Məhkəmə qərarları › İş №2-2(102)-205/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-205/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Pod
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-205/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin “xxxx” QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, vurulmuş zərərin əvəzinin ödənilməsi və ödənilmiş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili, cavabdehin nümayəndəsi, vəkilinin iştirakları ilə, iddiaçı MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbi, “xxxx” QSC-nin "İddiaçı” MMC-yə qarşı «vurulmuş zərərin əvəzin in ödənilməsi və ödənilmiş pulun qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə cavabdeh “xxxx” QSC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 03 dekabr tarixli, 22(103)-593/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “xxxx” QSC (sifarişçi) (bundan sonra – “cavabdeh”) və "İddiaçı” MMC (icraçı) (bundan sonra – “iddiaçı”) arasında bağlanmış 01 may 2018-ci il tarixli, 144 saylı müqavilənin şərtlərinə əsasən iddiaçı tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir oluna XXX yedək gəmisinin əsaslı təmir cədvəlinə uyğun olaraq cavabdehə məxsus gəminin əsaslı təmiri üzrə işləri və xidmətləri bundan sonra yerinə yetirməyi öz öhdəsinə götürür. İddiaçı işləri müq avilə ilə müəyyən edilmiş qaydada cavabdehə təhvil verir. Cavabdeh isə öz növbəsində işləri təhvil alır. İşlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya ödəyir. İşlər tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan əsaslı təmir cədvəlinə əsasən həyata keçirilir. İddiaçı tərəfindən icra edilən işlərin ümumi dəyəri 202.000 (iki yüz iki min) manat təşkil edir. Tərəflər razılaşırlar ki, iddiaçı bu müqavilənin imzalandığı müddətdən sonrakı 3 təqvim günü ərzində, lakin hər bir halda 11 may 2018-ci il tarixindən gec olmayaraq Gəmidə işlərin görülməsinə başlayır və 80 təqvim günü ərzində yekunlaşdırır və gəmini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verir. Gəmidə işlərin 50 faizi hissəsi tamamlandıqdan sonra tərəflər işlərin aralıq qəbul edilməsi haqqında akt imzalayırlar. Gəmidə işlərin yekunlaşdırılması tarixi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın imzalanmasının tarixi hesab edilməlidir. Həmin akta işlərin yekun qiyməti daxil edilməlidir.

2. Müqavilənin 1 nömrəli əlavəsinə əsasən gəminin əsaslı təmir cədvəli üzrə yekun məbləğ, 18 faiz ƏDV nəzərə alınmaqla, 202.000 manat təşkil edir.

3. İddiaçı öhdəsinə götürdüyü işlərin görülməsi məqsədilə 18 may 2018-ci il tarixli “xxxx” MMC ilə müqavilə bağlamış və sonuncu (icraçı) həmin müqavilə əsasında özünə məxsus XXX üzən tərsanədən istifadə edərək sifarişçiyə məxsus XXX yedək gəmisinin “Tərsanə təmir işlərinin cədvəli” əsasında təmiri işlərini yerinə yetirməsini öhdəsinə götürmüşdür (“Tərsanə təmir işlərinin cədvəli”ndə gəminin tərsanə təmirinin həcmi və dəyərinin əsasən razılaşdırılma yolu ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur). 4. 31 may 2018-ci il tarixli XXX gəmisinin üzən tərsanə təmirinə qəbul aktına əsasən gəmi 31 may 2018-ci il tarixindən XXX üzən tərsanəyə təmir üçün qəbul edilmiş, 10 iyul 2018-ci il tarixdə həmin gəminin tərsanədən düşmə aktına görə isə gəminin XXX üzən tərsanədə təmir işləri başa çatmış və həmin tarixdə tərsanədən düşürülmüşdür. 5. 22 iyun 2018-ci il tarixli XXX yedək gəmisində qüsur aktına əsasən razılaşdırılan qiymət haqqında razılıq protokoluna əsasən tərəflər arasında gəmidə aşkar olunan qüsurlar və əlavə görüləcək işlərlə bağlı ƏDV daxil, cəmi, 83.145,2 manat dəyərində işlərin görülməsi razılaşdırılmış, protokolun qeydinə görə, tərəflər razılığa g əlmişlər ki, bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas sayılır. 6. 10 iyul 2018-ci il tarixdə hər iki tərəfin rəhbərlik səviyyəsində imzalayıb, müəssisələrin dairəvi möhürləri ilə təsdiq olunmuş təmir işlərinin aralıq aktına görə, sifarişçi icraçı tərəfindən 157.635,17 manat məbləğində təmir işləri görüldüyünü qəbul etmiş və razılığa gəlmişlər ki, həmin akt tərəflər arasında qarşılıqlı hesablaşmalar üçün əsasdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 79.380,33 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 may 2018-c i il tarixdə bağlanmış 144 nömrəli XXX yedək gəmisinin əsaslı təmiri ilə bağlı müqavilə müqavilə şərtlərinə uyğun olaraq “İddiaçı" MMC öhəliyini yerinə yetirərək gəmini təmir etsə də, cavabdeh görülmüş işlərin dəyərini lazımınca ödəməmişdir. Belə ki, gəmidə aparılan təmir işləri zamanı müqavilə və həmin müqaviləyə 1 saylı Əlavədə qeyd edilməyən əlavə qüsurlar aşkarlanaraq zəruri əlavə işlərin görülməsi tələbi qoyulmuşdur. Qüsur aktına əsasən cavabdehin nümayəndələri tərəfindən tərtib edilərək imzalanaraq möhürlə təsdiq edilmiş və 22 iyun 2018-ci il tarixli “Razılıq protokoluna əsasən cəmi dəyəri 83.145,20 manat olan görüləcək əlavə işlərin siyahısı müəyyən edilmişdir. Müqaviləyə edilən 1 saylı Əlavəyə uyğun olaraq qüsur aktına əsasən gəmidə əlavə işlər görülmüş 15.07.2018-ci il tarixli 03/ ul-07 nömrəli aralıq akt əsasında avadanlıqların təmiri işləri yerinə yetirlmiş və gəmi şəxsi heyətə və Azərbaycan Dəniz Gəmiçiliyi Registri müfəttişliyinə təhvil verilmişdir.

9. Aralıq aktını cavabdehin nümayəndələri: qrup mexaniki X1, gəmi kapitanı X2, baş mexanik X3 imzalamış, akta xxx yedək gəmisinin möhürü vurulmuş, akt cavabdehin nümayəndəsi X4 tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiqlənmişdir. İddiaçı tərəfindən görülən işlərin dəyəri cəmi, 240.780,37 (157.635,17+83.145,20) manat təşkil etmişdir. Müqavilənin 5.6-cı bəndi nəzərdə tutur ki, tərəflər müqavilədə nəzərdə tutulmayan əlavə işlərin və xidmətlərin yerinə yetirilməsinə zərurət yarandığı təqdirdə, həmin əlavə işlərə və xidmətlərə görə əlavə ödənişin məbləği, ayrıca tərtib olunan qiymət razılaşması üzrə tərəflərin birgə yazılı razılığı ilə müəyyən edilə bilər, bir şərtlə ki, əlavə ödənişin ümumi məbləği müqavilə qiymətinin 15 faizindən çox olmasın. İddiaçının gördüyü işlərin müqavilə dəyərindən 15 faizdən artıq ola bilməməsi həmin müqavilə ilə nəzərdə tutulduğu üçün müqavilə dəyəri olan 202.000 manatın 15 faizi 30.300 manat təşkil edir, yəni, müqavilə üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi 232.300,00 manatdan artıq ola bilməz. İddiaçı cavabdehin tapşırdığı işləri yerinə yetirməklə bu həddi ötmüşdür. Onun gördüyü işlərin cavabdeh tərəfindən qəbul edildiyi nəzərə alınaraq, qalan məbləğ yəni, 8.780,37 (240.780,37-232.000) manat cavabdehin iddiaçının gördüyü işlərə görə müqavilədən kənar öhdəliyin icrası olaraq cavabdeh tərəfindən ödənilməlidir. İddiaçının bank hesabına cavabdeh tərəfindən - 23.05. 2018-ci il tarixində 34.237,29 manat; 31.05.2018-ci il tarixində 17.118,64 manat, 17 iyul 2018-ci il tarixində 68.474,57 manat, 02 avqust 2018-ci il tarixində 16.949,15 manat ödəniş olunmuş, beləliklə də cəmi 136.779,65 manat, ƏDV də nəzərə alınmaqla, ümumilikdə 161.400,04 manat iddiaçıya pul ödənilmiş, lakin ƏDV daxil cəmi 79.380,33 manat ödənilməmiş qalmışdır. 10. “xxxx” QSC 10 mart 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə "İddiaçı” MMC-yə qarşı məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi, "İddiaçı” MMC-dən 17.498,30 manat məbləğində əlavə xərclər, habelə qüsurlu və keyfiyyətsiz işlərə görə ödənilmiş 161.400,00 manat məbləğində vəsaitin, cəmi 178.898,30 manatın tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə podratçı öhdəliklərini bitirməməklə yanaşı gördüyü işlər və göstərdiyi xidmətləri keyfiyyətsiz icra etmişdir. Belə ki, işlərin və xidmətlərin keyfiyyətsiz icrası nəticəsində Bakı Limanı tərəfindən öz maddi imkanları və işçi qüvvəsi hesabına XXX gəmisində yenidən təmir işləri həyata keçirilmişdir ki, bu hallar da əlavə maliyyə itkisinə səbəb olmuşdur. Podratçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş işləri və xidmətləri müqavilənin 6.2-ci bəndinin tələbini pozaraq (80 günlük müddətində (11.05.201829.09.2018)) vaxtında tamamlaya bilməmiş, natamam və keyfiyyətsiz icra yarımçılıqla müşayiət olunmuşdur. Həmin tarixdən aydın olmuşdur ki, podratçı peşəkar və səriştəli işçi hey ətinə malik deyildir. Ona görə də zəruri iş keyfiyyətlərinə malik olmadığı üçün Liman tərəfindən yaranmış situasiyada bundan sonra ondan qüsurların aradan qaldırılmasına dair əlavə icra tələbi qoymamış və müqavilə ilə nəzərdə tutulmuş işləri öz hesabına davam etdirmişdir. İşlər keyfiyyətsiz icra edildiyi və müqavilədə nəzərdə tutulan qaydada tamamlanmadığı üçün müqavilənin 10.1-ci bəndinə uyğun olaraq müvafiq yekun sənədləşmə (təhvil-təslim sınaqlarının bitirilməsi ilə əlaqədar işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın tərtibatı belə aparılmamışdır. Aparılan mütəxəssis təhlili nəticəsində tərəflərin imzaladıqları 10 iyul 2018-ci il və 15 iyul 2018-ci il tarixli aralıq aktlarında qeyd edilmiş işlərin tamamilə qüsurlu olması aşkarlanmış və gəminin fəaliyyətində l əngimələrin qarşısını almaq məqsədi ilə həmin qüsurlar Bakı Limanı tərəfindən öz resursları hesabına aradan qaldırılmışdır. Gəmi təmirinin tamamlanması və müvafiq gəmi registri tərəfindən qəbul edilməsi məqsədi ilə Bakı Limanı qüsurların aradan qaldırılması istiqamətində zəruri işləri öz hesabına görmüşdür. Bunu təsdiq edən yazılı sübutlar kimi Bakı Limanı tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində 17.498,30 manat məbləğində satın alınmış və sərf olunmuş mal-materialların siyahısını əks etdirən arayış və təmir işlərində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında əmrin surəti məhkəməyə təqdim edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 13 avqust tarixli, e-2-2(113)-711/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, cavabdehdən 79.3 80,33 (yetmiş doqquz min üç yüz səksən manat otuz üç) qəpik) məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçının xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 may 2018-ci il tarixli müqavilənin tələbinə görə, sifarişçinin sifarişinə əsasən, icraçı tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan XXX yedək gəmisinin əsaslı təmir cədvəlinə uyğun olaraq sifarişçiyə məxsus XXX yedək gəmisinin əsaslı təmiri üzrə işləri və xidmətləri yerinə yetirməyi öz öhdəsinə götürür. İcraçı işləri müqavilə ilə müəyyən edilmiş qaydada sifarişçiyə təhvil verir. Sifarişçi isə öz növbəsində işləri təhvil alır, müqaviləyə əsasən işlərin dəyəri ni bu müqavilə ilə müəyyən edilmiş qaydada icraçıya ödəyir (bax yuxarıda § 1).

14. İlkin iddia üzrə iddiaçı 144 nömrəli, 01 may 2018-ci il tarixli müqavilə üzrə icraçı tərəfindən bütün öhdəliklərin yerinə yetirildiyi halda, cavabdehin xidmət haqqını tam ödəmədiyini bildirsə də, qarşılıqlı iddia üzrə iddiaçı həmin müqavilə üzrə görülən işin qüsurlu olduğunu, ödənilmiş məbləğin geri qaytarılmasını və həmçinin əlavə çəkilən xərcləri tələb edir.

15. Müqavilənin 2.3-cü bəndinə əsasən, icraçı işlərin icrasına başlamazdan əvvəl tərəflər arasında gəminin təmirə qəbulu aktı imzalanır. 31 may 2018-ci il tarixli XXX gəmisinin üzən tərsanə təmirinə qəbul aktına əsasən XXX gəmisi 31 may 2018-ci il tarixindən XXXüzən tərsanəyə təmir üçün qəbul edilmişdir. Cavabdeh isə müqavilənin 6.2ci bəndinə istinad edərək, gəminin təmir üçün gec təhvil alındığını bildirir. Belə ki, müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, icraçı bu müqavilənin imzalandığı müddətdən sonrakı 3 təqvim günü ərzində, lakin hər bir halda, 11 may 2018-ci il tarixdən gec olmayaraq gəmidə işlərin görülməsinə başlayır və 80 təqvim günü ərzində yekunlaşdırır və gəmini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada sifarişçiyə təhvil verir. X6 tərəfindən işlərin gec başlaması ilə əlaqədar hər hansı yazılı irad bildirilməmiş və bu hal nə qüsur aktları tərtib edilərkən, nə də ödənişlər zamanı mübahisələndirilməmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı məhz "İddiaçı” MMC-nin təqsiri üzündən gəminin təmirə müqavilədə nəzərdə tutulan müddətdən gec təhvil verilməsini sübuta yetirə bilməmişdir.

16. Müqavilənin 6.3-c ü bəndinə əsasən, gəmidə işlərin 50 faiz hissəsi tamamlandıqdan sonra tərəflər işlərin aralıq qəbul edilməsi haqqında akt imzalayırlar. 22 iyun 2018-ci il tarixli “XXX” yedək gəmisində qüsur aktına əsasən razılaşdırılmış qiymət haqqında razılıq protokoluna əsasən, “N.Şirinov” yedək gəmisində qüsur aktına əsasən razılaşdırılmış qiymət ƏDV daxil 83.145,2 manat təşkil etmiş və bu protokolun hər iki tərəfin XXX” yedək gəmisində görülmüş təmir işlərinin 10 iyul 2018-ci il tarixli aralıq aktına əsasən isə təmir işlərinin ümumi məbləği 157.635,17 (yüz əlli yeddi min altı yüz otuz beş manat on yeddi qəpik) manat təşkil etmiş və bu protokolun icraçı və sifarişçi arasında qarşılıqlı hesablaşmalar aparmaq üçün əsas olması razılaşdırılmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərin ə uyğun olaraq icraçı tərəfindən icra edilən işlərin ümumi dəyəri 202.000 (iki yüz iki min) manat təşkil ediləcəyi və müqavilənin 5.6-cı bəndinə əsasən, müqavilədə nəzərdə tutulmayan əlavə işlərin və xidmətlərin yerinə yetirilməsinə zərurət yarandığı təqdirdə, həmin əlavə işlərə və xidmətlərə görə əlavə ödənişin məbləği, ayrıca tərtib olunan qiymət razılaşması üzrə tərəflərin birgə yazılı razılığı ilə müəyyən edilə bilər və əlavə ödənişin ümumi məbləğinin müqavilə qiymətinin 15 faizindən çox olmaması barədə razılığa gəlmişlər. “xxxx” QSC tərəfindən cəmi ödənilməli məbləğ 202.000+(202000/100*15=30300)30300=232.000 manat təşkil etməli idi. Lakin razılıq protokolu və akta əsasən ödənilməli məbləğ isə 240780,37 manat (83145,2+157635,17) olaraq müəyyən edilmişdir. 8780,37 manat müqavilədə nəzər də tutulan məbləğdən artıq olsa da, tərəflər arasında iradə ifadəsinin təzahürü olan akt və protokolla “xxxx” QSC həmin məbləği də ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” QSC tərəfindən "İddiaçı” MMC-yə 23 may 2018-ci il tarixli ödəniş tapşırığı ilə, 34237,29 manat, 31 may 2018-ci il tarixli ödəniş tapşırığı ilə 17118,64 manat, 17 iyul 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 68474,57 manat və 02 avqust 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 16949,15 manat olmaqla, cəmi 136779,65 manat ödəniş edilmişdir.

17. Müqavilənin 6.4-cü bəndinə əsasən, gəmidə işlərin yekunlaşdırılması tarixi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın imzalanmasının tarixi hesab edilməlidir. Həmin akta işlərin yekun qiyməti daxil edi lməlidir. 10 iyul 2018-ci il tarixli XXX gəmisinin üzən tərsanədən düşmə aktına əsasən, XXX gəmisinin XXX üzən tərsanədə təmir işləri başa çatmışdır. Gəmi 10 iyul 2018-ci il tarixində XXX üzən tərsanəsindən düşmüşdür. 01 may 2018-ci il tarixli 144 nömrəli müqaviləyə və 1 nömrəli əlavə qüsur aktına əsasən, “XXX” yedək gəmisində yerinə yetirilmiş təmir işlərinin 03/ul-07 nömrəli 15 iyul 2018-ci il tarixli akta əsasən, “XXX” yedək gəmisində 01 may 2018-ci il tarixli 144 nömrəli müqavilənin 1 nömrəli Əlavə qüsur aktına əsasən icraçı qeyd edilən avadanlqıların təmir işlərini yerinə yetirərək təhvil vermiş, sifarişçi qəbul etmişdir. İddiaçı tərəfindən təmir işləri tam yerinə yetirilib, gəminin şəxsi heyətinə və Azərbaycan Dəniz Gəmiçiliyi Registr müfəttişliyinə təhvil verilmişdir. Gəmilərin tə miri haqqında Əsasnaməyə uyğun olaraq iddiaçı yerinə yetirilmiş işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır. Yerinə yetirilmiş təmir işləri tələb olunan texniki şərtlərə cavab verir və sifarişçinin nümayəndələrinin görülən işlərə iradı yoxdur. 17 iyul 2018-ci il tarixli və 02 avqust 2018-ci il tarixli ödəniş tapşırıqlarından da görünür ki, aktdan sonra da Dəniz Limanı tərəfindən ödəniş edilmişdir.

18. Məhkəmə qarşılıqlı iddia tələbinin qüsurlu və keyfiyyətsiz işlərə (xidmətlərə) görə ödənilmiş 161.400 manat məbləğində vəsaitin geri qaytarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia tələbinə qiymət verilərkən, həmin məbləğin ödənilməsini müqavilə öhdəliyinin qismən icrası kimi qəbul etdiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin cavabdeh işlərin keyfiyyətsiz liyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1 390.1, 442, 448.1, 448.2, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İlkin iddia üzrə cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddiaçının ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 03 dekabr tarixli, 2-2(103)-593/2020 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) ilkin iddia üzrə cavabdehin apelyasiya şikayəti təmin edilmə miş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 13 avqust tarixli, e-2-2(113)711/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında 01 may 2018-ci il tarixdə müqavilə bağlandıqdan sonra, müqavilə şərtlərinə uyğun olaraq gəmidə iddiaçı tərəfindən gəminin təmiri istiqamətdə işlər görülmüş, o cümlədən, gəmi təmir olunması üçün 31 may 2018-ci il tarixində tərsanəyə qaldlırılmış, 10 iyul 2018-ci il tarixdə təmir işləri tamamlanaraq tərsanədən suya endirilmiş və sifarişçi bu barədə tərtib olunmuş aktı imzalayıb təsdiq etməklə, podratçının tərəfindən gəmidə 157.635,17 manat dəyərində işlərin görüldüyünü və bu göstəricinin qarşılıq hesablaşma üçün əsas olduğunu qəbul etmişdir.

23. Bununla yanaşı, tərəflər arasında im zanmış 15 iyul 2018-ci il tarixdə tərtib edilmiş gəmidə yerinə yetirilmiş təmir işlərinə dair 03/ul-07 nömrəli akta əsasən müəyyən olunmuşdur ki, bağlanmış müqaviləyə 1 nömrəli Əlavəyə uyğun olaraq qüsur aktları (06, 22, 10 və 12 iyul 2018-ci il tarixlərdə qüsur aktları) əsasında podratçı tərəfindən avadanlqıların təmir işləri yerinə yetirilərək sifarişçiyə təhvil verilmiş, sonuncu tərəfindən isə həmin işlər qəbul edilmişdir. Həmin aktla təmir işləri tam görülərək həm gəminin şəxsi heyyətinə, həm də Azərbaycan Dəniz Gəmiçiliyi Registr müfəttişliyinə təhvil verilmişdir. Akta görə, yerinə yetirilmiş təmir işləri tələb olunan texniki şərtlərə cavab verir və sifarişçinin nümayəndələrinin görülən işlərə iradı yoxdur.

24. Beləliklə, aşkar olunan qüsurlar aradan qaldırılmaqla və tərəflərin qeyd olunan razılaşdırılmış protokolda nəzərdə tutduğu əlavə işlər də olmaqla, podratçı tərəfindən ümumilikdə 240.780,37 (157.000+83145,20) manat dəyərində işlər görülərək, müqavilənin 6.2-ci bəndində nəzərdə tutulduğu kimi 80 təqvim günü ərzində təmir işləri yekunlaşdırmış və gəmi həm sifarişçiyə, həm də “Gəmilərin təmiri haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan Dəniz Gəmiçiliyi Registr Müfəttişliyinə təhvil verilmişdir.

25. Sifarişçi tərəfindən, görülmüş 240.780,37 dəyərində təmir işləri müqabilində podratçıya, cəmi, ƏDV daxil, 161.400,0 manat məbləğində ödəniş olunmuş, 79.380,33 (240.780,37-161.400,04) manat məbləğində pul isə ödənilməmişdir.

26. Sifarişçi qarşılıqlı iddia ərizəsində işlərin vaxtında görülmədiyini, keyfiyyətsiz və qüsurlu görüldüyünü qeyd etsə də, gəmini təhvil alaraq i stismara qəbul etmiş və podratçıya ödəməli olduğu borcunun 80 faizindən çoxunu ödəmişdir.

27. Tərəflər müqavilənin 9.4-cü bəndinə müvafiq olaraq yekun təhvil-təslim aktı imzamasa da, faktiki olaraq işi yekunlaşmış hesab etmişlər və sifarişçi ödənişlə bağlı üzərinə düşən öhdəliyinin əksər hissəsini belə icra etmişdir.

28. Sifarişçi tərəfindən gəmidə aparılan təmir işləri qəbul edilmiş hesab olunmalıdır. Belə olan halda isə o, üzərinə götürdüyü müqavilə öhdəliyini lazımınca yerinə yetirməyə, o cümlədən qalıq borcunu podratçıya ödəməyə borcludur.

29. Qarşılıqlı iddiaçı apelyasiya şikayətində tərəfindən təqdim edilən sübutların (2018ci il 1 mart tarixli bəyannaməsi; XXX yedək gəmisinin əsaslı təmirə təhvil verilməsi və qəbulu haqqında 2018-ci il 18 may tarixli akt; XXX gəmisinin əsaslı təmiri zamanı görülən işlərin keyfiyyəti haqında 2018-ci il 15 oktyabr tarixli akt və akta qoşulmuş cədvəllər; Bakı Limanının Baş direktorunun işçilərin mükafatlandırılması haqqında 2018-ci il 18 oktyabr tarixli əmri; XXX gəmisində təmirdən sonra yaranmış nasazlıqlar barədə 2019-cu il 1 fevral tarixli akt və akta qoşulmuş cədvəl; 2019-cu il 16 oktyabr tarixli sifarişli poçt qəbzi; 2020-ci il 27 yanvar tarixli sifarişli poçt qəbzi; XXX gəmisində aparılan əlavə təmir işləri ilə bağlı 2020-ci il 5 mart tarixli arayış; X4 Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 2020-ci il 8 iyun tarixli arayış.) araşdırılmadığını bildirsə də, tərəflər arasında müqavilə 01.05.2018-ci il tarixdə bağlandığı və 10 və 15 iyul 2018-ci il tarixlərdə işlərin görülməsinə dair aktlar imzalandığı halda, 01.03.2018-ci il tarixli bir bəyannaməyə istinad olunması başa düşülən deyildir.

30. Gəminin əsaslı təmirə təhvil verilməsi və qəbulu haqqında istinad olunan 2018-ci il 18 may tarixli akta gəldikdə, birtərəfli qaydada imzalanmış həmin akt - tərəflər arasında, gəmidəki qüsurla bağlı yerinə yetirilmiş təmir işlərinə dair 15 iyul 2018-ci il tarixdə müəssisə rəhbərləri səviyyəsində hər iki tərəf imzalanıb müəssisələrin dairəvi möhürü ilə təsdiq olunmuş akt mövcud olduğu halda, mötəbər sübut kimi qəbul edilə bilməz. 31. 15 iyul 2018-ci il tarixdə imzalanıb təsdiq olunmuş aktı həm də sifarişçi tərəfindən X1 (qrup mexanik) X2 (gəmi kapitanı) X3 (baş mexanik) də imzalamışlar. Bu baxımdan, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadəsində bildirdikləri sübutedici məlumatlar kimi qəbul oluna bilməz. Digər qarşılıqlı iddiaçının digər şahidlərinin də ifadələri inamyaradıcı məlumatları əks etdirmədiyinə görə, habelə, müqavilə şərtləri ilə görülmüş işin qəbulunun ikitərəfli aktlarla qəbul olunmasını nəzərdə tutduğu halda, sübut əhəmiyyətinə malik məlumatlar kimi qiymətləndirilməsi istisna olunur.

32. Eyni zamanda, apelyasiya şikayətində istinad olunan - 2019-2020-ci illərdə tərtib olunmuş dair əmr, arayış və sair sənədlərin də, birtərəfli qaydada tərtib olunduqlarına görə sübut əhəmiyyətli sənədlər kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

33. Həmçinin sifarişçinin, onun tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində öz hesabına gəminin təmiri üçün 17.498,30 manat məbləğində çəkdiyi əlavə xərclərin ödənilməsi tələbi də əsassızdır.

34. Çünki, Mülki Mə cəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa sifarişçi qüsuru aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

35. Sifarişçi (konkret halda qarşılıqlı iddiaçı) tərəfindən isə qanunun qeyd olunan tələblərinə riayət olunduğu müəyyən edilmir.

36. Belə ki, 10 iyul 2018-ci il tarixdə gəmi tərsanədən düşürüldükdən sonra, podratçı qüsurları aradan qaldırmış, 15 iyul tarixdə həmin işləri sifarişçi olaraq qəbul etmişdir. Bundan sonra qüsurlarla bağlı və sifarişçi tərəfindən qüsurların aradan qaldırılması ilə bağlı podratçıya üçün hər hansı müddət təyin edilməmiş, qüsuru özü tərəfindən qaldırılacağı barədə xəbərdarlığı mövcud olmamışdır. Bu b axımdan, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin olunması üçün əsaslar müəyyən olunmur.

37. Qarşılıqlı iddianın ödənilmiş 161.400,00 manat hissəsinin qaytarılması tələbi hissəsinə gəldikdə isə, görülən işləri qəbul edib bununla da görülmüş işlərə görə borcunu etiraf edib, həmin pulu ödədiyi halda, qarşılıqlı iddiaçının qeyd olunan tələbi əsassızdır.

38. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Konkret halda isə sifarişçi olaraq qarşılıqlı iddiaçı tərəfindən qanunla müəyyən edilən bir illik kəsici müddəti ötürülmüşdür. Yəni, 10 və 15 iyul 2018-ci il tarixlərdə imzalayıb müəssisənin möhürü ilə təsdiq etdiyi aktlar əsasında gəmidə görülmüş işləri qəbul etdiyi halda, həmin işlərin qüs uru barədə tələbini podratçıya qarşı məhkəmədə 2020-ci ilin mart ayında irəli sürmüşdür.

39. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 770, 764.1, 776.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

40. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

41. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 770-ci maddələrinə və 01 may 2018-ci il tarixli müqavilənin bir sıra müddəalarına istinad edir. Lakin, Mülki Məcəllənin müvafiq normalarına istinad edərkən, bunu qərəzli formada etmiş, yalnız iddiaçının mənafeyinə uyğun olan müddəaları qeyd etməklə, onun vəzifələrinə aid müddəaları tətb iq etməmişdir.

42. Podratçının işi vaxtında və qüsursuz icra etmək və qüsurların aradan qaldırılması üzrə öhdəliklərini, qüsur nəticəsində muzdun azaldılması və bununla bağlı bir sıra əlaqəli normaları əks etdirən maddələrin (MM-nin 762-766-cı maddələri və 768-ci maddəsi) tələblərinə, habelə müqavilənin müvafiq bəndlərinə də istinad olunmur. Məsələn, Müqavilənin 3.2.12-ci yarımbəndinə əsasən işlərin görülməsi zamanı yaranan və aradan qaldırılması mümkün olmayan qüsurlarla bağlı məsələləri icraçı öz hesabına sifarişçini qane edəcək şəkildə həll etməli, 3.2.14-cü yarımbəndinə əsasən işlərdə aşkar edilmiş istənilən qüsurlar icraçı tərəfindən öz hesabına aradan qaldırılmalıdır, 4.1.2-ci yarımbəndinə əsasən icraçı işləri tender təklifinə və müqaviləyə uyğun təqdim etmədikdə, sifarişçi işlərin dəyərinin mütənasib olaraq azaldılmasını və ya müqavilə qiymətinin mütənasib hissəsinin geri qaytarılmasını icraçıdan tələb etmək, yaxud ödəməmək hüququ vardır.

43. Məhkəmə qətnaməsinin 6-cı səhifəsində tərəflər arasında 10 iyul və 15 iyul 2018ci il tarixdə imzalanmış aktlara istinad edir. Əgər aktlar imzalanıbsa ödəniş edilməlidir. Burada məhkəmə maddi hüquq normalarının tətbiqində ona görə səhvə yol vermişdir ki, aktların imzalanmasından sonra aşkarlanan qüsurlar və digər mənfi hallar (o cümlədən, işlərin yerinə yetirilməməsi, saxtakarlıq və işlərin şişirdilməsi) nəticəsində ödənişdən imtina etmək hüququnu verən normaları tətbiq etməyib. Həmin normalara Mülki Məcəllənin 762766-cı maddələrini və 768-ci maddəsini aid etmək olar.

44. Bundan başqa, bu şikayətin 1.3-cü bəndində qeyd olunan m üqavilə şərtlərinin Məhkəmə tərəfindən nəzərə alınmaması nəticəsində tərəflərin azad surətdə müqavilələr bağlaması və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi kimi müddəaları ehtiva edən Mülki Məcəllənin 390-cı maddəsi ilə müəyyən edilən müqavilə azadlığı prinsipinə əhəmiyyət verilməyib.

45. Məhkəmələr tərəfindən müqavilə şərtlərinə diqqət yetirmək və tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini müəyyən etmək zərurətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında vurğulamışdır. Məsələn, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 11 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtlən çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir”.

46. Beləliklə, məhkəmə qərəzli şəkildə müqavilədən irəli gələn münasibətlərə şamil olunmalı olan qanunun və müvafiq müqavilənin müddəalarını tətbiq etməməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı iddia çı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

48. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

49. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

53. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiy ası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmal ıdır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. "Maddə

752. Podrat müq aviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır”. “Maddə

764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilə r”. "Maddə

776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 03 dekabr tarixli, 2-2(103)-593/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 56. “xxxx” QSC-nin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 01 may 2018-ci il tarixli, 144 nömrəli müqavilə üzrə iddiaçı “İddiaçı" MMC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, 22 iyun 2018-ci il tarixli XXX yedək gəmisində qüsur aktına əsasən razılaşdırılan qiymət haqqında razılıq protokoluna əsasən tərəflər arasında gəmidə aşkar olunan qüsurlar və əlavə görüləcək işlərlə bağlı ƏDV daxil, cəmi, 83.145,2 manat dəyərində işlərin görülməsi razılaşdırılmış və 15 iyul 2018-ci il tarixli akta əsasən, icraçı XXX yedək gəmisində 01 may 2018-ci il tarixli müqavilənin 1 nömrəli Əlavə qüsur aktına əsasən qeyd edilən avadanlıqların təmir işlərini yerinə yetirərək təhvil vermiş və təmir işlərini qəbul etmiş sifarişçi “xxxx” QSC tərəfindən görülən işlərə dair hər hansı irad bildirilməmiş, “Müqavilə üzrə ödənilməli məbləğ 240.780,37 manat (ƏDV daxil) olaraq razılaşd ırılsa da, “xxxx” QSC yalnız 136.779,65 manat, ƏDV daxil isə 161.400,04 manat ödəniş etmiş, ödənilməsi razılaşdırılmış 79.380,33 manat isə "İddiaçı” MMC-yə ödənilməmişdir. 57. “xxxx” QSC qüsurlu və keyfiyyətsiz işlərə (xidmətlərə) görə ödənilmiş 161.400 manat məbləğində vəsaitin geri qaytarılmasını qeyd etsə də, məhkəmələr haqlı olaraq həmin məbləğin ödənilməsini müqavilə öhdəliyinin qismən icrası kimi qəbul etmiş, həmçinin cavabdeh işlərin keyfiyyətsizliyi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin müvafiq aktların imzalanmasından sonra aşkarlanan qüsurlar və digər mənfi hallar (o cümlədən, işlərin yerinə yetirilməməsi, saxtakarlıq və işlərin şişirdilməsi) nəticəsində ödənişdən imtina etmək hüququnu verən normaları tətbiq etməməsi barədə c avabdehin dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

58. Apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, gəminin əsaslı təmirə təhvil verilməsi və qəbulu haqqında istinad olunan 2018-ci il 18 may tarixli akta gəldikdə, birtərəfli qaydada imzalanmış həmin akt - tərəflər arasında, gəmidəki qüsurla bağlı yerinə yetirilmiş təmir işlərinə dair 15 iyul 2018-ci il tarixdə müəssisə rəhbərləri səviyyəsində hər iki tərəf imzalanıb müəssisələrin dairəvi möhürü ilə təsdiq olunmuş akt mövcud olduğu halda, mötəbər sübut kimi qəbul edilə bilməz. 15 iyul 2018-ci il tarixdə imzalanıb təsdiq olunmuş aktı həm də sifarişçi tərəfindən X1 (qrup mexanik) X2 (gəmi kapitanı) X3 (baş mexa nik) də imzaladıqlarından həmin şahidlərin ifadələri sübutedici məlumatlar kimi qəbul oluna bilməz. Eyni zamanda, apelyasiya şikayətində istinad olunan - 2019-2020-ci illərdə tərtib olunmuş dair əmr, arayış və sair sənədlərin də, birtərəfli qaydada tərtib olunduqlarına görə sübut əhəmiyyətli sənədlər kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Həmçinin sifarişçinin, onun tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində öz hesabına gəminin təmiri üçün 17.498,30 manat məbləğində çəkdiyi əlavə xərclərin ödənilməsi tələbi də əsassızdır. Belə ki, 10 iyul 2018-ci il tarixdə gəmi tərsanədən düşürüldükdən sonra, podratçı qüsurları aradan qaldırmış, 15 iyul tarixdə həmin işləri sifarişçi olaraq qəbul etmişdir. Bundan sonra qüsurlarla bağlı və sifarişçi tərəfindən qüsurların aradan qaldı rılması ilə bağlı podratçıya icra üçün hər hansı müddət təyin edilməmiş, qüsurun özü tərəfindən qaldırılacağı barədə onun xəbərdarlığı mövcud olmamışdır.

59. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 03 dekabr tarixli, 22(103)-593/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

61. Bakı Apelyasiya Məhkəməsinin Kommers iya Kollegiyasının 2020-ci il 03 dekabr tarixli, 2-2(103)-593/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar