Məhkəmə qərarları › İş №2-2(102)-636/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-636/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-636/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehə qarşı pul tələbinə dair iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli 2-2(103)-1014/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – “MMC”) 2021-ci il 15 fevral tarixində Cavabdehə (bundan sonra – “Şirkət”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, aralarındakı 2019-cu il 14 yanvar tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 11.933,18 (10.848,38 manat əsas borc, 1.084,8 manat penya borcu) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Şirkətdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 iyun tarixli 2-2(113)-1431/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Şirkətndən 2019-cu il 14 yanvar tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yara nmış 10.848,38 manat əsas borc, 1.084,8 manat penya borcu olmaqla cəmi 11.933,18 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutularaq MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

3. Qətnamə 2021-ci il 14 iyun tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixli məktubla göndərilmişdir.

4. Şirkət 2021-ci il 17 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 iyul tarixli 2-2(113)-1431/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 iyun tarixli qətnaməsindən Şirkət tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra – “MPM”) 363-cü maddəsinə əsasən müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır.

6. Şirkət 2021-ci il 2 avqust tarixində həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 avqust tarixli 2-2(113)-1431/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 iyun tarixli qətnaməsindən Şirkət tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 19 av qust tarixli 2-2(103)-1014/2021 saylı qərardadı ilə apellyasiya şikayətinin mümkün hesab edilməsi qərara alınmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – C.Yusifov və V.Baxışova).

9. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli 2-2(103)-1014/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 19 avqust tarixli qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 iyun tarixli qətnaməsindən Şirkət tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur. 10.1. belə qənaətə gəlmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 iyun tarixli qətnaməsi 2021-ci il 14 iyun tarixində "xxxx" informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə Şirkətin vəkili və nümayəndəsi Vəkil2 çatdırılmış (i/v 167), Şirkətin apellyasiya şikayəti də eyni şəxs tərəfindən elektron kabinet vasitəsilə 2021-ci il 17 iyul tarixdə göndərilmişdir. Qətnamədən apellyasiya şikayəti vermə müddətinin son tarixinin 2021-ci il 15 iyun, həmin tarixin isə iş günü olması nəzərə alınarsa, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddət Şirkət tərəfindən 2 gün ötürülmüşdür. 10.2. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. 10.3. Birinci instansiya məhkəməsi müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini əvvəlcə 2021-ci il 22 iyul tarixli qərardadla düzgün olaraq qaytardığı halda, sonradan Şirkətin şikayəti əsasında öz qərardadını heç bir faktiki əsas göstərmədən ləğv etməklə, qanunun sözügedən tələbinə zidd olaraq, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 130.3, 360, 363.1.3, 366.1, 366.2, 384.0.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Həmin qərardad 2021-ci il 18 oktyabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixli məktubla göndərilmişdir.

13. Şirkət 2021-ci il 21 oktyabr tarixində qeyd olunan qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlülyünü yoxlayır. Buraya iş apellyasiya qaydasında baxilmaq üçün prosessual əsasların olması daxildir. Bakı Apellyasiya Məhkəməsi mümkünlüklə bağlı 19 avqust tarixli qərardad qəbul etmiş, lakin qanunvericiliyin bu məsələ ilə bağlı müəyyən etdiyi 15 gün müddətdə məhəl qoymayaraq yenidən məhkəmə baxışı zamanı apellyasiya şikayətinin qeyrimümkünlüyünü mübahisələndirmişdir.

15. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdan sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 avqust tarixli qərardadı ilə apellyasiya şikayətimiz baxılması üçün Bakt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan isə şikayət verilməmişdir. Lakin məhkəmə bu halı ümümiyyətlə nəzərə almamış və sözügedən 2021-ci il 5 avqust tarixli qərardada nisbətdə hüquqi movqeyini bildirməmişdir.

16. Bakı Kommersiya məhkəməsinin 2021-ci il 5 avqust tarixli qərardadı ilə apellyasiya şikayətimiz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bak Apellyasiya Məhkəməsinin 19 avqust tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün edilərək iş baxışa təyin edilmişdir. Lakin məhkəmə baxışı zamanı məhkəmə sözügedən qərardadlara hüquqi əhəmiyyət vermədən əsassız və qanunsuz olaraq yenidən apellyasiya şikayətinin mümkünlüyünü mübahisələndirmişdir. Halbuki Bakı Kommersiya Məhkəmə sinin 2021-ci il 5 avqust tarixli qərardadı qüvvəyə minmiş və nə iddiaçı nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

17. Kassasiya şikayətini MPM-in 366.1, 396.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şirkət apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

22. MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

384. Apellyasiya instansiyası məhkəm əsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.” 23. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublıkasının 2021-ci il 9 iyul tarixli 363-VİQD saylı Qanununun müvafiq müddəalarına aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Keçid müddəaları 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüv vəyə minir. 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 14-16) aşağıdakı səbəblərdən əsaslı, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə qanunauyğun deyildir.

25. İş materiallarından göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 iyun tarixli qətnaməsindən Şirkət tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə 2021-ci il 13 avqust tarixində daxil olmuş (i/v 198), MPM-in 366.1-ci maddəsində əsasən apellyasiya mümkünlüyü yoxlanılaraq, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 19 avqust tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və işə baxılması təyin edilmişdir.

26. Lakin bundan təqribən ay yarım keçdikdən sonra – 2021-ci il 4 oktyabr tarixində apellyasiya instansiyası məhkəməsi MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq həmin qərardadı digər qərardadla ləğv etmiş, Şirkətin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini qərara almışdır (bax yuxarıda §§ 8-10).

27. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını... müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

28. Halbuki son qərardadı qəbul edərkən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi MPM-in 384.0.6-cı maddəsi yalnız 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmişdir.

29. Yəni həmin apellyasiya şikayəti 2021-ci il 19 avqust tarixində apellyasiya instansiyası məhkəməsi tərəfindən mümkün hesab edilərkən və işə baxılması təyin edilərkən MPM-in 384.0.6-cı maddəsi qüvvədə olmamışdır.

30. MPM-ə 384.0.6-cı maddənin əlavə edilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublıkasının 2021-ci il 9 iyul tarixli 363-VİQD saylı Qanununun keçid müddəalarından (bax yuxarıda § 23) aydın şəkildə görünür ki, həmin Qanun onun 2021-ci il 1 oktyabr tarixində qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar ə sasında baxılan işlərə şamil edilir.

31. Göründüyü kimi, sözügedən apellyasiya şikayəti məhkəməyə 2021-ci il 1 oktyabr tarixindən əvvəl daxil olduğundan apellyasiya instansiyası məhkəməsi MPM-in 384.0.6-cı maddəsini həmin şikayətə münasibətdə tətbiq edərkən haqlı olmamışdır.

32. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən buna səlahiyyəti olmamış, yəni həmin dövrdə qüvvədə olmuş MPM-in 384-cü maddəsinin (bax yuxarıda § 22) tələblərini pozaraq həmin maddə ilə ona verilmiş səlahiyyətlərdən kənara çıxmışdır. Odur ki, kassatorun dəlilləri əsaslı hesab edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli apellyasiya şikayətinin qeyri- mümkün hesab edilmə si haqqında qərardadı ləğv edilməlidir.

33. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 oktyabr tarixli 2-2(103)-1014/2021 saylı qərardadı ləğv edilsin. İş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar