Məhkəmə qərarları › İş №2-2(102)-27/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-27/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-27/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-657/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanm ış 2020-ci il 1 oktyabr tarixli, 3/20 nömrəli podrat müqaviləsinə əsasən, podratçı tam təfsilatı xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - qiymət razılaşma protokollarına əsasən sifarişçi ilə razılaşdırılmış - ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resursları hesabına görməyi, sifarişçi isə həmin protokola əsasən razılaşdırılmış, işin həcminə uyğun ödənişi etməyi öhdəsinə götürmüşdür.

2. Podrat müqaviləsinin 2021-ci il 13 avqust tarixli 19 nömrəli Əlavəsinə əsasən, malların təhvil yeri İddiaçı MMC-nin istehsalat sahəsi, yəni Abşeron rayonu Güzdək yolu razılaşdırılmışdır. Podrat müqaviləsinin 9.3-cü bəndinə dəyişiklik olunaraq: “Sifarişçi” bu müqaviləyə uyğun olaraq təhvil verilmiş malların tam ödəni şini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəyir. “Sifarişçi” bu müqaviləyə uyğun olaraq işin dəyərinin ödənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimə ödəyir.” bəndi əlavə olunmuşdur. 3. 2021-ci il 13 avqust tarixli, EBBG seriyalı, 344710 nömrəli elektron qaiməyə əsasən 25.488 manat, 2021-ci il 23 avqust tarixli, EBBG seriyalı, 782794 nömrəli elektron qaiməyə əsasən 21.240 manat, 2021-ci il 26 avqust tarixli, EBBH seriyalı, 072473 nömrəli elektron qaiməyə əsasən 1.239 manat, 2021-ci il 30 avqust tarixli, EBBH seriyalı, 234768 nömrəli elektron qaiməyə əsasən 23.002,92 manat məbləğində Cavabdeh MMC-nin borcu yaranmışdır. 4. 2021-ci il 13 avqust tarixli 20 saylı təhvil təslim aktı ilə 1.200 cüt ƏDV daxil 25.488 manat dəyərində, 20 21-ci il 23 avqust tarixli 21 saylı təslim aktı ilə 1.000 cüt ƏDV daxil 21.240 manat dəyərində, 2021-ci il 26 avqust tarixli 23 saylı təslim aktı ilə 50 cüt ƏDV daxil 1.239 manat dəyərində 2021-ci il 30 avqust tarixli 25 saylı təslim aktı ilə 1.083 cüt ƏDV daxil 23.002,92 manat dəyərində, cəmi 3.283 cüt ümumi dəyəri ƏDV daxil 70.969,92 manat məbləğində mal iddiaçıya təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 19 yanvar tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 69.730,91 manat məbləğində əsas borc, 5.006,48 manat dəbbə pulu, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmi ş 400 manat və vəkilə ödənilmiş 1.000 manat olmaqla, ümumilikdə 76.137,39 manat pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli, 3/20 saylı işlərin görülməsi haqqında podrat müqaviləsinə əsasən podratçı tam təfsilatı, xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr qiymət razılaşma protokollarına əsasən, sifarişçi ilə razılaşdırılmış ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resursları hesabına görməyi, sifarişçi isə həmin protokola əsasən, razılaşdırılmış işin həcminə uyğun ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndinə əsasən, podratçı bütöv lükdə və ya hissə-hissə tamamlanma tarixindən 3 təqvim günü əvvəl işlərin yekunlaşması barədə sifarişçiyə məlumat verəcək və tərəflərin səlahiyyətli nümayəndələri müvafiq işləri başa çatdırıldıqdan sonra 3 iş günü müddətində yekun işlərin yoxlamasını aparacaq və yoxlamaların nəticəsi olaraq tərəflərin səlahiyyətli nümayəndələri podratçının öhdəliklərinin tam və ya bəzi qüsurlarla icra olunduğunu müəyyən edən yekun təhvil-təslim aktı tərtib və təsdiq edəcəklər. 2021-ci il 13 avqust tarixli 19 saylı Əlavənin 3-cü bəndinə əsasən, müqavilənin 9.3-cü bəndinə dəyişiklik edilmişdir. Razılığa əsasən, sifarişçi bu müqaviləyə uyğun olaraq təhvil verilmiş malların tam ödənişini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəməlidir. "Sifarişçi" bu müqaviləyə uyğun olaraq işin dəyərinin ö dənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə ödəməlidir. Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən təqdim edilmiş 2021-ci il 13 avqust tarixli, 344710 saylı, 2021-ci il 23 avqust tarixli, 782794 saylı, 2021-ci il 26 avqust tarixli, 072473 saylı, 2021-ci il 30 avqust tarixli, 234768 saylı elektron qaiməfakturalara əsasən, cavabdehin iddiaçıya ümumi dəyəri 70.969,92 manat məbləğində qalıq borcu tam olaraq qeyd edilmişdir. Həmçinin qaimə-faktura sənədləri cavabdeh cəmiyyət tərəfindən imza və möhürlə təsdiq edilmişdir. 2021-ci il 13 avqust tarixli, 20 saylı, 2021-ci il 23 avqust tarixli, 21 saylı, 2021-ci il 26 avqust tarixli, 23 saylı, 2021-ci il 30 avqust tarixli, 25 saylı podrat müqaviləsinə əlavə sayılan "təhvil-təslim" aktları na əsasən, sifarişçi tərəfindən sifariş olunan mallar cavabdehə təhvil verilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər bu günə kimi yerinə yetirilməmişdir. Təqdim edilmiş 2021-ci il 29 noyabr tarixli, 04-21N-li maliyyə arayışına və 3/20 saylı podrat müqaviləsinin 9.3-cü bəndinə əsasən, 2021-ci il 29 noyabr tarixinədək cavabdehin dəbbə pulu 5.006,48 manat təşkil etmişdir. Təqdim edilmiş hesab çıxarışlarından da göründüyü kimi, cavabdehin 69.730,91 manat əsas borc, 5.006,48 manat dəbbə pulu olmaqla ümumilikdə 74.737,40 manat qalıq borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də, öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 2021-ci il 4 dekabr tarixində cavabdehin ünv anına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən daxil olmuş 2021-ci il 27 dekabr tarixli cavab məktubuna əsasən, cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, lakin razılıq əldə edilməsi üçün heç bir ödəniş etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə mediasiya sessiyasının tətbiq edilməsi məqsədilə cavabdehə təklif məktubu göndərilmiş, lakin o, 2021-ci il 18 yanvar tarixində mediasiya şurası tərəfindən təyin edilmiş iclasda da iştirak etməmişdir.

7. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 21.2, 385.1, 425, 442, 448.1, 448.2, 753.1-ci maddələrinə istinad edilmişdir.

8. Cavabdeh 2022-ci il 7 aprel tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı olan 69.730,91 manat məbləğində əsas borcun, 5.006,48 manat dəbbə pulunun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat mediator haqqının və vəkilə ödənilmiş 1.000 manat – ümumilikdə 76.137,39 manat pulun tutulması barədə iddia tələbinin qismən, yəni 31.289 manat məbləğində təmin edilməsini, qalan hissədə isə haqsız və əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir.

9. Etiraz belə əsaslandırılmışdır ki, ödənilməli olan məbləğin 28.441 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığı əsasında avans formasında ödənilmişdir. İddiaçı müqavilə üzrə ayaqqabıları vaxtında, yəni 2021-ci il 18 iyun tarixində təhvil verməmişdir. Buna görə də cavabdeh öz sifarişçilərinə həmin ayaqqabı ları vaxtında təhvil verə bilmədiyi üçün həmin sifarişçilər müqavilə üzrə cavabdehə müqavilənin gecikmə məsuliyyəti ilə bağlı qaydalarını tətbiq etmiş və ödəməli olduğu puldan daha az pul ödəmişdirlər. Həmçinin bəzi ayaqqabılar cavabdehin sifarişçiləri tərəfindən keyfiyyət şərtlərinə uyğun olmadığı, qüsurlu olduğu üçün geri qaytarılmışdır. Bu səbəbdən cavabdehin əldən çıxmış gəliri təxminən 10.000 manat təşkil etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli, e-2-2(113)-1008/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 69.730,91 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulu, ümumilikdə 70.230,91 manat, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul və saitinin əvəzi qismində 376 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).

11. Tərəflər arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli, 3/20 nömrəli podrat müqaviləsinə əsasən, 69.730,91 manat məbləğində malın təhvil verilməsi, işin faktiki halları ilə təsdiqini tapdığından və mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət vermişdir.

12. Məhkəmə cavabdeh tərəfindən sübut kimi qəbul olunmuş 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığı ilə bağlı qeyd etmişdir ki, sənədin ödənişin təyinatı hissəsində “2021-ci il 7 may tarixli, Z1/005 saylı hesab fakturaya əsasən mal – material üçün ödəniş” və “30% avans ödəniş” sözləri qeyd olunmuşdur. Göründüyü kimi 28.441 manat məbləğində pul v əsaiti 2020-ci il 1 oktyabr tarixli, 3/20 nömrəli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilməmişdir. Digər tərəfdən qəbzdə “30% avans ödəniş” sözləri qeyd olunduğuna və məbləğ 28.441 manat olduğuna görə ümumi ödənilməli olan məbləğ 94.803 manat olmalı idi.

13. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin qəbz mübahisə predmeti olan müqavilə üzrə qismən ödəniş aparılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa işin halları və təqdim olunmuş sənədlərlə təsdiq olunmuşdur ki, cavabdehə ümumilikdə 138.616,89 manat məbləğində mal təhvil verilmiş, 10.805,69 manat məbləğində mal geri qaytarılmış və bundan sonra borcun məbləği 127.811,20 manat təşkil etmişdir. Həmin məbləğin isə 58.080,18 manat məbləğində hissəsi ödənilmişdir və qalıq borc 69.731,02 manat təşkil etmişdir.

14. Hazırkı mübahisənin predmetini cavabdehə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etməmişdir. Qeyd olunan xüsusata etirazın əsasını təşkil edən hal kimi qiymət verildiyi təqdirdə belə, qeyd olunan halları təsdiq edən, yəni, iddiaçının müqavilə üzrə ayaqqabıları vaxtında təhvil vermədiyi üçün sifarişçilər ödəməli olduğu puldan daha az pul ödəməsi, bəzi ayaqqabıların qüsurlu olduğu səbəbi ilə geri qaytarılması, əldən çıxmış faydanın hansı səbəbdən 10.000 manat təşkil etməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

15. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 69.730,91 manat əsas borca 5.006,48 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etməmi şdir.

16. Həmçinin məhkəmə hesab etmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 376 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə öz mövqeyini MM-in 462.1, 463.1, 752.1, 753.1, 769-cu, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1, 36.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 121.1, 122.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh 2022-ci il 23 may tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 aprel tarixli, e-2-2(113)-1008/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmi n edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli e-2-2(103)-657/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, podrat müqaviləsinə əsasən razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə iddiaçıya (podratçıya) olan borcunu ödəməlidir.

21. Belə ki, cavabdeh ona əsas borc tələbi 69.730,91 manat məbləğdə mal təhvil verildiyini bildirsə də, əsas borcu 31.289 manat məbləğdə qəbul etmişdir və bunu 2 halla əsaslandırmışdır: 1) ödənilməli məbləğin 28.441 manat hissəsi onun tərəfindən iddiaçıya 2021-ci il 7 may tarixli, 795872/00183 nömrəli ödəniş tapşırığı ilə avans formasında ödənilmişdir; 2) iddiaçı müqavilə üzrə ayaqqabıları vaxtında təhvil vermədiyi üçün o da öz sifarişçilərinə həmin ayaqqabıları vaxtında təhvil verə bilməmiş, bu səbəbdən ona daha az pul ödənilmiş, hətta bəzi ayaqqabılar qüsurlu olduğu səbəbi ilə geri qaytarılmış və cavabdehin itirdiyi əldən çıxmış gəlir təxminən 10.000 manat təşkil etmişdir.

22. Cavabdehin istinad etdiyi 2021-ci i l 7 may tarixli ödəniş tapşırığından görünür ki, həmin sənədin ödənişin təyinatı hissəsində “2021-ci il 7 may tarixli Z1/005 nömrəli hesabfakturaya əsasən mal-material üçün ödəniş” və “30% avans ödəniş” sözləri qeyd olunmuşdur. Göründüyü kimi, 28.441 manat məbləğdə pul vəsaiti 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilməmişdir. Digər tərəfdən, qəbzdə “30% avans ödəniş” sözləri qeyd olunduğuna və məbləğ 28.441 manat olduğuna görə ümumi ödənilməli olan məbləğ 94.803 manat olmalı idi.

23. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin qəbz mübahisə predmeti olan müqavilə üzrə qismən ödəniş aparılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, işin halları və sənədlərlə təsdiq olunmuşdur ki, cavabdehə ümumilikdə 138.616,89 manat məblə ğdə mal təhvil verilmiş, 10.805,69 manat məbləğdə mal geri qaytarılmış və bundan sonra borcun məbləği 127.811,20 manat təşkil etmiş, həmin məbləğin 58.080,18 manat məbləğdə hissəsi ödənilmişdir, qalıq borc isə 69.731,02 manat təşkil etmişdir.

24. Şikayətin digər dəlili 10.000 manat məbləğdə əldən çıxmış fayda qismində zərərin mövcudluğu ilə əsaslandırılsa da, cavabdeh MM-in 443.4-cü maddəsi ilə tələb olunan əldən çıxmış faydanı əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdehə vurulmuş zərərin əvəzinin ödənilməsi hazırkı mübahisənin predmetini təşkil etməmişdir.

25. Həmçinin cavabdehin mühasibatlıq ekspertizasını təyin etməməsinə dair dəlil də əsassızdır. Belə ki, iddia tələbinə daxil olan məbləğlərin toplanması və çıxılması sadə riyazi məsələlərdir və onların hesablanması üçün xüsusi biliyə malik olmaq tələb olunmamışdır. Eyni əsasla, məhkəmə kollegiyası da cavabdehin bu barədə vəsatətinin təmin olunmasını zəruri saymamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 386.1, 399.1, 425.1, 427.3, 442, 443.4, 448.1, 448.2, 752.1, 753.1, 769-cu, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Həmin qətnamə 2022-ci il 21 sentyabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

28. Cavabdeh 2022-ci il 18 noyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin 28.441 manat həddində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 752.1-ci maddəsinin tələbləri pozulmuşdur – məhkəmə işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyi üçün iddiaçının tələb etdiyi 69.730,91 manat məbləğində əsas borcdan 28.441 manat pulun 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçıya avans formasında ödənildiyini nəzərə almamışdır. Həmçinin məhkəmə işi təfsilatlı araşdırmadan qətnamə qəbul etdiyi üçün bu faktları müəyyən edə bilməmiş və həmin 28.441 manat avansı ödədiklərini təsdiq etmək üçün təqdim etdikləri 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığına düzgün qiymət verə bilməmişdir.

30. MM-in 21-ci maddəsinin tələbləri pozulmuşdur – məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazda irəli sürülən 10.000 manat məbləğindəki əldən çıxmış fayda ilə bağlı düzgün qənaətə gələ bilməmişdir. Cavabdehin itirdiyi əldən çıxmış gəlirilə bağlı danışıqlar zamanı iddiaçıdan həmin zərərin də bir qisminin ödənilməsi tələb edilsə də, iddiaçı bunu qəbul etməmiş və iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehin iddia edilən 69.730 manat borcu qəbul etdiyini bildirmişdir. Bu tamamilə yanlış ifadədir və qəbul edilməzdir. Bütün bunlara isə məhkəmə düzgün qiymət verə bilməmiş və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

31. MPM-in 217.1, 386, 418-ci maddəsinin tələbləri pozulmuşdur – Bakı Apel lyasiya Məhkəməsi işi təfsilatlı araşdırmadığı üçün maddi hüquq normalarını pozmuş, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işi ətraflı araşdırmadan qətnamə qəbul etdiyi üçün cavabdehin iddiaçıya 28.441 manat ödəniş etmə faktını müəyyən edə bilmədiyinə görə, həmin 28.441 manat avansın ödənilməsini təsdiq etmək üçün təqdim edilən 2021-ci il 7 may tarixli, 795872/00183 saylı ödəniş tapşırığına düzgün qiymət verməmişdir.

32. MPM-in 47.2-ci maddəsinin tələbləri pozulmuşdur – Məhkəmə qalıq borcun düzgün hesablanması üçün cavabdeh tərəfindən verdiyi vəsatəti təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kass asiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qismən, iddia tələbinin 28.441 manat həddində təmin edilməsi hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPMin 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştira kçıları arasında müqavilə olmalıdır...” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir...” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində y erinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə 7

7. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

39. İş materiallarını hərətərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-657/2022 saylı qətnaməsi qismən, cavabdehdən 28.441 manat pulun tutulması hissəsində qanunsuz olduğu üçün ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

40. İşin məhkəmələr tərəfindən müəyyən e dilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli, 3/20 nömrəli podrat müqaviləsinə əsasən, podratçı tam təfsilatı xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - qiymət razılaşma protokollarına əsasən sifarişçi ilə razılaşdırılmış ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resursları hesabına görməyi, sifarişçi isə həmin protokola əsasən razılaşdırılmış, işin həcminə uyğun ödənişi etməyi öhdəsinə götürmüşdür.

41. İddia tələbini qismən təmin edən məhkəmələr ona istinad etmişdir ki, podrat müqaviləsinə əsasən razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozan cavabdeh iddiaçıya (podratçıya) olan borcunu ödəməlidir, cavabdeh ona əsas borc tələb i 69.730,91 manat məbləğində mal təhvil verildiyini bildirsə də, əsas borcu 31.289 manat məbləğdə qəbul etmişdir, cavabdehin istinad etdiyi 2021-ci il 7 may tarixli ödəniş tapşırığının ödənişin təyinatı hissəsində “2021-ci il 7 may tarixli Z1/005 nömrəli hesab-fakturaya əsasən malmaterial üçün ödəniş” və “30% avans ödəniş” sözləri qeyd olunduğuna görə 28.441 manat məbləğdə pul vəsaiti 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənilməmiş, digər tərəfdən, qəbzdə “30% avans ödəniş” sözləri qeyd olunduğuna və məbləğ 28.441 manat olduğuna görə ümumi ödənilməli olan məbləğ 94.803 manat olmalı idi. Buna görə də həmin qəbz mübahisə predmeti olan müqavilə üzrə qismən ödəniş aparılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, işin halları və sənədlərlə təs diq olunmuşdur ki, cavabdehə ümumilikdə 138.616,89 manat məbləğdə mal təhvil verilmiş, 10.805,69 manat məbləğdə mal geri qaytarılmış və bundan sonra borcun məbləği 127.811,20 manat təşkil etmiş, həmin məbləğin 58.080,18 manat məbləğdə hissəsi ödənilmişdir, qalıq borc isə 69.731,02 manat təşkil etmişdir.

42. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların düzgün qiymətləndirilməməsi və bunun nəticəsi olaraqsa Mülki Məcəllənin öhdəlik və podrat münasibətlərini tənzimləyən normalarının pozulması ilə gəldiyi nəticəni qismən qanunsuz hesab edir.

43. Belə ki, iş materiallarına əsasən tərəflər arasında yalnız bir müqavilə bağlanmış, hazırkı mübahisə də məhz həmin podrat müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi əsasla rı ilə qaldırılmışdır və işdə tərəflərin hər hansı digər öhdəlikllərinə səbəb olacaq digər müqavilə mövcud deyil, tərəflər işə baxılan zaman da bununla əlaqədar hər hansı hala istinad etməmişlər. Beləliklə, tərəflərin qarşılıqlı öhdəlikləri – iddiaçı podratçı olaraq sifariş verilmiş məhsulu tədarük etməli, cavabdeh isə sifarişçi olaraq hazırlanmış məhsulu qəbul edərək, onun müqavilə üzrə razılaşdırılmış dəyərini ödəməli olmuşlar.

44. Tərəflər arasında hər hansı başqa müqavilə olmadığından cavabdehin 2020-ci il 1 oktyabr tarixli podrat müqaviləsi bağlandıqdan sonra apardığı ödənişlər məhz həmin müqavilə üzrə aparılmış ödənişlər kimi dəyərləndirilməlidir. 2021-ci il 7 may tarixli Z1/005 nömrəli ödəniş tapşırığına əsasən iddiaçıya ödənilmiş 28.441 manat məbləğində pul vəsaitinin hazırkı müb ahisəyə aidiyyəti olmadığını qeyd edən məhkəmələrin gəldiyi nəticə isə hər hansı konkret sübuta və iddiaçının məntiqli izahına əsaslanmadığı üçün qanuni sayıla bilməz. İddiaçı iş materiallarına əsasən bu pulun ona nə üçün, hansı məqsədlə ödənildiyini məhkəmədə izah edə bilməmişdir. Müqavilədən kənar ödəniş aparılması isə məhkəmə kollegiyasının qənaətinə görə onun əsassız varlanması kimi qiymətləndirilə bilər ki, bu da yolverilməzdir. Cavabdeh isə bütün məhkəmə instansiyalarında, iddiaya etirazında, apellyasiya və kassasiya şikayətlərində 28.441,0 manat məbləğində pul vəsaitinin, həmin ödəniş tapşırığında təyinatının nə yazılmasından asılı olmayaraq məhz tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə avans olaraq ödəniş aparıldığını bildirmişdir və iş materiallarına əsasən də pul ödənil dikdən sonra 2021-ci ilin iyun ayında ayaqqabıların ilk partiyası ona təqdim edilmişdir.

45. Cavabdehə ümumilikdə 138.616,89 manat məbləğdə malın təhvil verildiyi, 10.805,69 manat məbləğdə malın geri qaytarıldığı, bundan sonra borcun məbləğinin 127.811,20 manat təşkil etdiyi və həmin məbləğin 58.080,18 manat məbləğdə hissəsinin cavabdeh tərəfindən ödənildiyi, qalıq borcun isə 69.731,02 manat təşkil etdiyi barədə məhkəmələrin gəldiyi nəticələr isə buna dair iş materiallarında və elektron kabinetdə zəruri sübutlar olmadığı üçün qanuni hesb edilə bilməz. Hər şeydən əvvəl cavabdehə 127.811,20 manat həcmində məhsulların verilməsi, cavabdeh tərəfindən isə 58.080,18 manat məbləğində ödənişlərin edilməsinə dair iş materiallarında 2021-ci il 7 may tarixli ödəniş tapşırığından başqa digər ödəniş sən ədi yoxdur və məhkəmələrin buna dair gəldikləri nəticənin hansı konkret sübuta əsaslandığı aydın olmur. Elektron qaimələrdəki məbləğlərin cəmi isə 70.969,0 manat təşkil edir və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 24.888,0 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 21.240,0 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 1.239,0 manatlıq, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 23.002,0 manatlıq mal cavabdehə təhvil verilmişdir ki, bunların da cəmi 127.811,20 manat deyil, 70.369 manat təşkil edir. Beləliklə, işdəki sənədlərlə cavabdehə 127.811,20 manat məbləğində malın təhvil verilməsi, cavabdehin isə bunun müqabilində 58.080,18 manat ödənişlər etməsi təsdiq edilmir, bu isə məhkəmələrin gəldiyi nəticənin bilavasitə məhkəmə iclasında tədqiq edilməmiş sü butlara əsaslandığını təsdiq edir.

46. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdehə nə qədər mal təhvil verildiyi, cavabdehin təhvil verilmiş malların müqabilində nə qədər ödənişlər etdiyi, bu ödənişlərin hansı qaydada həyata keçirildiyi dəqiq müəyyən edilməli, həmçinin qərarda vurğulanan məsələlər üzrə sübutların yenidən hərtərəfli və obyektiv qiymətləndirilməsi aparılmalı və nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir.

47. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 48. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərm əklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

49. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna və sübutların qiymətləndirilməsində qismən səhvə yol verildiyindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-657/2022 saylı qətnaməsi qismən, cavabdehdən 28.441 manat pulun tutulması hissəsində qanunsuz olduğu üçün ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassas iya şikayəti təmin edilməlidir.

50. Qeyd edilənlərə əsasən və MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı

51. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-657/2022 saylı qətnaməsi qismən, cavabdehdən 28.441 manat pulun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar