərəfin məhkəmə araşdırılması zamanı qanuna əsaslanmayan mövqeyini nəzərə almayıb. Məhkəmə öz qətnaməsinin 17-ci maddəsində heç bir sübuta əsaslanmadan göstərib ki, guya iddiaçı iddia ərizəsində ilkin olaraq tərəfindən görülmüş işlərin və təhvil verilmiş materialların dəyərinin 461.495 ABŞ dolları (784.541,50 manat) olmasını göstərmiş, məhkəmənin təklifi ilə verdiyi 2024-cü il ## ### tarixli açıqlamada görülmüş işlərin dəyərinin 168.011 ABŞ dolları, verilmiş qranitin dəyərinin 51.897 ABŞ dolları, aqlayın dəyərinin 41.505 ABŞ dolları (ümumilikdə 261.410 ABŞ dolları) olmasını bildirmiş, 2024-cü il # ######## tarixdə verdiyi tələbin həcminin artırılması barədə ərizədə isə cavabdehə 53.223,56 ABŞ dolları dəyərinə qranit, 6.394,04 ABŞ dolları dəyərində tamet, dəyəri 20.541,205 ABŞ dolları və 16362 ABŞ dolları olmaqla 2 cür aqlay mallarının verildiyini, görülmüş işlərin həcminin 168.011 ABŞ dolları (ümumilikdə cəmi 264.532,201 ABŞ dolları) təşkil etdiyini göstərməklə təzadlı izahatlar vermişdir. Halbuki, iddiaçının iddia tələbini artırması MPM-in 53-cü maddəsində təsbit olunmuş hüququdur. Iddiaçının öz tələbini artırmaqda, azaltmaqda, iddianın əsasını və predmetini dəyişməkdə haqlıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb, sübutları ekspertiza təyin etməklə təmin etməyib, öz gəldiyi nəticəni mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıb. Hazırkı işdə istifadə olunmuş, satın alınmış malların, materialların, görülmüş və görülməmiş qalan işlərin dəyəri, digər məsrəflər, zərərlər təkcə ekspertiza mülahizələrlə, izahat və ifadələrlə deyil, kompleks tikinti-texnik və əmtəəşünaslıq ekspertizasının rəyləri ilə dəqiqləşdirilməli idi. Lalkin qeyd olunan məsələnin aydınlaşdırılması üçün tikinti-texniki və əmtəəşünaslıq eskpertizaları keçirilməyib. Məhkəmə xətşünaslıq ekspertizasının rəyini “**/** saylı 2023-cü il ## ####### tarixli xidmət müqaviləsinə əlavədə “Aldim: İddiaçı ##.##.2023-255.000 Azn” əlyazmaları iddiaçı tərəfindən icra olunmamışdır.” hissədə qanunsuz olaraq əsas götürməyib. Sual yaranır ki, əgər həqiqətən iddiaçı 255.000 manat avansı almışdısa, hansı səbəbdən həmin məbləğdə pulu alması barədə yazını iddiaçının adından özü deyil, başqa şəxs yazıb. Qeyd olunan təkzibedilməz fakt məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq nəzərə alınmayıb.
b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
51. MM-in 763.2-ci maddəsi üzrə - əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Qanunun tələbindən də göründüyü kimi işin yekunlaşması üçün görülən əlavə işlər podratçı tərəfindən ödənilməlidir. Yuxarıda qeyd etdiyi bütün xərclər isə əlavə icra məqsədi daşımışdır.
52. MPM-in 220.4-cü maddəsi üzrə - məhkəmə işin bütün hallarına və ilk iddia tələbinə kifayət qədər müfəssəl münasibət bildirmiş, düzgün əsasladırsa da, qarşılıqlı iddia tələbini qalan hissədə nəyə görə təmin etməməsi barədə ümumiyyətlə fikir bildirməmişdir.
53. MPM-in 106.3-cü maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirərkən müqavilənin mobilizasiya və digər xərcləri ilə bağlı MPM-in 77.1-ci maddəsinə əsaslanaraq sübutlar təqdim etmədiyini və sübutetmə vəzifəsinin onlara aid olmasını bildirmişdir. Lakin iddiaçı ərazini tərk etdikdən sonra konteynerlərin və digər kiçik konstruksiyaları (işçilər üçün) özü ilə aparmışdır. Həmin mobilizasiya xərcləri həmçinin iddiaçı tərəfindən görülmüş işlər barədə məhkəməyə təqdim etdikləri hesabat-məlumatda da qeyd edilmişdir (4 ay müddətinə). Lakin iddiaçı ərazini tərk edərkən həmin konteynerləri də özü ilə aparmışdır. Bunu məhkəmə iclasında şahid kimi dindirilən həm X1, həm də X4 da tərəfindən verilən suallara cavab olaraq təsdiq etmişdirlər. Hər iki şahid elə iddiaçının vəsatəti əsasında məhkəmə iclasında dindirilmişdir. Həmçinin məlumdur ki, iş iddiaçı tərəfindən yarımçıq saxlanıldığı üçün yekunlaşdırılması cavabdehin özü tərəfindən həyata keçirilmişdir. Həmin mobilizasiya xərcləri də tərəfindən işlər yekunlaşana qədər, yəni daha 7 ay tərəfindən qarşılanmışdır. Həmçinin iddiaçı tərəfindən əraziyə gətirilmiş və daha sonra aparılmış konteynerlər ona ödənilmiş avans məbləği ilə alınmışdır. Lakin sonradan onun tərəfindən ərazidən aparıldığı üçün onlar üçün əlavə xərc olmuşdur. MPM-in 106.3-cü maddəsinin tələblərindən də göründüyü kimi qeyd edilən məsələləri qarşı tərəfdən etiraf edilməsi onları sübutetmə vəzifəsindən azad edir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
55. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.”
“Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.”
“Maddə 760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.”
“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”.
“Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
59. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, hər iki iddianın düzgün həlli baxımından birinci müəyyən edilməli olan hal podrat münasibətlərinə kimin – sifarişçinin, yoxsa podratçının təşəbbüsü ilə və hansı səbəblərə görə xitam verilməsinin müəyyən edilməsidir.
60. Çünki qanunverici podrat münasibətlərinə hansı subyekt tərəfindən və hansı səbəblərə görə xitam verilməsinin hüquqi nəticələrini fərqli qaydada tənzimləmiş və tərəflərin hüquq və vəzifələrini bilavasitə həmin hallardan asılı etmişdir.
61. MM-in 759-cu maddəsi sifarişçinin təşəbbüsü ilə, 760-cı maddəsi isə podratçı tərəfindən podrat münasibətlərinə xitam verilməsi ilə bağlı məsələləri tənzimləyir.
62. Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur. Birinci əsas hər hansı hallarla şərtləndirilməyib və sifarişçi istənilən vaxt müqavilədən imtina etməklə podrat münasibətlərinə xitam verə bilər. Yəni sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin zərərə həm real zərər (müqavilənin icrası ilə bağlı çəkdiyi xərclər), həm də əldən çıxmış fayda (müqavilə tam icra olunduğu təqdirdə əldə edə biləcəyi gəlir) aiddir.
63. Sifarişçi tərəfindən podrat münasibətlərinə vaxtında əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə isə MM-in 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Eyni zamanda, sifarişçi belə hallara istinad etdikdə həmin halların sübutetmə vəzifəsi onun üzərinə düşür. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Sifarişçinin yerinə yetirilmiş işlərə marağı olmadığı hallarda isə o, onların dəyərini ödəməkdən imtina etmək hüququna malikdir.
64. Podratçının təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin də iki əsası nəzərdə tutulmuşdur. Birinci əsası müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilməsi təşkil edir. Lakin MM-in 760.1-ci maddəsində bununla bağlı podratçının öhdəliyi də nəzərdə tutulmuşdur. Belə ki, o, işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Ona görə də, yalnız podratçı üzərinə düşən həmin öhdəliyi icra etdiyi halda müqavilədən imtina edə və yerinə yetirilmiş işin haqqının ödənilməsi tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Sifarişçinin belə işlərə marağı olmadığı hallarda isə onların dəyərini ödəməkdən imtina edə bilər.
65. Eyni zamanda, podratçı üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə və nəticədə sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilmək imkanından məhrum olduqda, o, podratçıdan müqavilə üzrə öhdəliklərinin icrasını tələb edə bilər. Podratçı öhdəliklərini icra etmədiyi hallarda isə sifarişçi MM-in 759.2-ci maddəsinə əsasən podrat münasibətlərinə vaxtından əvvəl xitam vermək hüququna malikdir.
66. Podratçı tərəfindən podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Sifarişçinin belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə MM-in 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Eyni zamanda, podratçı belə hallara istinad etdikdə həmin halların sübutetmə vəzifəsi onun üzərinə düşür. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yerinə yetirilmiş işin haqqını və müqavilə münasibətlərinə xitam verilməsi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin zərərə həm real zərər (müqavilənin icrası ilə bağlı çəkdiyi xərclər), həm də əldən çıxmış fayda (müqavilə tam icra olunduğu təqdirdə əldə edə biləcəyi gəlir) aiddir.
67. Göründüyü kimi podrat münasibətlərinə kimin təşəbbüsü ilə və hansı səbəblərə görə xitam verilməsinin müəyyənləşdirilməsi işin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Hər iki iddiada da məhz əks tərəfin öz öhdəliklərinin pozulmasına istinad edilmişdir. Hazırki iş üzrə aşağı instansiya məhkəmələri isə müqavilənin icrasının faktiki olaraq hansı tərəfin iradəsi ilə dayandırıldığını, podratçının iş sahəsindən uzaqlaşdırılıbuzaqlaşdırılmadığını,
68. yaxud podratçının işi öz təşəbbüsü ilə yarımçıq qoyub-qoymadığını müəyyən etmədən birbaşa hesablaşma aparmış, yalnız ödənilmiş avans məbləği ilə görülmüş işlərin ehtimal olunan dəyərini müqayisə etməklə nəticəyə gəlmişlər. Halbuki belə yanaşma MM-in 759 və 760-cı maddələrinin tətbiqi mexanizminə uyğun deyildir.
69. Bundan başqa kollegiya qeyd edir ki, podrat işlərinin həcmi və dəyəri barədə ekspert rəyinin alınmasının mümkün olmaması MPM-in 14.1 və 88-ci maddələri ilə məhkəmənin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən azad etmir və məhkəmə işin hallarını mövcud digər sübutlarla, yəni tərəflər arasında işgüzar münasibətlərdə istifadə olunan “WhatsApp” vasitəsilə aparılmış yazışmaları, habelə həftəlik hesabatları, şahid ifadələri, MPM-in 106.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla tərəflərin izahatlarını qiymətləndirməklə, podrat münasibətlərinə sifarişçinin, yoxsa podratçının təşəbbüsü ilə xitam verilməsini və bunun səbəblərini, həmçinin görülmüş işlərin həcmi, tərəflərin çəkdiyi xərclər və aparılmış ödənişləri müəyyən etməli idi. Eyni zamanda, işdə olan yazılı sənədlər əsasında ekspertizanın keçirilməsi, habelə iddiaçının istinad etdiyi (anbarda saxlanılan) tikinti materiallarına yerində müayinə keçirilməsinin mümkünlüyü məsələləri də tərəflərlə müzakirə edilməli idi. Yalnız bu prosessual hərəkətlər edildikdən sonra məhkəmənin öz vəzifələrini yerinə yetirməsi qəbul edilə və həmin prosessual hərəkətlərin nəticəsində müəyyən edilmiş hallar üzrə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə qanuni və əsaslı hesab edilə bilər.
70. Lakin aşağı instansiya məhkəmələri MPM-in qeyd olunan müddəalarının tələblərinə riayət etməmiş və MM-in istinad olunan müddəalarına uyğun hüquq dəyərləndirmə aparmamışlar.
71. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmin pozuntular isə iş üzrə MPM-in 217.1 və 217.3-cü maddələrinə uyğun olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
72. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.