Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-873/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun (məruzəsi ilə), Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X2 cavabdeh Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Tərəflər arasında 2024-cü il ## #### tarixli, xxxx/032/2* nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, X2 Cavabdeh MMC-yə 20.358.30 manat dəyərində xidmət göstərmiş, cavabdeh həmin məbləğdən müxtəlif vaxtlarda 4.615,44 manat iddiaçıya ödəniş etmiş, nəticədə isə ƏDV daxil 15.796,86 manat göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. X2 (bundan sonra – “iddiaçı”) 2024-cü il ## #### tarixli, xxxx/032/2* nömrəli Xidmət Müqaviləsi üzrə ödənilməmiş 15.769,86 manat pul məbləginin, 2.356,75 manat cərimə məbləginin, 145 manat məbləgində dövlət rüsumunun və 1.032 manat məbləgində vəkil haqqının, cəmi 19.303,61 manat pul məbləginin Cavabdeh MMCdən (bundan sonra – “cavabdeh”) alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin səlahiyyətli nümayəndəsi X1 oglu ilə aralarında 2024-cü il ## #### tarixli, xxxx/032/2* nömrəli Xidmət Müqaviləsi və həmin tarixli, 01, 02, ** nömrəli Qiymətlərin razılaşdırılması protokolları baglanmışdır. Həmin Xidmət Müqaviləsinin 4.1, 4.3 və 4.4-cü bəndlərinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən olunur və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Hazırkı Müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə İcraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1% miqdarında cərimə ödəyir. 2024-cü il # #### tarixli ** nömrəli təhvil-təslim aktına əsasən 2.307,72 manat, 2024-cü il # #### tarixli * nömrəli Təhvil-təslim aktına əsasən 2.307,72 manat, 2024-cü il # #### tarixli ** nömrəli təhviltəslim aktına əsasən 2.307,72 manat, Qeyd: 2024-cü il # #### tarixli, 01 və ** nömrəli təhvil-təslim aktı ilə ödənilməli olan 4.615 manat pul cavabdeh tərəfindən bank hesablarına ödənilmişdir. 2024-cü il ## ###### tarixli * nömrəli təhvil-təslim aktına əsasən 10.192,43 manat (Qeyd: Gecikdirilmiş gün 2024-cü il ## ###### tarixindən – 2025-ci il ## ###### tarixədək 189 gün - çıxılmaqla müqavilədə nəzərdə tutulmuş 30 gün güzəştli müddət=159 gün x 0.1 x 10.192.43 /100=1.620,59 manat cərimə məbləgi). 2024-cü il # ######## tarixli * nömrəli təhvil-təslim aktına əsasən 5.576,99 manat (Qeyd: Gecikdirilmiş gün 2024-cü il ## ######## tarixindən –2025-ci il ## ###### tarixədək 162 gün - çıxılmaqla müqavilədə nəzərdə tutulmuş 30 gün güzəştli müddət=132 gün x 0.1 x 5.576,99 manat /100=736,16 manat cərimə məbləgi). Ümumilikdə 20.384,86 manat məbləgində Sifarişçiyə xidmət göstərmişdir. Həmin məbləgdən yalnız 4.615 manat məbləg Sifarişçi tərəfindən bank hesabına köçürülmüş qalan 15.769, 86 manat və müqavilədə nəzərdə tutulmuş qaydada hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1%-i miqdarında cərimə cəmi 2.356,75 manat cərimə məbləgi bu günədək iddiaçının bank hesabına köçürülməmişdir. Xidmət Müqaviləsi üzrə ödənilməmiş pulun ödənilməsi ilə baglı 53 dəfə Bakıda “Caspian Plazada” Sifarişçinin ünvanına getmiş, 3 dəfə şirkət rəhbərinin qəbulunda olmuş və hər dəfə ona bu yaxınlarda pul ödəniləcək deyərək onu aldatmışlar. Qeyd edir ki, müqavilə üzrə ödənilməmiş əsas borc məbləginin və hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1%-i miqdarında cərimə məbləginin ödənilməsi barədə həm poçt vasitəsilə həm də elektron qaydada cavabdehə göndərdiyi pretenziya məktublarına cavab verilməmiş və borcun ödənilməsi təmin edilməmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, tərəflər arasında bağlanmış 2024-cü il ## #### tarixli, xxxx/032/24 saylı müqavilə üzrə cavabdeh tərəfindən 2024-cü il ## ###### tarixində 2.000 manat və 2024-cü il # ####### tarixində 2.615.44 manat pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. Yəni cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməyə davam etdirilmişdir. Cavabdeh şirkətlə görüşlər zamanı da iddiaçının etiraf etdiyi kimi, müqavilə üzrə öhdəliklərini yerinə yetirəcəyini bildirmişidr. Həmçinin iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə təqdim edilməmiş, bununla da iddiaçının məhkəməyə müraciəti ilə bağlı prosessual qaydalar pozulmuşdur. Belə ki, iddiaçı pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Qanunvericiliyə görə, iddiaçı tərəfindən pretenziya məktubu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdehin pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunaraq, 2024-cü il ## #### tarixli, xxxx/032/2* nömrəli Xidmət Müqaviləsi üzrə ödənilməmiş 15.769,86 manat əsas borcun, 788,73 manat cərimə, 1.032 manat məbləgində vəkil haqqının, cəmi 17.590,59 manat pul vəsaitin və 145.00 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – M.Bayramov).
6. Məhkəmə bildirmişdir ki, iddiaçı cavabdehdən ƏDV daxil olmaqla 15.796,86 manat məbləğində pulun tutulmasını tələb etmişdir, cavabdeh isə iddia tələbinə qarşı etirazında iddiaçıya olan borcunu etiraf etmiş və iddiaçı tərəfindən pretenziya məktubunun yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim edildiyinə görə, iddia tələbinin geri qaytarılmasını xahiş etmişdir.
7. Məhkəmə, həmin etirazda cavabdehin iddianın geri qaytarılmasını xahiş etməsi iddia edilən qanunun tələblərinin pozulması ilə deyil məhkəmədə işin yubadılması ilə bağlı olmasını qeyd etmişdir.
8. Beləliklə, məhkəmə cavabdeh xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı iddia tələbi xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmçinin müqavilədə nəzərdə tutulmuş qaydada hər gecikdirilmiş gün üçün ümumi məbləgin 0.1%-i miqdarında cəmi 2.356,75 manat cərimə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
10. Bununla bağlı məhkəmə müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə almışdır ki, iddiaçı müqavilə üzrə sonuncu xidmətin 2024cü ilin sentyabr ayında göstərilməsinə və sonuncu ödənişin 2024-cü il # ####### tarixində edildiyi halda, uzun müddət sonra, yəni 2025-ci il ## ###### tarixində məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
11. Məhkəmə iddiaçının 2.356,75 manat məbləğində xidmət haqının gecikdirilməsi üçün dəbbə pulu hesabladığını və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 788,73 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 11.1, 385.1, 386.1, 390.1, 442, 448.1, 448.2, 448.3, 462.1 və 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun dəbbə pulu hissəsində ləğv, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
16. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsində 2.356,75 manat cərimə borcu qeyd olunduğu halda, birinci instansiya məhkəməsi işin hallarını, cavabdehin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq 788.73 manat müəyyən etmişdir. İddiaçı ödənişlərlə bağlı dəfələrlə cavabdehin ünvanına getdiyini, əlavə xərclər çəkdiyini qeyd etsədə, buna dair heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən hazırki halda cərimə borcunun artırılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz.
17. Məhkəmə cavabdehin apellyasiya şikayətinin məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləğinin hesablanması dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilsədə borc məbləği mübahisələndirilməmiş və bununla bağlı hər hansı vəsatət verilməmişdir.
18. Məhkəmə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün səy göstərməməsi, pretenziya göndərilməməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materillarına əlavə edilmiş pretenziya məktubuna görə, cavabdehdən 15.769,86 manat, gecikdirilmiş hər gün üçün 0.1 faiz cərimə məbləğinin bank hesabına ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh iddiaya tələbinə qarşı etiraz ərizəsində də pretenziya məktubunun onlara məxsus Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi vasitəsi ilə daxil olduğunu bildirərək, iddiaçı tərəfindən məhkəməyə qədər həll qaydasına riayət olunduğunu etiraf etmişdir.
19. Məhkəmə bildirmişdir ki, müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin digər dəlilləri əsaslı hesab edilə bilməz.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.7, 462.1, 467, 752.1, 755 və 762.1-ci, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 385, 425, 527 və 540-cı maddələri üzrə - İddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmanı təmin etməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli, borc məbləği yenidən hesablanmalı idi. Həmçinin cavabdeh tərəfindən öhdəliklərin icrası onun təqsiri olmadan gecikdirilmişdir. Beləliklə, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim edilmədiyindən öhdəliklərin icrası gecikmişdir. Məhkəmə isə bu hissədə ümumiyyətlə araşdırma aparmamışdır. Odur ki, kassatorun istinad etdiyi maddələr nəzərə alınmadan əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
23. MPM-in 4.3, 14, 88, 149.2.4, 152.1.6 və 417-ci maddələri üzrə - Kassator qeyd etmişdir ki, iddiaçı tərəfindən onun ünvanına pretenziya göndərilməmişdir. Lakin məhkəmə etirazda göstərilən bu dəlilə qiymət verməmişdir. Eyni zamanda məhkəmə tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmişdir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 2004-cü il ## #### tarixli, ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair 2005-ci il ## ###### tarixli Qərarı üzrə - Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 462. Dəbbə pulu anlayışı
462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması
Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
“Maddə 752. Podrat müqaviləsi
752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. ...”
“Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi
Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. “Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi
762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. ...”
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
32. Cavabdeh həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində göstərmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və borc məbləği yenidən hesablanmal idi. Bu dəlilə münasibətdə apellyasiya məhkəməsi əsaslı olaraq bildirmişdir ki, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz ərizəsi verilsə də borc məbləği mübahisələndirilməmiş, bununla bağlı hər hansı vəsatət verilməmişdir.
33. Həmçinin Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı borc məbləğini mübahisələndirməmiş, hətta cavabdehin nümayəndəsi məhkəmə iclasında “borcu qəbul edirsiniz” sualına cavabında göstərmişdir ki, “Bəli, biz borcumuzu ödəməkdə maraqlıyıq. Sahibkarlıq münasibətlərindən irəli gələn hallarla əlaqədar, bizə ödənilməli olan məbləğlər ödənilməyib, buna görə də müvafiq gecikmələr yaşanır” (iş.v.60).
34. Cavabdeh kassasiya şikayətində də göstərmişdir ki, şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim edilmədiyindən öhdəliklərin icrası gecikmişdir.
35. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməsinin üçüncü şəxsin icrasından asılı olması ilə bağlı qeyd-şərt nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin üçüncü şəxslər tərəfindən ödənilmədiyi üçün iddiaçıya olan borcunu ödəyə bilməməsi barədə dəlili əsassız olmaqla, iddiaçı ilə arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməsindən onu azad edən hal hesab edilmir.
36. Pretenziya göndərilməməsi ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmə tərəfindən göstərilmişdir ki, iş materillarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən 15.769,86 manat pulun, gecikdirilmiş hər gün üçün 0.1 faiz cərimə məbləğinin bank hesabına ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh iddiaya etiraz ərizəsində də pretenziya məktubunun onlara məxsus Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi vasitəsi ilə daxil olduğunu bildirərək, iddiaçı tərəfindən məhkəməyə qədər həll qaydasına riayət olunduğunu etiraf etmişdir.
37. Tərəflərin çəkişmə prinsipinin pozulması ilə bağlı Kollegiya qeyd edir ki, Mülki prosessual qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər yalnız üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Bu isə səlahiyyət olaraq müəyyən edilmişdir, yəni imperativ qaydada məhkəmənin üzərinə vəzifə olaraq qoyulmamışdır.
38. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi).
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.