Məhkəmə qərarları › İş №2-2(103)-1007/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1007/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1007/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2542/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 avqust 2022-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 640153,43 manat pul vəsaitinin (zərərin) Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməklə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, e-2-2(113)-2542/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi üçün Əsaslı Tikinti şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 dekabr 2013-cü il tarixində 9362312,2 manat dəyərində 54 nömrəli podrat müqaviləsi bağlanmışdır. Tikinti işlərinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC ilə 140000 manat dəyərində layihə müqaviləsi bağlandığı üçün tikinti işlərinə bağlanmış 27 dekabr 2013-cü il tarixli 54 nömrəli müqaviləyə əlavə razılaşma edilmiş və müqavilə dəyəri 140000 manat azaldılaraq 9222312,2 manat təşkil etmişdir. "xxxx" MMC 16 sentyabr 2015-ci il tarixinə kimi obyektdə 2672830,87 manat dəyərində tikinti-quraşdırma işlərini icra etmişdir və görülmüş işlərin dəyəri şirkətə tam olaraq ödənilmişdir. Belə ki, şirkət tərəfindən torpağın qazılması, bünövrə hazırlığı, binanın monolit dəmir-beton bünövrəsinin və üç mərtəbədən ibarət binanın monolit dəmir-beton karkasının hazırlanması, dam örtüyünün keramzitlə istilik izolyasiyası qatının verilməsi, xarici divarların mişar daşı ilə 40 sm enində tikilməsi, daxili arakəsmələrin mişar daşı ilə 19 sm enində qismən tikilməsi və suvanması, monolit dəmir-beton və daş istinad divarlarının tikilməsi işləri icra olunmuşdur. "xxxx" MMC maliyyə təsərrüfat fəaliyyətində çətinliklərin yaranması səbəbindən tikinti üzrə müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən 15 sentyabr 2015-ci il tarixdə 17 dekabr 2013-cü il tarixli 54 nömrəli müqaviləyə xitam verilməsi barədə Əsaslı Tikinti şöbəsinə müraciət etmiş və 16 sentyabr 2015-ci il tarixdə şirkətlə üzləşmə aktı tərtib olunaraq müqaviləyə xitam verilmişdir. İlkin müqaviləyə xitam verildikdən sonra tikinti işlərinin davam etdirilməsi üçün Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi və Cavabdeh arasında ümumi dəyəri 6549481,90 manat təşkil edən 17 sentyabr 2015-ci il tarixli 09 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən müqavilənin dəyəri 479455,05 manat azaldılaraq 6070026,85 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qaldırılmış “cavabdeh Nazirlikdən 938676,98 manat vəsaitinin, ilk əvvəl 638676,98 manat həcmində hissəsinin tutulması və qalan 300000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi”nə dair tələbi üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)- 488/2021 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-947/2018 saylı qətnaməsindən Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsinin “qalan 300000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi” hissəsi ləğv edilmiş, qalan hissədə, yəni “638676,98 manat həcmində hissəsinin tutulması” hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində kommersiya işi üzrə xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi tərəfindən iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə bağlı təqdim edilmiş etirazdan tikinti obyekti üzrə ilkin iş həcmlərinin bir hissəsinin "xxxx" MMC tərəfindən görülməsinə baxmayaraq, bu işlərin Cavabdeh gördüyü iş həcmlərinə əsassız olaraq daxil edilməsi (“Forma 2” aktları əsasında sənədləşdirilməsi) və şirkət tərəfindən görülmədiyi işlərin əvəzinə dövlət vəsaitinin alınması məlum olmuşdur. Məlumat əsasında toplanmış sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: Şirkət tərəfindən 2015-ci ilin oktyabrında tərtib olunmuş “Forma-2” aktının 13-23, 34-42, 44-46, 51-53 və 68-70 bəndlərində əks olunan bünövrə altının kipləşdirilməsi, çınqıl qatının verilməsi, beton hazırlıq qatı, bünövrə altının izolyasiyası və sement məhlulu ilə hamarlanması, monolit dəmir-beton sütunların və rigellərin betonlanması, monolit dəmir-beton örtük tavasının betonlanması, pilləkən qəfəsəsi və lift şaxtasının betonlanması işləri şirkət tərəfindən görülmədiyi halda, iş həcmi olaraq göstərilmişdir. Yeməkxana binasının dəmir-beton karkasının hazırlanması və fasad divarlarının tikilməsi "xxxx" MMC tərəfindən icra olunduqdan (şirkət tərəfindən tərtib olunmuş “Forma-2” aktı əlavə olunur) sonra Cavabdeh şirkəti tərəfindən yuxarıda qeyd olunmuş işlərin icra olunması mümkün deyildir. Yəni inşa olunmuş üç mərtəbəli binanın bünövrəsinin tikintisindən sonra altının kipləşdirilməsi, altına çınqıl, beton, armatur yerləşdirilməsi, izolyasiya olunması, dəmir-beton karkasının hazırlanması və fasad divarlarının tikilməsindən sonra istilik izolyasiya qatı verilmiş mövcüd dam örtüyünün betonlanması işləri Cavabdeh tərəfindən icra oluna bilməzdi. Bu işlərə görə oktyabr 2015ci ildə tərtib olunmuş “Forma-2” aktı ilə və xx.xx.2015-ci il tarixli 254 nömrəli bildiriş sənədi ilə şirkətə əsassız olaraq 406670,43 manat (məbləğ 2015-ci ilə keçid əmsalları ilə hesablanmışdır) dövlət vəsaiti ödənilmişdir. Əlavə olaraq, noyabr 2015-ci ildə təqdim olunmuş “Forma-2” aktının 4-cü bəndində, dekabr 2015-ci ildə təqdim olunmuş “Forma-2” aktının 4 və 10-cu bəndlərində əks olunmuş 2833 m sahədə dam örtüyünə çınqıl ilə hopdurulmuş 3 qat ruberoid qatının çəkilməsi işi ümumiyyətlə olunmadığından xx.xx.2015ci il tarixli 296 nömrəli və xx.xx.2015-ci il tarixli 315 nömrəli bildiriş sənədləri ilə 104002 manat (məbləğ 2015-ci ilə keçid əmsalları ilə hesablanmışdır) maliyyə vəsaiti Cavabdeh şirkətinə əsassız olaraq ödənilmişdir. Mərkəzləşmiş ventilyasiya və kondisionerləşmə sisteminin quraşdırılması işləri üzrə 2016-cı ilin aprelində tərtib olunmuş “Forma-2” aktının 53 və 54-cü bəndlərində əks olunmuş havalandırma borularının sinklənmiş polad vərəqlərdən izolyasiya olunması işi icra olunmamışdır. Bu işlərin bazis qiyməti 453,76 manat təşkil edir ki, bu qiyməti 2015- ci ilə keçid əmsalları ilə hesabladıqda 86411 manat maliyyə vəsaitinin Cavabdeh şirkətinə artıq ödənildiyi aşkar edilir. Müvəqqəti bina və qurğuların quraşdırılması üzrə 2016-cı ilin iyun ayında tərtib olunmuş “Forma-2” aktının 74, 82 və 103-cü bəndlərində əks olunmuş hazır ofis binasının quraşdırılması (konteyner tipli ofis binası) 17700 manat, anbar binasının quraşdırılması (anbar binası) 19352 manat və yığma metal karkaslı talvarın quraşdırılması (metal talvar) 6018 manat olmaqla, obyektdə iş yekunlaşdıqdan sonra şirkət tərəfindən geri götürülməsinə baxmayaraq, qeyd olunan müvəqqəti bina və qurğuların məbləği, bu bina və qurğulara görə ancaq amortizasiya və daşınma xərcləri şirkətə ödənilməli olduğu halda, xx.xx.2016-cı il tarixli 88 nömrəli bildiriş sənədi tam olaraq ödənilmişdir. Göstərilənlər əsasında Cavabdeh tərəfindən Müdafiə Nazirliyinə qaytarılmalı olan pul vəsaiti (zərər) cəmi 640153,43 manat təşkil edir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi vəsatət verərək bildirmişdir ki, tərəflər arasında eyni predmet ilə əlaqədar qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları və hazırkı işə əlavə edilmiş müqavilə və sair sənədlərlə iddiaçı Müdafiə Nazirliyi "xxxx" MMC ilə bağlanan müqavilə əsasında görüləcək işlərin ümumi həcmini 9222312,20 manat müəyyən etmişlər. Həmin MMC-yə iddiaçı tərəfindən 2672830,87 manat pul ödənilmişdir. Həmin ilkin icraçıya ödənilmiş pul vəsaiti çıxıldıqdan sonra (9222312,20 - 2672830,87) “Elnur-2'’ şirkəti ilə iddiaçı arasında 6549481,33 manat həcmində işlərin görülməsinə dair müqavilə bağlanmışdır. Sonradan Cavabdeh şirkəti ilə iddiaçı tərəf arasında xx.xx.2016-cı ildə “müqaviləyə əlavə” bağlanaraq, ümumi işlərin dəyəri 6070026,85 manat razılaşdırılmışdır. Cavabdeh şirkəti bu müqavilə üzrə iddiaçıya 479455 manat məbləği faktiki olaraq güzəşt etmişdir. Sonrakı məhkəmə çəkişməsi dövründə, Cavabdeh şirkəti iddiaçıya münasibətdə 300000 manat məbləğində pul vəsaitini mübahisələndirməmişdir. Beləliklə, Cavabdeh şirkəti iddiaçıya cəmi 779455 manat müqavilə məbləğini faktiki olaraq güzəşt etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh şirkəti görüləcək işlər üçün iddiaçıdan heç bir avans almamışdır. Şirkətin işçilərinin soyadları və sayları göstərilməklə, 20 aprel - 17 sentyabr 2015-ci il dövləri üzrə H.Əliyev adına Ali Hərbi Məktəbdə 3000 yerlik yeməkxana binasına “giriş tabellərin” surətləri təqdim edilmişdir (cəmi 8 ədəd). Eyni zamanda Azərbaycan Respublikası adından Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyaların xx.xx.2022-ci il tarixli 02/2022 saylı qərardadının ikinci abzasına əsasən hazırkı kommersiya işi üzrə icraata xitam verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, hərbi hissənin ərazisində tikinti işlərini görmüş hər iki icraçılarla bağlanılmış müqavilələrə əsasən submüqavilə bağlamaq faktiki olaraq icraçılara qadağan olunmuşdur. Yəni icraçılar öz işçi qüvvələri hesabına işləri icra etməli olmuşlar. Qeyd olunan işləri əmək müqaviləsi üzrə işçisi olmayan "xxxx" MMC icra etmişdir. Bu isə o deməkdir ki, işləri faktiki icra edən təşkilat Cavabdeh şirkəti olmuşdur. İddiaçı tərəfindən cavabdehin vəsatətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin predmeti 640163,43 manat pul vəsaitinin (zərərin) Müdafiə Nazirliyinin hesablaşma hesabına qaytarılması, tələbin əsası isə Cavabdeh UİKŞ-nin 17 sentyabr 2018-ci tarixli 09 nömrəli müqavilənin icrası zamanı faktiki olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülmüş işlərin Cavabdeh gördüyü iş həcmlərinə əsassız olaraq daxil edilməsi (“Forma 2” aktları əsasında sənədləşdirilməsi) və şirkət tərəfindən görülmədiyi işlərin əvəzinə dövlət vəsaitinin alınmasıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci iİ qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Göstərilənlərə əsaslanaraq, 1640153,43 manat pul vəsaitinin (zərərin) hesablaşma hesabına qaytarılmasının tələb edilməsi Müdafiə Nazirliyinin subyektiv hüququdur. Müqavilənin icrası zamanı “Elnur-2" X1 Şirkəti tərəfindən faktiki olaraq görmədiyi iş həcmlərinə görə dövlət vəsaitin alınması qanunsuzdur və 640153,43 manat pul vəsaitinin dövlət büdcəsinə qaytarılmasına dair qaldırılmış iddia Müdafiə Nazirliyinin qanunla qorunan maraqların təmin edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə müraciət edərək, 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqaviləyə əsasən cavabdehdən 938676,98 manat vəsaitin, ilk əvvəl 638676,98 (altı yüz otuz səkkiz min altı yüz yetmiş altı manat doxsan səkkix qəpik) manat həcmində hissəsinin tutulması və qalan 300000 manat məbləğ hissəsinin isə “Dövlət qəbul Aktından sonra iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2-2(81)-947/2018 saylı qətnaməsi ilə “Elnur-2" X1 Şirkətinin iddiası təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti və kassasiya şikayətləri verilmiş və apellyasiya instansiya məhkəməsində üçüncü və eyni zamanda sonuncu icraat olaraq Kommersiya Kollegiyası tərəfindən 10 sentyabr 2021-ci il tarixli, 2-2(103)-488/2021 saylı qətnamə qəbul edilmiş və qeyd edilən qətnamə ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın tam təmin edilməsi və qalan 300000 manat məbləğ hissəsinin Dövlət qəbul Aktından sonra iddiaçının hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 638676,98 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, kassasiya instansiyasında son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(102)-75/2022 saylı qərarı qəbul edilmiş və həmin qərarla cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-2(102)-488/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar isə qəbul edildiyi andan qüvvəyə minmişdir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi ilə əlaqədar müqavilə üzrə müəyyən edilmiş ödəniləcək məbləğdən qalıq qalan borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və son olaraq iddiası qismən təmin edilmiş, yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə isə iddiaçı məhkəməyə cavabdehə 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqavilə üzrə artıq ödənilmiş vəsaitin (640153,43 manat) qaytarılması tələbi ilə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardad ilə qərara alınmışdır ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan başqa sözügedən qərardadın 37-ci bəndində qeyd edilmişdir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. 38-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür, iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir, iddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri- yaşayış sahəsi, sair konkret əmlak, iddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. 40-cı bəndində qeyd edilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. 41-ci bəndində qeyd edilmişdir ki, təsadüfi deyildir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. 43-cü bəndində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndiriiən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər-hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqavilədən irəli gələn mübahisəyə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-2(102)- 75/2022 saylı qərar) və sözügedən qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Hazırda iddia tələbləri fərqli formada ifadə olunsa da, zahiri baxımdan fərqlənsə də, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malik olmasını, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılmasının mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola biləcəyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin nəticə Mülki Prosesual Məcəllənin tələblərinə uyğundur, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, mülki prosesdə iddianın predmetini – iddiaçının məhkəmədən baxılmasını və həll olunmasını xahiş etdiyi maddi hüquqi tələb təşkil edir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın “faktiki tərkibi” adlanan faktların məcmusundan ibarət olur. Hazırki iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil edir:

1. Tərəflər arasında 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli podrat müqaviləsi bağlanmış;

2. Podratçı Cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərini (podrat işlərinin yerinə yetirməsi) lazımınca icra etməmiş;

3. Bunun nəticəsində sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə zərər dəymişdir. İddianın predmetini isə podratçı Cavabdeh tərəfindən həmin podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin lazımınca icra etməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir. Bununla yanaşı, tərəflər arasında olan digər mübahisə üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2- 2(102)-488/2021 nömrəli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli podrat müqaviləsi üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsi ilə əlaqədar həmin müqavilə üzrə müəyyən edilmiş ödəniləcək məbləğdən qalıq qalan borc məbləğinin ödənilməsini xahiş etmişdir. Həmin iddianın əsasını aşağıdakı hüquqi faktlar təşkil etmişdir:

1. Tərəflər arasında 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli podrat müqaviləsi bağlanmış;

2. Podratçı Cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərini (podrat işlərinin yerinə yetirməsi) icra etmiş;

3. Sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin müqavilə üzrə öz öhdəliklərini (muzdun ödənilməsi) tam icra etməmişdir. Həmin iddianın predmetini isə sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin (muzdun ödənilməsi) icra edilməsi təşkil etmişdir. Həmin mübahisəyə baxılarkən, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi hallar nəzərə alınaraq aşağıdakı hallar araşdırılmışdır:

1. Tərəflər arasında 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli podrat müqaviləsinin bağlanıb-bağlanılmaması;

2. Podratçı Cavabdeh tərəfindən həmin müqavilə üzrə üzərinə götürdüyü podrat işlərinin yerinə yetirməsi öhdəliklərinin icra edib-etməməsi;

3. Sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həmin müqavilə üzrə üzərinə götürdüyü muzdun ödənilməsi öhdəliklərinin tam icra edib-etməməsi. Mübahisəni həll edən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında etibarlı podrat müqaviləsi (27 dekabr 2013-cü il tarixli, 54 nömrəli) bağlanıb, podratçı Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qismən icra edib, sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyib və ödənilməli olan, lakin ödənilməyən muzdun məbləği 638.676,98 manat təşkil edir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin müqavilə üzrə 2015-ci ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər olan dövrdə podratçı olan iddiaçı tərəfindən 6.070.026,85 manat dəyərində tikinti işlərinin yerinə yetirilməsi, sifarişçi olan cavabdeh tərəfindən cəmi 5.131.349,87 manat məbləğində pul vəsaitinin ödənilməsi və ödənilməli olan qalıq məbləğin 938.676,98 manat təşkil etməsi isə hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilmiş “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” Arayışlar (Forma № 3) və xx.xx.2017-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Hazırda isə iddiaçı həmin sənədlərin düzgün tərtib edilmədiyinə, aktlarda göstərilən bəzi işlərin digər şirkət tərəfindən yerinə yetirildiyinə, bəzi işlərin isə ümumiyyətlə yerinə yetirilmədiyinə istinad edərək, həmin işlərin dəyərini zərər kimi ödənilməsi barədə iddia irəli sürmüşdür. Halbuki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadının 40-cı bəndində də qeyd edilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Həmin qərardadın 41-ci bəndində isə qeyd edilmişdir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər-hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli podrat müqaviləsinin icrası ilə bağlı eyni tərəflər arasında, eyni mübahisə predmeti və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2542/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar